Birinci vitse-prezident Mehriban xanım Əliyevanın TƏBİB sistemində çalışan tibb işçilərinin maddi rifahının yaxşılaşdırılması, əməyinin daha yüksək qiymətləndirilməsi və səhiyyə sistemində insan kapitalının gücləndirilməsi məqsədilə əməkhaqlarının artırılması təşəbbüsü ilə çıxış etməsini böyük məmnunluq hissi ilə qarşılanır. Prezident İlham Əliyevin bu mühüm sosial təşəbbüsü müsbət qarşılayaraq onun icrası ilə bağlı müvafiq tapşırıq verməsi dövlətimizin tibb ictimaiyyətinə göstərdiyi diqqət və qayğının növbəti bariz ifadəsidir.
Yeni əməkhaqqı qaydalarının sentyabrın 1-dən qüvvəyə minməsi, 72 mindən artıq tibb işçisini əhatə etməsi və TƏBİB sistemi üzrə illik əməkhaqqı fondunun 189 milyon manat artırılması qərarın miqyasını və sosial əhəmiyyətini aydın şəkildə göstərir. Bu məsələyə yalnız əməkhaqqının artırılması prizmasından yanaşmaq düzgün olmazdı. Əslində, söhbət Azərbaycan səhiyyəsinin inkişafında yeni mərhələdən – sistemin əsas kapitalı olan insana daha böyük sərmayə qoyulmasından gedir.
Əməyə verilən yüksək qiymət
Mən özüm də həkiməm və uzun illər səhiyyə sistemində çalışmışam. Ona görə tibb işçisinin əməyinin nə qədər böyük məsuliyyət, bilik, səbir və fədakarlıq tələb etdiyini yaxşı bilirəm. Həkimin, tibb bacısının və digər səhiyyə işçilərinin üzərinə yalnız peşə məsuliyyəti düşmür. Onlar hər gün insan sağlamlığı, bir çox hallarda isə birbaşa insan həyatı ilə bağlı qərarlar qəbul edirlər. Bu səbəbdən onların əməyinin layiqincə qiymətləndirilməsi həm sosial ədalət məsələsidir, həm də güclü səhiyyə sisteminin əsas şərtlərindən biridir.
Mehriban xanım Əliyevanın uzun illər ərzində səhiyyə, ana və uşaq sağlamlığı, müasir tibb müəssisələrinin yaradılması, müxtəlif xəstəliklərdən əziyyət çəkən insanların müalicəsinə dəstək və ümumilikdə humanitar məsələlərə göstərdiyi xüsusi həssaslıq cəmiyyətimizə yaxşı məlumdur. Tibb işçilərinin sosial rifahının yüksəldilməsi ilə bağlı hazırkı təşəbbüs də bu ardıcıl, insan amilini ön plana çəkən fəaliyyətin məntiqi davamıdır.
Prezident İlham Əliyevin bu təşəbbüsü dəstəkləməsi və icrası üçün tapşırıq verməsi isə bir daha göstərir ki, ölkəmizdə səhiyyənin inkişafı yalnız yeni xəstəxanaların tikilməsi və texnoloji imkanların genişləndirilməsi ilə məhdudlaşmır. Dövlət səhiyyə sisteminin əsas dayağı olan insanın – həkimin, tibb bacısının və digər tibb işçilərinin sosial rifahını da prioritet hesab edir.
Əməkhaqqı artımı həm də motivasiya məsələsidir
Yeni əməkhaqqı mexanizminin ilk və birbaşa nəticəsi, şübhəsiz ki, tibb işçilərinin sosial rifahının yaxşılaşması olacaq. Lakin onun təsiri bununla yekunlaşmır.
İnsan öz əməyinin qiymətləndirildiyini hiss etdikdə onun işinə münasibəti, peşəsinə bağlılığı və motivasiyası da artır. Səhiyyədə bunun xüsusi əhəmiyyəti var. Çünki tibbi xidmətin keyfiyyəti birbaşa insan amilindən asılıdır. Ən müasir xəstəxananı tikmək, ən qabaqcıl tibbi avadanlığı almaq mümkündür. Lakin həmin texnologiyaların arxasında yüksək ixtisaslı, motivasiyalı və öz əməyinin dəyərini hiss edən həkim və tibb işçisi dayanmasa, gözlənilən nəticəni əldə etmək çətin olar.
