09 Sentyabr 2022 00:27
700
Mədəniyyət
A- A+

Tarı təkmilləşdirən böyük sənətkar

 

Prezident İlham Əliyev sentyabrın 7-də görkəmli sənətkar Mirzə Əsəd oğlu Sadığın (Sadıqcanın) Şuşa şəhərində yerləşən evinin layihələndirilməsi və bərpası ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Qədim və əsrarəngiz Şuşanın yağı düşmənin vurduğu yaraları sağalır. Şuşa dirçəlir. Otuz ilə yaxın davam edən işğal müddətində erməni vandallarının dağıtdıqları evlər yenidən qurulur. Yayın qızmar günlərində belə isinməyən, buza dönmüş yerlərinə hərarət gəlir. Düşmənin zülmətə çevirdiyi şəhərin küçələri də, evləri də sabahı kimi aydınlanır. Tezliklə Şuşada isinən, işıqları yandırılan evlərdən biri də onun - musiqiçi, tarzən, bəstəkar və tarı təkmilləşdirən sənətkar Mirzə Əsəd oğlu Sadığın (Sadıqcanın) olacaq...

 

Böyük arzularla qurulan ocaq

 

Bu evi Sadıq Sadıqcan olandan sonra, şöhrəti dillərdə dolaşan vaxtlarında özü tikdirib. Şuşanın ən yaxşı küçələrindən birində inşa olunan üçmərtəbəli evinin tikinti işlərində sənətkar özü də bir neçə gün iştirak edib.
1846-cı ildə Şuşa şəhərində dünyaya gələn Sadığın uşaqlığı firavanlıq içərisində keçməyib. Atası Əsəd gözətçi işləyib. Birmərtəbəli ata evi iki otaqdan ibarət olub. O kasıbyana evlərində Sadıq musiqi sənətinə bağlılıq, sevgi görə-görə böyüyüb. Şuşanın mədəni mühiti də onun dünyagörüşünün formalaşmasına böyük təsir göstərib. Hələ uşaq yaşlarından incəsənətə, musiqiyə marağı sonsuz idi. Atası onu Xarrat Qulunun məktəbinə gözəl, ürəyəyatımlı səsinə görə aparıb. Xarrat Qulu Sadığın istedadlı olduğunu görüb məktəbinə qəbul edib. Şuşanın məşhur muğam ifaçıları Hacı Hüsü, Cabbar Qaryağdıoğlu, Bülbülcan, Məşədi İsi, Dəli İsmayıl, Şahnaz Abbas, Keştazlı Həşim, Keçəçi oğlu Məhəmmədin oxuduğu bu təhsil ocağı Sadığın da musiqiçi kimi yetişməsində mühüm rol oynayıb.
Artıq seçdiyi sənət, gedəcəyi yol bəlliydi. Elə Sadığın məlahətli, özünəməxsus səsini dinləyənlər də onun adlı-sanlı xanəndə olacağına inanırdılar. Ancaq on səkkiz yaşlı Sadığın səsi qəflətən batıb. Xanəndəlik arzusu gözündə qalan gənc sarsılsa da, musiqi sənətindən uzaqlaşmayıb. Tütək, ney, kamança alətlərində gözəl musiqilər ifa etməyi öyrənsə də, onun sənətdə ömürlük yoldaşı, ruhunun həmsöhbəti tar olub.
İstedadı olduğu qədər də öyrənməyə həvəsli Sadıq tar müəllimi, XIX əsrdə yaşamış məşhur tarzən Mirzə Muxtar Məmmədovdan dərs alıb. Qısa vaxtda tar ifaçılığı sənətinin incəliklərinə yiyələnib. O, Mirzə Muxtarın ansamblının kamança ifaçısı olub. Müəllimi bir gün xəstələnib. Sadıq tarda Mirzə Muxtarı əvəz etməli olub. Və o gün tarı elə səsləndirib ki, dinləyənlər heyran qalıblar. Sadığın tarzənlik məharətindən bütün Şuşa xəbərdar olub. Bu uğuru Sadığı ömürlük tar sənətinə bağlayıb. Mirzə Muxtar şagirdinin qabiliyyətinə heyranlığını sevinc və qibtə ilə dilə gətirib: "Kaş mənim var-dövlətim Sadığın, onun barmaqları isə mənim olaydı", - deyib.

