"...Azadlıq, demokratiya, müstəqillik uğrunda mücadilə dərslərini biz milli mətbuatımızın səhifələrindən öyrənmişik"
Böyük dövlət adamlarının həyat və fəaliyyətində mətbuat özünəməxsus cəhətlərinə görə xüsusi yer tutur. Ümummilli Lider Heydər Əliyevin dövlətçilik irsində də mətbuata münasibət müstəsna əhəmiyyət kəsb edir.
Ulu Öndər mətbuatın gücünü yüksək qiymətləndirərək deyirdi: "Milli mətbuatımızın inkişaf mərhələləri Azərbaycan xalqının azadlıq, müstəqillik uğrunda mübarizə tarixinin tərkib hissəsidir. "Əkinçi"dən üzü bəri azadlıq, demokratiya, müstəqillik uğrunda mücadilə dərslərini biz milli mətbuatımızın səhifələrindən öyrənmişik".
Azərbaycanın müasir tarixinin qurucusu Ulu Öndər Heydər Əliyev cəmiyyət həyatının bütün vacib sahələrində olduğu kimi, mətbuat və informasiya siyasətinin formalaşmasında da misilsiz işlər görmüşdür. Böyük şəxsiyyətin siyasi iradəsi və uzaqgörənliyi nəticəsində Azərbaycan mətbuatı yeni inkişaf mərhələsinə qədəm qoymuş, söz və fikir azadlığı prinsipləri dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrilmişdir.
Mətbuata strateji münasibət
Heydər Əliyev mətbuatı cəmiyyətin güzgüsü, dövlət və xalq arasında körpü hesab edir, onun tərbiyəedici, maarifləndirici və ictimai fikri yönləndirən gücünü yüksək qiymətləndirirdi. Özü də bu münasibət təkcə Azərbaycanın müstəqilliyi illərinə aid deyil. Hələ sovet Azərbaycanına rəhbərliyi illərində də Heydər Əliyev respublika mətbuatının inkişafı üçün böyük işlər görmüşdü.
Həmin dövr ümumilikdə keçmiş ittifaq mətbuatı kommunist-sovet ideologiyasının prinsipləri əsasında fəaliyyət göstərirdi və belə bir mətbuatdan məsələlərə tam obyektiv yanaşma gözləmək olmazdı. Bununla belə, Ümummilli Lider Heydər Əliyev hətta o dövrün şərtləri daxilində mətbuatın imkanlarından cəmiyyətin faydası üçün maksimum istifadə edir, onun aynasında dövrün nöqsan və qüsurlarını göstərməyə çalışır, onların aradan qaldırılması üçün səmərəli həllər irəli sürür, ictimai çağırışlar edirdi. Təkcə bir ibrətamiz fakt: hələ Azərbaycana rəhbərliyinin ilk illərində "Literaturnaya qazeta"ya verdiyi və bütün dünyaya səs salmış müsahibəsini, həmin müsahibənin "Qoy ədalət zəfər çalsın!" sərlövhəsini, həmin müsahibənin aynasında görünən ictimai problemləri necə unutmaq olar?!
Bu böyük dövlət adamı hətta ən möhkəm ideoloji buxovlar çərçivəsində belə, mətbuatın milli kimliyin, milli dəyərlərin qorunması, ictimai şüurun inkişafı istiqamətindəki imkanlarını böyük müdrikliklə dəyərləndirirdi. Sovet dövründə tez-tez Azərbaycan ziyalılarını, o cümlədən jurnalistləri ətrafına toplayaraq milli kimliyin qorunması və inkişafında bu sahənin əhəmiyyətini onların diqqətinə çatdırır, yaradıcı adamları bu imkandan istifadə etməyə çağırır, onlara milli inkişafla bağlı aktual ideyalar, mövzular, hədəflər verirdi.
Azərbaycan mətbuatının peşəkarlıq səviyyəsinin zaman-zaman yüksəlməsi, dövrlə ayaqlaşması, o cümlədən respublikada jurnalistika təhsilinin təkmilləşdirilməsi də Ümummilli Liderin diqqətində idi. Heydər Əliyevin mətbu sözə həssas münasibəti, qəzetlərdə, televiziyada, radioda qaldırılan məsələlərə reaksiyası cəmiyyətdə jurnalistlərin ictimai nüfuzunu yüksəldirdi.
