Bunu Budapeştdə keçirilən qeyri-rəsmi Zirvə görüşü də təsdiqlədi
Uzun illər ərzində bir-birindən ayrı düşmüş, böyük imperiyaların məkrli və məqsədli siyasəti nəticəsində dövlətçilikdən məhrum edilmiş bəzi türk xalqları yalnız ötən əsrdə milli dirçəlişə və inkişafa nail oldu. Müstəqil türk dövlətləri kimi həm ayrı-ayrılıqda, həm də birgə çoxtərəfli münasibətlərdə, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı siyasi, iqtisadi, mədəni əməkdaşlığa başladılar.
Bəşəriyyətin keçilmiş yolu, yaşanmış tarixi göstərir ki, türk dövlətləri əsrlər boyu etnik və dini eyniliklə bir-birinə sıx bağlı olublar. Tarixin pozulmayan səhnəsində çoxlu dövlətlər, imperiyalar yaratmış türk xalqları varlığını, birliyini bu gün də uğurla davam etdirirlər. Dünyada dayanmadan dəyişən tarixi və siyasi proseslər türk xalqlarının, türk dövlətlərinin bir-birinə daha da yaxınlaşmasını, türk dövlətlərinin bir təşkilat çərçivəsində birləşməsini zəruri edirdi. Çünki türk dövlətlərinin birliyi onları daha güclü və qüdrətli edə bilərdi. Nəhayət, tarixi zərurətdən irəli gələn bu addım atıldı. 2009-cu il oktyabrın 3-də Naxçıvan şəhərində türkdilli ölkələrin dövlət başçılarının IX Zirvə görüşü keçirildi. Uğurlu gələcək istiqamətində çox mühüm addım atıldı. Yeri gəlmişkən qeyd edək ki, ilk Zirvə görüşü 1992-ci ildə Ankarada, sonrakı toplantılar 1994-cü ildə İstanbulda, 1995-ci ildə Bişkekdə, 1996-cı ildə Daşkənddə, 1998-ci ildə Astanada, 2000-ci ildə Bakıda, 2001-ci ildə İstanbulda və 2006-cı ildə Antalyada keçirilmişdir. Bu görüşlərdə türkdilli xalqların yaxınlaşması, qarşılıqlı siyasi, mədəni və əməkdaşlıq etmələri haqqında bir çox mühüm addımlar atılmışdı.
Türk ölkələri dövlət başçılarının Naxçıvanda keçirilmiş Zirvə görüşündə çoxdan gözlənilən uğurlar əldə olundu. Dövlət başçıları görüşdə türkdilli xalqlar arasındakı tarixi bağları, ümumi dil, mədəniyyət və ənənələri, hərtərəfli əməkdaşlığın dərinləşməsini, ümumi birlik çərçivəsində qarşılıqlı əlaqələrin ölkələr və onların xalqları arasında yaxın qonşuluq və əməkdaşlıq üçün geniş imkanlardan faydalanmağı, dünyada gedən inkişafı, tərəqqini nəzərə alaraq "Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılması haqqında Naxçıvan Sazişi"ni imzaladılar. Bununla yanaşı, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılması haqqında da ümumi razılığa gəldilər. Beləcə, türkdilli xalqlar və dövlətlər arasında gələcək əməkdaşlığın, tərəqqinin və inkişafın bünövrəsi qoyuldu.
Prezident İlham Əliyev dünyadakı beynəlxalq təşkilatlarla yanaşı, Türk Dövlətləri Təşkilatı ilə əməkdaşlığa da çox böyük önəm verir. Ölkəmizin tərəqqisini, inkişafını, gələcəyini həm də türk dövlətlərinin birliyində görən dövlətimizin başçısı 14 fevral 2024-cü ildə Milli Məclisdə andiçmə mərasimindəki çıxışında türk dövlətləri ilə əməkdaşlıqdan, birlikdən, qarşıdakı illərdə bu istiqamətdə atılacaq növbəti addımlardan söz açaraq demişdir: "Biz beynəlxalq təşkilatlarla bağlı bundan sonra da öz addımlarımızı atacağıq, ilk növbədə Türk Dövlətləri Təşkilatı çərçivəsində səylərimizi davam etdirəcəyik. Bu, bizim üçün prioritetdir, mən bunu açıq demək istəyirəm, yəqin ki, indi aparılan siyasət də hər kəsə bunu aydın göstərir. Bu, bizim üçün əsas beynəlxalq təşkilatdır, çünki bu, bizim ailəmizdir. Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz türk dünyasıdır".
Naxçıvanda keçirilmiş Zirvə görüşündən sonra Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası uğurlu inkişaf yolu keçdi. Bunda Azərbaycan Prezidenti İlham Əliyevin xüsusi xidməti oldu. Türkdilli ölkələr arasında siyasi, iqtisadi, nəqliyyat, humanitar, turizm, informasiya və kommunikasiya texnologiyaları, eləcə də digər sahələrdə əməkdaşlıq xeyli genişləndi. TÜRKSOY, Türk Mədəniyyəti və İrsi Fondu, Türk Akademiyası kimi qurumların sayəsində zəngin maddi və mənəvi irsimiz həm tədqiq, həm də təbliğ olundu. Bu gün Türkdilli Ölkələrin Parlament Assambleyası parlamentlərarası təşkilatlarla sıx əməkdaşlıq edir. Bütün bunlar xalqlarımız arasında dostluq və qardaşlıq əlaqələrinin daha da genişlənməsinə və yaxınlaşmasına böyük təkan verir.
