15 İyun 2022 03:41
1381
SİYASƏT
A- A+
Şuşa Bəyannaməsi - böyük hədəflərə doğru yolun başlanğıcı

Şuşa Bəyannaməsi - böyük hədəflərə doğru yolun başlanğıcı

 

Bir il öncə - 2021-ci ilin 15 iyununda iki qardaş ölkənin dövlət rəhbərləri - Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan azad Şuşada müttəfiqlik münasibətləri haqqında Bəyannaməyə imza atdılar. 29 il əvvəl Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdaraq dövlətimizi zamanın ağır təlatümlərindən xilas etdiyi bu tarixi gün ikiqat əlamətdarlıq qazandı.

Bölgə üçün mühüm əhəmiyyət daşıyan bəyannamənin imzalandığı o anlar, demək olar ki, bütün dünyanın nəzərləri Şuşada idi. Beynəlxalq ictimaiyyət bir daha şahid oldu ki, hərbi əməliyyatları uğurla başa çatdıran, "dəmir yumruq"la düşmənin başını əzən, işğalçı ölkənin ordusunu sıradan çıxaran Azərbaycan dövləti bu dəfə döyüşləri eyni qalibiyyətlə diplomatik səngərlərdə davam etdirir, şanlı qələbəmizi daha da möhkəmləndirir, havadarlarının dəstəyi ilə əsrlərlə başımızın bəlasına çevrilmiş ermənilərin bir daha bizim torpaqlara baxmağa belə cəsarət etməməsi üçün tarixi-siyasi, diplomatik zəmin hazırlayır.

"Bu bəyannamədə göstərilən bütün müddəalar bizim gələcək iş birliyimizin təminatçısıdır", - deyən Azərbaycan Prezidenti İlham Əliyev iki qardaş ölkə arasındakı münasibətlərin daha geniş strateji səviyyəyə yüksəldiyini, bölgənin parlaq gələcəyinə yol açan əməkdaşlıq olduğunu xüsusi vurğuladı. Hər kəsi həqiqətləri görməyə, Azərbaycan xalqının Zəfərini qəbul etməyə və gələcəyə baxmağa səslədi.

Bu, böyük bir tarixi nailiyyət idi! Azərbaycan və Türkiyə liderlərinin ölkəmizin Vətən müharibəsindəki Zəfərindən sonra regionda yaranmış yeni tarixi reallığa atdıqları möhtəşəm imzalar idi!

 

Strateji müttəfiqlik münasibətlərində yeni səhifə

 

Cənubi Qafqazda sülhə, təhlükəsizliyə, davamlı inkişafa böyük bir yolun göründüyü Şuşa Bəyannaməsi, əslində, bölgədəki yeni reallığa fayda vermək istəyən hər kəsi əməkdaşlığı təşviq etməyə çağırırdı.

11 fevral 2022-ci il tarixdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın imzası ilə "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında" Şuşa Bəyannaməsinin təsdiqinə dair qanun" ratifikasiya edildi. 2022-ci il fevralın 12-də isə Azərbaycan Prezidenti İlham Əliyev Şuşa Bəyannaməsinin təsdiq edilməsi barədə qanunu imzaladı. Bununla da Azərbaycan və Türkiyə tarixi üçün böyük əhəmiyyətə malik Şuşa Bəyannaməsi qüvvəyə mindi.

Dövlətimizin başçısı fevralın 24-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana ad günü münasibətilə göndərdiyi məktubda bu məsələyə də toxunaraq tarixi əhəmiyyət daşıyan Şuşa Bəyannaməsinin təsdiq edilməsi ilə bağlı məmnunluğunu ifadə etmişdir: "Bu sənəd Azərbaycan-Türkiyə strateji müttəfiqlik münasibətlərində yeni səhifə açır, regionda sülh və təhlükəsizliyin təmin olunmasına töhfə verir. Biz qardaş Türkiyə ilə gündən-günə yeni məzmunla zənginləşən əməkdaşlığımızı və səmərəli fəaliyyətimizi bundan sonra da birgə səylərimizlə genişləndirmək və şaxələndirmək əzmindəyik".

Sənədin əsas məzmununa qısaca nəzər salaq: Şuşa Bəyannaməsində Türkiyənin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində Türkiyə-Rusiya Birgə Mərkəzinin fəaliyyətinə verdiyi töhfənin regionda sülhün, sabitliyin və rifahın təmin edilməsində mühüm rol oynadığı vurğulanır.

Azərbaycan və Türkiyənin müstəqillik, suverenlik, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı, dövlətlərin daxili işlərinə qarışmamaq prinsiplərini rəhbər tutaraq müttəfiqlik münasibətlərinin qurulmasının siyasi və hüquqi mexanizmlərini müəyyən etdiyi göstərilir, xarici siyasət sahəsində əlaqələndirmənin və müntəzəm ikitərəfli siyasi məsləhətləşmələrin həyata keçirilməsinin vacibliyi qeyd edilir, bu istiqamətdə Azərbaycan ilə Türkiyə arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurası çərçivəsində fəaliyyətlərin əhəmiyyəti vurğulanır.

Eyni zamanda Şuşa Bəyannaməsində tərəflərin öz milli maraq və mənafelərini müdafiə və təmin etməyə yönəlmiş müstəqil xarici siyasət həyata keçirdikləri bildirilir. Sənəddə belə bir müddəa da öz əksini tapır ki, tərəflər regional və beynəlxalq miqyasda sabitlik və rifah vasitəsilə sülh, dostluq və mehriban qonşuluğa əsaslanan beynəlxalq münasibətlərin inkişaf etdirilməsində, eləcə də münaqişələrin və regional və qlobal təhlükəsizlik, sabitlik məsələlərinin həlli istiqamətində birgə səylər göstərirlər.

 

Təhdidlərə qarşı çiyin-çiyinə

 

Aktual xarakter kəsb edən, qarşılıqlı maraq doğuran beynəlxalq məsələlər üzrə həmrəylik və dəstək nümayiş etdirməklə yaxın və ya üst-üstə düşən mövqedən çıxış etməklə ikitərəfli əməkdaşlığın dərinləşdirilməsi, BMT, ATƏT, Avropa Şurası, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, İslam Əməkdaşlıq Təşkilatı daxil olmaqla, beynəlxalq və regional təşkilatlar çərçivəsində bir-birinə qarşılıqlı dəstəyin göstərilməsi də Şuşa Bəyannaməsinin məzmununa daxildir.

Sənəddə diqqəti çəkən ən vacib məqamlardan biri də hərbi sahədə əməkdaşlıq və müttəfiqliklə bağlıdır. Bəyannamədə qeyd edilir ki, iki dövlətin ərazi bütövlüyünə, suverenliyinə üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə Azərbaycan və Türkiyə bir-birini qoruyacaqlar: "Tərəflərdən hər hansı birinin fikrincə, onun müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına və ya təhlükəsizliyinə qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə, tərəflər birgə məsləhətləşmələr aparacaq və bu təhdid və ya təcavüzün aradan qaldırılması məqsədilə BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə müvafiq təşəbbüs həyata keçirəcək, bir-birinə BMT Nizamnaməsinə uyğun zəruri yardım göstərəcəklər. Bu yardımın həcmi və forması təxirə salınmadan keçirilən müzakirələr yolu ilə müəyyən edilərək birgə tədbirlər görülməsi üçün müdafiə ehtiyaclarının ödənilməsinə qərar veriləcək və Silahlı Qüvvələrin güc və idarəetmə strukturlarının əlaqələndirilmiş fəaliyyəti təşkil olunacaqdır".

İqtisadi-nəqliyyat məsələləri, xüsusilə qədim türk torpağı Zəngəzur dəhlizinin adının çəkilməsi sənəddə tarixi gerçəkliyi və hədəfləri göstərən mühüm amildir. Həmçinin bəyannamədə milli iqtisadiyyatların və ixracın şaxələndirilməsi üzrə səylərin artırılması, enerji-kommunikasiya layihələrindən, regionun tranzit-logistika imkanlarından istifadə, informasiya müharibəsində birgə fəaliyyət və s. məsələlər də bəyannamənin önəmli detallarındandır.

