Bəşəriyyətin qarşılaşdığı iqlim böhranı və resursların sürətlə tükənməsi təhlükəsi bizdən, sadəcə, müvəqqəti tədbirlər deyil, sivilizasiya səviyyəsində bir düşüncə inqilabı tələb edir. Əsrlərdir davam edən xətti iqtisadiyyat modeli - yəni təbiətdən "götür, istehsal et və tulla" yanaşması - artıq özünü tamamilə tükətmişdir. Bu gün biz "sıfır tullantı" fəlsəfəsini, enerji səmərəliliyi və resursların idarə edilməsini bir-birindən ayrı deyil, dayanıqlı gələcəyin vahid və bütöv memarlığı kimi nəzərdən keçirməliyik.
Bəşəriyyət böyük bir fəlakətin astanasındadır. Sənaye və kənd təsərrüfatının müxtəlif sahələrinin, eləcə də nəqliyyat, isitmə və soyutma sistemlərinin fəaliyyəti iqlim dəyişikliklərinə birbaşa təsir göstərir. Bu "51 milyard ton" tullantıdan "sıfıra doğru" paradiqmanın meydana çıxmasına səbəb olub.
Önümüzdə dayanan bu paradiqmanın əsas hədəf və fundamental sualı budur: 51 milyard ton parnik qazının miqdarını aşağı salaraq sıfra necə çevirmək olar və nə üçün məhz sıfır? Bu vəziyyətin yaxşılaşdırılması üçün konkret olaraq fərdlər, əməkdaşlar, sahibkarlar və dövlətlər birgə şəkildə nə etməlidirlər?
Bu sual, sadəcə, texnoloji deyil, həm də etik bir sualdır. Məşhur alman filosofu Armin Qrunvaldın texnologiya etikası sahəsində vurğuladığı kimi: "Biz texnologiyanı elə idarə etməliyik ki, o, insanın muxtariyyətini və planetin gələcəyini təhdid etməsin. Biz gəncliyimizdə sistemlərin çöküşünü, sosializmdən kapitalizmə böyük keçid dövrlərini görmüş və azadlıq uğrunda mübarizə aparmış bir nəsilik. O zaman mübarizəmiz milli və siyasi azadlıq üçün idi. Bu gün isə bizim növbəti böyük mübarizəmiz - planetimizin və gələcək nəsillərin resurs asılılığından, rəqəmsal israfdan və iqlim fəlakətindən azad olunması mübarizəsidir".
Buna görə də bizim qurduğumuz "yaşıl texnologiya" modelləri mütləq şəkildə "insanı və təbiəti qoruyan texnologiya" prinsiplərinə əsaslanmalıdır.
Bu qlobal çağırışlar fonunda Azərbaycan, sadəcə, bir müşahidəçi deyil. Ölkəmizdə dayanıqlı inkişafın təmin edilməsi üçün çox güclü qanunvericilik bazası formalaşdırılmışdır.
"Ekoloji təmiz kənd təsərrüfatı haqqında", "Enerji resurslarından səmərəli istifadə və enerji səmərəliliyi haqqında" və "Bərpaolunan enerji mənbələrindən elektrik enerjisi istehsalı haqqında" qəbul edilmiş qanunlar bu sahədəki fəaliyyətimizin hüquqi sütunlarıdır.
Bu hüquqi baza ölkənin uzunmüddətli strateji vizyonu ilə tamamlanır. Prezident İlham Əliyevin rəhbərliyi ilə qəbul edilmiş və 2030-cu ilə qədər olan dövrü əhatə edən Milli Prioritetlərdə "Təmiz ətraf mühit və yaşıl artım ölkəsi" strateji hədəf olaraq müəyyən edilmişdir. Cənab İlham Əliyevin siyasi iradəsi və uzaqgörən "yaşıl enerji" strategiyası sayəsində Azərbaycan Paris sazişi öhdəliklərinə uyğun olaraq 2050-ci ilə qədər istixana qazı emissiyalarını 40 faiz azaltmağı hədəfləyən qətiyyətli bir dövlətə çevrilmişdir.
Respublikamızda bu strateji hədəflər real torpaq üzərində bərpa edilir. İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur regionları rəsmi olaraq "yaşıl enerji" zonası elan edilmişdir və bu ərazilərin 2050-ci il hədəfi tamamilə Xalis Sıfır Emissiya zonasına çevrilməkdir. "Ağıllı kənd" və "ağıllı şəhər" infrastrukturunu nəzərdən keçirərkən biz, sadəcə, müasir binalar görmürük. Biz orada Armin Qrunvaldın bəhs etdiyi insan-təbiət harmoniyasını tətbiq edirik: bu şəhər və kəndlərdə alternativ idarəetmə və "sıfır tullantı" prinsipləri tətbiq edilir, məişət tullantıları resurs kimi yenidən dövriyyəyə qatılır. Binaların üzərində quraşdırılmış günəş panelləri, "ağıllı işıqlandırma" və izolyasiya texnologiyaları enerjiyə qənaəti maksimuma çatdırır. Bölgənin su ehtiyatlarından səmərəli istifadə edilir. Artıq ümumi gücü 307 MVt olan 38 hidroelektrik stansiyası da istismara verilmişdir.
