Dövrümüzün ən çox tələb olunan xidmət növlərindən biri də taksilərdir. Texnologiyanın inkişafı taksi xidmətinin daha rahat və ucuz olmasına gətirib çıxarıb. Ölkəmizdə də bu mənzərə ilə qarşılaşmaq mümkündür. Bu cür inkişaf yolu bəs nədən başlayıb?
Taksilərin ibtidai prototipi sayıla bilən kirayə at arabaları həm London, həm də Parisdə XVII əsrin əvvəllərində fəaliyyətə başlayıb. İlk sənədləşdirilmiş kirayə at arabalarına 1605-ci ildə Londonda rast gəlinib. 1636-cı ildə kirayə arabaları sürən sürücülərə lisenziya verilməyə başlanılıb, bir il sonra isə Parisdə eyni icazə tətbiq edilib.
Londonda 1635-ci ildə parlament tərəfindən kirayəlik at arabalarını qanuniləşdirmək üçün xüsusi akt qəbul edilib. Taksi xidmətinə isə Parisdə 1637-ci ildə Nikolas Sauvage tərəfindən başlanılıb. Onun avtomobilləri “fiakr” adlandırılırdı. Bu söz fransız dilində kirayəlik atlı vasitəsini ifadə etmək üçün istifadə olunur. Beləliklə, xidmət bir çox ölkəyə yayılaraq inkişaf edib.
XIX əsr taksilər üçün əsl yenilik dövrü idi. 1823-cü ildə Londonda yüngül ikitəkərli kabrioletlər peyda olmuşdu.”Kabin” adlandırılan bu avtomobillər tez bir vaxtda insanlar arasında populyarlıq qazanmışdı. Lakin inkişaf elə də sürətli getmirdi. Kasıb və orta təbəqənin, demək olar ki, xidmətdən istifadə etməməsi, varlıların öz şəxsi nəqliyyatlarının olması kabinlərin inkişafına manə olurdu. Lakin kabinlər taksi xidmətinin tarixi üçün böyük bir çevriliş idi.
Təkərli nəqliyyat vasitəsinin qət etdiyi məsafənin sayğacı 1875-ci ildə alman musiqi müəllimi Vilhelm Fridrix Nedler tərəfindən hazırlanıb. O öz cihazını “taksonom” adlandırmışdı. Taksi sözünün etimologiyası da bu sözdən gəlir. “Taksonom” sözü alman dilində “vergi” mənasını ifadə edir. Nedlerin bu cihazı sürücü və sərnişinlərin işini rahatlaşdırmışdı. Bununla belə, şəhər polis idarəsi sayğacların at arabalarına quraşdırılması üçün əsasnamələr vermişdi. 1890-cı ildə cihazın patentinə sahib şirkət cihazın adını “taksometr” olaraq dəyişdirdi və bu günümüzədək cihaz belə adlanır.
Taksilərin çoxluğu şirkətlərin açılmasına təkan verirdi. Taksi üçün ilk sarı rəngi XX əsrdə “Yellow Cab” şirkətinin sahibi Harri Allen seçib. Şirkət yalnız taksi fəaliyyəti ilə məşğul olmaq üçün avtomobillər istehsal edirdi. Avtomobillər üçün sarı rəngin seçilməsində səbəb sarı rəngin cəlbediciliyi, uzaq məsafədən asanlıqla fərqlənməsi idi. 1950-ci illərdən taksilər üçün xüsusi fərqləndirici əlamət olan “şahmat löhvəsi” də əlavə edilmişdi.
Taksi xidmətinin əsaslı inkişafı telefon zəngi vasitəsilə sifarişlərin qeydə alınması nəticəsində müşahidə edilib. İnternetin mövcudluğundan sonra isə 1990-cı illərin sonlarında “Ridesharing” proqramı yaradıldı. Bu xidmətdən istifadə yalnız vebsayta daxil olmaqla mümkün idi.
XXI əsrdə texnoloji inqilabla insanların smartfonlarına bağlılığı və demək olar ki, bütün işlərin telefonla idarə edilməsi onlayn taksi xidmətlərinin yaranmasına yol açdı. 2009-cu ildə Garrett Camp və Travis Kalanic “Ubercab” şirkətini qurdular. Beta versiyalı buraxılışdan sonra “Uber”in mobil tətbiqi 2011-ci ildə San-Fransiskoda ictimaiyyətə təqdim edildi. Şikətin adı da elə həmin vaxtda “Ubercab”dan “Uber”ə dəyişdirildi. Əvvəlcə yalnız San-Fransisko əhalisi üçün fəaliyyət göstərən şirkət 4-5 il ərzində bütün dünyada istifadə olunmağa başladı.
Dövrümüzdə taksi xidməti, demək olar ki, mobil tətbiqlər əsasında işləyir. Taksi xidməti dünyada olduğu kimi, ölkəmizdə də intensiv istifadə olunan xidmətdir. Taksi bazarının sürətlə böyüməsi isə rəqabəti artırır.
Sonda onu da qeyd edək ki, 2010-cu ildə onlayn taksi xidmətlərinin gündə 15 milyon səfəri baş tutmuşdu.
Aydan XƏLİLOVA,
“Azərbaycan”