Sovet Azərbaycanına rəhbərliyi illərində Ulu Öndər Azərbaycan mətbuatının infrastruktur təminatı ilə bağlı da mühüm işlər görmüş, Bakıda redaksiyalar və mətbəə üçün regionun həmin zəmanə üçün ən müasir, innovativ avadanlıqlarla təchiz olunmuş nəşriyyat binası tikilmiş, Azərbaycan televiziyasının, radiosunun maddi-texniki imkanları gücləndirilmişdir.
Heydər Əliyevin Azərbaycana birinci rəhbərliyi illərində respublikamızda nəşriyyat, kitab çapı, qəzet və jurnalların oxuculara çatdırılması işi də yenidən qurulmuş, kitab, çap mətbuatı əsas sosial dəyərlərdən birinə çevrilmişdir. Təsadüfi deyil ki, mütəmadi olaraq regionlara etdiyi səfərlərdə, tarlalarda insanlarla görüşlərində zəhmət adamlarının Heydər Əliyevdən əsas xahişlərindən biri də o dövrün hansısa populyar bədii ədəbiyyat nümunələrinin və qəzetlərin daha kütləvi tirajlarla çapı, onları oxumaq istəyən hər kəsə çatdırılması idi. Ümummilli Lider Azərbaycan cəmiyyətində belə bir mütaliə sevgisi formalaşdıra bilmişdi.
Müstəqil mətbuata dəstək
Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə - gənc müstəqil ölkənin ağır və təlatümlü günlərində xalqın təkidli tələbi ilə hakimiyyət rəhbərliyinə qayıdaraq dövləti çətinliklərdən xilas etməyə başladığı zamanlar Azərbaycan milli mətbuatının yeni inkişaf mərhələsinə qədəm qoyduğu vaxtlar idi. Ümumən, ötən əsrin 80-ci illərinin sonu və 90-cı illərinin əvvəllərini Azərbaycan mətbuatı üçün həm imkanlar, həm də sınaqlarla dolu bir dövr saymaq olar. Bu mərhələdə ideoloji çərçivələr aradan qalxmış, milli mətbuat həm azadlığa qovuşmuş, həm də o illərin qaynar ictimai-siyasi hadisələri mühitində proseslərə ciddi təsir göstərməyə başlamışdı.
Həmin dövrdə bir-birinin ardınca yaranan yeni qəzetlər, televiziya və radio qurumları, agentliklərlə müstəqil jurnalistikanın təməli qoyulmuş, cəmiyyətin informasiya almaq hüququ ilk dəfə gerçək şəkildə təmin olunmuş, dövlət-media münasibətləri yenidən formalaşmağa başlamışdı. Bu, milli mətbuat tariximizdə təbii ki, böyük bir inkişaf idi. Amma hər inkişaf prosesində olduğu kimi, bu prosesin də bəzi hallarda xaotikliyə yol açan cəhətləri vardı. Mətbu fəaliyyətin tənzimlənməsi üçün qanunvericilik bazası hələ tam formalaşmamışdı, azad media ilə yanaşı, senzura da vardı, eyni zamanda medianın sosial məsuliyyəti ilə bağlı məsələlərin ciddi şəkildə tənzimlənməsinə ehtiyac yaranmışdı. Bəzən mətbuat səhifələrində təhqir, böhtan, iftira xarakterli materiallar dərc olunurdu. Bir çox hallarda mətbuat ayrı-ayrı siyasi partiyaların, siyasətçilərin əlində qərəzli alətə çevrilmişdi və belə hallar Azərbaycan jurnalistikasının sağlam məcrada inkişafına mane olurdu. Müəyyən xarici qüvvələrin yaranmış vəziyyəti fürsət bilib Azərbaycana qarşı bədxah niyyətlərini həyata keçirmələri üçün mətbu fəaliyyətdən geniş istifadə etmələri də başqa bir problem idi.
Ümummilli Lider Heydər Əliyevin hakimiyyət rəhbərliyinə qayıdışı, o illər müstəqil dövlət quruculuğu, demokratik inkişaf istiqamətində ilk kövrək addımlarını atan Azərbaycanın gələcək taleyinə görə məsuliyyəti öz üzərinə götürməsi, vətəndaşlarımızın dəstəyi ilə həyata keçirdiyi ardıcıl tədbirlər bu sahədə də tədricən nizam yaratmağa başladı.
