18 Mart 2025 09:00
193
Mədəniyyət
A- A+
Tarixi keçmişimizi, adət-ənənələrimizi özündə yaşadan müqəddəs bayram

Tarixi keçmişimizi, adət-ənənələrimizi özündə yaşadan müqəddəs bayram


Xalqımızın ən müqəddəs, ən əziz bayramlarından biri də əsrlərlə yaşı olan Novruz bayramıdır. Azərbaycan xalqı bu əziz bayramını həmişə böyük ruh yüksəkliyi ilə keçirir. Novruz bayramının tarixi kökləri çox qədimlərə gedib çıxır. Həmişə olduğu kimi, dost, qardaş türk dövlətləri ilə yanaşı, Azərbaycanda da Novruz bayramı bu gün böyük coşqu və təntənə ilə qeyd olunur. 

Əsasında maraqlı xalq mərasimlərinin dayandığı Novruz bayramı hamıya sevinc gətirir, sanki dünya yenilənir. "Novruz" sözünün hərfi mənası da elə yeni gün deməkdir. Novruz bayramında fəsillər dəyişir. Qış öz yerini yaza verir. Havalar isinir, torpaq oyanır, Yer üzü yaşıllığa bürünür. Novruzun rəsmi bayram kimi keçirildiyi qədim və Orta əsrlərdə onun haqqında müxtəlif məzmunda əfsanələr, rəvayətlər söylənilmişdir. Həmin rəvayətlərin bir çoxu bu gün də dillərdən düşmür. 

Araşdırmalar Novruzun yaranma tarixinin izlərini ibtidai icma quruluşuna qədər aparıb çıxarır. Bəzi mənbələr Novruzun Babilistanda eradan əvvəl 3-cü minillikdə keçirildiyi barədə məlumatların olduğunu göstərir. Novruz şimal yarımkürəsində astronomik yazın başlanğıcı-gecə ilə gündüzün bərabərliyi qovuşuğunda icra edilən ən qədim xalq bayramıdır. Novruz bayramına qədər dörd çərşənbə qeyd edilir: su, od, yel və torpaq. 


Küsülüləri barışdıran bayram


Adət-ənənəyə görə, Novruz bayramında bütün evin əşyaları havaya çıxarılıb yuyulur, təmizlənir və paklanır. İl ərzində bir-birindən küsülü olanlar barışır. Hər evdə mütləq yeməklərin şahı olan bayram aşı bişirilir. Bütün qonum-qonşular bir-birinə qonaq gedir və o nemətdən bir yerdə dadırlar. Bütün evlərdə açılan süfrələrdə bolluq, bərəkət rəmzi olan səməni qoyulur.

Etibarlı mənbələrdə Novruz bayramı haqqında bir-birindən dəyərli məlumatlara rast gəlirik. Biruni Əbu Reyhanın "Asarul Baqiye" (Pamyatniki minuvşix pokoleniy), Kaşğarlı Mahmudun "Divanü Lugat-it Türk", Balasaqunlu Yusif Has Hacibin "Kutadqu biliq", Ömər Xəyyamın "Novruznamə", Nizamülmülkün "Siyasətnamə", Nizami Gəncəvinin "İsgəndərnamə" və başqa əsərlərini nümunə çəkə bilərik. Həmin əsərlər bu gün də böyük maraqla oxunur. Nizamülmülk "Siyasətnamə" əsərində Novruz bayramından yazın gəlişi ilə əlaqədar keçirilən kütləvi xalq tədbirlərindən bəhs etmişdir. 

Tarixi mənbələr bir daha təsdiq edir ki, qədim dövrlərdə Novruz təkcə xalq bayramı kimi deyil, eyni zamanda dövlət bayramı kimi qeyd olunmuşdur. Məlumatlara görə, Novruz bayramı bir ay davam edərmiş. Türkdilli xalqlar bu bolluq, bərəkət rəmzi olan əziz bayramı böyük coşqu ilə qarşılayarmış. 

