05 İyun 2025 08:55
1038
İQTİSADİYYAT
A- A+
Su qıtlığı, səhralaşma, çirkli hava...

Su qıtlığı, səhralaşma, çirkli hava...


Azərbaycanda əsas ətraf mühit problemləri hansılardır?


Qloballaşan dünyada ətraf mühitlə bağlı problemlər getdikcə artmaqdadır. Hətta əksər məsələlər özünü qlobal səviyyədə göstərir. Günümüzdə havanın çirkliliyi, su ehtiyatının azalması və çirkləndirilməsi, biomüxtəlifliyin dəyişməsi və digər problemlər dərinləşir.

Azərbaycanda da bu problemlər özünü müxtəlif səviyyələrdə göstərir. Xüsusilə iqlim dəyişmələrinin yaratdığı fəsadlar daha aydın şəkildə özünü büruzə verir.

Ümumilikdə ətraf mühitin çirkləndirilməsi, ekosistemə mənfi təsir edən amillər iqlim dəyişmələri ilə sıx bağlı olsa da, burada antropogen təsirlərin də böyük rolu var. Məsələn, havaya buraxılan qazlar atmosferin çirklənməsinə, eyni zamanda qlobal istiləşməyə, müxtəlif tullantılar nəticəsində torpağın münbitliyinin azalması, okean və dəniz sularına axıdılan tullantı suları və atılan zibillər nəticəsində dəniz suyunun keyfiyyətinin azalması biomüxtəlifliyin məhvinə, meşələrin qırılması oksigen çatışmazlığına, dağ-mədən sənayesindən axıdılan zərərli maddələr içməli su ehtiyatının tükənməsinə gətirib çıxarır. Beləliklə, ətraf mühit problemlərini saymaqla bitmir.

Azərbaycana gəldikdə isə ölkəmizdə su ehtiyatının azalması, həmçinin çirklənməsi, torpaqların deqradasiyası, nəqliyyat çoxluğunun yaratdığı hava və səs çirkliliyi, Xəzər dənizində biomüxtəlifliyin azalması, quraqlıq, iqlim dəyişmələri ilə əlaqədar sel hadisələrinin artması əsas ətraf mühit problemləri sırasındadır. 

Ətraf mühitin qorunması istiqamətində son illərdə dövlət tərəfindən xeyli işlər görülsə də, təbii ki, iş bununla bitmir, burada vətəndaşların üzərinə də müəyyən məsuliyyət düşür. Düzdür, havanın çirklənməsinin qarşısının alınması üçün elektromobillərə üstünlük verilməsi, ekoloji təmiz nəqliyyat vasitələrinin istifadəsi təşviq edilməsi, tullantıların azaldılması üçün əksər zavod və fabriklərdə təkrar emala üstünlük verilməsi, bərk tullantılarla bağlı Balaxanı Sənaye Parkının yaradılması müsbət irəliləyişlərə gətirib çıxarıb, su ehtiyatlarının qorunması məqsədilə su anbarları və yeni suvarma sistemləri yaradılıb. 


30 illik işğal dövründə Azərbaycanın ətraf mühitinə ağır ekoloji zərbə dəyib


Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) yanında İctimai Şuranın sədri Amin Məmmədov qəzetimizə açıqlamasında bildirib ki, Azərbaycanda ətraf mühit problemləri fərqlidir və hər bir problemin səbəbləri və həll yolları var. Hazırda bəzi problemlər kritik səviyyədə olmasa da, amma respublikanın müxtəlif bölgələrində özlərini fərqli şəkildə göstərirlər: "Su ehtiyatlarının azalması prosesi yalnız Azərbaycanda deyil, dünyada gedir. Buna iqlim dəyişmələrinin, əhali artımının da təsirləri var. Ölkə əhalisini, müxtəlif sahələrdə suya olan tələbatı nəzərə alsaq, kənd təsərrüfatı, içməli su və digər ehtiyatlarımız əhaliyə nisbətdə çox deyil. Azərbaycanın su ehtiyatlarının əsas hissəsi transsərhəd çaylara bağlıdır. Məlumdur ki, Kür və Araz çayları ölkəmizə daxil olanda müəyyən təsirə məruz qalır. Kür çayı ilə bağlı vəziyyət müəyyən qədər yaxşıdır, çünki ölkəmizin Gürcüstanla münasibətləri yaxşı səviyyədədir, bunu birgə idarə edə bilirik. Təəssüf ki, Araz çayında problemlər var, çünki Ermənistan ərazisində dağ-mədən sənayesi çayın hövzəsinə yaxın olduğundan Araz çayının çirklənməsinə səbəb olur. Arazın Kürə tökülməsi çaya, Kürün  Xəzərə tökülməsi isə dənizin ekologiyasına mənfi təsir edir. Ölkə daxilində də su ehtiyatlarının idarə olunmasında problemlər var. Kənd təsərrüfatında, şəhərlərdə su təchizatında itkilərə yol verilib. 

İctimai Şuranın sədri bildirib ki, ətraf mühit problemlərindən biri olan hava çirkliliyi hazırda kritik həddə deyil. Bakıda avtomobil çoxluğu ilə əlaqədar havanın keyfiyyətində bəzi problemlər olsa da, ümumilikdə çox yüksək həddə deyil. "Meşələrin qırılması da Azərbaycanda o qədər kütləvi hal almayıb. Neqativ hallar lokal səviyyədə qeydə alınır. Bununla bağlı da hər zaman tədbirlər görülür. Təəssüf ki, son illərdə meşə yanğınları ilə üzləşirik, amma bu istiqamətdə də maarifləndirmə tədbirləri həyata keçirilir. Bunun səbəbi insanlardır. Dincəlməyə gedənlər qaladıqları ocaqları söndürmürlər və ya başqa səbəblərdən yanğınlar çıxır", - deyə A.Məmmədov əlavə edib. 

Ətraf mühitin çirklənməsi ilə bağlı həm insan, həm də təbii faktorların olduğunu qeyd edən ekspert deyib ki, təsirləri minumuma endirmək üçün həm dövlət səviyyəsində, həm də yerli səviyyədə tədbirlər görülür. Qanunvericiliyin icrası, ətraf mühitin qorunması ilə bağlı əsas cavabdeh qurum kimi Ekologiya və Təbii Sərvətlər Nazirliyi ətraf mühitə nəzarəti həyata keçirir. Ekoloji maarifləndirmə işlərinə vətəndaş cəmiyyətləri, QHT-lər də cəlb olunur.

A.Məmmədov bildirib ki, əsas problem Azərbaycanın Qarabağ bölgəsi ilə bağlıdır. 27 il ərzində işğal altında qalan torpaqlarda ermənilər tərəfindən ekoloji terror həyata keçirilib, 60 min hektar yaşıllıq ərazisi məhv edilib. Həmin ərazilərdə kütləvi meşə yanğınları baş verdiyinə görə, müxtəlif fauna növləri öz yaşayış arealını dəyişdirməli olublar. Qarabağda işğal dövründə təbii ehtiyatlar qanunsuz olaraq istismar edilib. Bu müddətdə heç bir normativlər yerinə yetirilməyib. İstismar da ətraf mühitə mənfi təsir göstərib. Məsələn, Kəlbəcərdə Zod, Zəngilanda Vejnəli və digər yataqlardan çıxarılan təbii ehtiyatlar ərazilərin çirklənməsinə səbəb olub. Çayların təbii məcralarına təsirlər olub, çay daşlarının daşınması nəticəsində çay sahillərində deqradasiya baş verib, bu da Xaçınçaya, Köndələnçaya təsirsiz ötüşməyib. "Ümumilikdə Azərbaycanın ətraf mühitinə ağır ekoloji zərbə qonşu Ermənistanın işğalı nəticəsində dəyib. Bütün bunları bərpa etmək üçün milyardlarla manat investisiya tələb olunur. Artıq işğaldan azad olunmuş rayonların yaşıllaşdırılması və həmin ərazilərdə ekoloji problemlərin aradan qaldırılması istiqamətində işlər görülür", - deyə o bildirib.


Kənd təsərrüfatının ekstremal hadisələrə dayanıqlılığı zəifləyir


ETSN yanında İctimai Şuranın üzvü, Coğrafiya üzrə fəlsəfə doktoru Rövşən Abbasov qəzetimizə açıqlamasında bildirib ki, Azərbaycanda ətraf mühit problemlərinə başlıca olaraq iqlim dəyişmələrinin su ehtiyatlarına və kənd təsərrüfatına təsirini aid etmək olar: "Həm su ehtiyatlarının azalması, həm də kənd təsərrüfatının iqlimlə bağlı ekstremal hadisələrə dayanıqlılığının zəifləməsi prosesi gedir. İki əsas təsir fonunda kənd təsərrüfatı məhsullarının istehsalında kifayət qədər problemlərlə üzləşirik. Bura su qıtlığı, məhsulun ümumi azalması, quraqlıq hadisələri aiddir. Bütün bunların fonunda kənd təsərrüfatında su ehtiyatlarının idarə olunmasında iqlimə qarşı xüsusi strategiyaların olması vacibdir. Bu sahədə uzunmüddətli dövrlər üzrə təsdiqlənmiş "Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya" Azərbaycan ərazisində həm milli, həm də regional səviyyədə su ehtiyatlarından istifadənin effektiv surətdə aparılmasına yönəlmiş mühüm sənəddir və geniş istiqamətdə tədbirlər planına malikdir. Bu planların həyata keçirilməsinə artıq başlanılıb. Bura torpaq kanalların betonlaşdırılması, müasir suvarma üsullarına keçid edilməsi, iqlimə dayanıqlı kənd təsərrüfatı bitkilərinin daha çox əkilməsi, müasir texnikalardan istifadə olunmasına yönəlik işlərin həyata keçirilməsi aiddir". 

R.Abbasov qeyd edib ki, Milli Adaptasiya planında su, həm də kənd təsərrüfatı sektorunda iqlimə dayanıqlı bitkilərin əkilməsi, su ehtiyatlarından qənaətlə istifadə üzrə yeni sxemlərin tətbiq olunması aydın şəkildə göstərilib. 

Mütəxəssis bildirib ki, Azərbaycan ərazisində ətraf mühitlə bağlı ən böyük problemlərdən biri də Abşeron torpaqlarının neftlə çirklənməsidir: "Bu, bizə tarixdən miras qalmış bir çirklənmədir. Hazırda bu istiqamətdə genişmiqyaslı bərpa layihələri həyata keçirilir. Buna ən yaxşı nümunə kimi Ağ Şəhər layihəsini göstərmək olar. Vaxtilə bu ərazilər köhnə texnologiyaların, avadanlıqların əsasında işləyən zavodlar vasitəsilə çox çirkləndirilmişdi. Lakin bu istiqamətdə ciddi dəyişikliklər görürük. Köhnə zavodlar sökülüb, yerində yeni parklar salınıb. Həm Ağ Şəhər, həm də Bayraq meydanı  istiqamətində çoxsaylı bərpa layihələrinin şahidi oluruq".  

Ekspert bildirib ki, ətraf mühit problemlərindən biri də bərk tullantıların idarə olunması ilə bağlıdır. Onun sözlərinə görə, xüsusilə plastiklərin idarə olunması ilə bağlı problemlər hələ də qalmaqdadır. Bunun həlli çox ciddi cəhdlər tələb edəcək. Azərbaycanda polietilen torbalardan istifadə müxtəlif üsullarla məhdudlaşdırılıb. Bəzi polietilen torbaların istifadəsi isə tam qadağan edilib. Bununla bağlı bu istiqamətdə daha kəskin addımların atılması zəruridir.


Azərbaycan təbiətinin bugünkü reallıqları


Elm və Təhsil Nazirliyinin akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun "Landşaftşünaslıq və landşaft planlaşdırılması" şöbəsinin müdiri, coğrafiya üzrə fəlsəfə doktoru Mirnuh İsmayılov deyib ki, hazırda dünyada sürətlə artan çoxçeşidli insan tələbatının ödənilməsi istiqamətində həyata keçirilən tədbirlər ilk növbədə təbii mühitə olan təsirləri artırır. 

Planetimizin təbii ehtiyatlarından intensiv istifadənin artması, sosial-iqtisadi sahələrdə ən müasir texnologiyalardan istifadə və istehsalın, həmçinin təbii ekosistemlərin antropogen sistemlərə transformasiyanın artması və digər proseslər təbii mühitə texnogen yükün artmasına şərait yaradır. "Bu gün Afrika qitəsinin bir neçə dünyaca məşhur milli parkında vəhşi təbiət haqqında filmlər çəkib bunu dünya əhalisinə qitənin bugünkü təbiəti haqqında yanlış təsəvvür yaradan elmdən uzaq işbazlar mövcuddur. Halbuki Afrikanın təbiəti bu günə qədər dəhşətli dərəcədə deqradasiyaya məruz qalıb. Burada səhralaşma, torpaq deqradasiyası, eroziya, biomüxtəlifliyin sürətlə azalması, tropik meşələrin yox olması və sairə bütün bəşəriyyəti düşündürən problemlərdir. Bu tip problemlər digər qitələr üçün də xarakterikdir", - deyə o əlavə edib.

Alim qeyd edib ki, dünyanın kənd təsərrüfatına yararlı torpaqlarının 10 faizindən çoxu məhsul verməyən səhralaşmaya məruz qalıb. Meşələrin və digər yaşıllıqların məhv edilməsi sayəsində əvvəlki illərlə müqayisədə son illər CO2-nin udulma səviyyəsi 18,5 faiz azalıb. Bu isə qlobal istiləşmənin başlıca səbəbidir. Qlobal istiləşmə insanın həyat fəaliyyətinə ciddi ziyan vurur. Havanın istiləşməsi və landşaftların səhralaşması sonda ərzaq məhsullarının qıtlığına, yoxsulluğun artmasına, insanların kütləvi şəkildə miqrasiyasına, ən nəhayət, siyasi proseslərin gərginləşməsinə şərait yaradır. 

Şöbə müdiri bildirib ki, əgər ekosistemləri, landşaftları tam dərk edə bilsəydik, atdığımız addımların  nəyə səbəb olduğunu anlayardıq. Belə bir söz var: "Filankəs bir qarışqa belə əzməyib". Bu gün artıq təbiətə belə yanaşmanın vaxtıdır. Artıq təbii mühitin insanların şəfalı əllərinə ehtiyacı var".

M.İsmayılov Azərbaycanda ətraf mühitin müxtəlif səviyyələrində ciddi problemlər olduğunu vurğulayaraq deyib ki, səhralaşma və torpaq deqradasiyası, quruyan çay dərələri və göllər, məhv edilmiş bataqlıq-çəmən ekosistemləri, vaxtilə meşəsizləşmiş ərazilər, yox olmuş və ya sayı kəskin azalmış biomüxtəliflik nümunələri, kortəbii turizmin genişlənməsi, yazda dağ laləsinə bürünmüş yamacların yox olması Azərbaycan təbiətinin bugünkü reallıqlarıdır. Dövlət tərəfindən bu məsələlərin həllinə hər il milyonlarla manat vəsait ayrılır. Lakin bu tip problemlər cəmiyyətimizin bütün təbəqələrinin qarşılıqlı əlaqəsi və yüksək həssaslıq göstərməsi ilə həll edilə bilər. 