 

Milli Qurtuluş Gününə daha bir tarixi dəyər

 

Bəyannamənin əzəli-əbədi yurdumuz Şuşa şəhərində imzalanması ilə yanaşı, onun tarixi günlə bağlı iki əlamətdar məqamı da var. Bunlardan birincisi sənədə iyunun 15-də imza atılmasıdır. Həmin gün Azərbaycanın Milli Qurtuluş Günüdür. Müstəqilliyin ilk illərində respublikanın ağır xarici və daxili təhdidlərlə üzləşərək parçalanmaq, müstəqilliyini itirərək dünyanın siyasi xəritəsindən silinmək təhlükəsi ilə üzləşdiyi o ağır çağlarda Ulu Öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyət rəhbərliyinə qayıdıb Azərbaycanı xilas etdi, müstəqil dövlətçiliyimizin təməllərini möhkəmləndirdi. Bu tarixdən 28 il sonra eyni gündə Şuşa Bəyannaməsinin imzalanması da ölkəmizin müstəqilliyini daimi, əbədi və dönməz edən qətiyyətli addımlardandır. Belə bir tarixi qərar müasir dünyamızda Azərbaycan və Türkiyəni daha da qüvvətləndirir, bir-birinə arxalanan, inanan, güvənən iki qardaş ölkəni regionda böyük gücə çevirir.

 

Qars müqaviləsinin 100-cü ildönümündə

 

Şuşa Bəyannaməsinin imzalanması tarixi ilə bağlı ikinci önəmli məqam bu sənədə tarixi Qars müqaviləsinin 100-cü ildönümündə imza atılmasıdır. Qars müqaviləsi Qarabağ, Zəngəzur üçün çox vacib əhəmiyyət daşıyır. Bir əsr əvvəl Qars müqaviləsi bölgədə baş verən gərgin siyasi proseslər zəminində imzalanmışdı. Onda da dünyanın böyük dövlətləri bölgədə öz maraqlarını təmin etməyə çalışırdılar. Tarix yenə də təkrar olunur. İndi də beynəlxalq güclər region uğrunda açıq-gizli mübarizə aparır. Bir əsr əvvəlki mənzərədən mühüm fərqsə budur ki, indi bölgədə əsas qaydaları diktə edən Azərbaycan və Türkiyədir. Artıq kimsənin əsrlər əvvəl olduğu kimi, bizim başımız üzərindən bölgənin taleyinə qərar vermək imkanı yoxdur. Əksinə, indi regionun bu gününü də, gələcəyini də müəyyən edən, bütün maraqlı tərəfləri əməkdaşlığa, sülhə, qarşılıqlı faydalar qazanmağa çağıran, mövcud imkanları hamının üzünə açan məhz Azərbaycan Respublikası və Türkiyə Cümhuriyyətidir.

Həm Azərbaycan, həm də Türkiyə Şuşa Bəyannaməsində irəli sürülən müddəalara sadiqdir. Cənubi Qafqazda yaranmış yeni reallığı bu iki qardaş ölkə birgə formalaşdırır və bütün dünya onu qəbul edir. Çünki bölgədə təhlükəsizliyə, inkişafa, insanların rifahına xidmət edən bu siyasətin, bu reallığın alternativi yoxdur. Daha doğrusu, alternativlər var, amma həmin alternativlər insanları yeni faciələrə, münaqişələrə, məhrumiyyətlərə sürükləyən, üz-üzə qoyan, sülhü deyil, düşmənçiliyi, kin-küdurəti alovlandıran, cəmiyyətləri inkişafdan geri atan yollardır. Azərbaycan və Türkiyə müttəfiqliyi bu yolların yanlışlığını Cənubi Qafqazda həqiqətən sülh və rifah, insanların xoşbəxtliyini istəyən hər kəsə göstərir. Həm Şuşa Bəyannaməsinin imzalanmasına qədər atılan strateji addımlarla, həm də bu bəyannamənin imzalanmasından sonra həyata keçirilən birgə tədbirlərlə yeni regional geosiyasi konfiqurasiya qurur. Bu, regionda 200 ilə yaxın davam edən geosiyasi konfiqurasiyaların yenidən işlənib formalaşması, dizayn edilməsi və bundan sonra Azərbaycan-Türkiyə tandeminin rəhbərliyi altında idarə olunub yönəldiləcək yeni regional düzənin ilkin mənzərəsidir.

 

Qardaş dəstəyi ilə abad olan yurdlar

 

Azərbaycan və Türkiyə bu mənzərəni qonşuları təhdid etməklə, onların maraqlarına toxunmaqla, dağıntılarla, inkişaf yollarını qapamaqla deyil, əksinə, geniş bir əməkdaşlıq ortamı yaratmaqla, hər kəsi işbirliyinə dəvət etməklə, inkişaf üçün yeni üfüqlər açmaqla, abadlıqla, quruculuqla formalaşdırır.

