Qərb təsisatları COP29 ərəfəsində ölkəmizə qarşı yenidən böhtan kampaniyasına başlayıblar
Son illər ərzində Azərbaycanın regionda yaratdığı reallıqları heç cür həzm edə bilməyən Qərb dövlətləri, başda ABŞ və Fransa olmaqla hər fürsətdə ölkəmizə qarşı qərəz nümayiş etdirirlər.
Xüsusilə də ölkəmizin hansısa beynəlxalq tədbirə evsahibliyi etdiyi ərəfədə Qərbin Azərbaycana bütün platformalardan hücumunun şahidi olmuşuq. Bu baxımdan noyabrda Azərbaycanda keçiriləcək dünyanın ən böyük tədbirlərindən olan COP29 ərəfəsində antiazərbaycançı şəbəkənin fəallaşması heç də təəccüb doğurmur. Qərb təsisatları təşkilatlanaraq ölkəmizə qarşı yenidən böhtan və ittiham xarakterli kampaniyaya başlayıblar. Gah Azərbaycana sanksiya tətbiq etməkdən dəm vururlar, gah ölkəmizi "etnik təmizləmə"də günahlandırırlar, gah separatçılara azadlıq istəyirlər, gah da Qarabağda hansısa tarixi irsin dağıdıldığı iftirasını rüşvətlə ələ aldıqları beynəlxalq KİV vasitəsilə tirajlayırlar. Həyata keçirilən bütün bu çirkin kampaniyanın məqsədi isə Azərbaycanın imicinə xələl gətirməkdir.
Çirkin müraciətin pərdəarxası
Sözdə Azərbaycan və Ermənistan arasında normallaşmanı, bölgədə sülhü dəstəklədiklərini ifadə edən Qərb dairələri əməldə bunun əksi ilə məşğul olaraq İrəvana silahlar verir, onu revanşa həvəsləndirirlər. Azərbaycanın beynəlxalq hüququn norma və prinsiplərinə dayanaraq öz gücü sayəsində torpaqlarını işğaldan azad etməsini, ərazilərində separatizmi məhv etməsini, suverenliyini tam təmin etməsini, 30 il ərzində erməni vandallığına tuş gələn torpaqlarında sürətli bərpa-quruculuq işləri həyata keçirməsini, o yerlərə qayıdışın gerçəkləşdirilməsini özləri üçün matəm, qara günlər hesab edən ABŞ, Fransa, Kanada, Niderland... kimi ermənipərəst ölkələrin respublikamızı yersiz şəkildə vaxtaşırı ittiham etdiklərini görürük.
Bir müddət əvvəl Amerika Konqresinin 60 ermənipərəst konqresmeninin ölkəmizə sanksiyalar tətbiq etmək üçün Amerika hökumətinə müraciət etməsi də anti-Azərbaycan kampaniyasının bir halqası idi.
Oktyabrın 4-də - Cəbrayılın azadlıq günündə cəbrayıllı sakinlərlə görüşən Prezident İlham Əliyev də bu məsələyə xüsusi toxunaraq bildirdi ki, bu çirkin müraciət onu göstərir ki, bizə qarşı olan düşmənçilik siyasəti dayanmır. Dövlətimizin başçısı ABŞ-nin apardığı riyakar siyasətin iç üzünü açaraq söylədi ki, Amerika 1992-ci ildə - torpaqlarımız işğal olunanda bizə qarşı sanksiya tətbiq etmişdi. 2001-ci ildə isə sanksiyalar aradan qaldırıldı: "Nə üçün? Çünki onların Əfqanıstandakı işğalçılıq fəaliyyəti başlamışdı, işğalçılıq müharibəsi başlamışdı və bizə ehtiyacları var idi. Nə qədər ki onlar Əfqanıstanda qalmışdılar, hər il bu sanksiya Amerika Prezidenti tərəfindən qaldırılırdı. Onlar ki, Əfqanıstandan qaçdılar, - özü də bütün dünyanın gözü qarşısında, - bu sanksiyalar yenidən bizə qarşı tətbiq edildi. Bu nankorluğun dərəcəsi var, yoxsa yox?!"
Qərəz, riyakarlıq, ədalətsizlik...
