13 Noyabr 2022 00:59
852
Mədəniyyət
A- A+
Sözü uca tutan şair

Sözü uca tutan şair

 

Milli yaddaşımızda elə şəxsiyyətlər var ki, adlarını xatırladıqca onların qəmli talelərindən ürəyə atəş düşür, adamın qəlbini sövq-təbii kədər bürüyür. Özündə zamanın çarxını geri döndərmək gücü tapıb bu şəxsiyyətlərin ömürlüyündə düzəlişlər aparmaq istəyirsən. Onların taleyini qaraltmış zülməti işığa, əzizlərinin, doğmalarının iqbalını puç etmiş faciələri xoşbəxtliklərə doğru yönləndirməyə can atırsan. Amma əfsuslar olsun ki, bunun iradən xaricində olduğunu dərhal da anlayırsan. Belə anlarda yeganə təsəllin bu insanlara əbədiyyət ömrü qazandırmış düşüncələri, ölməz əsərləri, sözün qüdrəti üzərində ucalan mənəvi abidələri olur. Onların ucalığına sığınıb, bu ucalıqdan düşən kölgədə ovunursan. 

 

Cavid yanğısı

 

Oktyabrın 24-də anadan olmasının 140-cı ildönümü tamamlanmış Hüseyn Cavid də belə şəxsiyyətlərimizdəndir. Ədəbiyyata sevgi bəsləyən, əsl sözün dəyərini bilən hər bir azərbaycanlının ürəyində illərdir ki, aramı olmayan Cavid yanğısı var. Bu  söz heykəlinin, parlaq simanın repressiyanın qanlı caynaqları ilə Vətəndən qoparılaraq Sibirin gedər-gəlməzinə göndərilməsindən, İrkutsk vilayətinin Tayşet rayonunda, iliklərə işləyən şaxtada köməksiz, kimsəsiz, doğmalarından uzaq qərib bir durumda dünyasını dəyişməsindən 81 il ötsə də, bu itkinin qəlbimizdəki yarası hələ də qalmaqdadır.
Cavid - adı repressiyanın simvoluna çevrilmiş şəxsiyyətlərimizdəndir, qırmızı terrorun 1936-1937-ci illərindən söz düşəndə ilk xatırladığımız adlardan biridir. Ötən əsrin 80-ci illərinin sonlarından indiyə qədər repressiya və bu qanlı cinayətin qurbanları mövzusunda ümumi şəkildə çox yazılıb, Stalinin cəza maşınının əzib keçdiyi tanınmış şəxsiyyətlərimizin həyat və yaradıcılığı müəyyən qədər təhlilə cəlb edilib. Bununla belə ən azı Cavid nümunəsi göstərir ki, həmin insanlarla bağlı öyrənilməli, üzə çıxarılmalı, tarixi-mənəvi kontekstdə dəyərləndirilməli məqamlar hələ çoxdur. Eyni zamanda repressiya qurbanı olmuş yaradıcı şəxsiyyətlərimizə münasibətdə baxış bucağının dəqiqləşdirilməsinə də ehtiyac var.

 

O, sözə xəyanət etmədi

 

