18 Yanvar 2023 02:59
1541
İQTİSADİYYAT
A- A+

Təklifi BTC-nin səhmdarları vermişdilər...

 

Təşəbbüs dəstəkləndi və kəmər Ulu Öndərin adını şərəflə daşıyır

 

Ulu Öndər Heydər Əliyev əbədiyyətə qovuşandan sonra ölkəmizin vətəndaşları öz yığıncaqlarında, eləcə də kütləvi informasiya vasitələrində onun adının əbədiləşdirilməsi ilə bağlı müraciətlərlə çıxış etdilər. 
Müraciətlərə baxılması üçün 2003-cü il dekabrın 26-da Dövlət Komissiyası yaradıldı. Komissiyanın hazırladığı təkliflər Prezident İlham Əliyevə təqdim olundu. 2004-cü il martın 10-da isə dövlət başçısı Ümummilli Liderin xatirəsinin əbədiləşdirilməsi məqsədilə fərman imzaladı.
Fərmanın bəndlərinin birində deyilirdi: "Bir sıra özəl qurum, şirkət və qeyri-hökumət təşkilatları tərəfindən görülmüş tədbirlər, o cümlədən Bakı-Tbilisi-Ceyhan ixrac boru neft kəmərinə, "Lider" qazma qurğusuna Heydər Əliyevin adının verilməsi, ictimai əsaslarla Heydər Əliyev Fondunun yaradılması dəstəklənsin".
BTC əsas ixrac neft kəmərinə Heydər Əliyevin adının verilməsi layihənin səhmdarlarının təşəbbüsü idi. Onlar Ulu Öndərin BTC-nin reallaşmasında misilsiz rolunu nəzərə alaraq bu qərara gəlmişdilər.
BTC Heydər Əliyevin əvəzsiz yadigarlarından biridir. Bu kəmərin çəkilişi ideyası yarandığı gündən Ulu Öndər onun gerçəkləşməsi üçün böyük səy göstərmiş, əslində, layihəni bir çox mübarizədən keçirmışdir. Ümummilli Lider bu barədə belə demişdir: "Bakı-Tbilisi-Ceyhan neft kəmərinin marşrutunun seçilməsinə müxtəlif maneçiliklər törədildi. Biz şübhə etmirdik ki, bu kəmər Gürcüstandan keçməlidir. Şübhə etmirdik ki, bu böyük neft kəməri məhz Türkiyəyə getməlidir. Xəzərin nefti Türkiyənin Ceyhan limanı vasitəsilə dünya bazarına çıxmalıdır. Amma bəziləri hesab edirdilər ki, kəmər başqa ölkələrdən keçə bilər. Yəni artıq Azərbaycanda, Xəzərin Azərbaycan sektorunda neftin hasil olunmasının reallığını görəndə bəziləri hesab edirdilər ki, bu neft borusu Cənuba gedə bilər, yaxud Şimala gedə bilər, Şərqə gedə bilər. Müxtəlif belə fikirlər, müxtəlif iddialar var idi və getdikcə bunlar güclənirdi. Ancaq biz öz qərarımızda qəti idik. Əvvəldən də biz bunu elan etmişdik ki, kəmər yalnız bu marşrut ilə keçəcəkdir. Bu barədə Azərbaycan, Gürcüstan, Türkiyə arasında qəti razılıq əldə edilmişdi. Demək istəyirəm ki, biz bu layihəni başlayandan indiyə qədər Amerika Birləşmiş Ştatları onun həyata keçirilməsinə çox böyük diqqət, qayğı göstərmişdir, bu işi himayə etmişdir. Əgər Amerika Birləşmiş Ştatlarının layihəyə bu qədər dəstəyi olmasaydı, biz bunu həyata keçirə bilməzdik".
Üçüncü miniiliyin nəhəng mühəndis qurğusu olan BTC-nin Azərbaycanın, Gürcüstanın və Türkiyənin ərazisindən keçən marşrutu 1768 kilometr təşkil edir. Azərbaycanın 13 rayonundan - Qaradağ, Abşeron, Hacıqabul, Ağsu, Kürdəmir,  Ucar, Ağdaş, Yevlax, Goranboy, Samux, Şəmkir, Tovuz və Ağstafadan keçən kəmər ölkəmizdə 443, Gürcüstanın 7 bölgəsində 249 və Türkiyənin 9 rayonunda 1076 kilometrlik məsafə qət edir. Keçdiyi ərazilərin coğrafiyasından asılı olaraq onun borularının diametri 46, 42 və 34 düymdür.
BTC öz marşrutu boyu bir neçə dağ silsiləsindən keçir, o cümlədən 2830 metr yüksəkliyə qalxır, eləcə də 3000 yol, dəmir yolu, yeraltı və yerüstü kommunikasiya xətti, eni 500 metrədək çatan Ceyhan çayının keçidi də daxil olmaqla, 1500-dən artıq su hövzəsi ilə kəsişir. Ceyhana yaxınlaşarkən yenidən dəniz səviyyəsinə enir.
Kəmər Bosfor və Dardanel boğazlarından yan keçməklə həmçinin ekoloji riskləri azaldır. Başlıca şərtlərdən biri də kəmərin təhlükəsizliyidir. Boruları etibarlı şəkildə örtüklənmiş və bütün marşrutu boyu torpaq altında basdırılmış bu kəmər, necə deyərlər, səssiz-səmirsiz, ətraf mühitə ziyan vurmadan və insanlara narahatlıq gətirmədən işini davam etdirir.
