İyulun 10-da Bakıda keçirilən Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin Maliyyə Kəşfiyyatı Orqanlarının III Beynəlxalq Forumu çərçivəsində "Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin Maliyyə Kəşfiyyatı Orqanlarının Əməkdaşlıq Platformasının yaradılması haqqında” memorandum imzalanıb.
AZƏRTAC xəbər verir ki, memorandumun imzalanması ilə Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin Maliyyə Kəşfiyyatı Orqanları arasında əməkdaşlığın institusional əsaslarını müəyyən edən yeni əməkdaşlıq mexanizmi yaradılıb. Əməkdaşlıq Platforması üzv dövlətlərin maliyyə kəşfiyyatı orqanları arasında qarşılıqlı fəaliyyətin gücləndirilməsinə, təcrübə və məlumat mübadiləsinin təşviqinə, habelə cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması, terrorçuluğun və kütləvi qırğın silahlarının yayılmasının maliyyələşdirilməsi ilə mübarizə sahəsində birgə təşəbbüslərin həyata keçirilməsinə xidmət edəcək.
Platforma çərçivəsində müntəzəm görüşlərin keçirilməsi, əməkdaşlığın prioritet istiqamətlərinin müəyyənləşdirilməsi, birgə tədqiqat və analitik fəaliyyətin təşviqi, potensialın gücləndirilməsi üzrə tədbirlərin həyata keçirilməsi, həmçinin zərurət yarandıqda tematik işçi qruplarının yaradılması nəzərdə tutulur.
Memoranduma əsasən, platformanın fəaliyyəti iştirakçı dövlətlərin milli qanunvericiliyinə və maliyyə imkanlarına uyğun şəkildə həyata keçiriləcək, rəsmi yazışmalar isə platformanın katibliyi və üzv qurumların təyin etdiyi əlaqələndirici şəxslər vasitəsilə aparılacaq. Sənəd, eyni zamanda, Türk Dövlətləri Təşkilatında müşahidəçi statusuna malik dövlətlərin Maliyyə Kəşfiyyatı Orqanlarının platformanın fəaliyyətində müşahidəçi qismində iştirak etməsinə, eləcə də müəyyən edilmiş prosedurlar əsasında gələcəkdə platformaya qoşulmasına imkan yaradır.
Əməkdaşlıq Platformasının yaradılması "Türk dövlətlərinin Maliyyə Kəşfiyyatı Orqanlarının Beynəlxalq Forumu" çərçivəsində qəbul edilmiş "Şuşa Təşəbbüsü" və onun icrası məqsədilə təsdiq olunmuş "Türk dövlətlərinin Maliyyə Kəşfiyyatı Orqanlarının Effektiv Əməkdaşlığı üzrə İllik Yol Xəritəsi"nin mühüm nəticələrindən biri olub.
Yeni əməkdaşlıq mexanizminin yaradılması Türk Dövlətləri Təşkilatı məkanında maliyyə kəşfiyyatı sahəsində tərəfdaşlığın daha da möhkəmləndirilməsinə, maliyyə cinayətləri ilə mübarizədə birgə fəaliyyətin genişləndirilməsinə və beynəlxalq standartlara uyğun regional əməkdaşlığın inkişafına mühüm töhfə verəcək.