15 Iyun 2024 21:32
443
SİYASƏT
A- A+

Şuşada “Türk dünyası-2040: gələcəyə konseptual baxış” mövzusunda panel sessiya təşkil olunub

 

İyunun 15-də Şuşada Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı ilə keçirilən “Türk Dövlətləri Təşkilatı: geosiyasi reallıqlar və qlobal kataklizmlər fonunda yeni strateji hədəflərə doğru” adlı beynəlxalq konfrans çərçivəsində “Türk dünyası-2040: gələcəyə konseptual baxış” mövzusunda panel sessiya təşkil olunub.

AZƏRTAC xəbər verir ki, sessiyanın moderatoru - Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov bundan əvvəlki sessiyalarda dərin, məzmunlu, vacib əhəmiyyətli məsələlərin müzakirə edildiyini diqqətə çatdırıb.

O, üçüncü sessiyanın “Türk dünyası-2040: gələcəyə konseptual baxış” adlandırılmasının təsadüfi olmadığını vurğulayaraq deyib: “Bu gün tarixi gündür. Bu gün tamamilə başqa bir Azərbaycanın, Türk dünyasının şahidiyik. Bu gün dünya öz istiqamətində, öz inkişafında, öz çağırışlarında, öz təhdidlərində, öz problemlərində strateji təhlil və konseptual baxış tələb edir. Atdığımız hər bir addım, hər bir nəticə məhz strateji təhlil nöqteyi-nəzərdən həyata keçirilir. Bunun da kökü var: Ümummilli Lider Heydər Əliyevin, Prezident İlham Əliyevin siyasəti, Türk dövlətləri rəhbərlərinin, prezidentlərinin görüşləri, gələcəyə baxışları”.

Səməd Seyidovun sözlərinə görə, 2009-cu ildə yaradılmış qurum məhz strateji və konseptual baxış nəticəsində 2021-ci ildə Türk Dövlətləri Təşkilatı zirvəsinə yüksəlib.

Türkiyə Prezidenti yanında Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun İdarə Heyətinin sədri Aygün Attar Azərbaycanla Türkiyə arasında imzalanmış Şuşa Bəyannaməsinin əhəmiyyətindən danışıb. Onun sözlərinə görə, bu sənəd, sadəcə, iki dövlət arasında strateji ortaqlıq sənədi olmaqla qalmır, bütün Türk dünyasında birlik ruhunu coşqu ilə tərənnüm edir. Şuşa Bəyannaməsi TDT-də də birliyi gücləndirən amillərdən biridir.

“Hazırda Türk Dövlətləri Təşkilatı siyasi, iqtisadi və insani tərəfləri ilə Türk İş Birliyinin gücü olma vəzifəsi və məsuliyyətini daşıyır. İstanbulda keçirilən türk dövlət başçılarının 8-ci Zirvə görüşündə qəbul edilən “Türk Dünyası – 2040” vizyon sənədi Türk İş Birliyinin önümüzdəki 20 il içindəki hədəflərini geostrateji yöndən gözlər önünə sərir. Dünya miqyasında yaşanan hadisələr beynəlxalq, regional və qitələrarası mənada strateji baxışa sahib olma zərurətini doğurub.

A.Attar qeyd edib ki, TDT-nın qurucu sənədi olan Naxçıvan Bəyannaməsində yer alan suverenlik, bərabərlik, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığını özündə ehtiva edən beynəlxalq hüququn əsas prinsipləridir. Bu amilin “Türk Dünyası – 2040” vizyonunda da öz əksini tapması çox önəmlidir. A.Attar qarşıya qoyulan hədəflərin reallığa çevrilməsinin türk iş birliyinin Avrasiyadakı geosiyasi yöndə gücünü artıracağını vurğulayıb.

Qırğızıstanın Azərbaycandakı səfiri vəzifəsini müvəqqəti icra edən Kayrat Osmonaliyev deyib ki, Türk Dövlətləri Təşkilatı tamhüquqlu regional beynəlxalq təşkilat kimi xüsusi yer tutur və dünya siyasətində tanınan amilə çevrilib.

Ölkəsinin hər zaman Türk dünyasında inteqrasiya prinsiplərinin gücləndirilməsinin ardıcıl və fəal tərəfdarı olduğunu diqqətə çatdıran qonaq bugünkü konfransın TDT-nin əməkdaşlıq perspektivləri baxımından əhəmiyyətli olduğunu vurğulayıb.