Azərbaycanla Türkiyə arasında əlaqələrin belə bir səviyyədə inkişafı təkcə bu dövlətlərin deyil, həm də regionun ümumi tərəqqisinə, Cənubi Qafqazda sabitliyin bərqərar olmasına mühüm töhfələr verir. Bu birlik bölgədə ən əsas təhlükəsizliyin qarantıdır. Birgə reallaşdırılan enerji və nəqliyyat layihələri dövlətləri, xalqları birləşdirir, əlaqələrin inkişafı fonunda çoxtərəfli əməkdaşlığa geniş imkanlar açır.

Qardaş Türkiyə 44 günlük Vətən savaşında olduğu kimi, bu gün işğaldan azad edilmiş yurdlarımızda aparılan genişmiqyaslı quruculuq-bərpa layihələrində də Azərbaycanın yanındadır. Bu proseslərdə fəal iştirak edir, qardaş dəstəyini əsirgəmir.

Ərazilərimiz azad edildikdən sonra bərpa və quruculuq işlərinə start verildiyi ilk günlərdən Azərbaycan Prezidenti İlham Əliyev bu layihələrdə yaxından iştirak üçün bütün dost ölkələrə çağırış etmişdi. Bu məsələdə də səsimizə səs verən ilk ölkə məhz Türkiyə Respublikası oldu. Hazırda Qarabağın və Şərqi Zəngəzurun bərpası işində ən başlıca rolu Türkiyə şirkətləri oynayır. Ötən ilin oktyabrında istifadəyə verilən, Qarabağın dünyaya açılan hava qapısı kimi dəyərləndirilən Füzuli Beynəlxalq Hava Limanının inşası iki qardaş ölkənin mütəxəssislərinin birgə səyləri nəticəsində həyata keçirildi. Hava limanının açılışında Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı bu tədbirin önəmli məqamlarından idi. Zəngilanda iki dost ölkənin müştərək investisiya layihəsi olan "Dost Aqropark"ın təməlinin qoyulması da Azərbaycan və Türkiyə qardaşlığının daha bir nümunəsidir.

 

Ataların mirası

 

14 may 2022-ci ildə Rizə-Artvin Hava Limanının açılış mərasimində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Azərbaycan Prezidenti İlham Əliyevin fəxri qonaq kimi iştirakı həm ölkələrimiz arasındakı qardaşlıq və birlik münasibətlərinin inkişafı, iki ölkənin müttəfiqlik münasibətlərini sənədləşdirən Şuşa Bəyannaməsinə sadiqliyin parlaq təcəssümü oldu, həm də Azərbaycan-Türkiyə arasında bütün sahələr üzrə - siyasi, iqtisadi, ticari, mədəni və digər əlaqələrin inkişafına dəlalət edən, ölkələrimizə yeni uğurlar vəd edən mötəbər tədbir kimi tarixə yazıldı, əbədi birliyimizi göstərdi. Hava limanının açılışında Azərbaycan Prezidenti İlham Əliyevin vurğuladığı kimi: "Biz həm dostuq, həm qardaşıq, həm də artıq rəsmən müttəfiqik. Bu siyasət bizə atalarımızdan qalan mirasdır, atalarımızın vəsiyyətidir və biz bu vəsiyyətə sadiqik".

Bu sadiqlik  nümunəsi 26-29 may 2022-ci il tarixlərdə Azərbaycanın evsahibliyi ilə ilk dəfə ölkəmizdə keçirilən "Teknofest - Azərbaycan" Aerokosmik və Texnologiya Festivalında da nümayiş etdirilərək əlamətdar hadisə kimi tarixə yazıldı. Dörd gün davam edən festival ən yüksək səviyyədə keçdi. 200 mindən çox ziyarətçi, o cümlədən 33 ölkədən 500-ə yaxın əcnəbi tədbirdə iştirak etdi. Azərbaycan və Türkiyə prezidentləri bu tədbirdəki iştirakları, möhtəşəm çıxışları ilə ölkələrimizin birlik-bərabərlik tarixində yeni səhifə açdılar.

