Yandırılmış evlər, viran qoyulmuş, xarabalığa çevrilmiş yurdlar, amansızlıqla qanına qəltan edilən azərbaycanlıların dərdi-ələmi, yaralananların fəryadı... Azərbaycan xalqına şəhidlərinin yasını saxlamağa, yaralıları sağaltmağa belə macal vermirdilər. Çünki Azərbaycanın əksər ərazisində erməni-daşnak silahlı qüvvələrinin amansızlıqla törətdikləri dəhşətli cinayətlər hələ də davam edirdi... 1918-ci il mayın 26-da Cümhuriyyət hökuməti qurulanda Azərbaycanın vəziyyəti belə idi.
Müstəqil hökumət Tiflis şəhərində İstiqlal Bəyannaməsi elan etməklə öz varlığını dünyaya car çəkdi. Həmin şəhərdə də ilk qərarlarını verdi, ilk addımlarını atdı. Paytaxtı daşnak Stepan Şaumyanın rəhbərlik etdiyi Bakı Xalq Komissarları Sovetinin əlində olduğu üçün Azərbaycan Milli Şurasının üzvləri və Azərbaycan Xalq Cümhuriyyəti hökuməti 1918-ci il iyunun 16-da Gəncədə yerləşib orada fəaliyyət göstərməli oldu. 1918-ci il iyulun 31-də Bakı Kommunası səlahiyyəti öz üzərindən götürdükdən sonra Bakıda əks-inqilabçı Sentrokaspi diktaturası yarandı. Bundan sonra da bolşevizm pərdəsi altında Azərbaycan xalqına qarşı soyqırımı davam etdirildi...
Cümhuriyyət hökuməti çox çətin bir dövrdə bərqərar oldu. Gənc, müstəqli hökumət ölkənin həm daxilindəki, həm də xaricindəki düşmənlərinə qarşı mübarizə aparmaq məcburiyyətində qaldı. Azərbaycan Xalq Cümhuriyyəti hökumətini təşkil etmək, parlament formalaşdırmaq, daxili və xarici siyasəti müəyyənləşdirmək, iqtisadiyyatı tənzimləmək, dövləti idarəetmə qurumlarını yaratmaq, ordu qurmaq və digər işlərin həyata keçirlməsi mühüm olduğu qədər də təxirəsalınmaz idi.
Belə məsuliyyətli bir dövrdə mətbuatın əhəmiyyətini də unutmaq olmazdı. Odur ki, yeni formalaşmış hökumət 1918-ci il iyulun 3-də özünün mətbu orqanı kimi "Azərbaycan Cümhuriyyəti hökumətinin xəbərləri" adlı nəşri buraxmaq barədə qərar verdi. Sonradan "Azərbaycan" qəzeti parlamentin orqanı kimi fəaliyyət göstərdi.
Ümumiyyətlə, Azərbaycan Xalq Cümhuriyyəti hakimiyyəti dövründə müstəqil və demokratik mətbuat mühiti yaratmağa müvəffəq oldu. Həmin illərdə ölkədə 100-ə yaxın müxtəlif adda qəzet və jurnal işıq üzü gördü. Cümhuriyyət dövrü mətbuatı yalnız say deyil, eyni zamanda keyfiyyət baxımından da diqqətçəkicidir. Onların arasında Azərbaycan Xalq Cümhuriyyətinin ən yaxın məslək, ideya yoldaşı, dövlətin cəfakeş və düzgün təbliğatçısı "Azərbaycan" qəzeti özünəməxsus, əhəmiyyətli yer tutdu.
"Azərbaycan"ın ilk sayı Milli Ordu və Qafqaz İslam Ordusunun Bakı şəhərini daşnak-bolşevik birləşmələrinin işğalından azad etdikləri bayram əhvali-ruhiyyəli bir gündə - 1918-ci il sentyabrın 15-də Gəncə qubernatorunun mətbəəsində çap edildi. İki səhifəsi Azərbaycan, iki səhifəsi isə rus dilində olan dördsəhifəlik qəzet oxucuların görüşünə sevinclə gəldi.