Bu günlərdə Fransanın Avropa və xarici işlər naziri Jan Noel Baronun "France Inter" kanalına müsahibəsi zamanı, "Azərbaycanın Ermənistana münasibətdə beynəlxalq hüququ pozduğu"nu bildirməsi də bu ölkənin Azərbaycana qarşı növbəti əsassız və qərəzli münasibətinin göstəricisidir.
Azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya, kütləvi qətliamlara, soyqırımlarına məruz qalmasını, tarixi yurdlarından didərgin salınan bir milyondan çox insanın qaçqın, məcburi köçkün vəziyyətinə düşməsini, Azərbaycan torpaqlarının 30 il ərzində Ermənistanın işğalı altında olmasını, bu müddət ərzində o ərazilərdə işğalçı ölkə tərəfindən talanların həyata keçirilməsini, tarixi, dini, mədəni irsin vandalizmlə üzləşməsini heç zaman tənqid etməyən, beynəlxalq hüququ ayaqları altına ataraq bütün bu cinayətlərə göz yuman müstəmləkəçi Fransanın indi Azərbaycanı nələrdəsə ittiham etməsi qərəz və ədalətsizlikdən başqa bir şey deyil.
Atdığı bütün addımlarda beynəlxalq hüququ əsas götürən Azərbaycan torpaqlarını işğaldan azad edərkən BMT-nin dörd qətnaməsini yerinə yetirərək ədaləti bərpa edib.
Oktyabrın 10-da isə Niderland Krallığının Parlamentinin Nümayəndələr Palatası Azərbaycan əleyhinə növbəti iki qətnamə qəbul edib. Eyni zamanda Niderlandın xarici işlər naziri Kaspar Veldkamp çıxışı zamanı bu qərəzli qətnamələrə dəstək ifadə edərək Azərbaycan tərəfindən həbs edilmiş keçmiş separatçı rejimin nümayəndələrini və terrorçuları "hərbi əsir" kimi qələmə verib və onların azad edilməsinə dair çağırışlar edib. Ancaq nədənsə həmin sənədlərdə və səsləndirilən fikirlərdə nə Azərbaycanın 30 il ərzində uğradığı haqsızlıqlar, nə də Ermənistanın Azərbaycana qarşı hələ də ərazi iddiası güdməsi əksini tapıb.
Qərbin ölkəmizlə bağlı qərəz siyahısını uzada da bilərik, amma elə bu nümunələrin özü də kifayətdir. Antiazərbaycançı şəbəkə COP29 kimi mötəbər beynəlxalq tədbirin keçiriləcəyi ərəfədə xüsusilə aktivləşib və ölkəmizin nüfuzuna zərbə vurmaq üçün canfəşanlıq edir. Lakin ermənipərəst ölkələrin apardığı bu iyrənc kampaniya fiaskoya məhkumdur. İslamofob, azərbaycanofob qüvvələrin nə ölkəmizə lüzumsuz sanksiyalar tətbiq etməyə cəhd etmələri, nə "qətnamə" adı altında kağız parçaları qəbul etmələri, nə də böhtan xarakterli əsassız ittihamları Bakını tutduğu haqlı mövqedən və düz yoldan döndərə bilməz. Döyüş meydanında ərazi bütövlüyünü və suverenliyini təmin edən Azərbaycan bundan sonra da milli maraqlarını təhdid edən bütün qüvvələri yerində oturtmağa qadirdir.
Necə ki bununla bağlı yuxarıda sözügedən tarixdə Cəbrayıldan Qalib Lider İlham Əliyev xəbərdarlıq edib: "Nə qədər çalışsalar da, heç nə alınmayacaq. Ancaq bu gün Cənubi Qafqazı rahat buraxsınlar, əl çəksinlər, getsinlər öz işləri ilə məşğul olsunlar, öz problemləri ilə məşğul olsunlar, öz qanlı keçmişlərini yusunlar, öz günahlarını yumağa çalışsınlar. Bu gün əzab verdikləri 100 minlərlə insanın müstəqilliyini bərpa etsinlər, müstəmləkəçilik siyasətinə son qoysunlar, xalqları əzməsinlər, hər yerə burunlarını soxmasınlar. Xəbərdarlığım budur və hesab edirəm ki, bunu eşidən və buna əməl edən səhv etməz".
Yasəmən MUSAYEVA,
"Azərbaycan"