Azərbaycan Prezidenti İlham Əliyevin festivalın ölkəmizdə keçirilməsinə verdiyi böyük dəstək, eləcə də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın "Teknofest - Azərbaycan"da ən yüksək səviyyədə iştirakı bu tədbirin ölkələrimiz üçün nə qədər böyük əhəmiyyət daşıdığını göstərdi. Bu da səbəbsiz deyil. Məlumdur ki, hazırda bütün dünyada IV sənaye inqilabı baş verir. Dünya yeni çağırışlarla üz-üzədir. Bütün bunlar texnoloji cəmiyyətin qurulması tələbini aktuallaşdırır. İnnovativ inkişaf yolunu tutmuş Azərbaycanın belə bir tədbirə evsahibliyi etməsi, Türkiyə ilə müştərək bu cür maraqlı tədbirin təşkili göstərdi ki, qardaş ölkələr elm-texnologiyalar sahəsində də çiyin-çiyinədir, bərabərdir, inkişaf proseslərinə öncüllük əzmindədir.

Festivaldakı çıxışlarında Azərbaycan və Türkiyə prezidentləri xüsusilə gənc nəslə xitab etdilər. Onlar gəncləri texnoloji çağla ayaqlaşmağa, dövrün müasir bilik və bacarıqlarına yiyələnməyə çağırdılar. Əmin olduqlarını bildirdilər ki, Azərbaycan və Türkiyə gəncliyi iki ölkənin liderlərinin nail olduğu birlik işığında tarixi nailiyyətləri daha da genişləndirəcək, birliyin gücü ilə XXI əsrə öz parlaq imzasını qoyacaq. 

 

İradə ƏLİYEVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Belarusun Azərbaycandakı səfirliyində media nümayəndələri ilə görüş keçirilib

21:27
17 Dekabr

Nazir: Azərbaycan müdafiə sənayesi sahəsində müasir tələblərə cavab verən strateji sektor formalaşdırmağa nail olub  

20:58
17 Dekabr

İşğaldan azad olunmuş bölgələrə köçürülən sakinlərin məşğulluq məsələləri müzakirə edilib  

20:52
17 Dekabr

Dünya çempionatı üçün rekord mükafat fondu - FIFA açıqladı  

19:34
17 Dekabr

Bakıda 17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası keçirilir  

19:23
17 Dekabr

Azərbaycan Prezidentinun siyasi fəaliyyətinin mərkəzində sosial ədalət və mərhəmət prinsipləri dayanır  

19:01
17 Dekabr

Azərbaycan nümayəndə heyəti Serbiyada Ümummilli Liderin abidəsini ziyarət edib  

18:48
17 Dekabr

Qadınların məşğulluq imkanlarını genişləndirən qanun layihəsi parlamentdə ikinci oxunuşa tövsiyə olunub  

18:47
17 Dekabr

Nazir Sahil Babayev BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi ilə görüşüb

18:04
17 Dekabr

Azərbaycan ilə BMT arasında səhiyyə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib  

17:41
17 Dekabr

Azərbaycan-Misir parlamentlərarası əlaqələri müzakirə olunub  

16:57
17 Dekabr

Azərbaycanla Avropa İttifaqı arasında münasibətlərə dair fikir mübadiləsi aparılıb  

16:51
17 Dekabr

Britaniyalı yazıçı: Qarabağ həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq mənim üçün mənəvi borcdur  

16:31
17 Dekabr

Nazir: Ötən il kənd təsərrüfatı məhsulları istehsalı üzrə gəlirlərin yarıdan çoxu heyvandarlığın payına düşüb  

16:14
17 Dekabr

Əhalinin artımını stimullaşdırmaq məqsədilə yeni dəstək mexanizmlərinin yaradılması üçün tədbirlər görüləcək  

16:07
17 Dekabr

Strateji tərəfdaşlıq Azərbaycan və Qazaxıstan arasında iqtisadi əlaqələri genişləndirir

15:58
17 Dekabr

Energetika Nazirliyində növbəti dəfə vətəndaşlarla görüş olub  

15:43
17 Dekabr

İnstaqramdan növbəti yenilik  

15:41
17 Dekabr

MSN: 2025-ci il üçün dövlət sifarişi proqramı yerinə yetirilib  

15:39
17 Dekabr

Şərqşünaslıq İnstitutunda Mərkəzi Asiya ölkələrinə həsr edilən toplu hazırlanıb  

15:37
17 Dekabr

Laçında daha 17 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB  

15:36
17 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!