Azərbaycanda ictimai-siyasi sabitliyin və vətəndaşların təhlükəsizliyinin təmin edilməsi, sosial-iqtisadi problemlərin həlli söz, fikir azadlığının qorunması sahəsində əsaslı irəliləyişlərə səbəb oldu. Mətbuat orqanlarının azad fəaliyyətinə yaradılan şərait, qanunvericilik bazasının təkmilləşdirilməsi istiqamətində görülən tədbirlər ölkədə plüralizmi genişləndirdi. Müstəqil kütləvi informasiya vasitələrinin təsis olunması milli mətbuat ənənələrinin davam etdirilməsinə yol açdı. Və nəhayət, Ümummilli Liderin rəhbərliyi ilə hazırlanan müstəqil Azərbaycan Respublikasının Konstitusiyasında bu böyük dövlət adamının mətbuata verdiyi yüksək qiymət öz əksini tapdı. Eyni zamanda müstəqil mətbuatın inkişafı üçün ciddi hüquqi və institusional addımlar atdı, ölkənin azad bazar iqtisadiyyatı yolunu seçərək bu yolda irəliləməsi, biznesin inkişafı üçün yaradılmış şərait müstəqil medianın əsas həyat qaynaqlarından olan reklam bazarını formalaşdırdı.
1998-ci ildə ölkəmizdə senzuranın ləğvi Azərbaycan milli mətbuatının inkişafında daha bir dönüş nöqtəsi oldu. Ümummilli Liderin müvafiq fərmanı ilə ölkədə mətbuat üzərindən dövlət nəzarəti tam aradan qaldırıldı və Azərbaycan regionda belə bir addımı atmış ilk ölkə kimi tarixə düşdü. Bu qərar mətbuat azadlığının real təminatına çevrilərək jurnalistlərin fəaliyyət mühitini xeyli yaxşılaşdırdı.
1999-cu ildə qəbul edilmiş "Kütləvi informasiya vasitələri haqqında" qanun mətbuatda demokratik prinsipləri daha da möhkəmləndirdi. Yeni qanun ölkədə azad mətbuatın inkişafına mane olan bir sıra bürokratik əngəlləri də ortadan götürdü. Kütləvi informasiya vasitələrinin dövlət qeydiyyatı ləğv olundu, yeni mətbuat orqanlarının təsis olunması prosedurları asanlaşdı. 2000-ci ildə Ulu Öndərin sərəncamı ilə "2000-2001-ci illərdə kütləvi informasiya vasitələrinin maddi-texniki şəraitinin yaxşılaşdırılması üzrə tədbirlər Proqamı" təsdiqləndi, Mətbuat və İnformasiya Nazirliyi ləğv edilərək əvəzində yeni qurumlar yaradıldı.
Jurnalistlərə diqqət və qayğı
Ümummilli Lider Heydər Əliyev zəmanəsinin ən parlaq liderlərindən, dövlət xadimlərindən olaraq mətbuata münasibətilə bir örnək idi. Ulu Öndər jurnalistlərlə daim açıq ünsiyyətdə olur, onların bütün suallarını cavablandırır, fikirlərinə hörmətlə yanaşırdı. Bu müdrik dövlət adamının media ilə dostluğu, KİV-ə açıq olmağı cəmiyyətdəki istənilən qeyri-müəyyənlikləri ortadan götürür, insanları narahat edən məsələlərə ən mötəbər mənbənin dilindən aydınlıq gətirirdi.
Ulu Öndər Heydər Əliyevi xaricə, eləcə də Azərbaycan regionlarına səfərlərində, iştirak etdiyi tədbirlərdə, keçirdiyi görüşlərdə hər zaman yerli və xarici medianı təmsil edən böyük bir jurnalist qrupu müşayiət edirdi. Bu, bir tərəfdən Ümummilli Liderin personasına böyük diqqətdən irəli gəlirdi, digər tərəfdən Heydər Əliyev özü jurnalistlərlə fəal şəkildə çalışırdı, onlara baş verən hadisələrin hər anını işıqlandırmağa şərait yaradırdı. Burada bir məqamı da xüsusi qeyd etməyimizə ehtiyac var: ola bilər ki, o səfərlərdə iştirak edən jurnalistlər buna sadəcə gündəlik işləri kimi yanaşırdılar, Ulu Öndər isə bu səfərlərə, bu görüşlərə, jurnalistlərin bütün bunlarla bağlı yaratdıqları sənədli materiallara Azərbaycanın milli dövlətçilik tarixinin mühüm hissəsi kimi baxırdı və bu tarixin dolğun sənədləşdirilməsini tələb edirdi.