Biruni Əbu Reyhanın və Ömər Xəyyamın əsərlərindəki məlumatlardan öyrənirik ki, insanlar Novruzda yerə su səpər, yaxınlarına hədiyyə verər, şirniyyatlar paylayar və digər mərasimlər icra edərmişlər. Bayram günündə süfrəyə buğda, arpa, darı, qarğıdalı, noxud, mərcimək, düyü, küncüt və ya lobya unundan hazırlanmış çeşidli çörəklər düzərmişlər. 

Novruz bayramı şənliklərində kütləvi gəzintilər, xalq oyunları, yarışlar, rəqs və nəğmələr oxunarmış, məzhəkəçilər və kəndirbazlar öz bacarıqlarını nümayiş etdirərmişlər. Bu bayramı təntənəli keçirməklə yanaşı, xəstələrə müstəsna diqqət və qayğı göstərilər, qohum və dostlara baş çəkilərmiş, yaxınlarının məzarları ziyarət olunarmış. Bütün bunlar bir daha onu göstərir ki, Novruz bayramının qarşılanma mərasimləri ümumbəşəri dəyərlərə söykənir, insanlığa xidmət edir.


Miflərdə, əfsanələrdə yaşayan Novruz


Orta əsrlərdə yaranmış və geniş yayılmış İran əfsanələrinə görə, Novruz bayramı ilk dəfə mifik İran şahları Kəyümərs və ya Cəmşid tərəfindən tətbiq olunmuşdur. Əl Biruninin yazdığı rəvayət isə Novruzun yaranmasını Azərbaycanla bağlayır. Bu rəvayətə görə, Cəmşid Azərbaycana gələndə qızıl taxta oturur və insanlar onu öz çiyinlərində aparırlar. Günəşin şüası Cəmşidin üzərinə düşdükcə insanlar onu görür və sevincdən həmin günü bayram edirlər.

Yaranma tarixi rəvayət və miflərə qədər gedib çıxan Novruzda yazın gəlişi təntənə ilə bayram edilir. Böyük el şənlikləri keçirilir. Bu şənliklərdə müxtəlif rituallar yerinə yetirilir. Əski türklərin dini mərasim və ayinlərinin necə icra edildiyini bu və ya başqa şəkildə Çin və ərəb qaynaqları ilə yanaşı, türk dastanlarının boylarından, xalq əfsanələri və rəvayətlərindəki məlumatlardan öyrənirik. 

Hər şeydən əvvəl qeyd olunmalıdır ki, Novruz insanların təbiətə bağlılığından və ona olan sevgisindən təşəkkül tapan bir bayramdır. Türk düşüncəsində təbiətdəki dəyişiklik etnosun həyatında dönüş və təzələnmə nöqtəsi kimi qiymətləndirilib. Əski türk imperatorluqları dövründə ilk bahar və son baharın rəsmi dövlət bayramları olması haqqında Çin qaynaqlarında kifayət qədər məlumatlar var. Mahmud Kaşğari "Divani lüğəti-türk" əsərində baharın gəlişini  sellərin, suların çağlaması, dünyanın nəfəsinin isinməsi, çiçəklərin açılması və sairə şəklində təsvir edir.

Yaşı qədimdən qədim olan Novruzun elə adətləri olub ki, onları bu gün kimsə xatırlamır. Ata-babalarımızın mifoloji təfəkkür süzgəcindən keçən və inanc sistemini formalaşdıran adətlərdən çoxu təəssüf ki, bu gün unudulmaq üzrədir. Amma bu adətlər insanların yaddaşında unudulsa da, tarixin yaddaşında həmişəlik qalıb. 


İnsanların ümid və inam yeri


Axır çərşənbə və Novruz axşamında evin damına buğda atırlar ki, bərəkət çox olsun. Həmin günlərdə un çuvalının ağzını açıq qoyurlar ki, bərəkət paylananda bağlı qalmasın. İlaxır çərşənbədə axar suyun qabağını kəsmək olmaz. İnanclara görə, kəssən, sənə xətər toxunar. Bu da əcdadımızın suyu müqəddəs saymasına işarə edir. Bayram tonqalı yanıb qurtarandan sonra onun dövrəsinə üç cızıq çəkib deyirmişlər ki, əgər belə etməsən, sənə xətər toxunar. Evin də bərəkəti gedər. Bu da əcdadlarımızın torpaq və suya olduğu kimi, oda da müqəddəs baxmasını təsdiq edən amildir.

