29 Mart 2023 01:36
1017
SİYASƏT
A- A+

Tarixi dostluqdan etibarlı müttəfiqliyə doğru

 

Təl-Əvivdə Azərbaycan səfirliyinin açılması əlaqələri daha da genişləndirəcək 

 

"Biz tarixən dostluq və qarşılıqlı anlaşma şəraitində yaşamış xalqlarımızın iradəsindən qaynaqlanan Azərbaycan-İsrail münasibətlərinə xüsusi əhəmiyyət veririk".
2022-ci ilin 29 dekabrında İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahuya ünvanladığı təbrik məktubunda Prezident İlham Əliyevin vurğuladığı kimi, tarixən xalqlarımız arasında var olan dostluq bağları dövlətlərimiz arasındakı qarşılıqlı etimada dayanan münasibətlərə də böyük stimul verir və gündən-günə yüksələn xətt üzrə inkişaf etməsində böyük rol oynayır. 
Elə bu gün Azərbaycanın Təl-Əvivdə səfirliyinin açılması da iki ölkə arasındakı hərtərəfli əlaqələrin diplomatik müstəvidə də yüksək zirvələrə daşındığının mühüm və əlamətdar göstəricisidir.

 

Birgəyaşayışın Azərbaycan nümunəsi

 

Cənubi Qafqazın dilbər guşəsi olan Azərbaycan dünyada multikulturalizm və tolerantlıq mərkəzi kimi tanınır. Qədim Odlar yurdunda min illərdir bərqərar olmuş tolerant cəmiyyət, milli və dini ayrı-seçkiliyə yol verilməməsi burada məskunlaşmış yəhudilərə də öz varlığını qoruyub saxlamağa geniş imkan yaradıb. İsraildən kənarda yəhudilərin ən sıx məskunlaşdığı məkan olan Qubanın Qırmızı Qəsəbə adlanan yaşayış məskəni bütün postsovet məkanında dağ yəhudilərinin yığcam yaşadıqları yeganə ünvandır. 
Yəhudi məktəbləri, mədəniyyət mərkəzləri olan ölkəmizdə yeddi sinaqoq var və onlardan beşi Bakı şəhərində yerləşir. Bu isə onun göstəricisidir ki, Azərbaycan dövləti digər konfessiyaların nümayəndələrinə olduğu kimi, Yəhudi icmasının nümayəndələrinə də öz dini ayinlərini və adət-ənənələrini sərbəst formada icra etmələri üçün hər cür şərait yaradıb. 
Əsrlərdir Azərbaycanda sülh və dostluq şəraitində yaşayan yəhudilər və azərbaycanlılar hazırda da birgəyaşayışa misilsiz nümunə olan bu ənənəni uğurla davam etdirirlər. 
Azərbaycanda yaşayan bütün xalqların nümayəndələri kimi, yəhudilər də vətənimizin bütövlüyü uğrunda döyüşə atılaraq cəsurluqla vuruşub, sinələrini düşmən gülləsinə sipər ediblər. Birinci Qarabağ müharibəsində yəhudi balası tankçı Albert Aqarunovun göstərdiyi qəhrəmanlıqlar dillərdə dastandır və şəhid Milli Qəhrəmanımızın əziz xatirəsi xalqımızın hər bir üzvünün qəlbinə silinməz izlərlə həkk olunub. Eləcə də dövlətimiz tərəfindən cəsur Albertin xatirəsi əbədiləşdirilib, Bakıda adına küçə verilib, möhtəşəm abidəsi ucaldılıb.

 

Vətən müharibəsində İsrailin dost köməyi

 

44 günlük Vətən müharibəsində də Azərbaycanda yaşayan yəhudi xalqının nümayəndələri eyni vətənpərvərliyi nümayiş etdirərək "Dəmir yumruq" ətrafında sıx birləşdilər. 
Hər zaman Azərbaycan və İsrail dövlətləri arasındakı əlaqələrin inkişafında çox fəal rol oynayan Azərbaycanın yəhudi icması və əsasən Azərbaycandan olan yəhudilərdən ibarət İsraildəki Azərbaycan diasporu Vətən müharibəsi dövründə də ölkəmizin ədalətli mövqeyini müdafiə etdi, Azərbaycana dəstək mitinqləri keçirdi. 
Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən olan İsrail 2020-ci il Vətən müharibəsi zamanı Azərbaycana mühüm yardım göstərdi. Bu ölkənin dost köməyini 44 günlük müharibədə Ermənistan tərəfindən raket atəşlərinə məruz qalan Azərbaycanın ikinci böyük şəhəri Gəncə sakinlərinə humanitar və tibbi yardımları zamanı da gördük.

 

Diplomatik əlaqələrimizin 30 illiyinə töhfə 

 

1993-cü ildə İsrail Azərbaycanda səfirliyini açıb. Bu isə o deməkdir ki, bu il dövlətlərimiz arasında qurulan uğurlu diplomatik əlaqələrin 30 illiyini qeyd edirik. Artıq bu gündən etibarən İsraildə Azərbaycan səfirliyi də rəsmən fəaliyyətə başlayır.
Xatırladaq ki, Azərbaycanın İsraildə səfirliyi ötən ilin noyabrında təsis edilib. Azərbaycanın İsraildəki ilk səfiri təyin olunmuş Muxtar Məmmədov etimadnaməsini martın 2-də İsrail Xarici İşlər Nazirliyinə, martın 26-da isə İsrail Prezidenti İsaak Hersoqa təqdim edib. 
Təl-Əvivdə səfirliyin açılması hərtərəfli inkişafda olan Azərbaycan-İsrail əlaqələrinin diplomatik sahədə də yüksək zirvəyə qalxdığının göstəricisidir. 
Heç şübhəsiz, dövlətlərimiz arasındakı dostluq və etimada əsaslanan bu nümunəvi əlaqələr iki ölkə rəhbərləri arasında olan xoş münasibətlər zəminində daha da irəliləyib və özünün ən parlaq dövrünə qədəm qoyub. 
Azərbaycanın İsraildə səfirliyinin açılması iki ölkə arasındakı dostluq əlaqələrini daha da dərinləşdirəcəkdir. 

Yasəmən MUSAYEVA, 
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video