Bu fikri heç yaxına da buraxmadı. Uzun illər müəyyən emosiyaların, ağrı-acıların, belə insanların çəkdikləri məşəqqətlərdən dolayı məyusluqların təsiri ilə düşüncələrimizdə həmin şəxslərin məzlum, zavallı obrazını yaradıblar. Amma Cavid şəxsiyyətinə yaşadığı dövrün əhatəsində nəzər salsaq, o zamana daxil ola bilsək, bu təsəvvürlərin əsla böyük şairə uyğun gəlmədiyini, reallıqdakı Cavid əfəndinin bu təsəvvürləri inkar etdiyini görəcəyik. O, bir mübarizə adamı idi. Bəli, günahsız idi, ona qarşı edilənlər, həbsi, repressiyaya məruz qalması böyük haqsızlıq idi, zülm idi, amma Cavid zavallı da deyildi.
Cavid məğrur, əyilməz, öz prinsiplərindən geri çəkilməyən şəxsiyyət idi və elə bunun da fəlakətinə uğradı. O, sözü müqəddəs sayırdı, sözə xəyanəti heç zaman özünə rəva görməmişdi. Toxunduğu problemlərlə, işlədiyi mövzularla, yaratdığı qəhrəmanlarla, dünyaya, insanlara münasibəti ilə hər cür ideologiyaların, quruluşların fövqünə ucalmışdı və bunu hamıdan yaxşı özü bilirdi. Ona görə də Cavid əfəndi zamanın şərtlərinə, özündən qat-qat cılızların diktələrinə boyun əymirdi. 
Barəsində müxtəlif tribunalardan səsləndirilən haqlı-haqsız tənqidlərə, mətbuat səhifələrində yazılan qərəzli yazılara rəğmən yenə də yolundan çəkinmək fikrində deyildi. Əslində, Cavidin yaradıcılığı sovet dövrünün ideallarına yad deyildi. Sovet quruluşuna qədər Cavid bu ideallardan yazırdı, əzilən, əzab çəkən insanların problemlərinə diqqət yönəldirdi. Bununla belə o, insanı, ədəbiyyatın ideallarını kolxoz, sovxoz səviyyəsinə endirməyin əleyhinə idi. Şəxsiyyətə pərəstişi qəbul etmirdi. Eyni zamanda Cavid düşünmürdü ki, fəhlə-kəndli sinfinin bəlli bir məkanda hakimiyyətə gəlməsi ilə insanın bütün problemləri həllini tapar.    
Bu halda o dövrün prizmasından baxanda "Cavid həqiqətən də günahsız idimi?" sualı aktuallaşır. Cavidin böyüklüyü bu sualın cavabındadır. Sovet ideologiyasının pəncərəsindən Cavidin timsalında dövrün həyat şərtlərində sınmayan, öz mənəvi ideallarını, şəxsiyyətini qoruyan, mənliyini qurban verməyən günahkar bir şair görünürdü. O, öz şəxsiyyəti ilə mühit yaradırdı. Sosializm cəmiyyətinin eybəcərlikləri ilə bir araya sığmayan şəxsiyyət meyarları müəyyənləşdirirdi. Cavidə baxıb onun kimi yaşamaq istəyənlər, belələrini özünə ideal bilənlər yeni quruluşa böyük təhlükə doğura bilərdilər. Ona görə də Cavid gec-tez aradan götürülməli idi və götürüldü də...
Bu güclü iradə sahibinə yalnız fiziki baxımdan üstün gəlmək olardı ki, dövrün məqam sahiblərinin bacardığı da yalnız bu oldu. İndi də adı lənətlə xatırlananlar Cavid sözünün, Cavid mənəviyyatının sarsılmaz gücü qarşısında o zaman da duruş gətirə bilməmişdilər, bu gün də varlıqları onun kölgəsində bir toz zərrəsi belə deyil. 

 

Tənqid, yoxsa repressiyaya hazırlıq

 

