Beş yaşından kiçik təxminən 400 milyon uşaq və ya dünyada hər 10 uşaqdan altısı ailədə müntəzəm olaraq zorakılığa məruz qalır.
AZƏRTAC xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNICEF) son məlumatlarına əsasən, monitorinqlər 2010-2023-cü illər ərzində yüzə yaxın ölkəni əhatə edib, mütəxəssislər “psixoloji təcavüz” və “cismani cəza” məsələlərinə xüsusi diqqət yetiriblər.
UNICEF hesab edir ki, “psixoloji təcavüz” uşağa qışqırmaq və ya onu təhqir etməkdən ibarətdir. Fiziki cəzaya uşağı silkələmək, şillə vurmaq, ümumiyyətlə, azyaşlıya hər hansı bir zərər verməmək şərti ilə, ona ağrı hiss etdirmək məqsədilə zərbə endirmək daxildir.
Bu sərt intizam üsullarının qurbanı olan 400 milyona yaxın uşaqdan təxminən 330 milyonu fiziki cəzaya məruz qalır.
Getdikcə daha çox ölkə cismani cəzanı qadağan etsə də, 5 yaşından kiçik 500 milyona yaxın uşaq qanunla bu praktikadan qorunmur.
UNICEF hesab edir ki, uşağa baxan şəxslərin dörddəbirindən çoxu azyaşlının yaxşı tərbiyəsi üçün fiziki cəzanın zəruri olduğuna inanır.
UNICEF-in icraçı direktoru Ketrin Rassel bununla bağlı deyib: “Uşaqlar evdə fiziki və ya şifahi zorakılığın qurbanına çevrildikdə və ya yaxınlarının sosial və emosional diqqətindən məhrum olduqda, bu, onların gələcəkdə özünə hörmət etməsinə və inkişafına zərər verə bilər. Valideynin qayğıkeş, oynaq yanaşması uşaqlara sevinc gətirir və onlara özlərini təhlükəsiz hiss etməyə, öyrənməyə, yeni bacarıqlar əldə etməyə və ətrafdakı dünyanı idarə etməyə kömək edir”.
UNICEF-in məlumatına görə, dünyanın 85 ölkəsində 2-4 yaş arasında olan hər beş uşaqdan biri evdə öz baxıcısı ilə oynamır və 5 yaşınadək təxminən hər səkkiz uşaqdan birinin oyuncaqları yoxdur.
Bununla yanaşı, 2-4 yaş arasında olan uşaqların təxminən 40 faizi lazımi səviyyədə stimullaşdırılmır və ya qarşılıqlı əlaqədən məhrumdur, həmçinin hər on azyaşlıdan biri evdə oxumaq, nağıllara qulaq asmaq, saymaq, mahnı ifa etmək, rəsm çəkmək kimi idrak, sosial və emosional inkişaf baxımından kritik əhəmiyyətə malik fəaliyyətlərdən məhrumdur.