“RDMİS AI” istifadəçilərin suallarını operativ cavablandıracaq, elektron müqavilə prosesləri ilə bağlı məlumatlara çıxışı asanlaşdıracaq. Maliyyə Nazirliyi dövlət maliyyəsinin idarə edilməsində rəqəmsallaşmanın genişləndirilməsi istiqamətində yeni texnoloji həlli istifadəyə verib. “Rəqəmsal dövlət maliyyəsi” informasiya sisteminin (RDMİS) “e-müqavilə” altsistemində süni intellekt əsaslı “RDMİS AI” virtual dəstək köməkçisi fəaliyyətə başlayıb.
Maliyyə Nazirliyinin məlumatına görə, yeni həll dövlət qurumlarının, satınalan təşkilatların, təchizatçıların və digər istifadəçilərin sistemdən yararlanmasını asanlaşdırmaq, onları zəruri məlumatlarla operativ təmin etmək və elektron müqavilə proseslərinin səmərəliliyini artırmaq məqsədi daşıyır. “RDMİS AI” vasitəsilə istifadəçilər “e-müqavilə” altsisteminin tətbiq dairəsi, funksional imkanları və elektron müqavilələrin hüquqi tənzimlənməsi ilə bağlı suallarına cavab ala bilərlər. Köməkçi, həmçinin elektron müqavilələrin rəsmiləşdirilməsi və idarə olunması, sistemdən istifadə qaydaları və istifadəçi təlimatlarında nəzərdə tutulan əməliyyatların icrası barədə məlumat və izahlar təqdim edir.
Bu yanaşma istifadəçilərin lazım olan məlumatları daha rahat əldə etməsinə, təkrarlanan müraciətlərin azaldılmasına və texniki-metodoloji dəstək proseslərinin optimallaşdırılmasına şərait yaradır. Nəticədə elektron müqavilə əməliyyatlarının daha operativ və rahat həyata keçirilməsinə dəstək göstərilməsi hədəflənir. “RDMİS AI” köməkçisinin tətbiqi ilə yanaşı, onun funksional imkanlarının mərhələli şəkildə genişləndirilməsi də nəzərdə tutulur. Sistemə daxil olan sorğuların, istifadə nəticələrinin və istifadəçi rəylərinin mütəmadi təhlili əsasında yeni imkanların yaradılması planlaşdırılır.
Beləliklə, rəqəmsal həllin istifadəçilərin real ehtiyaclarına uyğun təkmilləşdirilməsi, xidmətlərin əlçatanlığının artırılması və müraciətlərə daha çevik yanaşmanın təmin edilməsi qarşıya qoyulan əsas istiqamətlərdəndir.
“RDMİS AI” virtual dəstək köməkçisinin istifadəyə verilməsi Maliyyə Nazirliyinin dövlət maliyyəsinin idarə edilməsində müasir texnologiyaların tətbiqinin genişləndirilməsi və istifadəçiyönümlü rəqəmsal xidmətlərin inkişafı istiqamətində atdığı növbəti addımdır.
Züleyxa ƏLİYEVA,
“Azərbaycan”