Novruz bayramında göyərdilən səməni yazın gəlməsinin, təbiətin canlanmasının, əkinçiliyin rəmzidir. Camaat səməni göyərtməklə növbəti təsərrüfat ilinə bərəkət, bolluq arzulayır. İnsanlar bayrama dörd həftə qalmış, hər çərşənbə axşamı və bayram günü tonqal qalamaqla, mahnı qoşmaqla Novruza inamlarını ifadə ediblər. Onu da qeyd edək ki, bütün bu mərasimlər islamdan çox-çox əvvəl mövcud olmuş qədim Şərq ənənələrinin davamıdır. 

Ömrü cəmi 23 ay olmuş Azərbaycan Xalq Cumhuriyyətində Novruz bayramı iki dəfə - 1919-cu və 1920-ci illərdə rəsmən təntənə ilə qeyd olunmuşdu. 1921-ci ildə "Kommunist" qəzeti yazırdı ki, Novruz münasibətilə məktəblilərə bayram sovqatları paylanıb. Həmin il teatr və klublarda konsert və tamaşalar verilib. 1925-ci ildə sovet hökuməti Novruzla əlaqədar xüsusi qərar qəbul edib. Bu qərara görə, Novruzun da başqa 6 milli və dini bayramlar kimi dövlət səviyyəsində keçirilməsi nəzərdə tutulub. Lakin Sovet hakimiyyəti yerini möhkəmlətdikcə başqa milli bayramlar kimi Novruz da mühafizəkar bolşeviklərin hücumlarına məruz qalıb. 1929-cu ildə Novruz dövlət bayramlarının siyahısından çıxarılır. 1937-ci ildə SSRİ Konstitusiyasının qəbulu ilə bütün dini və milli bayramlar qadağan edilir. 1953-cü ildə Stalinin ölümündən sonra bütün milli bayramlara "qeyri-rəsmi" icazə verilir. Daha doğrusu, həmin vaxtdan  adamlar Novruzu ailə çevrəsində keçirə bilmişdilər.

1967-ci il martın 20-də Bakının qədim Qız qalası yaxınlığında el şənlikləri keçirilib. Gəlin kimi bəzədilmiş Bahar qız da şənliyə at belində gəlib. Ulu Öndər Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçiləndən sonra Novruz bayramı daha böyük ruh yüksəkliyi və təntənə ilə keçirilməyə başlanılmışdır. 

2009-cu il sentyabrın 30-da Novruz bayramı UNESCO tərəfindən Qeyri-maddi mədəni irs siyahısına daxil edilmiş, 23 fevral 2010-cu ildə isə BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında mart ayının 21-i Beynəlxalq Novruz Günü elan edilmişdir. 


Qarabağda alovlanan Novruz tonqalları


Ümummilli Lider Heydər Əliyev bütün varlığı, qəlbi, ruhu ilə doğma xalqına, onun milli adət-ənənələrinə, əxlaqi dəyərlərinə bağlı olan böyük tarixi şəxsiyyət idi. Ulu Öndər Novruz bayramında xalqın arasında olmaqdan sonsuz qürur hissi keçirər, bu əlamətdar gün münasibətilə təşkil olunan təntənəli tədbirlərdə iştirak edərdi. Heydər Əliyev 2000-ci il martın 21-də Novruz bayramındakı çıxışında demişdir: "Novruz bayramı Azərbaycan xalqının, azərbaycanlıların ən əziz bayramıdır. Hər xalqın tarixboyu yaranmış və ənənəyə çevrilmiş bayramları vardır. Azərbaycan xalqının da bayramları vardır. Bunların bir qismi dövlət bayramlarıdır, bir qismi xalq, din bayramlarıdır. Bütün bu bayramların içərisində millətimiz üçün, xalqımız üçün, hər bir azərbaycanlı üçün ən əziz, ən doğma, ən sevimli bayram Novruz bayramıdır".