2019-cu il oktyabrın 15-də Bakıda Türk Şurasının yaradılması haqqında Naxçıvan sazişinin imzalanmasının 10 illiyinə həsr edilən VII Zirvə Görüşünün keçirilməsi, Özbəkistanın Türk Şurasına qoşulması, Azərbaycanın Qırğızıstandan Türk Şurasına sədrliyi qəbul etməsi, məhz Bakıda keçirilən Zirvə görüşündə Qazaxıstanın birinci Prezidenti Nursultan Nazarbayevin artıq təşkilat kimi dünyaya tanınmağın vaxtının yetişdiyini vurğulaması Bakı Zirvə Görüşünün əhəmiyyətini xeyli artırdı. VII Bakı Sammitində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasını təşkilat səviyyəsinə qədər yüksəltməyin tam zamanı olduğu, eyni köklərə malik dövlətlərin "türkdilli" deyil, Türk Dövlətləri Təşkilatı adlandırılması gündəmə gətirildi.
Azərbaycan türk dünyasının birliyinin güclənməsinə olduqca mühüm töhfələr verib. Təşkilatın məhz Naxçıvan Sazişi ilə yaradılması bunun bariz göstəricisidir. Ölkəmiz Türk Dövlətləri Təşkilatının təsisçi dövlətlərindən biri kimi daim əməkdaşlığın daha da inkişaf etdirilməsi məqsədilə mühüm təşəbbüslər irəli sürür. Türk Dövlətləri Təşkilatı qeyri-rəsmi Zirvə görüşləri də keçirir. Bu görüşlərdə müvafiq qərarlar qəbul edilir, bəyannamələr imzalanır. Azərbaycan Respublikasının təşəbbüsü ilə təşkilatın ilk dəfə qeyri-rəsmi Zirvə görüşü 2024-cü il iyulun 6-da Şuşada keçirilmişdir. Görüşə Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev evsahibliyi etmişdir. Görüşdə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Qırğızıstan Prezidenti Sadır Japarov, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Türkiyənin Vitse-prezidenti Cevdet Yılmaz, Macarıstanın Baş naziri Viktor Orban, Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar, eləcə də Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev iştirak etmişlər. "Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşünün Qarabağ Bəyannaməsi" - həmin tarixdə Şuşada Türk Dövlətləri Təşkilatının "Nəqliyyat, bağlantı və iqlim fəaliyyəti vasitəsilə dayanıqlı gələcəyin qurulması" mövzusunda qeyri-rəsmi Zirvə görüşündə imzalanmışdır.
Mayın 21-də Macarıstanın paytaxtı Budapeştdə Türk Dövlətləri Təşkilatının dövlət başçılarının ikinci qeyri-rəsmi Zirvə görüşü keçirildi. Azərbaycan Prezidenti İlham Əliyev Zirvə görüşündə çıxış etdi. Dövlətimizin başçısı çıxışında bu nüfuzlu təşkilatın fəaliyyətindən, indiyə qədər gördüyü misilsiz işlərdən ətraflı söz açaraq dedi ki, Türk Dövlətləri Təşkilatının dövlət başçılarının keçən il Azərbaycanın təşəbbüsü ilə Şuşada ilk qeyri-rəsmi Zirvə görüşü keçirilmişdir: "Şadam ki, bu təşəbbüsün davamı olaraq ikinci qeyri-rəsmi Zirvə görüşü təşkil edilir. Prezident Sadır Japarovu Qırğızıstanın hazırda təşkilata uğurlu sədrliyinə görə təbrik edirəm. Bu il Azərbaycan Türk Dövlətləri Təşkilatının rəsmi Zirvə görüşünə evsahibliyi edəcək. Sizi Zirvə görüşündə iştirak etmək üçün Azərbaycana dəvət edirəm. Azərbaycan ümumilikdə təşkilatın üzv ölkələrinə 20 milyard ABŞ dollarından çox sərmayə qoymuşdur".
Bu il Türk İnvestisiya Fondunun rəsmi olaraq fəaliyyətə başlaması nəzərdə tutulur. Türk dövlətləri ilə nəqliyyat sahəsində də əməkdaşlıq genişlənir. Azərbaycanda nəqliyyat infrastrukturuna - avtomobil yollarına, dəmir yolu xətlərinə, dəniz limanına, gəmiqayırma zavoduna, hava nəqliyyatına böyük həcmdə sərmayələr qoyulur. Nəticədə açıq dənizlərə çıxışı olmasa da Azərbaycan Avrasiyanın nəqliyyat-logistika mərkəzlərindən birinə çevrilmişdir.
Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatının beynəlxalq məsələlərdə rolunu genişləndirmək üçün daim çalışır. Təşkilatın gələcəyinə olan işıqlı baxışlar türkdilli xalqlar arasında əməkdaşlığın, dostluğun, qardaşlığın daha sıx olacağına böyük ümidlər verir. Dövlətimizin başçısı bir vaxtlar təşkilatın uğurlu gələcəyi olacağını vurğulamışdır: "Bu təşkilatın çox gözəl gələcəyi var. Çünki bu təşkilatın təməlində təbii müttəfiqlər yerləşir və həm tarix, həm mədəniyyət, həm bizim ənənələrimiz, bizim adət-ənənələrimiz, bax, bu, birliyi diktə edir".
Prezident İlham Əliyevin bir zamanlar böyük uzaqgörənliklə söylədikləri fikirlər reallığa, həqiqətə çevrilib. Bütün dünya da bu reallığı və həqiqəti görür və qəbul edir.
Vahid MƏHƏRRƏMOV,
"Azərbaycan"