Azərbaycanın "yaşıl keçid" sahəsindəki bu unikal təcrübəsi onu qlobal iqlim və şəhərsalma siyasətinin mərkəzinə çevirib. Bakıda keçirilən COP29 iqlim konfransı dünya ekologiya tarixində dönüş nöqtəsi oldu. COP29-un ən böyük tarixi nəticəsi - inkişaf etməkdə olan ölkələrin "yaşıl keçid"i, o cümlədən enerji səmərəliliyi layihələrinin maliyyələşdirilməsi üçün yeni qlobal maliyyə hədəfinin (Bakı Maliyyə Məqsədi) qəbul edilməsi oldu. Bu qərarlar təmiz və az tullantılı texnologiyaların tətbiqi zamanı qarşıya çıxan əlavə xərcləri, yəni Bill Qeytsin "How to Avoid a Climate Disaster" əsərində qeyd etdiyi "Yaşıl Mükafatı" (Green Premium) aradan qaldırmaq üçün qlobal investisiya axınını sürətləndirdi. Bu qlobal xətt Bakının evsahibliyi etdiyi WUF13 ilə birbaşa tamamlanır. COP29-da qəbul edilən iqlim maliyyəsi və strategiyaları WUF13-də "Davamlı və yaşıl şəhərlərin inşası" vizyonu ilə praktiki müstəviyə keçdi.
Dünyada yaranan tullantıların və istehlak olunan enerjinin 70 faizdən çoxu şəhərlərin payına düşür. WUF13 bizə açıq şəkildə göstərdi ki, urbanizasiyanı "sıfır tullantı" və enerji səmərəliliyi prinsipləri ilə idarə etmədən iqlim fəlakətinin qarşısını almaq qeyri-mümkündür. Bizim Qarabağda reallaşdırdığımız layihələr məhz bu qlobal forumların arzuladığı gələcək modelidir.
Biz vizyonumuzu real rəqəmlərlə, irimiqyaslı layihələrlə və qlobal miqyaslı "yaşıl enerji" dəhlizləri ilə gücləndiririk. Bu gün ölkəmiz Avropanın və regionun "yaşıl enerji" təhlükəsizliyinin əsas təminatçısına çevrilmək üçün strateji dəhlizlərin inşasına rəhbərlik edir. Bunlardan biri Xəzər-Qara Dəniz-Avropa "yaşıl enerji" dəhlizi layihəsidir. Xəzər dənizinin 157 QVt nəhəng texniki külək potensialından qaynaqlanan "yaşıl elektrik enerjisi" Gürcüstan və Qara dənizin dibi ilə çəkiləcək sualtı kabel vasitəsilə Rumıniya və Macarıstana, oradan isə bütün Avropa bazarına ötürüləcəkdir. İlkin mərhələdə bu dəhlizlə 4 QVt "yaşıl enerji"nin ixracı hədəflənir.
Digər layihə Mərkəzi Asiya-Azərbaycan-Avropa dəhlizidir. Qazaxıstan və Özbəkistanın nəhəng bərpaolunan enerji resursları Azərbaycanın şəbəkəsi ilə inteqrasiya olunur. Mərkəzi Asiyanın "yaşıl enerji"sinin Xəzər dənizinin dibi ilə ölkəmizə, buradan isə Avropaya nəqli üçün üçtərəfli strateji saziş uğurla icra edilir.
Başqa bir layihə Naxçıvan-Türkiyə-Avropa "yaşıl enerji" dəhlizidir. "Yaşıl enerji" zonası olan Naxçıvanın yüksək günəş enerjisi yaradılacaq infrastruktur və ötürücü xətlər vasitəsilə qonşu Türkiyə bazarına, oradan isə Avropaya çatdırılacaqdır.
Və nəhayət, Azərbaycan-Türkiyə-Avropa ("Cənub qaz dəhlizi"nin "yaşıl transformasiya"sı) layihəsi. Mövcud regional infrastruktur imkanlarından istifadə edərək, gələcəkdə daxili bərpaolunan enerji hesabına sərbəstləşəcək təbii qaz həcmlərinin və ya infrastrukturun imkan verdiyi dərəcədə "yaşıl hidrogenin" birbaşa "Cənub qaz dəhlizi" vasitəsilə Avropa bazarlarına nəqlini nəzərdə tutan strateji ekoloji inteqrasiya xəttidir.
Bu dəhlizləri daxili gücümüzlə bəsləyən 230 MVt-lıq Qaradağ GES, 240 MVt-lıq Xızı-Abşeron Külək-Elektrik Stansiyası, inşası davam edən "Şəfəq", həmçinin Biləsuvarda 445 MVt və Neftçalada 315 MVt gücündəki meqalayihələr dövlətimizin "yaşıl mühərriki" rolunu oynayır.
"Sıfır tullantı" və enerji səmərəliliyi, sadəcə, sənayenin yox, fərdi və kollektiv təfəkkürün transformasiyasıdır. COP29-un qlobal qərarları, WUF13-ün yaşıl şəhərsalma vizyonu və Azərbaycanın Qarabağda yaratdığı "ağıllı reallıq" bircə həqiqətə xidmət edir: resursları israf etməyə artıq heç birimizin haqqı yoxdur. Gələcək nəsillərə, sadəcə, hesabatlar və rəqəmlər deyil, təmiz, yaşana bilən və dayanıqlı bir dünya miras qoymaq bəşəriyyətin borcudur.
Sadiq QURBANOV,
Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri