18 Aprel 2024 08:45
633
İQTİSADİYYAT
A- A+

Su ehtiyatlarımız məhdud olsa da...

 

Həyata keçirilən layihələr hesabına Azərbaycan bu problemini də həll edəcək

 

Yuxarı Şirvan suvarma kanalı Şirvan düzündə yerləşən 8 rayonun 112 min hektardan artıq əkin sahəsini suvarma suyu ilə və yaşayış məntəqələrini məişət suyu ilə təmin edir. Bu, ölkəmizin ikinci ən böyük kanalıdır və 65 ildir fasiləsiz istismar olunur. Ötən müddət ərzində kanal cari və əsaslı təmir edilsə də, onun torpaq məcrasında baş verən dəyişikliklər və qurğularının öz funksiyasını itirməsi su itkisinin artması ilə nəticələnir.
Beləliklə, kanalın yenidən qurulması məsələsi gündəmə gəlmiş və Prezident İlham Əliyev cari il aprelin 8-də bu vacib infrastrukturun yenidən qurulması haqqında sərəncam imzalamışdır. Aprelin 16-da isə dövlətimizin başçısı kanalın təməlini qoymuşdur. Qeyd edək ki, Yuxarı Şirvan suvarma kanalı bundan sonra Şirvan suvarma kanalı adlanacaq. 
Son dövrdə qlobal iqlim dəyişmələri və ölkədə suya tələbatın artması şəraitində su ehtiyatlarından səmərəli istifadə sahəsində davamlı tədbirlər həyata keçirilib. Xüsusilə su nəqledici kanalların suvarma qabiliyyətinin artırılması, su anbarlarının istismar şəraitinin yaxşılaşdırılması, bir sıra ərazilərdə torpaqların yeni meliorativ sistemlərlə təchiz edilməsi, qənaətcil və mütərəqqi suvarma üsullarından istifadə sahəsində ardıcıl işlər aparılıb. İri su anbarlarının, hidroqovşaqların, suvarma və kollektor-drenaj sistemlərinin, nasos stansiyalarının və digər infrastrukturların qurulub istifadəyə verilməsi ölkədə su təminatının yaxşılaşdırılmasına, su itkilərinin qarşısının alınmasına, habelə aqrar sektorun dayanıqlı inkişafına mühüm töhfə olub. Şirvan kanalının yenidən qurulmasına start verilməsi bu işlərin davamlı olduğunu təsdiqləyir. 
Təməlqoyma mərasimində Prezidentimizin dediyi kimi: "Bu layihə bir daha onu göstərir ki, Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etmək, insanların rifah halını yaxşılaşdırmaq, xüsusilə bölgələrdə yaşayan insanların məşğulluğu üçün şərait yaratmaqdır. Son illər ərzində əsas infrastruktur layihələri icra edilmişdir. Azərbaycanda həyata keçirilmiş infrastruktur layihələri ölkəmizi tamamilə yeni bir səviyyəyə qaldırmışdır. Elektrik enerjisi, avtomobil yolları, dəmir yolları, su kəmərləri, içməli su layihələri, o cümlədən suvarma ilə bağlı olan layihələr artıq öz səmərəsini göstərir. Əvvəlki illərdə bu sahəyə aid bir çox böyük layihələr icra edilmişdir. Onların arasında, ilk növbədə, Taxtakörpü-Ceyranbatan suvarma kanalını qeyd etməliyəm. Taxtakörpü su anbarının tikintisi də xüsusi əhəmiyyətə malik olan layihə idi. Şəmkirçay su anbarı da çox böyük infrastruktur layihəsi idi. Beləliklə, həm şimal, həm qərb bölgələrində əkin üçün yararlı olan torpaqların həcmi və sahəsi böyük dərəcədə artırılmışdır".
Bəs Şirvan kanalının faydası nə olacaq? Faktiki olaraq kanal yenidən inşa ediləcək və bu layihədən minlərlə insan faydalanacaq. Müasir tələblər səviyyəsində yenidən qurulduqdan sonra bu infrastruktur su ehtiyatlarından daha səmərəli istifadəyə və optimal idarəetməyə, yaşayış məntəqələrinin məişət su təminatının yaxşılaşdırılmasına, 230 min hektar torpaq sahəsinin suvarma suyu ilə təmin edilməsinə imkan verəcək. Bu da indi olduğundan iki dəfə çoxdur. 120 kilometrlik kanalın uzunluğu da təxminən iki dəfə artırılacaq və 200 kilometrə çatacaq.
 Əvvəlki dövrdə bu kanal 8 rayonu əhatə edirdisə, indi onların sayı 10-u ötəcək. Başqa sözlə, bu, suyun həcminə və əkin sahələrinin əhatəsinə görə ən böyük layihəmiz olacaq. Prezidentimizin təbirincə desək, həmin layihə ilə biz bu sahəyə yeni nəfəs gətiririk. Çünki Şirvan suvarma kanalının funksiyası yuxarıda qeyd edilənlərdən də böyükdür. Belə ki, kanalın son nöqtəsi yaxınlıqdakı Hacıqabul gölü olacaq. Bu göl isə 10 ildən çoxdur tamamilə quruyub. Kanal istifadəyə veriləndən sonra Hacıqabul gölü də dolacaq və bu, təbiətə çox müsbət təsir göstərəcək.