 

Sadıq necə Sadıqcan olub

 

Sadıqcan kimi tanınmasına, məşhurlaşmasına gəlincə, Xalq rəssamı Lətif Kərimov "Musiqi lüğətinin izahı" adlı əsərində  qeyd edib ki, XVIII əsrdən etibarən Yaxın Şərq ölkələrində, eləcə də Azərbaycanda xalq tərəfindən çox sevilən, yüksək dəyərləndirilən xanəndə və sazəndələrə "can" kimi yüksək ad, yaxud təxəllüs verilirdi. Bu səbəbdən Mirzə Sadıq Sadıqcan, Əbdülbağı Zülalov Bülbülcan kimi tanındılar.
Şuşada qurulan musiqi məclislərinin Sadıqcanın məşhurlaşmasında böyük rolu olub. Şöhrəti Şuşanı, Qarabağı aşıb. Azərbaycanın başqa bölgələrində, hətta qonşu ölkələrdə də tanınıb. 1872-ci ilin martında İranın Rusiyadakı səfiri Novruz bayramı münasibətilə onu Sankt-Peterburqa dəvət edib. Sadıqcan bayram tədbirində məşhur xanəndə Səttarla birlikdə çıxış edib.
O, Hacı Hüsü və Ata Bağdagüloğlu ilə muğam üçlüyü yaradıb. Sonra özü xanəndə Məşədi İsinin üçlüyünə daxil olub. Bu üçlük 1890-cı illərdə Aşqabad, Səmərqənd, Daşkənd və başqa şəhərlərə gedib, xalq şənliklərində çıxış edib.
1880-ci ildə üçlük Təbrizə Nəsrəddin şah Qacarın oğlunun toy mərasiminə dəvət olunub. Elə məclis aparıblar ki, Nəsrəddin şah Hacı Hüsünü ən yaxşı xanəndə, Sadıqcanı ən yaxşı tarzən kimi "Şiri-Xurşid" ordeni ilə mükafatlandırıb.
Sadıqcanın rəhbərliyi ilə 1890-cı illərdə Şuşada ansambl yaranıb. Dövrün tanınmış musiqiçiləri və xanəndələri həmin ansamblda çıxış ediblər. Ansambl Şuşa, Bakı, Gəncə, Aşqabad, Tehran, İstanbul, Dərbənd və Vladiqafqazın konsert zallarında, Xurşidbanu Natəvan, Mahmud ağa, Məşədi Məlik bəy Mansurovun musiqi məclislərində, Tiflisin "Müctəhid" və İrəvanın "Xurra" bağlarında konsertlər verib.
Sadıqcan bacarıqlı pedaqoq kimi də Azərbaycan musiqi sənətinə böyük xidmət göstərib. Öz təcrübəsini, bildiklərini həvəslə şagirdlərinə - Qurban Pirimov, Məşədi Cəmil Əmirov, Məşədi Zeynal Haqverdiyev, Şirin Axundov, Mərdi Canıbəyov, Həmid Malıbəyli və başqalarına öyrədib.

 

Ustadın talan olunan evi yenidən qurulur 

 

