14 Mart 2023 01:31
1059
Mədəniyyət
A- A+

Torpaq çərşənbəsi

 

Boz aya daxil olan sonuncu çərşənbə Torpaq çərşənbəsidir. Xalq arasında bu çərşənbə "Axır çərşənbə", "Yer çərşənbəsi", "Çərşənbə-suri" və digər adlarla təmtəraqlı şəkildə keçirilir. Torpaq ümumtürk mənəvi-əxlaqi dəyərlər sistemində vətən, el-oba, yurd anlayışları ilə  yanaşı, həm də mifik semantik sakrallığı əks etdirir. Bu çərşənbə - torpağın oyanmasını, dirilməsini şərtləndirir. Erkən təsəvvürlərə görə, dörd mühüm ünsürdən sonuncusunun oyanması nəticəsində su, atəş, yel bütün  Yer üzünü dəyişir, insanları çətinlikdən, sıxıntı və məhrumiyyətlərdən xilas etmək üçün daha da qüvvətlənir. 
Xalq arasında mifik düşüncəni əks etdirən belə nümunələrdən birində deyilir ki, "Adamların məhrumiyyət və qıtlıqdan əziyyət çəkdikləri bir gündə sel, atəş, yel torpaq xatunun yeraltı məbədinə qonaq gəlirlər. Burada yatmış torpaq xatunu oyadıb adamların aclıq və qıtlıq çəkdiklərini ona söyləyirlər. Torpaq xatun "Adamları fəlakətə salan özü fəlakətə düşər" deyib yerindən qalxır, sel, atəş, yel və torpaq xatun əl-ələ verib: "Zəmzəm gəldi, atəş gəldi, yel gəldi, təzə ömür, təzə məhsul, il gəldi", - deyib  işıqlı dünyaya çıxırlar. Deyirlər ki,  həmin gün ilin əziz günü olan Axır çərşənbə idi" .
Torpaq bolluq, bərəkət, bir sözlə, əmin-amanlıq, xoşbəxtlik, firavanlıq rəmzidir. Xalq rəvayətinə görə, "bir kişi hər il torpağı şumlar, əkib-biçib bol məhsul götürərmiş. Aylar, illər ötür. Zaman öz işini görür. Kişi qocalıb iş-gücdən qalır. Gözlərinin nurunu itirir. Bir gün  oğlunu yanına çağırıb deyir ki, bala, şum vaxtıdı. Öküzləri hayla, xışa qoş, torpağımızı şumla. Oğul atasının sözünə əməl edir. Sabahısı gün yenə ata oğula torpağı şumlamağı tapşırır. Bu dəfə də o, öküzü, xışı götürüb torpağı şumlamağa yollanır. Üçüncü gün də ata oğluna torpağı şumlatdırır. Dördüncü dəfə ata oğluna torpağı şumlamağı tapşıranda o, "yaxşı" deyir, amma torpağı şumlamır. Fikirləşir ki, onsuz da atamın gözləri görmür, haradan biləcək mən torpağı üç dəfə, ya dörd dəfə şumlamışam... Oğlan torpağı əkib-becərir. Biçin vaxtı yetişir. O, kəhrəba kimi sarı buğdanı biçib dərzləyir. Bu vaxt oğluna deyir ki, bala məni tarlaya apar. Oğlan atasının əlindən tutub dərzlərin yanına gətirir. Ata əlindəki əsasını qarşıya uzadır. Əsa dərzə dəyir, sol tərəfə uzadır, yenə də dərzə deyir. Əsa sağda da dərzə toxunur. Kişi əsası ilə arxasını nə qədər axtarsa da, görür ki, boşdur. Deyir ki, ay oğul, nə üçün torpağı dörd yox, üç dəfə şumlamısan? Əgər bu işi dörd dəfə görsəydin, indi dərzlərin də sayı üç yox, dörd olardı".
Göründüyü kimi, torpağı əkib-becərmək, şumlamaq insan üçün əhəmiyyətlidir. Mifik təsəvvürlərə görə, Xızırın qardaşı, yer sahibi Zinda öküzünü itirir və onu axtarmaq üçün  meşəyə yollanır. Öküzünü tapa bilməyən Zinda meşədə qarın altında qalır. Həmin gecə Boz atlı Xızır göyün doqquzuncu qatından yerə enib qardaşını axtarmağa başlayır,  onu tapır və nəfəsilə qızdırır. Zinda  öküzünü  də axtarıb tapır, hamı Zindanın evinə gəlir. Axşam Xızır qızıldan tökülmüş kotan və boyunduruğu qardaşına verir, çərşənbələşdikdən sonra Xızır Zinda, yaxud Xızırzinda adı ilə bayram keçirib torpağı oyatmağa çalışırlar. İnanca görə, Axır çərşənbədə Xızırzinda insanlara bərəkət paylayır, ona görə də bütün evlərdə un çuvallarının ağzını açardılar ki, paylanan bərəkətdən onlara da pay düşsün. Çərşənbə gününün özünəməxsus adətləri vardır. Ev sahibləri heç kimlə kəlmə kəsmədən əllərini una vurub evin divarlarına, həyətdəki meyvə ağaclarının kötüyünə yavaşca balta ilə toxunub  "Nə yatmısan, oyan, bərəkət payını götür" deyərdilər. Bağçadakı bar verməyən ağaca isə "kəsəcəyəm" deyib hədə-qorxu gəlirdilər, bu zaman bir başqa adam sanki Xızırzindanın dilindən belə deyirdi ki, "kəsmə, bu ağac təzə ildə bar verəcək, buna mən zamin..."