Dünyada iqlim dəyişikliyi ilə bağlı narahatlıqların yaşandığı, ekoloji problemlərin kəskin dayandığı və həmin məsələlərin ölkəmizdən də yan keçmədiyi bir dövrdə bütün bunlar böyük önəm kəsb edir. Doğrudur, bu il kifayət qədər qar, yağış yağdı və indi su hövzələrimizdə, su anbarlarımızda kifayət qədər su var. Ancaq əvvəlki illərdə quraqlıqla üzləşirdik. Dağlara az qar yağırdı, çaylarda suyun səviyyəsi aşağı düşürdü, bəzi hallarda əsas çaylarımız quruyurdu. Xəzər dənizinin dayazlaşması da göz önündədir. Xəzərdən söz düşmüşkən bir layihəni də qeyd edək. İndi həmin layihə üzərində iş aparılır. Bu, dənizin suyunun duzsuzlaşdırılması ilə bağlıdır. Layihə həyata keçiriləndən sonra Xəzər dənizinin suyundan həm suvarma üçün, həm də içməli su kimi istifadə ediləcək.
Bir sözlə, indi su ehtiyatlarından səmərəli istifadə etmək ən vacib məsələlərdən biri kimi ortaya çıxır. Ona görə Prezident İlham Əliyev demişdir ki, növbəti illərdə hökumətin reallaşdıracağı əsas infrastruktur layihələri arasında başlıca vəzifə içməli su layihələri və suvarma layihələri olacaq: "Artıq genişmiqyaslı proqram işlənib hazırlanıb. Şirvan və Qarabağ kanalları Taxtakörpü kanalı ilə birlikdə ən böyük suvarma kanalları olduğu üçün bu layihələrə xüsusi əhəmiyyət verilir. Ancaq artıq qəbul edilmiş proqram əsasında Azərbaycanda 10-dan çox su anbarı inşa ediləcəkdir. Məsələn, Qəbələ rayonundakı Yengicə su anbarının inşasına artıq start verilmişdir. O anbar inşa ediləndən sonra orada bu günə qədər suvarılmayan 10 min hektar torpaq, əkin sahələri suvarılacaq. Əgər bizim suvarma ilə bağlı ümumi layihələrimizi götürsək görərik ki, bir neçə ildən sonra ən azı 500 min hektardan çox torpağa su veriləcəkdir. Eyni zamanda müasir idarəetmə sistemləri, itkilərin azaldılması - indi Şirvan kanalında itkilər 30 faizə yaxındır. İndi beton məcralı kanal inşa ediləndən sonra itkilər maksimum 5 faiz olacaq. Yəni suya qənaət hər birimizin işidir, ilk növbədə, dövlətin və biz bu işi görürük. Bunlar ancaq Azərbaycanın bir hissəsinə aid olan layihələrdir. Əgər biz işğaldan azad olunmuş ərazilərdə layihələri əlavə etsək, mənzərə daha ürəkaçan olacaq".
Axı ümumi su resurslarımızın 25 faizi Qarabağda və Şərqi Zəngəzurdadır. Həm də bu resursların əsas xüsusiyyəti və müsbət tərəfi odur ki, onlar daxili mənbələr hesabına formalaşır (Kür, Araz, Samur kimi əsas çaylarımız isə mənbəyini xaricdən götürür və onların suyundan bir neçə digər ölkə də istifadə edir). İşğaldan azad edilmiş ərazilərimizdə qısa müddətdə həyata keçirilən su layihələri o yerlərdə aparılan böyük quruculuğun ayrılmaz hissəsidir və bu işlər sürətlə davam edir. Bu günlərdə dövlətimizin başçısı Qarabağ suvarma kanalının da yenidən qurulması ilə bağlı sərəncam imzalayıb. Təxminən üç ildən sonra istifadəyə veriləcək Şirvan suvarma kanalının təməlini qoyarkən dövlətimizin başçısı dedi ki, bu layihələrin hamısı icra ediləcək: "Hələ bunlardan başqa bir çox layihələr olacaq ki, sadəcə onlar işin həcmi nöqteyi-nəzərdən daha kiçikdir. Amma hər bir layihənin əhəmiyyəti var və beləliklə, su ehtiyatları məhdud olan Azərbaycan bu sahədə də özünü tam təmin etmiş olacaq".
Bir daha aydın görünür ki, Prezident İlham Əliyev qeyri-neft sektorunun, o cümlədən kənd təsərrüfatının inkişafını, məşğulluğun artırılmasını, vətəndaşların rifah halının yaxşılaşdırılmasını və su ehtiyatlarımızdan səmərəli şəkildə istifadə edilməsini də ölkəmizin gələcək inkişafının əsas istiqamətləri kimi müəyyənləşdirib və bütün bu amillər görülən işlərdə əks olunur.

Flora SADIQLI,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video