26 Aprel 2025 08:25
771
Mədəniyyət
A- A+
Unudulmaz müəllimim - Mir Cəlal Paşayev

Unudulmaz müəllimim - Mir Cəlal Paşayev


Yaşıdlarımın çoxu kimi abituriyent adını ünvanıma yazdırandan sonra kitabın birini götürüb o birini qoyurdum. İlk imtahan yazılı idi. İmtahan verib tələbə adını qazanan və yaxud da şansı - qisməti olmayıb kəsilənlər deyirdilər ki, əsas yazıdır. Bu imtahandan keçdinmi, o biriləri asan olur. Lap son məqamda ürəyimə damıbmış kimi Mir Cəlalın "Bir gəncin manifesti" romanını bir daha təkrar-təkrar oxudum. Və təsəvvür edin ki, inşaya düşən mövzulardan biri "Bir gəncin manifesti" əsərində Sona xala surətinin səciyyəsi idi. İntizar dolu günlərin sonunda imtahan vərəqimdə yazının nəticəsi kimi yüksək qiyməti görəndə sevincimdən uçmaq istədim. Ürəyimdə orta məktəb dərsliklərində verilən Mir Cəlalın nurlu şəklinə minnətdarlıq etdim.

İlk dərs günü. Artıq Azərbaycan Dövlət Universiteti Filologiya fakültəsinin jurnalistika şöbəsinin tələbəsi idim. İlk kurs, ilk günlər çox çətin olur. Tələbə yoldaşlarımla birlikdə gah mərtəbəni dəyişik salırdıq, gah da auditoriyaları. Elə belə dəqiqələrin birində tələbələrdən kimsə: "Odur, Mir Cəlal müəllim gedir", - dedi. Mən pəncərəyə yaxınlaşana qədər artıq böyük ədib ötüb getmişdi. Təəssüfləndim. "Kaş görəydim" - sözlərini deyəsən bərkdən demişdim. Yuxarı kurs tələbələrindən biri: "Bax bu pillələrlə yuxarı qalx, ikinci mərtəbədəki qapının üstünə "Azərbaycan ədəbiyyatı tarixi" kafedrası yazılmış otaqdakı baş stolda Mir Cəlal müəllim oturur, - dedi. Orta məktəb skamyasından yenicə qalxan bir gənc üçün dərsliklərdən tanıdığı Mir Cəlalla görüşmək böyük bir hadisə idi. Lakin mən onunla görüşməyə cürət belə edə bilməzdim, yalnız qapını açıb tez də örtdüm. Vəssalam. Bir anlığa gördüyüm o gülümsər çöhrə hələ də gözlərimin qarşısındadır.

Dərs cədvəli hələ hazır deyildi. Tez-tez həm auditoriyaya girən müəllimlər, həm də dərs otaqları dəyişirdi. Nəhayət ki, kurs nümayəndəsi cədvəlin hazır olduğunu xəbər verdi. Cədvələ baxanda gözlərimə inanmadım. Ədəbiyyat fənninin qarşısında "professor Mir Cəlal Paşayev" sözləri yazılmışdı.

Həmin günü səbirsizliklə gözləyirdik. Mir Cəlal müəllimin  auditoriyaya girməsi ilə səs-küy bir anda kəsildi. Hamı ona diqqət və maraqla baxırdı. O isə asta addımlarla gəlib orta sıranın qarşısındakı stolun arxasında əyləşdi. Təmkinlə bizi tələbə adını qazanmağımız münasibətilə təbrik etdi. Sonra isə asta bir səslə deyəcəyi fənni izah etməyə başladı. Danışığı ahəstə, dediyi sözlərin tutumu çox böyük olardı. Böyük ədibin tələbəsi olmuş hər kəs onun bir jestini yaxşı xatırlayır. Həmişə əlini tələbələrdən birinin çiyninə qoyardı. Bu əllərdə bir ata nəvazişi vardı. Və o, əlini çiyninə qoyduğu tələbənin həmin gün əhvali-ruhiyyəsi yüksək olardı. Çünki onun çiyninə Mir Cəlalın əli dəymişdi. 

