27 May 2026 08:40
183
CƏMİYYƏT
A- A+
Uşaqların müdafiəsi hər birimizin ortaq məsuliyyətidir

Uşaqların müdafiəsi hər birimizin ortaq məsuliyyətidir


Milli insan hüquqları təsisatları məhkəmədənkənar müdafiə mexanizmi olaraq uşaqların hüquqlarının qorunmasında xüsusi rola malikdir. Müxtəlif ölkələrdə bu təsisatların səlahiyyətləri, fəaliyyət istiqamətləri fərqlidir. Lakin həmin qurumlar üçün ümumi olan əsas cəhət fəaliyyətin məqsədidir ki, bu da uşaqların hüquq və maraqlarının müdafiəsi və təşviqindən ibarətdir.

Azərbaycan Ombudsmanının uşaq hüquqlarının müdafiəsi sahəsində qanunvericiliklə müəyyən edilmiş geniş səlahiyyətləri və fəaliyyət istiqamətləri var. 

"Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununa əsasən, Ombudsman "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Konvensiyanın və "Uşaq hüquqları haqqında" Konvensiyanın həyata keçirilməsinin, bərabərlik hüququnun təmin edilməsinin və ayrı-seçkiliyin qarşısının alınmasının monitorinqi və təşviqi üzrə müstəqil monitorinq mexanizmi funksiyalarını həyata keçirir. Konstitusiya Qanununda Ombudsmanın və monitorinq qrupunun müstəqil monitorinq mexanizmi funksiyalarını həyata keçirən zaman qurumlarda zəruri məlumatların, sənədlərin alınması və digər hüquqlarının əks olunması uşaq hüquqlarının müdafiəsi sahəsində mövcud vəziyyət və göstərilən xidmətlərə nəzarətin təmini baxımından olduqca əhəmiyyətlidir.

Ombudsmana verilmiş səlahiyyətlər çərçivəsində uşaq hüquqlarının pozulmasına dair şikayətlər araşdırılır, monitorinqlər həyata keçirilir, maarifləndirmə işləri aparılır, analitik təhlillər olunur, səlahiyyətli orqanlara müraciətlər ünvanlanır. Uşaq hüquqları sahəsində mövcud vəziyyətin və qanunvericiliyin təkmilləşdirilməsi məqsədilə təkliflər hazırlanaraq aidiyyəti qurumlara göndərilir, həmin təkliflərin icrası vəziyyəti nəzarətdə saxlanılır. Ombudsman təsisatı dövlət orqanları, beynəlxalq təşkilatlar, vətəndaş cəmiyyəti institutları və digər qurumlarla sıx əməkdaşlıq edərək uşaqların hüquqlarının təmini sahəsində müxtəlif istiqamətlərdə mühüm işlər həyata keçirir.

Uşaqların müdafiəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin, ölkənin Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın daim diqqət mərkəzindədir. Uşaq hüquqlarının müdafiəsi dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Ölkəmizdə bu sahədə davamlı islahatlar aparılır, qanunvericilik və institusional struktur təkmilləşdirilir, uşaqların rifahının yaxşılaşdırılması üçün iqtisadi, sosial proqramlar həyata keçirilir. Heydər Əliyev Fondu tərəfindən uşaqların, o cümlədən çətin həyat şəraitində olan uşaqların hüquqlarının təmini məqsədilə müxtəlif layihələr icra edilir, təşəbbüslər reallaşdırılır. Ölkəmizin müxtəlif bölgələrində, eləcə də işğaldan azad edilmiş ərazilərində bərpa-quruculuq işləri aparılır, təhsil, səhiyyə, sosial xidmət müəssisələri inşa və bərpa edilir, infrastruktur yenilənir və uşaqların hərtərəfli inkişafı üçün mühüm tədbirlər görülür.

Qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində aparılan son mühüm tədbirlərdən biri cari ildə "Uşaq hüquqları haqqında" Azərbaycan Respublikasının Qanununun və digər əlaqəli normativ hüquqi aktların qəbul edilməsidir ki, bu da həmin sahədə yaranan yeni münasibətlərin tənzimlənməsi və uşaqların müdafiəsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Ombudsman tərəfindən həmin normativ hüquqi akt layihələrinə verilmiş təkliflər nəzərə alınmışdır.

Ombudsman Aparatına daxil olan müraciətlərin və aparılan müşahidələrin təhlilinə əsasən qeyd etmək istərdik ki, uşaqlara qarşı zorakılıq halları ilə mübarizə sahəsində vəziyyətin təkmilləşdirilməsinə ehtiyac var. Uşaqlara qarşı ailədə, təhsil müəssisələrində və digər məkanlarda kobud rəftar hallarının qarşısının alınması məqsədilə davamlı olaraq bu sahədə vəziyyətin təhlilinin aparılması, qanunvericiliyin təkmilləşdirilməsi, institusional islahatların həyata keçirilməsi, maarifləndirmə işlərinin təşkili zəruridir.  

Qeyri-sağlam ailədaxili münasibətlər uşaqlara mənfi təsirini göstərməkdədir. Məişət zorakılığı halları ilə bağlı təsisata ünvanlanan müraciətlərin təhlili göstərir ki, aidiyyəti qurumlar tərəfindən daha həssas və operativ yanaşmanın nümayiş etdirilməsi, münaqişəli ailələrlə aparılan profilaktiki işlərin daha da gücləndirilməsi və mühafizə orderlərinin verilməsi üzrə işin təkmilləşdirilməsi həmin sahədə problemlərin həlli baxımından əhəmiyyətlidir. Bu istiqamətdə normativ hüquqi bazanın təkmilləşdirilməsi məqsədilə təsisat tərəfindən təkliflər hazırlanaraq aidiyyəti qurumlara göndərilir.

Qeyd edim ki, erkən evlilik hallarının qarşısının alınması məqsədilə tərəfimizdən Azərbaycan Respublikası Ailə Məcəlləsinin üzrlü səbəblər olduqda, nikaha daxil olmaq istəyən və nikah yaşına çatmamış şəxslərin nikah yaşının 1 ildən çox olmayaraq azaldılmasına icazə verən müvafiq maddəsinin çıxarılması təklif edilmişdir. Həmin təklif Azərbaycan Respublikasının 2024-cü il 28 iyun tarixli müvafiq Qanununda nəzərə alınmışdır.

Ombudsmanın illik məruzəsində uşaqların olduğu bütün məkanlarda, o cümlədən uşaq müəssisələrində onlara qarşı zorakılığın qadağan olunması ilə bağlı qanunvericilikdə xüsusi müddəanın təsbit olunması təklif edilmişdir. 

Cari ildə qəbul edilmiş "Uşaq hüquqları haqqında" Azərbaycan Respublikasının Qanununda uşağın ola biləcəyi bütün yerlərdə, habelə internet informasiya ehtiyatlarında və informasiya-telekommunikasiya şəbəkələrində uşağa qarşı zorakılığın qadağan olunması təsbit edilməklə həmin təklifin icrası həyata keçirilmişdir. 

Bununla yanaşı, 21 aprel 2026-cı il tarixli Azərbaycan Respublikasının Qanunu ilə İnzibati Xətalar Məcəlləsinə yeni məzmunda əlavə edilmiş müvafiq maddədə valideynlər (onları əvəz edən şəxslər), uşaqlara nəzarəti həyata keçirmək vəzifəsini daşıyan şəxslər tərəfindən uşağa qarşı cismani cəzanın tətbiqinə görə müvafiq sanksiya nəzərdə tutulmuşdur.

Uşaqlarla çalışan mütəxəssislərin uşaq hüquqları, davranış qaydaları barədə məlumatlılıq səviyyələrinin artırılması, zorakılığa məruz qalmış uşaqlarla aparılan işin, habelə zorakılıqla mübarizə mexanizmlərinin təkmilləşdirilməsi vacibdir.