Ceyhun bəy Hacıbəylinin və Şəfi bəy Rüstəmbəylinin redaktorluğu ilə fəaliyyət göstərən, Üzeyir bəy Hacıbəyli, Məhəmməd Əmin Rəsulzadə, Xəlil İbrahim, Fərhad Ağazadə, Adilxan Ziyadxan, Əliabbas Müznib, Şəfiqə Əfəndizadənin, Əhməd Cavad, Cəfər Cabbarlı və başqa millət sevdalı vətənpərvərlərin yazılarının dərc olunduğu "Azərbaycan" qısa müddətdə milli problemlərin səsləndirildiyi möhtəşəm tribunaya çevrildi.
Cümhuriyyət hökumətinin ağır problemlərindən biri də, əslində, ən böyüyü və ən müşkülü təcavüzkar ermənilərin ölkəmizin əksər bölgəsində azərbaycanlılara qarşı amansızlıqla həyata keçirdikləri soyqırımıları, qırğınlar, qətliamlar idi. Həmin dövrdə Azərbaycanın qədim guşələrindən biri olan Qarabağdan da dəhşətli xəbərlər gəlirdi. Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin sədri Əlimərdan bəy Topçubaşov 1918-ci il noyabrın 18-də İstanbulda Osmanlı dövlətinin xarici işlər naziri ilə danışıqlar zamanı vurğuladı: "Ermənilərin ortaya atdıqları Qarabağ məsələsi 5 ya 10 kənd məsələsi deyil, mübahisə bütöv 4 sancaq - Şuşa, Cavanşir, Cəbrayıl və Zəngəzur üstündədir. Bu elə bir xanlığın ərazisidir ki, burada erməni və müsəlmanların sayı bərabər olmasa da, hər halda ermənilərin mütləq çoxluğu barədə danışmağa əsas yoxdur, özü də onlar buranın yerli əhalisi deyildirlər. Rusiya ilə müharibədən sonra Türkiyədən buraya köçənlərdir… Nəhayət, Qarabağın özündə ermənilər yığcam halda yaşamırlar, müsəlmanlarla qarışıq məskunlaşıblar. Bununla belə, biz məsələnin sülh yolu ilə həlli tərəfdarıyıq".
Qəsbkar ermənilər isə sülhün, sabitliyin tərəfdarı olmadıqlarını cinayətkar əməlləri ilə təsdiq edirdilər.
"Azərbaycan" qəzetində verilən xəbərlər Qarabağda vəziyyətin gərgin olduğunu, ermənilərin azərbaycanlıları dinc yaşamağa qoymadığını, hər gün yeni-yeni faciələr törətdiklərini təsdiqləyir. Qəzetin 5 dekabr 1918-ci il tarixli 56-cı sayında "Qarabağ əhvalı" başlığı ilə oxuculara xəbər verilirdi: "Ağdam Milli Komitəsindən və Ağdamda yaşayan Şuşa şəhəri sakinləri tərəfindən Azərbaycan Hökumətinə gələn teleqramlardan görünür ki, Zəngəzur, Şuşa, Cəbrayıl və Cavanşir qəzalarının dağbasar hissələrində toplanmış olan erməni üsyançıları tərəfindən müsəlman əhalisinə olmazın zülmlər edilir. Andranikin dəstəsi Şuşaya hücuma hazırlanır və əlyövm Şuşanın 20 çağırımlıq (verst) bir məsafəsində "Müsəlmanlar" adlanan mövqedə vuruşma gedir. Yuxarıda adları yazılmış qəzaların erməniləri də Andranikin dəstəsinə qoşularaq əməliyyatda iştirak edirlər". Bu hadisələrin əhalinin həyəcanına və işdən-gücdən qalmasına səbəb olduğu bildirilirdi. Yaranmış vəziyyətə görə, Ağdam Milli Komitəsi teleqraflarla hökumətə müraciət edərək təcili tədbirlər görülməsini rica edirdi.