Torpaq  çərşənbəsində  silsilə  ayin və mərasimlər yerinə yetirilərdi. İnanca görə, yerin altından  "çilləxana" adlı  dar yol açıb, səhər tezdən "ağırlığımı  yer götürsün, mətləbimi Allah versin" deyib həmin yeraltı yoldan keçəndən sonra alma yeyilməliydi. Bu inancla insanlar öz müşküllüklərini sanki torpağa tapşırıb "ölüb yenidən dirilirdilər". Bu  ritual  sonralar da böyüklər tərəfindən icra olunardı, xüsusən el arasında  yolunu azanları Torpaqdan halallıq almaq və islah olunmaq məqsədilə həmin çilləxanalardan keçirərdilər.
Qaynaqlara görə, Torpaq çərşənbəsində "Cütçü şumu", yaxud "Əkin toyu", "Səpin toyu" adlanan böyük bir mərasim keçirilərdi. Mərasimin baş qəhrəmanı Cütçü baba, yaxud "Gilbaba", "Turab baba" olmuşdur. Rəvayətə görə, Cütçü baba ilk dəfə insanlara taxıl əkib-biçməyi öyrətmiş övliya hesab olunmuşdur. Bu mərasimdə Cütçü baba vəzifəsini icra etmək üçün elin   ağsaqqalı seçilərdi. Səhər-səhər "Cütçü baba" mərasimi başlanmazdan əvvəl hamı  şənliyə hazırlaşardı. Adətə görə, iydə, yaxud ərik ağacından düzəldilən bir cütü, qarakotanı günün altında qoyub onu  qırmızı parça ilə bəzəyərdilər. Mərasimdə  şum alətinin vəsfilə bağlı "Cüt gözəlləməsi"  də oxunardı.  Sonra bir cüt ağ öküz gətirib, ayaqlarını qırmızı parçalarla bəzəyib kotana qoşardılar. Daha sonra mərasimə Cütçü baba, yaxud Xızırzında təşrif buyurardılar.
Torpağın oyanmasını əks etdirən Axır çərşənbə Azərbaycanın bəzi bölgələrində Novruz bayramı ilə eyni təmtəraqla keçirilir, yəni İlaxır çərşənbə zəngin mərasim, oyun, tamaşa sistemi daxilində keçirilir. Axır çərşənbə axşamı digər çərşənbələrdən daha çox ayin, etiqad, adət və ənənələr icra edilir, tonqallar qalanır, kütləvi şənlik məclisləri keçirilir. İlin axır çərşənbəsində xalq arasında müxtəlif adətlər olmuşdur. Həmin adətlərdən biri də bütün həyətlərdə tonqal qalamaqdan ibarətdir. ...Adətən, tonqal üç yerdə qalanırdı. Ən əsası Axır çərşənbə süfrəsi və çərşənbə xonçası bəzədilir. Məlumdur ki, Novruzun əsas şirniyyatları şəkərbura, paxlava, qoğal, şəkərçörəyi və s.-dir. Novruz şirniyyatlarının hər birinin öz semantikası vardır, şəkərbura Ayın, qoğal Günəşin,  paxlava isə ulduzların rəmzidir. Bunlar arasında ən çox növü olan paxlavadır: Bakı paxlavası, Quba paxlavası, Şəki paxlavası, Gəncə paxlavası, riştə paxlavası və s. İlaxır çərşənbə və Novruz süfrəsində mütləq bayram plovu bişməlidir.
Axır çərşənbədə bir çox  rituallar icra edilərdi ki, bunların bir qismi bu gün də xalq arasında sevə-sevə qorunub saxlanmışdır. Qulaq falı, qapı pusmaq və s. belə ayinlərdəndir. Axır çərşənbə axşamı küsülülər barışarlar. Axır çərşənbə gecəsində təbiətdə nə varsa, hamısı təzələnir. 
Axır çərşənbə günü, qaş qaralandan sonra dayanıb qonşunun qapısını pusurlar. Qapıya yaxınlaşarkən eşidilən ilk sözü və ya bir neçə sözü yozub bəxt haqqında müəyyən mülahizələr söyləyirlər, məsələn,  ilk eşidilən sözlər "işığı yandır", "yaxşı olacaq" və s. olarsa, hər şeyin yaxşı olacağı güman edilir.  Axır çərşənbə axşamı  subay  qızlar yatmazdan əvvəl  duzlu kökə yeyib su içmirlər. Gecə yuxuda kökə yeyənə   su verən insan yuxu görənin "qismətidir" kimi qəbul olunur. Başqa bir inama görə, axır çərşənbədə otuzluq lampanın altına qıfıl bağlayıb qoyurlar, niyyət edib gözləyirlər. Kim qapını açıb birinci evə daxil olarsa, onun ilk sözünü niyyətə görə yozurlar. Novruzda Axır çərşənbə günü "iynə süzdürüb", "çillə çıxarırlar", hamı deyib-gülür şənlənir. Hər kim yatdı, onu yatdığı yerə tikirlər. Sonra da üstünə su töküb, ayıldırlar... və s.
Erkən dövrlərdən xalqımızın təfəkküründən folkloruna həkk olunmuş dərin laylardan süzülüb gələn atalar sözləri, andlar, alqışlar olmuşdur:

Torpaqdan pay olmaz.
Torpaq qızılquşdur, əldən buraxdın - uçar gedər.
Torpaqda əlləşən xoşbəxtliklə rastlaşar.
Torpaq əkinçinin zəhmətilə zinətlənər.
Torpaq deyər: - Öldür məni, dirildim səni!
Torpağa var versən, o da sənə bar verər.

Çərşənbə axşamı paltar biçmək yaxşı əlamət sayılır. O paltarı geyən dövlətli olar, - deyərlər.
Çərşənbə axşamı təzə paltar geymək uğur gətirər.
Axır çərşənbə axşamı küsülülər barışarlar.
Axır çərşənbə gecəsi ərə verilən qızları tonqalın başına dolandırar və deyərlər: 
- Qoy odlu-ocaqlı olsunlar!
Od sönsə, ocaq da sönər, - deyərlər.
Çaylarda, gölməçələrdə bitən ağ zanbağın gövdəsi uzanmağa başlayanda deyərlər, - qışın ömrü bitir, yaz gəlir...
Göründüyü kimi, mifoloji qaynaqlardan bəhrələnən xalq ədəbiyyatı nümunələrində  torpaq, vətən, yurd sevgisi bariz şəkildə əks olunmuş, arxaik mərasimlərlə, adət-ənənələrlə  xalq təfəkkürünə  həkk olunmuşdur. 

Ülkər NƏBİYEVA,                   
Bakı Dövlət Universitetinin professoru, filologiya elmləri doktoru

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video