Ombudsman tərəfindən yetkinlik yaşına çatmamış şahidin dindirilməsi, eləcə də mübahisə ilə mənafelərinə toxunulan uşaqların fikrinin öyrənilməsi zamanı psixoloqun iştirakının təmin olunması, habelə cinsi zorakılığın qurbanı olan uşağa aid istintaq materiallarının cinayət prosesinin iştirakçıları tərəfindən yayılmasının qadağan edilməsi ilə bağlı qanunvericiliyə dəyişikliklərin edilməsi təklif olunmuş və cari ilin 3 mart tarixində qeyd edilən məsələlərlə bağlı cinayət və mülki qanunvericiliyə müvafiq dəyişikliklər edilmişdir. 

Təsisata daxil olan şikayətlərə əsasən, uşaqların saxlanılması üçün alimentin ödənilməsində çətinliklər mövcuddur. Bu sahədə xarici ölkələrin müsbət təcrübəsinə əsaslanaraq, Ombudsmanın illik məruzələrində Aliment Fondunun yaradılması və borclu şəxslərin məşğulluğu sahəsində icbari yanaşmanın tətbiqi ilə bağlı təkliflər irəli sürülmüşdür. 

Müraciətlərin təhlilinə əsasən, uşaqla ünsiyyət tələbi və himayə məsələsi ilə bağlı məhkəmə qərarlarının icrası zaman tərəflərin uşaqların maraqlarını nəzərə almadığı hallara rast gəlinir ki, bu da uşaqların psixoloji durumuna mənfi təsir göstərir, habelə məhkəmə qərarlarının icrasında çətinliklər yaradır. Bu baxımdan Ombudsmanın illik məruzələrində bu sahədə icra mexanizmlərinin təkmilləşdirilməsi, habelə icra prosesində psixoloqun iştirakının təmin olunması ilə bağlı qanunvericiliyə müvafiq dəyişikliklərin edilməsi təklif edilmişdir.

Müasir dövrdə informasiya-kommunikasiya texnologiyaları cəmiyyətin bütün sahələrinə təsir edərək inkişaf üçün geniş imkanlar yaratmışdır. Bununla yanaşı, rəqəmsal texnologiyalar uşaqları müxtəlif risklərə və təsirlərə məruz qoyur. Müasir dövrdə uşaq hüquqları sahəsində mövcud problemlərin yaranmasında rəqəmsal mühitin təsiri mühüm faktordur. Bu gün rəqəmsal inkişaf yeni ictimai münasibətlərin, hüquq pozuntularının yaranmasına səbəb olur. Bu da öz növbəsində uşaqların rəqəmsal mühitdə qarşılaşdıqları təhlükələrdən müdafiəsi, onların hüquqlarının qorunması istiqamətində səylərin birləşdirilməsini zəruri edir.

Ombudsman təsisatı tərəfindən uşaq hüquqlarının müdafiəsi sahəsində problemlərin həlli istiqamətində məlumatlılığın artırılması məqsədilə aylıqlar keçirilir, həmçinin mütəmadi olaraq maarifləndirmə tədbirləri təşkil olunur, araşdırmalar aparılaraq zəruri tədbirlər görülür.

Uşaqların rəqəmsal mühitdə təhlükəsizliyinin qorunmasında multidisiplinar yanaşmanın tətbiqi zəruridir. Zorakılığı təbliğ edən halların müəyyən edilməsi və qarşısının alınması məqsədilə ölkəmizdə uşaqların daha çox istifadə etdikləri sosial şəbəkə, platforma və internet saytları, o cümlədən televiziya proqramları, filmlər və oyunlar üzrə davamlı monitorinqlərin aparılması vacibdir. Ombudsman Aparatı tərəfindən aparılan araşdırmalara əsasən, son illər uşaqlar arasında geniş yayılmış interaktiv platformalar və onlayn oyunlar ciddi risklər yaradır. Uşaqların istifadəsi üçün nəzərə tutulan rəqəmsal platformalarda yaş məhdudiyyətlərinin formal xarakter daşıması, effektiv nəzarət mexanizmlərinin olmaması, şəxsi məlumatların qorunması sahəsində boşluqlar uşaqların hüquqlarının pozulmasına zəmin yaradır.