"Azərbaycan" rəsmi dövlət qəzeti idi. Bu mətbu orqanda qərarlar, qanunlar, rəsmi sənədlər, eyni zamanda səlahiyyətli şəxslərə və orqanlara ünvanlanmış məktublar, teleqramların surətləri dərc olunurdu. Qəzetin 6 dekabr tarixli 57-ci sayında yer verilmiş iki teleqram bu qəbildən idi. Birinci teleqram Qaryagindən Cəbrayıl qəzası müsəlmanlarının nümayəndələri: Hüseynbəyov, Cəmil Vəzirov, Ağayev və Eyvazovun göndərdiyi teleqramda bildirilirdi: "Bir neçə gündür ki, Zəngəzur qəzasında müsəlmanları Andranik dəstələri kəsməkdədirlər. İşbu kəndlər dağılıb yığma edilmişdir:
Aldərə, Tanzətap, Tuğut, Sanalı, Bitnazir, Qarzaniyəm, Şamovlu, Razidərə və qeyri. Başqa kəndləri də bu fəlakət gözləməkdədir. Bir çox ölən və yaralanan vardır. Fəlakətdən nicat tapmış əhalinin bir hissəsi İrana keçmiş, bir hissəsi isə Arazboyu yerlərində məskənsiz sərgərdan dolaşırlar". Belə fəlakətin Cəbrayıl və Şuşa qəzasını da təhdid altına alacağının qaçılmaz olduğu, Andranikin dəstəsinin müsəlmanları qırmağı qət etdiyi həyacanla vurğulanır, Müttəfiqlər və Azərbaycan Cümhuriyyəti nümayəndlərindən ibarət bir komisyanın göndərilməsi barəsində lazımi tədbirlərin görülməsi rica edilirdi. Komisyanın öz yerində erməni zülmləri ilə tanış ola biləcəkləri qeyd olunurdu.
İkinci teleqram isə Cəbrayıldan, Milli Şura sədri Cəmil Sultanovdan gəlmişdi. Məzmunu belədir: "Zəngəzurda ermənilər əllidən ziyadə müsəlman kəndini dağıtmışlardır. Ölən və yaralananların hesabı minlərlədir.
Andranik beş minədək bir qoşunla üçüncü gündür ki, Zabuxu mühasirə altına almışdır. Bunun qəsdi Şuşa qalasına yol açmaqdır. Türk komandanı getmişdir. Qəza müdiri bir fəaliyyət göstərmir. Əhali İrana qaçır. Təşkilat yoxdur. Rica ediriz ki, heç olmasa, şimdi Müttəfiqlərin nəzərlərini buraya cəlb edəsiniz. Beşinci dairənin bütün kəndləri yığma edilmişdir. İkinci, üçüncü və dördüncü dairələrin də bir hissəsi dəxi yığma edilmişdir..."
Qəzet dekabrın 10-da 61-ci sayında Milli Komitə üzvləri Y.Musayev və Əli bəy Behbudovun Ağdamdan Azərbaycan Hökumətinə yolladığı teleqramı dərc etdi. Teleqramdan məlum olur: "Dünən Şuşadan rəsmi xəbər alınmışdır ki, ermənilər Zabux dairəsində müharibəyə başlayıb, bir neçə evləri yandırmışlar. Şuşa və Əsgəran ətrafında olan dağlarda 400-500 nəfərdən ibarət müsəlləh erməni dəstələri zahir olmuşlardır".
Növbəti gün qəzet Zəngəzur əxzi-əsgər (hərbi qulluğa çağırış idarəsinin) rəisi Məliknamazəliyevin Andranikin hücumu ilə əlaqədar hökumətə göndərdiyi həyacan dolu teleqramda xəbər verilirdi: "Üçüncü məntəqənin rəşid, dilavər müsəlmanları miqdarca az olduqlarına baxmayaraq dörd min nəfərlik quldur dəstəsinin Şuşaya gedən yolunu sinələri ilə qapamışlardır. Dörd gündür ki, orada şiddətli vuruşma gedir və Andranik irəli hərəkət edə bilməyir". Xəbərdar edilirdi ki, amma bir-iki gündən sonra Şuşa yolunu mühafizə edən müsəlmanların gülləsi qurtarıb, qüvvələri zəiflədikdə iş acınacaqlı bir hal ala bilər.
Teleqramda bildirilirdi ki, arvad, uşaq, qoca, cavan fərqi gözləməzdən ümum müsəlmanları tələf, mallarını qarət edirlər, kəndlərini yandırırlar: "Heç yerdən müsəlmana kömək yoxdur. Əllidən ziyadə böyük, kiçik müsəlman kəndi tamamilə yandırılıb, əhalisi bilkülliyə qırılmışdır".
"Azərbaycan" qəzetinin əksər bölgəmizdə olduğu kimi, Qarabağda da xüsusi müxbirinin çalışması orada baş verən hadisələrin operativ şəkildə işıqlandırılmasına imkanlar yaradırdı. Eyni zamanda qəzetin fəal yazarları ardıcıl olaraq Qarabağda və digər ərazilərdə azğınlaşmış ermənilərin hücum etmələrindən, vəhşicəsinə cinayətlər törətmələri barədə müxtəlif janrda yazılar yazır, vəziyyəti şərh edir, soydaşlarının haqqını müdafiə edirdilər.
Qəzetin 19 sentyabr 1918-ci il tarixli ikinci sayında Şəfi bəy Rüstəmbəyli imzası ilə dərc olunmuş "Ağlını başa yığmaq vaxtıdır" adlı məqaləsində yazılırdı: "Qonşumuz erməni xalqı təəssüf ki, fanatik "Daşnaksütyun" partiyasının simasında öz rəhbərləri tərəfindən böyük nisbətdə kor edilmişdir. Öz xalqının tarixində ölümcül rol oynamış bu partiya hal-hazırda elə bir vəziyyətlə üzləşmişdir ki, mütləq dönüb geriyə baxmalı, bütün tarixi səhvlərini etiraf etməli və öz siyasətini dəyişdirmək istiqamətində radikal addımlar atmalıdır". Müəllif bildirirdi ki, Qarabağ ermənilərinin bir hissəsi ingilis qızılıyla dəstəklənən Andranikin ölümcül avantüralarına qapılmaqda və Azərbaycan dövlətinin bütövlüyünə qarşı təxribat törətməkdədir.
Qəzetin ən fəal yazarlarından biri Ceyhun bəy Hacıbəyli Paris Sülh Konfransında iştirak etmək üçün getdikdən sonra onu "Azərbaycan" qəzetində redaktor kimi əvəzləyən Üzeyir bəy Hacıbəyli də müxtəlif janrlı yazılarında bu mühüm problemə toxunurdu. Üzeyir bəy iti qələmi ilə şər yuvası olan "Daşnaksütyun" partiyasının, onun məkrli planlarına uyğun Azərbaycanın ayrı-ayrı bölgələrində yerli əhaliyə divan tutan, zülmlər edən təcavüzkar ermənilərin iç üzlərini açırdı. "Azərbaycan" qəzetinin 1 dekabr 1918-ci il tarixli 53-cü sayında dərc olunmuş "Mühüm məsələlər" adlı məqaləsində o, gənc Cümhuriyyət hökumətinin ağır bir zamanda, çətin bir yolla irəlilədiyini diqqətə çatdırırdı: "Azərbaycan Hökumətinin düşmənləri çoxdur. Türklər gedəndən bəridir ki, onlar dil açıb Hökumətimizi hər yerdə məzəmmət etməyə və töhmətləndirməyə çalışırlar. Bakı şəhərindəki bədxahlarımız bəs deyildir ki, Tiflisdə də rus sosialistlərindən və erməni daşnaklarından ibarət olan bir güruh, - ki amal və arzularının şeytənət və xəyanətinə görə "qaragüruh" adlanmasına bihəqqin layiq və şayəstədirlər - Hökumətimizin və hətta bütün millətimizin əleyhinə qəzetələrin sütunlarında ağızlarına gələni deyib, Azərbaycan Hökumətinin dağıdılmasını və Azərbaycan türklərinin də Ümumi Qafqaz Konfransına buraxılmamalarını tələb edirlər".
