Avropa Şurasının Jurnalistikanın Müdafiəsi və Jurnalistlərin Təhlükəsizliyinin Təşviqi Platforması tərəfindən dərc olunmuş Avropada mətbuat azadlığının vəziyyətinə dair 2025-ci il üzrə illik hesabatda Azərbaycanın media mühiti ilə bağlı birtərəfli, qərəzli mülahizələrə yer verilib. Xüsusilə “Media haqqında” Azərbaycan Respublikası Qanununa 2025-ci ildə edilmiş dəyişikliklərlə bağlı hesabatda əks olunan yanaşmalar spekulyativ xarakter daşıyır.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Medianın İnkişafı Agentliyinin bəyanatında əksini tapıb.
Bəyanatda, həmçinin bildirilib: “Media haqqında” Azərbaycan Respublikası Qanununa edilən dəyişikliklər cəmiyyətin və media ictimaiyyətinin tövsiyələri, istək və təklifləri əsas götürülməklə irəli sürülüb ki, burada əsas məqsəd ölkəmizin informasiya mühitinin qorunaraq sağlamlaşdırılması, media brendinin möhkəmləndirilməsi və peşəkar jurnalistin nüfuzunun gücləndirilməsi, cəmiyyətin tələblərini nəzərə alaraq informasiya məkanında bu və ya digər neqativ hallara qarşı mübarizə kontekstində dövlət tənzimlənməsində həssaslığın artırılması, çevikliyin təmin olunmasıdır.
Bu tip spekulyativ yanaşmalardan biri də çap mediası subyektlərinə dair fikirlərdə təzahür edir. Halbuki hesabatda göstərilənlərdən fərqli olaraq müvafiq dəyişikliklərdə ümumən media subyektlərinin adlarında ictimai qaydaya, mənəviyyata və əxlaqa zidd olan, istifadəçiləri yanılda bilən ifadələrdən istifadənin yol verilməzliyi ilə bağlı müddəa yer alır, bu da xarici və beynəlxalq təcrübədə geniş tətbiq olunan, istifadəçilərin subyektdən gözləntilərinə dair hüquqlarının, həmçinin media subyektlərinin marka dəyərinin qorunmasına xidmət edir”.
Bəyanatda diqqətə çatdırılıb ki, Azərbaycanda jurnalistlərin peşə fəaliyyətinə görə hər hansı məhdudiyyət mövcud deyildir və ölkədə ifadə azadlığı hüquqi və praktiki olaraq tam təmin edilib.
“Eyni zamanda, vurğulayırıq ki, Azərbaycanda irqi, dini, mənşə, cinsi, etnik, habelə peşə mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşlar qanun qarşısında bərabər məsuliyyət daşıyır. Hesabatda adı hallanan konkret şəxslərlə bağlı məsələ üzrə isə bildiririk ki, ictimaiyyətə açıq olan iş materiallarının təfərrüatlarından həmin şəxslərin peşə fəaliyyətləri ilə onlara qarşı irəli sürülmüş cinayət və inzibati ittihamlar arasında heç bir əlaqənin olmadığı, müvafiq iddiaların, sadəcə, uğursuz manipulyasiya cəhdlərini ifadə etdiyi aydın görünür.
Bununla yanaşı qeyd edirik ki, media subyektlərinin müvafiq qaydada qeydiyyata alınması və Media Reyestrinə daxil edilməsi ilə bağlı tələb Azərbaycanda fəaliyyət göstərən bütün media subyektlərinə, o cümlədən xarici media subyektlərinin filial və nümayəndəliklərinə münasibətdə tətbiq edilir və bu istiqamətdəki yeni yanaşmalar mahiyyət etibarilə yalnız texniki-təşkilati baxımdan səmərələşdirici xarakter daşıyır.
Media subyektlərinin Reyestrə informasiya agentliyi kimi daxil edilməsi üçün nəzərdə tutulan tələblər formalaşdırılarkən mövcud praktikanın təhlilinin nəticələri əsas götürülüb, həmçinin informasiya agentliklərinin mahiyyət etibarilə yalnız istehlakçıların deyil, eyni zamanda, digər peşəkar media subyektlərinin də məzmunla təmin edilməsi sahəsindəki müstəsna fəaliyyəti diqqətə alınıb.
Hesabatda istinad olunan ölkəmizdə diffamasiya ilə bağlı qanunvericiliyin mövcud vəziyyətinə dair 2024-cü ildə Platformada dərc olunmuş müvafiq materialla əlaqədar xatırlatmaq istərdik ki, həmin materialda əksini tapan iddialara münasibətdə mövqeyimiz eyni ildə qarşı tərəfə rəsmi şəkildə bildirilib. Azərbaycanla bağlı belə hesabatlar hazırlanarkən rəsmi mövqeyin nəzərə alınmaması, faktların deyil, ehtimalların, subyektiv rəy və mülahizələrin əsas götürülməsi təəssüf doğurur”, - deyə Agentliyin bəyanatında vurğulanıb.