Kəmərin bir sıra əzəmətli yerüstü qurğuları, o cümlədən 8 nasos stansiyası və 98 siyirtmə məntəqəsi də var. Səngəçaldakı baş nasos stansiyasından sonra ikinci stansiya yenə Azərbaycanda - Yevlaxda yerləşir. İki stansiya Gürcüstanda, dördü isə Türkiyə ərazisindədir.
Regionun neft ixracı arteriyası sayılan bu boru xəttinin salnaməsi qısa olsa da, çox zəngindir. Dünya miqyasında dövrünün ən böyük və ən mürəkkəb mühəndis-texniki qurğularından biri hesab edilən BTC-nin tikintisinə dörd il vaxt sərf olunub. Belə ki, layihə 2002-ci ilin iyul ayında təsdiqlənib və 2006-cı ilin may ayında başa çatdırılıb.
Əslində, BTC-yə Bakı yaxınlığındakı Səngəçal terminalından ilk neft 2005-ci ilin mayında vurulub. Neft Türkiyənin Ceyhan limanına bir il sonra - 2006-cı ilin mayında çatıb. BTC-nin gətirdiyi neftlə yüklənmiş ilk tanker dünya bazarına iyun ayında yola salınıb. Kəmərin tam sistem kimi işə düşməsi münasibətilə təntənəli mərasim isə Ceyhan şəhərində iyulun 13-də keçirilib. Tədbirdə Azərbaycanın, Türkiyənin və Gürcüstanın dövlət başçıları, səhmdar şirkətlərin rəhbərləri, hörmətli qonaqlar iştirak ediblər.
Prezident İlham Əliyev BTC-nin istifadəyə verilməsinin mühüm əhəmiyyət daşıdığını qeyd edərək deyib: "Bu kəmərin fəaliyyətə başlaması ilə Azərbaycanın qarşısında yeni üfüqlər açılır, yeni imkanlar açılır. Azərbaycan iqtisadi cəhətdən çox zəngin ölkəyə çevriləcəkdir. Ölkədə bütün sosial problemlər öz həllini tapacaqdır. Azərbaycan çox önəmli neft ixrac edən ölkəyə çevrilir. Əminəm ki, neftdən əldə olunan gəlirlərdən istifadə edilməklə Azərbaycanda bütün sosial məsələlər qısa müddət ərzində öz həllini tapacaq və Azərbaycan dünya iqtisadiyyatına daha inamla inteqrasiya edəcəkdir".
Layihənin operatoru olan bp şirkətinin məlumatına görə, keçən il martın 23-də BTC Səngəçal terminalından Ceyhan terminalına ixrac olunmuş neftin yüklənildiyi 5000-ci tankerin yola salınmasını qeyd etmişdir. İlin üçüncü rübünün sonunadək kəmər vasitəsilə ümumilikdə təqribən 524 milyon tondan çox (3,93 milyard barel) xam neft nəql edilmiş və Ceyhanda 5163 tankerə yüklənərək dünya bazarlarına göndərilmişdir. BTC əsasən "Azəri-Çıraq-Günəşli" neftini və "Şahdəniz" kondensatını daşıyır. Bundan əlavə, kəmər vasitəsilə Xəzərin digər regional xam neft və kondensat həcmləri də nəql olunur.
Xatırladaq ki, hazırda BTC Ko.-nun səhmdarları bunlardır: bp (30,10 faiz), SOCAR (25 faiz), MOL (8,90 faiz), "Ekvinor" (8,71 faiz), TPAO (6,53 faiz), "Eni" (5 faiz), "TotalEnergies" (5 faiz),  İTOÇU (3,40 faiz), İNPEKS (2,50 faiz), "EksonMobil" (2,50 faiz) və ONGCVideş (2,36 faiz) şirkətləridir. 
Ulu Öndər Heydər Əliyevin adını şərəflə daşıyan BTC 16 ildən çoxdur bütün regionun həyatında mühüm rol oynayır. Bu kəmər ərazisindən keçdiyi üç ölkənin sakinlərinin güzəranını xeyli yaxşılaşdırıb. Kəmər Azərbaycana böyük gəlirlər gətirib. Həmin vəsait ARDNF-yə (Azərbaycan Respublikası Dövlət Neft Fondu) daxil olur və ölkənin ən zəruri sosial-iqtisadi problemlərinin həllinə yönəldilir. 
Vaxtilə Ulu Öndər BTC-nin iqtisadi gücünü qeyd etməklə yanaşı, onu həm də Azərbaycanı Avropa ilə daha sıx bağlayacaq polad kəmərə bənzətmişdi. Bu gün BTC, həqiqətən, Azərbaycanı beynəlxalq enerji ailəsinə qovuşdurub və dünyanın enerji təhlükəsizliyinə öz töhfəsini verməkdədir. Azərbaycanın açdığı və uzaq ünvanlara çatdırdığı geniş dəhlizlərin təməli məhz bu kəmərlə qoyulub.

Flora SADIQLI,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video