Ombudsmanın uşaqların rəqəmsal mühitdə təhlükəsizliyinə dair yayımlanan açıq müraciətində bu sahədə mövcud problemlərin aradan qaldırılması istiqamətində dövlət qurumlarına, media nümayəndələrinə, valideynlərə çağırışlar səsləndirilmişdir. Dövlət qurumları tərəfindən uşaqların rəqəmsal təhlükəsizliyinin təmin edilməsi məqsədilə onlayn platformalar üzərində nəzarət mexanizmlərinin gücləndirilməsi, risklərin hüquqi qiymətləndirilməsinin aparılması və preventiv fəaliyyətin həyata keçirilməsi zəruridir.

Bu məsələdə valideynlərin rolu danılmazdır. Valideynlərin uşaqların rəqəmsal platformalardan istifadə etmələrinə diqqətlə yanaşması, uşaqlarla açıq və etibarlı ünsiyyət qurması və onların virtual mühitdə qarşılaşa biləcəyi təhlükələr barədə maarifləndirilməsi, valideyn nəzarəti mexanizmlərinin tətbiq edilməsi olduqca vacibdir. 

Media subyektlərinin və jurnalistlərin də bu mövzuda məsuliyyətli mövqe nümayiş etdirməsi, məsələyə uşaqların mənafelərinin üstünlüyü və hüquqlarının müdafiəsi prizmasından yanaşaraq ictimaiyyətin düzgün məlumatlandırılmasına töhfə verməsi çox önəmlidir. Qeyd edim ki, təsisat tərəfindən rəqəmsal mühitin uşaqlar üçün yaratdığı təhlükələr barədə ictimai məlumatlılığın artırılması və bu sahədə hüquq pozuntularının qarşısının alınması məqsədilə maarifləndirici sosial videoçarx hazırlanmış və  əhali arasında yayılması təmin edilmişdir.

Tərəfimdən uşaqların sosial şəbəkə və digər rəqəmsal platformalardan istifadəsi üçün məhdudiyyətlərin müəyyən edilməsi ilə bağlı qanunvericiliyə dəyişikliklərin edilməsi təklif edilmişdir. 

"Uşaqların rəqəmsal mühitdə zərərli məzmun və təsirlərdən qorunması ilə bağlı tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidenti 2026-cı il 27 fevral tarixində sərəncam imzalamışdır. Həmin sərəncam rəqəmsal mühitdə uşaqların zərərlərdən müdafiəsi və onların təhlükəsizliyinin təmin edilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Bu məqsədlə normativ hüquqi akt layihələri hazırlanmış, Ombudsman tərəfindən həmin layihələrə təkliflər göndərilmişdir.

Uşaqların müdafiəsi hər birimizin ortaq məsuliyyətidir və cəmiyyətin bütün üzvləri onların hərtərəfli inkişafı üçün səy göstərməlidir.

Uşaqların təhlükəsiz mühitdə yaşaması üçün ictimai iştirakçılığın təmin edilməsi xüsusi əhəmiyyət daşıyır. Mövcud təcrübələr onu deməyə əsas verir ki, dövlət idarəetməsinin həyata keçirilməsində ictimai nəzarətin olması, vətəndaşların və vətəndaş cəmiyyəti institutlarının iştirakı problemlərin həllinə öz töhfəsini verir. Bu baxımdan qeyri-hökumət təşkilatlarını, media nümayəndələrini, cəmiyyətin hər bir üzvünü uşaqların hüquqlarının pozulması hallarına həssas yanaşmağa, aşkar edilən problemlərlə bağlı aidiyyəti qurumların məlumatlandırılmasına, habelə uşaqların sağlam mühitdə yaşamasının təminində fəal iştirak etməyə çağırıram. Valideynlərə övladları ilə mənəvi bağın yaradılmasına, onların sevgi və qayğı ilə əhatə olunmasına, psixi sağlamlığının təmininə diqqətlə yanaşmağı, müasir çağırışları nəzərə alaraq onlara nəzarət etməyi tövsiyə edirəm. Uşaqları isə özlərinin və bütün uşaqların hüquqlarının qorunması üçün səslərinin eşidilməsində aktiv iştirak etməyə çağırıram.