Bu mənada tibb işçisinin əməkhaqqına yönəldilən əlavə vəsait yalnız sosial xərc deyil. Bu, Azərbaycan səhiyyəsinin keyfiyyətinə və gələcəyinə qoyulan sərmayədir.
İnsan kapitalı səhiyyənin əsas strateji resursudur
Müasir dünyada səhiyyə sistemlərinin gücü artıq yalnız xəstəxanaların və çarpayıların sayı ilə ölçülmür. Əsas göstəricilərdən biri insan kapitalının keyfiyyətidir.
Peşəkar həkim yetişdirmək uzun illər tələb edir. Universitet təhsili, ixtisaslaşma, praktiki hazırlıq və sonrakı davamlı tibbi təhsil böyük zaman və resurs tələb edən prosesdir. Belə mütəxəssisin hazırlanması dövlət və cəmiyyət üçün böyük sərmayədir. Ona görə də mövcud peşəkar kadrların sistemdə saxlanılması, onların bilik və bacarıqlarının inkişaf etdirilməsi, yeni nəsil həkimlərin dövlət səhiyyə sisteminə cəlb olunması strateji məsələdir.
Yeni əməkhaqqı mexanizminin bu baxımdan da ciddi əhəmiyyəti var. Gənc həkim görməlidir ki, onun uzun illər ərzində əldə etdiyi təhsil, bilik, məsuliyyət və peşəkarlıq layiqincə qiymətləndirilir və bu sahədə onun üçün real karyera perspektivi mövcuddur. Bu, istedadlı gənclərin tibb peşəsinə marağını artırmaqla yanaşı, onların dövlət səhiyyə sistemində qalmasına da əlavə stimul verəcək.
İslahatın diqqət çəkən istiqamətlərindən biri regionlarda kadr təminatının yaxşılaşdırılmasıdır. Azərbaycan səhiyyəsinin qarşısında duran mühüm məsələlərdən biri müəyyən ixtisaslar üzrə həkimlərin regionlar arasında qeyri-bərabər bölgüsüdür. Bu problemi yalnız inzibati qərarlarla həll etmək mümkün deyil. Həkimin regionda işləməsi üçün real və cəlbedici sosial-peşəkar mühit yaradılmalıdır.
Diferensial əməkhaqqı və kadr çatışmazlığı olan ixtisaslar üzrə əlavə maddi stimullar bu baxımdan çox vacib addımdır. Lakin hesab edirəm ki, perspektivdə bu siyasət daha geniş sosial paketlərlə tamamlanmalıdır. Regionlarda çalışan həkimlər üçün mənzil və ya kirayə dəstəyi, peşəkar inkişaf və davamlı tibbi təhsil imkanları, şəffaf karyera perspektivi, müasir tibbi avadanlıqla təmin olunmuş iş şəraiti və ailələrinin sosial-məişət ehtiyaclarının nəzərə alınması əlavə nəticələr verə bilər. Çünki həkim regiona yalnız işləməyə deyil, həm də yaşamağa gedir. Buna görə onun sosial mühiti də əməkhaqqı qədər əhəmiyyətlidir.
Belə kompleks yanaşma regionlarda kadr çatışmazlığının mərhələli şəkildə aradan qaldırılmasına, Bakı ilə bölgələr arasında tibbi xidmətə çıxış imkanlarının daha da yaxınlaşmasına xidmət edə bilər.
Əsas meyar keyfiyyəti olmalıdır
Yeni mərhələdə xüsusi diqqət yetirilməli məsələlərdən biri də əməkhaqqı və stimullaşdırma mexanizmlərinin xidmətin keyfiyyəti ilə əlaqələndirilməsidir.Səhiyyədə məqsəd sadəcə daha çox tibbi xidmət göstərmək deyil. Məqsəd düzgün, təhlükəsiz, effektiv və vətəndaş məmnunluğu yaradan xidmət göstərməkdir.