Hər bir insan yaşadığı ərazinin təmiz saxlanılmasına cavabdeh olmalıdır. Cəmiyyətdəki mövqeyindən asılı olmayaraq, hər bir vətəndaş ekoloji təhsildə, tərbiyədə və mədəniyyətdə məsuliyyət daşımalıdır. Gözümüzün qarşısında aran torpaqlarımız şoranlaşırsa, deqradasiya olunursa, yeraltı və yerüstü su hövzələri quruyursa, ətraf mühit çirkləndirilirsə, bunu vətəndaşlıq borcu olaraq fərdi və ya icma şəklində həll etməyə səy göstərməliyik.   

  

Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 795 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında

00:42
13 Mart

"Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında hökumət təcrübələrinin mübadiləsi üzrə əməkdaşlığa dair Anlaşma Memorandumu"nun təsdiq edilməsi haqqında

00:40
13 Mart

 “Azərbaycan Respublikası Мüdafiə Nazirliyinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının və hərbi qulluqçularının hərbi rütbəyə görə maaşlarının məbləğlərinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 25 aprel tarixli 138 nömrəli Qərarında dəyişiklik edilməsi barədə 

00:38
13 Mart

“İnzibati cərimələrin qaytarılması Qaydası”nın təsdiq edilməsi haqqında

00:37
13 Mart

“Ozon qatını dağıdan maddələr üzrə Monreal Protokolu” ilə müəyyən olunmuş tənzimlənən ozondağıdıcı maddələrin siyahısı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 12 sentyabr tarixli 203 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

00:36
13 Mart

“Bələdiyyələrin vahid informasiya sisteminə ötürüləcək və həmin sistemdən əldə ediləcək məlumatların dairəsi”nin təsdiq edilməsi haqqında

00:33
13 Mart

“Azərbaycan Respublikasının kişi cinsli vətəndaşlarının ilkin hərbi qeydiyyata alınması Qaydası”nın təsdiq edilməsi haqqında

00:32
13 Mart

Beynəlxalq Kanoe federasiyalarının prezidentləri Sərsəng su anbarının potensial imkanlarını dəyərləndiriblər  

23:50
12 Mart

İsveçrəli nazir: İrandan atılan dron hücumu ilə bağlı Azərbaycanla həmrəyik

23:18
12 Mart

Ağdam sakini Xocavənddə minaya düşərək həlak olub – BİRGƏ MƏLUMAT  

22:32
12 Mart

Vayra Vike-Freyberqa: Qlobal Bakı Forumu beynəlxalq əməkdaşlığın daha da artması üçün imkanlar yaradır  

22:12
12 Mart

İrandan təxliyə davam edir: Bir neçə ölkə vətəndaşı Azərbaycan ərazisinə daxil olub  

21:29
12 Mart

Türkiyə Prezidenti BMT Baş katibinə Atatürk Beynəlxalq Sülh Mükafatını təqdim edib  

20:47
12 Mart

Rusiyanın İrana göndərdiyi humanitar yardımı daşıyan yük maşınları sərhəddən keçib - YENİLƏNİB  

20:38
12 Mart

Türkiyə Prezidenti Ankarada BMT-nin Baş katibini qəbul edib

20:28
12 Mart

Ceyhun Cəlilov: Daxili Qoşunların şəxsi heyəti ölkəmizin sabitliyi və vətəndaşların təhlükəsizliyi naminə əzmkarlıq nümayiş etdirir  

20:24
12 Mart

Sabiq Prezident: Əminəm ki, Bakıda mühüm mesajlar veriləcək  

20:14
12 Mart

XIII Qlobal Bakı Forumunda BMT sistemində islahat və qlobal əməkdaşlıq mövzusu diqqət mərkəzində saxlanılıb 

19:49
12 Mart

Hakan Fidan: Ankara İranda vətəndaş müharibəsinin əleyhinədir  

19:28
12 Mart

ITU rəsmisi: BMT sistemində süni intellekt və qlobal əməkdaşlıq üçün vahid yanaşma vacibdir  

19:14
12 Mart

Pedro Manuel Moreno: BMT-nin əsas məqsədi təşkilatı müasir qlobal çağırışlara uyğunlaşdırmaqdır  

19:04
12 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!