Üzeyir bəy haqlı olaraq yazırdı ki, düşmənlərimiz heç bir şeylə bizi töhmətləndirə bilməməlidirlər: Səbəbini belə izah edirdi: "Çünki hər nə onlara olubsa, on qat artıq da bizə olubdur. Bunu isbat etmək üçün münsif və həqgu şahidlərimizlə bərabər, əlimizdə və göz qabağında öylə müsəlləm dəlillərimiz var ki, daha düşmənlərimizin öz şərəf və heysiyyətlərinə layiq gördükləri yalanlara, hiylə və təzvirə və xəbislik büruzə verməyə heç bir ehtiyacımız yoxdur. Zatən öylə alçaqlıqları bizim namusi-millimiz də qəbul etməz".
1918-ci ildə "böyük Ermənistan" planlarını həyata keçirmək niyyətində olan, bu məqsədlə bütün insani dəyərləri heçə sayaraq dinc azərbaycanlılara qarşı dəhşətli cinayətlər törədən işğalçı ermənilərin arzularının yenə gözlərində qalacağı şübhəsiz idi. "Azərbaycan" qəzetinin 1918-ci il noyabrın 28-də işıq üzü görən 51-ci sayında yer verilmiş "Növbəti maskarad" adlı kiçik felyetonda bu məsələ özünəməxsus bir dillə təsvir edilirdi. Müəllifin təbirincə desək: "Bu əsər "Daşnak" firqəsi həyatından hədsiz-hesabsız pərdədən ibarət bir maskaraddır ki, hər dəm bir qismi oynanır. "Daşnak" firqəsinin mahir artistləri tərəfindən oynanmaqda olan son "seriya"sını qarelərimizə təqdim ediriz".
1918-1920-ci illərdə qəsbkar ermənilər çar imperiyasının süqutundan, müstəqilliyinə nail olan Azərbaycanda hələ əksər sahələrdə tənəzzülün olduğundan, ordusunu formaladırmağa hələ fürsət tapmadığından istifadə etdilər. Ölkəmizin əksər bölgələrini münaqişə ocağına çevirdilər. Minlərlə azərbaycanlını şəhid etdilər. Soydaşlarımızın sinəsinə dağ çəkdilər, ocaqlarını söndürdülər.
Tarixi unutmaq qədər düşmənin əməllərini yaddan çıxarmağın, ayıq-sayıqlığını itirməyin də ağır fəsadlarını, faciələrlə nəticələndiyini XX əsrin sonlarında yenidən gördük. Bu dəfə də sovet imperiyasının çöküşü fonunda fəallaşan qəsbkarlar ərazi iddiaları adı ilə azərbaycanlılara hücuma keçdilər. Ermənilər 1980-ci illərin sonlarında münaqişə ocağını Qarabağda körüklədilər. Və bu alov tezliklə Qarabağı və Şərqi Zəngəzuru bürüdü. 1990-cı illərdə, Birinci Qarabağ müharibəsində işğalçılar Azərbaycanın iyirmi faiz torpaqlarını ələ keçirdilər və otuz ilə yaxın əsarətdə saxladılar.
Uzun illər sonra yenidən öz adı ilə işıq üzü görən "Azərbaycan" qəzeti XX yüzilliyin əvvəllərində olduğu kimi, sonlarında da işğalçı ermənilərin həyata keçirdikləri soyqırımlarından, bu xalqın başına gətirdiyi fəlakətlərdən, faciələrdən yazdı.
Bu gün 10.000-ci sayını oxucularına təqdim edəndə "Azərbaycan" qəzeti bu ölkənin, bu xalqın beşillik böyük Zəfərindən qürurla yazır. Biz tariximizi unutmuruq. Ondan öyrənirik. Gələcəyə qan yaddaşımızı qoruyaraq, keçmişdən ibrət alaraq gedirik.
Zöhrə FƏRƏCOVA,
"Azərbaycan"