Ombudsman təsisatının fəaliyyətində vətəndaş cəmiyyəti üzvləri ilə əməkdaşlığa, həmçinin uşaqların iştirakçılığına önəm verilir. Nümunə olaraq qeyd edim ki, ötən il 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə vətəndaş cəmiyyəti institutlarını və uşaqları da cəlb etməklə maarifləndirici sosial videoçarx hazırlanmış, uşaqların hüquqlarının təmini ilə bağlı cəmiyyətə çağırış edilmişdir.

Sonda şəhidlərimizin bizə əmanət buraxdıqları övladları da başda olmaqla bütün uşaqları 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə təbrik edir, hər bir uşağa bu gününü və gələcəyini xoşbəxt yaşamağı arzu edirəm.


Səbinə ƏLİYEVA,

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman), hüquq üzrə fəlsəfə doktoru

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Yaxın Şərqdəki gərginlik bir sıra şirkətlərin gəlirini artırıb

09:10
27 May

Qadınlar arasında karate üzrə Avropa çempionu Mədinə Sadıqova vətənə qayıdıb

09:05
27 May

Zəngilanlı məktəblinin dünya universitetlərinə uzanan yolu

09:00
27 May

Azərbaycan-Gürcüstan strateji tərəfdaşlığı daha üç sənədlə möhkəmləndi

08:55
27 May

Prezident aqrar sektorun qarşısına konkret vəzifə qoydu

08:50
27 May

İsmayıl qurbanından başlayan mənəvi yol

08:45
27 May

Uşaqların müdafiəsi hər birimizin ortaq məsuliyyətidir

08:40
27 May

Gələcəyin şəhər nümunələri: Bakı Ağ Şəhər və Sea Breeze

08:35
27 May

Yeni dövlət proqramı kənd təsərrüfatının strateji güc mənbəyi kimi formalaşmasına xidmət edir

08:30
27 May

Brüssel qərəzli addımları ilə tərəfdaşlarını itirir

08:25
27 May

Azərbaycanın orta gücə çevrilməsi geosiyasi reallıqdır

08:20
27 May

Parlamentin yaz sessiyası başa çatdı

08:15
27 May

Yeni Şəhər Gündəliyi üzrə Nazirlər Görüşünün Sədrinin yekun çıxışı

08:10
27 May

Müstəqilliyimiz etibarlı əllərdədir

08:05
27 May

Cümhuriyyət ideallarından qüdrətli Azərbaycana 

08:00
27 May

R.A.Əliyevin 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilməsi haqqında

04:39
27 May

2026-cı il üçün Azərbaycan Respublikasının elm və mədəniyyət sahələrində Dövlət Mükafatlarının verilməsi haqqında

04:38
27 May

Apellyasiya məhkəmələri sədrlərinin, məhkəmə kollegiyası sədrinin, birinci instansiya məhkəmələri sədrlərinin və hakimlərinin təyin edilməsi ilə bağlı bəzi məsələlər haqqında

04:37
27 May

"Azərbaycan Respublikasında maliyyə inklüzivliyinin genişləndirilməsinə dair 2027-2030-cu illər üçün Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında

04:36
27 May

Azərbaycan Respublikası Ali Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında

04:32
27 May

Bakı Apellyasiya Məhkəməsi hakimlərinin təyin və vəzifədən azad edilməsi haqqında

04:30
27 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!