Ulu Öndərin özü jurnalistlərə açıqlığını, onlarla ünsiyyətə marağını belə xarakterizə etmişdir: "…Keçmişdə, Sovet hakimiyyəti dövründə, Sovet İttifaqı Kommunist Partiyasının liderləri içərisində də başqalarına nisbətən mətbuatla ən yaxın olan adam mən olmuşam. Ən dost olan adam mən olmuşam. Bu, mənim xarakterimdədir, xasiyyətimdədir. Mən həmişə mətbuatla maraqlanmışam, qəzet-jurnalları oxumuşam, radio-televiziyada verilən məlumatlara həmişə diqqətlə yanaşmışam. Ona görə də jurnalistika sənəti mənə çox yaxın olubdur".
Jurnalistlərin dostu
Ümummilli Lider Heydər Əliyev tənqidi mətbuatı da ölkənin inkişafı üçün son dərəcə faydalı hesab edirdi. Özü haqqında ən qərəzli, qeyri-obyektiv, hətta bəzən elementar jurnalist etikasından uzaq qələmə alınmış yazılara belə son dərəcə təmkinli, səbrli münasibəti ilə başqa dövlət adamları üçün də parlaq nümunə yaradırdı.
Bununla yanaşı, mətbuat nümayəndələri ilə mütəmadi görüşlərində, müzakirələrində medianın sosial məsuliyyət prinsipi, dövlət və media arasında münasibətlərin sağlamlığı, jurnalistlərin milli dəyərlərin qorunması ilə bağlı mənəvi öhdəliyi məsələlərini də aktuallaşdırmağı özünə borc bilirdi. Heydər Əliyev cəmiyyətdə siyasi mədəniyyət səviyyəsinin yüksəlməsi üçün çalışırdı və bu məsələdə mətbuatın dəstəyinə ehtiyac duyurdu. Qeyd edirdi ki, mətbuat xalqın tarixini, mədəniyyətini, dilini və mənəvi irsini qoruyub yaymaqda mühüm vasitədir. Ulu Öndər qəzet və jurnallarda, teleradio efirində milli dəyərlərə, tarixi irsə, Azərbaycançılıq ideologiyasına geniş yer verilməsini tövsiyə edirdi.
Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan mətbuatının sosial problemlərinin həlli istiqamətində də mühüm addımlar atılmışdı. O illər bir sıra qəzetlərin dövlət qurumu olan "Azərbaycan" nəşriyyatına olan borclarının ölkə rəhbərinin siyasi iradəsi ilə əvvəlcə dondurulmasını, sonra isə ləğvini həmin dövrdə mətbuat sahəsində çalışmış əksəriyyət bu gün də minnətdarlıq hissi ilə xatırlayır.
Bütün ölkə jurnalistləri Ulu Öndəri mətbuata, qələm adamlarına diqqətini bir an əsirgəməyən, fərdi nümunəsi, həssas münasibəti ilə onların nüfuzunu qaldıran qüdrətli dost gözündə görürdülər. Təsadüfi deyil ki, 2001-ci ildə Ümummilli Liderə "Jurnalistlərin dostu" mükafatı təqdim olunmuşdu.
Heydər Əliyevin Azərbaycan milli mətbuatının inkişafı sahəsində formalaşdırdığı ənənələr bu gün də uğurla davam edir. Prezident İlham Əliyevin rəhbərliyi ilə tarixinin ən qüdrətli mərhələsinə çatmış dövlətimizdə bütün sahələr kimi, mətbuat da inkişaf edir, müasirləşir. Söz yox ki, milli mətbuatımızın 150 illik yubileyi də bu inkişaf tarixinin yeni və möhtəşəm bir səhifəsinə çevriləcəkdir.
İradə ƏLİYEVA,
"Azərbaycan"