Bu islahatların ən mühüm istiqaməti işin həcmi ilə yanaşı, tibbi nəticələr, xidmət keyfiyyəti, pasiyent təhlükəsizliyi, peşəkarlıq və davamlı tibbi inkişaf kimi göstəricilərin stimullaşdırma sistemində nəzərə alınmasıdır. Bu yanaşma həm tibb işçisinin əməyinin daha ədalətli qiymətləndirilməsinə, həm də səhiyyə sistemində keyfiyyət mədəniyyətinin formalaşmasına xidmət edəcək.
Azərbaycan səhiyyəsi yeni inkişaf mərhələsinə daxil olur
Son illərdə Azərbaycan səhiyyəsində böyük dəyişikliklər həyata keçirilib. Müasir tibb müəssisələri yaradılıb, onların maddi-texniki bazası yenilənib, icbari tibbi sığorta bütün ölkə üzrə tətbiq olunub, tibbi xidmətlərin əlçatanlığının artırılması istiqamətində mühüm addımlar atılmışdır
Burada bir neçə istiqamət xüsusi əhəmiyyət daşıyır: ilkin səhiyyə xidmətlərinin və ailə həkimliyi institutunun gücləndirilməsi, regionlarda ixtisaslaşmış tibbi xidmətlərə əlçatanlığın artırılması, səhiyyənin rəqəmsallaşdırılması, vahid elektron tibbi məlumat sistemlərinin inkişaf etdirilməsi, profilaktik təbabətin genişləndirilməsi, davamlı tibbi təhsil və insan resurslarının daha effektiv idarə olunması. Əməkhaqqı islahatı bütün bu proseslərin insan kapitalı komponentini gücləndirən çox mühüm addımdır.
İslahatın üç əsas nəticəsi
Mən qarşıdakı dövr üçün bu qərarın üç mühüm nəticəsini xüsusilə qeyd edərdim. Birincisi – daha yüksək sosial rifah və daha güclü peşə motivasiyası. Tibb işçisi öz əməyinin dövlət tərəfindən yüksək qiymətləndirildiyini daha aydın hiss edəcək. Bu, onun peşəsinə və çalışdığı sistemə bağlılığını gücləndirəcək.
İkincisi – daha güclü insan kapitalı və kadr potensialı.Yeni əməkhaqqı siyasəti gənc həkimlərin dövlət səhiyyə sisteminə marağının artırılmasına, ixtisaslı mütəxəssislərin sistemdə saxlanılmasına və regionlarda kadr təminatının yaxşılaşdırılmasına xidmət edəcək.
Üçüncüsü və ən əsası – daha keyfiyyətli tibbi xidmət və daha yüksək vətəndaş məmnunluğu. Bütün islahatların son nəticəsini vətəndaş hiss etməlidir. Daha motivasiyalı tibb işçisi, daha güclü kadr potensialı və nəticəyə əsaslanan stimullaşdırma son nəticədə daha keyfiyyətli səhiyyə xidməti deməkdir.
Bu səbəbdən Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsünü yalnız əməkhaqlarının artırılmasına yönəlmiş sosial qərar kimi deyil, Azərbaycan səhiyyəsinin gələcək inkişafına hesablanmış strateji addım kimi qiymətləndirirəm.
Bu təşəbbüsün Prezident İlham Əliyev tərəfindən dəstəklənməsi bir daha nümayiş etdirir ki, Azərbaycanda həyata keçirilən sosial siyasətin mərkəzində insan amili dayanır və səhiyyənin əsas dayağı olan tibb işçilərinin rifahının yüksəldilməsi dövlət siyasətinin mühüm prioritetlərindən biridir.
Bir həkim və Milli Məclisin Səhiyyə komitəsinin üzvü kimi bu qərardan xüsusi məmnunluğumu ifadə edirəm. Dövlətimizin başçısı Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya tibb işçilərinin əməyinə verilən yüksək dəyərə, onların sosial rifahına və Azərbaycan səhiyyəsinin inkişafına göstərdikləri davamlı diqqət və qayğıya görə tibb ictimaiyyətinin nümayəndəsi olaraq təşəkkürümü bildirirəm. Əminəm ki, həyata keçirilən bu islahatın nəticəsini qarşıdakı illərdə yalnız tibb işçilərinin sosial rifahında deyil, bütövlükdə Azərbaycan səhiyyəsinin keyfiyyətində görəcəyik.
Müşfiq MƏMMƏDLİ,
Milli Məclisin deputatı,
Səhiyyə komitəsinin üzvü