Xalqımız Novruz bayramını yenə də tarixi ənənələrə uyğun olaraq davam etdirir. Bu gün insanlarımız Novruzu daha böyük sevinclə qeyd edir. Çünki beşinci ildir ki, torpaqlarımız erməni işğalından azad olunub. Ölkəmizin ərazi bütövlüyü və suverenliyi bərpa edilib. Torpaqlarımız işğaldan azad olunandan sonra Prezident İlham Əliyev Novruz tonqallarını Qarabağda yandırır. Dövlət başçımız 2021-ci ildə Şuşada, 2022-ci ildə Suqovuşanda, 2023-cü ildə Talış kəndində yandırdığı Novruz tonqalını növbəti dəfə 2024-cü il martın 18-də Xankəndi şəhərinin mərkəzi meydanında alovlandırdı.  

Ən çox sevindirici hadisələrdən biri də odur ki, keçmiş məcburi köçkünlər doğma ocaqlarına qayıdırlar. Ata-baba yurdlarına dönən sakinlər Novruz bayramını dövlət tərəfindən yeni tikilmiş evlərində qeyd edirlər. Bu gün Novruz tonqalları Şuşada, Cəbrayılda, Zəngilanda, Laçında, Füzulidə, Xankəndidə, Xocalıda və işğaldan azad olunmuş digər şəhər və kəndlərdə yandırılır. İnsan üçün bundan böyük sevinc yoxdur. Yaxın zamanlarda bütün keçmiş məcburi köçkünlər belə sevinc dolu günlər yaşayacaqlar.


Vahid MƏHƏRRƏMOV,

"Azərbaycan" 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbrik

17:37
18 Mart

Xankəndi şəhərində məskunlaşma olan yaşayış yerləri telekommunikasiya xidmətləri ilə təmin edilib 

17:36
18 Mart

Bakıda və Abşeron yarımadasında 32 dərəcə isti qeydə alınıb - FAKTİKİ HAVA

17:35
18 Mart

Ağdaşda özünüməşğulluq proqramı çərçivəsində 800-dək şəxs üçün kiçik təsərrüfat yaradılıb

17:15
18 Mart

Çin alimləri xərçəngin müalicəsində sıçrayış ediblər

17:01
18 Mart

“Apple” yeni modelini təqdim etməyə hazırlaşır

16:28
18 Mart

Mərkəzi Seçki Komissiyasının iclası keçirilir

16:13
18 Mart

FHN gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

16:12
18 Mart

“AzerGold” Göygöl rayonunda növbəti sosial yardım aksiyası təşkil edib

16:11
18 Mart

Ölkə ərazisində qəzalı binalara dair müşavirə keçirilib

15:42
18 Mart

XİN: Ermənistan Baş nazirinin ofisinin sərhədyanı bölgələrdə atışma faktlarını təhrif edən bəyanatını rədd edirik

15:40
18 Mart

Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 13-18 dərəcə enəcək - XƏBƏRDARLIQ

15:39
18 Mart

Türkiyəli ekspert: Qlobal Bakı Forumunun nəticələri Azərbaycanın dünyadakı yeni rolunu nümayiş etdirir

15:38
18 Mart

Türkiyədə 18 Mart-Çanaqqala Dəniz Zəfərinin 110-cu ildönümü qeyd edilir

15:37
18 Mart

Sumqayıt şəhərini Saray qəsəbəsi ilə biləşdirən körpü istifadəyə verilib

14:54
18 Mart

İsraillə iqtisadi əməkdaşlığın inkişafı müzakirə olunub

14:53
18 Mart

DYP Novruz bayramı ilə əlaqədar gücləndirilmiş rejimdə çalışacaq

14:52
18 Mart

Qazaxıstan Xəzər dənizində hərbi təlim keçirib

14:49
18 Mart

Birinci vitse-prezident Mehriban Əliyeva Ağdərədən paylaşım edib 

14:47
18 Mart

Ötən il ölkənin xalis maliyyə aktivləri artıb

14:45
18 Mart

Fransızlar əmanətlərinin hərbi məqsədlər üçün istifadə olunmasını istəmirlər

14:44
18 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!