Səhnəyə, tamaşaçı qarşısına çıxdığı ilk anlardan diqqəti cəlb etməyi bacaran, alqışlanan aktyorlardan biri idi. Odur ki, Xalq artisti Məmmədəli Vəlixanlı istər teatr səhnəsində, istərsə də kinofilmlərdə epizodik rollarla belə yadda qalır.
Görkəmli aktyor Məmmədəli Heydərzadə (Vəlixanlı) 1899-cu il martın 15-də Bakıda dünyaya gəlmişdi. Atası Hacı Heydər bu şəhərə Fatmayı kəndindən köçmüşdü, ticarətlə məşğul idi. O, oğlunun oxumasını, savadlı olmasını istəyirdi. Hacı Heydər bu arzu ilə Məmmədəlini "Səfa" mədəni-maarif cəmiyyəti nəzdində fəaliyyət göstərən məktəbə apardı.
Tamaşa etdiyi şəbihlər, "Qaravəlli", "Kosa-kosa" kimi xalq oyunları uşaq ikən Məmmədəli Vəlixanlının yaddaşına silinməz izlər buraxır, özü də fərqində olmadan onu teatr sənətinə həvəsləndirirdi.
Səhnə ilə tanışlığı tez başladı. O zaman hələ "Səfa" mədəni-maarif cəmiyyəti nəzdindəki məktəbdə oxuyurdu. Öyrənməyə böyük maraq göstərən, bacarıqlı, çevik uşaq idi. 1912-ci ildə dövrünün tanınmış aktyorlarından olan Cahangir Zeynalov Mirzə Fətəli Axundzadənin "Hacı Qara" komediyasını tamaşaya hazırlayanda Məmmədəliyə də Bədəl rolunu həvalə etdi.
1920-ci ildə Milli Dram Teatrının xor heyətinə işə qəbul edildi. Məmmədəli Vəlixanlı sənət fəaliyyətinin ilk illərində "Leyli və Məcnun", "Əsli və Kərəm", "Şah İsmayıl" operalarında xorda oxudu. O vaxtlar bu sənət ocağında opera və operetta tamaşaları da oynanılırdı. Tədricən dram tamaşalarında da kiçik, sözsüz rollarda səhnəyə çıxdı. 1927-1930-cu illərdə həm teatrda işlədi, həm də Bakı Teatr Texnikumunda təhsil aldı.
İstedadlı aktyor 1930-cu illərin axırlarından Mirzə Fətəli Axundzadənin "Lənkəran xanının vəziri" (Mirzə Həbib), Nəcəf bəy Vəzirovun "Hacı Qəmbər" (Hacı Qəmbər), Sabit Rəhmanın "Xoşbəxtlər", "Əliqulu evlənir" və "Nişanlı qız" (Mirzə Qərənfil, Mindilli, Xəlil), Mirzə İbrahimovun "Həyat" (Pardon Qurbanəli), Nikolay Qoqolun "Müfəttiş" (Osip) komediyalarında öz ifası ilə silinməz izlər qoydu. Faciə və dramatik janrda yazılmış Hüseyn Cavidin "Səyavuş" (Kosa), Vilyam Şekspirin "Qış nağılı" (Avtolik), "On ikinci gecə" (Ser Endri), "Maqbet" (Qapıçı), Mehdi Hüseynin "Cavanşir" (Saran), Konstantin Trenyovun bizdə "Düşmənlər" adıyla oynanmış "Lyubov Yarovaya" (Pikalov), Aleksandr Ostrovskinin "Cehizsiz qız" (Robinzon), Əbdürrəhim bəy Haqverdiyevin "Pəri cadu" (Əmrah), Fridrix Şillerin "Qaçaqlar" (Vurm), Səməd Vurğunun "Xanlar" (Araq Şəmistan), İmran Qasımov və Həsən Seyidbəylinin "Uzaq sahillərdə" (Rosselini), Brandon Tomasın "Tələbələrin kələyi" (Əli), Boris Lavrenyovun "Amerikanın səsi" (Skundirell), Süleyman Rüstəmin "Qaçaq Nəbi" (Mürsəl kişi), Məmməd Səid Ordubadinin "Dumanlı Təbriz" (Dərviş) tamaşalarında uğurla çıxış etdi.
Böyük zəhmət və sevgi ilə çalışan aktyorun əməyi yüksək qiymətləndirildi. Məmmədəli Vəlixanlı teatr sənətimizin inkişafındakı xidmətlərinə görə 1938-ci ildə Əməkdar artist, 1940-cı ildə isə Xalq artisti fəxri adlarına layiq görüldü. İki dəfə - 1949-cu ildə və 1959-cu ildə "Şərəf nişanı" ordeni ilə təltif edildi.
Təəssüf ki, onun parlaq istedadını teatr sənətində olduğu qədər kino sahəsində də göstərmək fürsəti olmadı. Məmmədəli Vəlixanlı yalnız iki filmdə - "Görüş" və "Mahnı belə yaranır" filmlərində çəkildi.
1961-ci il martın 9-da premyerası keçirilən Sabit Rəhmanın "Əliqulu evlənir" tamaşasında Xəlil rolunu oynadı. Bu rolla cəmi iki dəfə səhnəyə çıxa bildi. Qəfil düçar olduğu iflic altmış iki yaşlı sənətkarı ömrünün uzun illərini həsr etdiyi səhnədən ayırıb yatağa saldı. Həyatının o qüssəli, çətin günlərində sənət dostları Məmmədəli Vəlixanlını yaddan çıxarmadılar. Ona xəstə olduğu günlərdə ürək-dirək verənlərdən biri də rejissor Mehdi Məmmədov oldu. Mehdi Məmmədov radio üçün hazırladığı "Hamlet" tamaşasında çətinliklə də olsa, Məmmədəli Vəlixanlının səsini məzarçı rolunda lentə yazdırdı.
Görkəmli aktyor 1969-cu il aprelin 12-də dünyasını dəyişdi.
Onun sənət yolunu sonralar oğlu Aqşin Vəlixanlı davam etdirdi. Azərbaycan Dövət Akademik Milli Dram Teatrında çalışan Aqşin Vəlixanlı 1998-ci ildə vəfat etdi.
Zöhrə FƏRƏCOVA,
"Azərbaycan"