Bizim 608-ci qrupda imkansız tələbələr vardı. Onların bir çoxu əyani oxusalar da, gecə növbəsində çalışmalı olurdular. Aydındır ki, həm oxuyub, həm də işləyən həmin tələbələr gecələr yuxusuz qaldıqları üçün bəzən mühazirə saatlarında mürgüləyərdilər. Böyük ədibin dərsləri nə qədər maraqlı olsa da, məndən bir parta arxada əyləşmiş oğlanın göz qapaqları ağırlaşmışdı. Mir Cəlal müəllim həmin tələbəyə irad tutmayıb astaca məndən: "O niyə yatır?" - deyə soruşdu. Mən də eynilə onun kimi asta səslə: "Gecə növbəsində işləyir", - dedim.

Müəllimim təəssüflə həmin tələbəyə baxdı, lakin ona deyil mənə: "Zəngdən sonra kafedraya gəl", - dedi. 

Düzü, bu çağırışdan bir şey anlamadım. 

Mən kafedraya daxil olanda o, müəllimlərdən kiminləsə danışırdı. Geriyə qayıtmaq istədim. Mir Cəlal müəllim müsahibinə "gedə bilərsən", - deyib başının işarəsi ilə məni yanına çağırdı. Qəribə xasiyyəti vardı. Dərslərdə fərqlənən tələbələrə öz doğması kimi baxırdı və onlarla söhbətləşməyi sevirdi. Bu, müəllim, yoxsa yazıçı marağı idi, deməyə çətinlik çəkirəm. Mir Cəlal müəllimi dərsində mürgüləyən tələbə narahat etmişdi. Özü də alicənablıq edib onu deyil, məni dəvət etmişdi. Həmin tələbənin vəziyyəti ilə bağlı bir qədər sorğu-sual etdi. Sonra isə: 

- Necə bilirsən, onu nəşriyyatda işə düzəltsəm işləyə bilərmi? Maaşı çox olmasa da, heç olmazsa gecənin şirin yuxusunu yatar, - dedi. 

Bu qayğıdan elə təsirlənmişdim ki, tələbə yoldaşımın adından minnətdarlıq belə etməyi az qala unutmuşdum. O, diqqətlə üzümə baxıb: 

- Sən dilli-dilavərsən. Sözlərimi ona elə çatdır ki, qüruru qırılmasın, - dedi. 

Bax budur insanlıq, bax budur böyüklük! Kiməsə təmənnasız yaxşılıq edəsən, özü də onun bunu necə qarşılayacağından narahat olasan! 

Mir Cəlalın "Bir gəncin manifesti" əsərində bir məqam var. Sona xala böyük oğlu Mərdandan xəbər ala bilmirdi. Bir tərəfdən isə Bahar qardaşını axtarmaq üçün yola çıxmışdı. Lakin ondan da bir soraq yox idi. Bir tərəfdən nigaranlıq, digər tərəfdən aclıq güc gəlmişdi. Övladlarına yetişmək üçün evdə-eşikdə satılacaq heç nəyi qalmamışdı. Bircə "Yusif-Züleyxa" xalçasına gümanı gəlirdi. Başqa çarə yox idi! Xalçanı satmalıydı! Xalça bir ingilisin diqqətini çəkir və nə olursa-olsun onu almaq istəyir. Sona xala əvvəlcə xalçanı vermək istəyir, lakin onun yabançı olduğunu biləndə "İtə ataram, yada satmaram!" - deyib ingilisin əlindən alır. 

İnsanda necə böyük qürur, qətiyyət, cəsarət olmalıdır ki, ən çətin anında belə milli varlığını qoruya bilsin! Sınmasın, alçalmasın, kimsənin tikəsinə boyun əyib mütiləşməsin! 

Sona xala azərbaycanlı qadının tam bir obrazıdır. Milli-mənəvi dəyərlərə möhkəm tellərlə bağlı, aclığın, çarəsizliyin belə əyə bilmədiyi bir obrazı yalnız Mir Cəlal kimi qüdrətli qələm sahibi yarada bilərdi. Bax müdriklik budur! Dediyin söz, qələmə aldığın fikir bütün zamanlar üçün məqamlı olur.

Mir Cəlal söz sərrafı, sözə, qələmə sahiblik edə bilən bir ədib, bir ustad idi. Lakin onun tələbəsi olmuş hər kəsin qəlbində həm də asta danışan, təmkinlə durub-oturan, imtahan və zaçotlarında tələbəsinə "iki" qiymət verməyə əli gəlməyən bir Mir Cəlal obrazı da yaşayır. 

Buna həmişəyaşar da deyirlər! 


Rəfiqə SADIQOVA

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Avropa Parlamenti sülh prosesinə zərbə vurmağa çalışır

21:04
19 Dekabr

Avropa Parlamentinin növbəti riyakarlığı

18:07
19 Dekabr

Elm və təhsil naziri Ağcabədidə vətəndaşların müraciətlərini dinləyib  

18:06
19 Dekabr

Milli Məclisin növbəti iclasında hansı məsələlər müzakirə ediləcək?  

17:34
19 Dekabr

Putin: Biz də gələn il sülh içində yaşamaq istərdik  

17:33
19 Dekabr

Energetika naziri Pərviz Şahbazov Zərdabda vətəndaşların müraciətlərini dinləyib  

17:31
19 Dekabr

Azərbaycan yanacağını daşıyan qatar Ermənistana çatıb  

17:28
19 Dekabr

17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası yekunlaşıb  

17:25
19 Dekabr

Baş nazir Əli Əsədov BMMT-nin Baş katibi ilə görüşüb  

17:23
19 Dekabr

Vladimir Putin: Prezident Tramp Ukrayna münaqişəsinə son qoymaq üçün ciddi səylər göstərir  

16:46
19 Dekabr

“Qərbi Azərbaycan folkloru” seriyasından növbəti kitab çapdan çıxıb

16:45
19 Dekabr

Kürdəmirdə özünüməşğulluq proqramı çərçivəsində yaradılan təsərrüfatlara baxış olub

16:44
19 Dekabr

Azərbaycanla İraq arasında dini-mənəvi əlaqələrin inkişafı istiqamətində müzakirələr aparılıb  

16:42
19 Dekabr

Vladimir Putin Aİ-də Rusiya aktivlərinin ələ keçirilməsi cəhdlərini soyğunçuluq adlandırıb  

16:41
19 Dekabr

“Euronews” kanalı Şuşa ilə bağlı reportaj təqdim edib  

16:40
19 Dekabr

QMİ sədri G20 Dinlərarası Forum Assosiasiyasının prezidenti ilə görüşüb  

16:37
19 Dekabr

Vladimir Putin iqtisadi artımın yavaşlamasını düşünülmüş addım adlandırıb  

16:35
19 Dekabr

Misli Premyer Liqası: Qərb derbisini “Turan Tovuz” qazanıb

16:35
19 Dekabr

Əmək və əhalinin sosial müdafiəsi naziri Kürdəmirdə vətəndaşların müraciətlərini dinləyib

16:34
19 Dekabr

BMT ilə DİM-lərin lokallaşdırılması istiqamətində fəaliyyətlərin davam etdirilməsi müzakirə olunub  

16:33
19 Dekabr

Anar Eyvazov: Dezinformasiyaların qarşısının alınması məqsədilə operativ informasiya fəaliyyəti yüksək peşəkarlıqla təmin olunub  

16:30
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!