O qeyd edib ki, mövcud şəraitdə Türk dünyası üçün təhlükəsizlik sisteminin yaradılması məsələsini gündəmə gətirməyin vaxtı çatıb, bu barədə ciddi düşünməliyik.

Qırğızıstan ilə Azərbaycan arasında əlaqələrin dərin strateji tərəfdaşlıq formatında olduğunu diqqətə çatdıran qırğız diplomat ölkəmizdə təmsilçiliyinin müddətinin başa çatdığını deyib. Bildirib ki, Azərbaycanı və onun qonaqpərvər insanlarını hər zaman ehtiramla xatırlayacaq. Diplomat ölkələrimizin gələcəkdə müttəfiqlik münasibətləri səviyyəsinə keçmək potensialı olduğunu bildirib.

Türk Ticarət və Sənaye Palataları Birliyinin baş katibi Adem Kula bildirib ki, Türk Dövlətləri Təşkilatının üzvləri və qurumda müşahidəçi qismində təmsil olunan ölkələr arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi, ticarət, investisiya əlaqələrinin dəstəklənməsi, nəqliyyat infrastrukturunun yaxşılaşdırılması qarşıda duran əsas hədəflərdəndir.

Türk dünyasının 2040-cı ilə qədərki inkişaf strategiyasının bir çox sahələri əhatə etdiyini diqqətə çatdıran Adem Kula vurğulayıb: “Bunlardan ən prioritet olanlardan biri isə sözsüz, ortaq iqtisadiyyatın inkişaf etdirilməsidir. Odur ki, Türk dövlətləri arasında maliyyə və investisiya cəlbedicililiyinin artırılması, elektron ticarətin, eləcə də kiçik və orta sahibkarlığın sürətli inkişafına nail olunması xüsusilə diqqətdə saxlanılmalıdır.

Baş katib qeyd edib ki, gələcəyə konseptual baxış qismində nəzərə alınmalı vacib məsələlərdən biri də ayrı-ayrılıqda türk dövlətlərinin iqtisadi inkişaf göstəricilərinin bərabər səviyyəyə çatdırılmasıdır. A.Kula bu gün hələ də ortaq ticarəti təmin edən heç bir mərkəzləşmiş qurumun olmadığını təəssüflə bildirərək deyib: “TDT-yə üzv ölkələrin qarşılıqlı ticarət əlaqələri zamanı gömrük rüsumlarının tamamilə aradan qaldırılması da öz həllini tapmalıdır. Gömrüksüz, sərbəst ticarət bizim 2040-cı il hədəflərimizə daha tez çatmağımızı şərtləndirəcək strateji addımlardandır”.

Adem Kula türk coğrafiyasının çox böyük arealı əhatə etdiyini, eyni zamanda, bu coğrafiyada yerin üstü kimi altının da həddindən artıq zəngin olduğunu bildirib. Belə ki, türk dünyası planetimizin böyük ehtiyatlara malik neft-qaz, həmçinin digər təbii sərvətlələrə malik bölgələrindəndir və gələcəkdə dünyanın geosiyasi mənzərəsində mühüm enerji məntəqələrindən biri kimi nəzərdən keçirilir. Bu isə Türk Dövlətləri Təşkilatının təkcə regional deyil, beynəlxalq əhəmiyyətini də son dərəcə artırır, qurumun iqtisadi və siyasi inkişafını şərtləndirir.

Türk Mədəniyyəti və İrsi Fondunun Layihə rəhbəri Nuri Aksu deyib ki, Türk Dövlətləri Təşkilatının İstanbul Zirvəsində qəbul edilən “Türk Dünyası 2040 Vizyonu” sənədi bizim “Yol xəritəmiz”dir. Biz “Yol xəritəsi”nə uyğun olaraq 2040-cı il hədəflərimizə doğru inamla addımlayırıq.

Bayramlar münasibətilə xalqımızı təbrik edən layihə rəhbəri TÜRKSOY, TDT, Türk Akademiyası və digər türk təşkilatlarının fəaliyyətindən danışıb.

Ortaq dəyər və mədəniyyətimizin əhəmiyyətini qeyd edən Nuri Aksu Türk dünyasının Türk Mədəniyyəti və İrsi Fondunun bu təşkilatlar arasında ən gənc olduğunu deyib. Bildirib ki, mədəniyyət sahəsində əlaqələrin inkişafı istiqamətində səylər davam etdirilir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video