Sadıqcan tarı təkmilləşdirib. Bu musiqi alətinə cingənə və kök simləri əlavə edib, simlərin sayını 5-dən 11-ə çatdırıb. Tarın həm də pərdətutma sistemini tamamilə dəyişdirən tarzən onların sayını 28-dən 22-yə endirib. Musiqiçilər onun yenilik gətirdiyi tarı "möcüzə", Sadıqcanı isə "tarın atası" adlandırıblar. Tarzənin təkmilləşdirdiyi Azərbaycan tarı Qafqazda və Orta Asiyada geniş yayılıb.
O, Azərbaycan muğamına bir sıra yeniliklər gətirib, "Segah", "Mirzə Hüseyn Segahı" və "Mahur"u təkmilləşdirib. Mütəxəssislər Azərbaycan muğamında "Mahur-Hindi", "Orta Mahur", "Zabul Segah", "Xaric Segah", "Mirzə Hüseyn Segahı", "Yetim Segah" və "Çoban Bayatı"nın yaranmasının Sadıqcanın yaradıcılığı və Azərbaycan tarı ilə bağlı olduğunu bildiriblər. Bəstəkar Əfrasiyab Bədəlbəyli deyib: "Əgər nəzərə alsaq ki, muğamların ifasında tar çalğı alətləri içərisində əsasdır, onda Mirzə Sadığın tarının son nəticədə Azərbaycan musiqi sənətinin inkişafında dönüş yaratdığını inamla demək olar. Mirzə Sadıqdan başlayaraq Azərbaycan muğamlarının mahiyyəti, onların ifadə vasitələri, təsir gücü və ifa üsulları yeni bir mərhələyə qalxmışdır. Mirzə Sadıq Azərbaycan musiqisi tarixində yeni bir səhifə açmışdır".
Onun bəstəkar kimi də fəaliyyət göstərdiyi məlumdur. "Orta Segah" və "Bayatı-Şiraz" muğamlarına bir neçə rəng bəstələyib.
O, 1897-ci ildə Şuşada dini şəbeh üslubunda musiqili "Leyli və Məcnun"un tamaşaya qoyulmasında da iştirak edib. 1901-ci ildə isə Şuşada təşkil olunan Birinci Şərq konsertində Sadıqcan ilk dəfə tarda "Mahur" muğamını solo ifa edib.
Sadıqcan yalnız şənliklərdə, musiqi məclislərində iştirak etməyib, həm də Şuşa və Tiflisdə tamaşaların fasilələri zamanı konsertlər verib.
Sadıqcan getdiyi hər yerdə, iştirak etdiyi hər məclisdə hörmətlə, ehtiramla qarşılanan sənətkarlardan olub. Musiqi tədqiqatçısı Əbdülhəmid Babayev onu ilk dəfə 1897-ci ildə Bakıda, İçərişəhərdə Hüseyn bəy Ağayevin toyunda gördüyünü xatırlayaraq yazıb: "Cəmi Qafqazda belə gözəl tar çalan olmayıb. Sadığın çox gözəl camalı var idi. Ucaboy, enlikürək və cüssəli idi. O, məclisə çox ədəb və ərkanla girərdi. Camaat ona sonsuz hörmət bəslərdi. Onun əlində o qədər qüvvə var idi ki, tarı çox zaman mizrabsız çalardı".
Sadıqcanın ustadlığı barədə çox söhbətlər dolaşıb. Şahid olanlar onun tarla qaratoyuğa bir neçə kiçik təsnif və mahnıları öyrətdiyini söyləyiblər. Qurban Pirimov yazıb: "Bir gün Sadıq məndən xahiş etdi ki, onun üçün Gülablıdan bir bülbül gətirim. Mən də bir şeyda bülbül, bir də qaratoyuq apardım. Bir gün gəlib gördüm ki, o, qaratoyuğun qarşısına bir güzgü qoyub. Özü isə kənarda durub tar çalır. İndiki kimi yadımdadır. O, qaratoyuqların çöldə oxumalarına bənzəyən bir təsnif çalırdı. Güzgüdə öz şəklinə tamaşa edən qaratoyuq birdən başladı oxumağa. Mən təəccübdən yerimdə quruyub qaldım. Sadıq belə sənətkar idi. O, görünməmiş bir möcüzə idi".
Dövründə "Qafqazın birinci tarzəni" kimi tanınan Sadıq 1902-ci ildə 56 yaşında Şuşada vəfat edib. 1992-ci ilin mayında görkəmli tarzənin doğma şəhəri də erməni qəsbkarları tərəfindən işğal olundu. Ermənistan silahlı qüvvələri zəbt etdikləri Qarabağın və Şərqi Zəngəzurun digər əraziləri kimi, Şuşanı da dağıntılara məruz qoydular. Divarına Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən xatirə lövhəsi vurulmuş Sadıqcanın evi də ermənilər tərəfindən talan olundu. İşğalçı ermənilərin uçurub dağıtdıqlarını, yerləyeksan etdiklərini Azərbaycan dövləti böyük diqqət, qayğı və həssaslıqla yenidən qurur. Musiqi sənətimizin inkişafında böyük xidmətləri olan unudulmaz Sadıqcanın da evi bərpa ediləcək və yenidən musiqisevərlərin üz tutduqları doğma məkana çevriləcək.
 
Zöhrə FƏRƏCOVA,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video