Cavid şəxsiyyətinə böyük maraq onun repressiya olunmasının, həbsinin ayrı-ayrı təfərrüatlarına diqqəti cəlb edir. İndi də ara-sıra bununla bağlı o dövrün mətbuat səhifələrindən, saralmış arxiv sənədlərindən hansısa maraqlı faktlar gün işığına çıxır, insanlara təqdim edilir, müzakirə olunur, hətta bəzən qarşılıqlı ittihamlara yol açır. 
Cavidin yaradıcılığı yaşadığı dövrdə də daim nəzərdə olub, hər əsəri ədəbi ictimaiyyətdə böyük həssaslıqla, bəzən ciddi tənqidlərlə qarşılanıb. Ümumiyyətlə, Cavidin yaşadığı dövrdə ədəbiyyatın insan və cəmiyyət həyatında oynadığı rol müstəsna dərəcədə böyük və əhəmiyyətli idi. Ədəbiyyat, mətbuat vasitəsilə oxuculara təqdim olunan yeni bədii əsərlər, səhnəyə qoyulan dramlar, ədəbi qəhrəmanlar insanların gündəlik həyatında mühüm yer tuturdu, onların maraqlarını istiqamətləndirirdi. Televiziya, sosial şəbəkələr kimi kommunikasiya vasitələrinin yaranmasına hələ bir neçə on il vardı, insanlar, demək olar ki, ədəbiyyatla nəfəs alırdılar. Ona görə də hər yeni bədii ədəbiyyat nümunəsinin, o cümlədən Cavidin əsərlərinin ciddi şəkildə təftiş olunması, bəzən müəllifin hansısa yanaşmasına görə sərt tənqidlə üzləşməsi təbii qarşılanmalı idi. Bütün bunlar ədəbi prosesin ümumi mahiyyətindən irəli gələn hal idi və müəyyən mənada hətta inkişafa, qüsurların aradan qaldırılmasına, prosesin qaynarlığına xidmət edirdi. Bundan başqa, ədəbiyyatda yeni nəsillər, cərəyanlar formalaşaraq paralel inkişaf edirdi və onların hər birinin reallıqlara, dövrün ab-havasına, ədəbiyyatın vəzifələrinə münasibəti fərqli idi. 
Əfsuslar olsun ki, indi bəzən o dövrün mətbuat səhifələrindən hansısa tənqidi materiallar tapılıb dövriyyəyə buraxılır, bu materiallar repressiyaya məruz qalmış görkəmli şair və yazıçılarımıza qarşı "donos" kimi qiymətləndirilir. Fikrimizcə, o dövrü obyektiv araşdırmağa çalışan bir çox tədqiqatçılarımızın da ifadə etdikləri kimi, bu məsələlərdə mümkün qədər ehtiyatlı olmaq, ədalətli tənqidi münasibətlə məqsədli hücumları, həbsə hazırlıq kampaniyalarını bir-birindən fərqləndirmək lazımdır. 
Reallıq budur ki, ara-sıra haqqında yazılan, səsləndirilən tənqidlərə rəğmən Cavid o dövrün ən çox pərəstiş edilən, şəxsiyyətinə hörmət bəslənən, əsərləri geniş çevrələrdə oxunan, səhnəyə qoyulan ədiblərindən idi və bunu onun hətta ən sərt tənqidçilərinin yazılarından da duymaq mümkündür. 

 

Məqsədli hücumlar və yuxarılardan gələn sifariş

 

Bununla belə 30-cu illərin ortalarından başlayaraq ona münasibətin dəyişdiyini, tənqidin öz yerini həbsə hazırlıq üçün məqsədli hücumlara verdiyini və bunun sifarişinin yuxarılardan gəldiyini görürük. 
Azərbaycan Yazıçılar İttifaqının 13 iyun 1934-cü ildə keçirilmiş ilk qurultayında Cavid haqqında səslənən fikirlər bu baxımdan böyük maraq doğurur. Qurultayın ilk çıxışçısı - Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin Mərkəzi təbliğat şöbəsinin müdiri Mikayıl Hüseynov nitqində Azərbaycan ədəbiyyatının dövrün tələblərini ödəmədiyini vurğulayır, bunun günahını ayrı-ayrı şair və yazıçılarda axtarır, onları sərt tənqid etdikdən sonra əsas fikirlərini Hüseyn Cavid yaradıcılığında konkretləşdirir. Maraqlıdır ki, məruzəçinin şairdən əslində nə istədiyi də konkret anlaşılmır. O, bir tərəfdən Cavidi fəhlə və kolxozçuların həyatından heç nə yazmamaqda günahlandırır. Digər tərəfdən isə bildirir ki, o şairdən neft və pambıqdan əsərlər yazmağı tələb etmir. Çıxışının hədə-qorxu hissəsində isə əslində onun məqsədinin gələcək həbslər barədə xəbərdarlıqdan ibarət olduğu müəyyənləşir. "Siz bilirsiniz ki, vaxtilə Trotski Mərkəzi Komitənin büro üzvü idi və firqənin ən birinci rəhbərlərindən idi... Lakin buna baxmayaraq, onlar firqə prinsiplərini pozduqları üçün və şəxsi tənqid əsası ilə firqədən kənar edildilər" (Aslan Kənan "XX əsrdə repressiyaya məruz qalanlar" əsəri).
Qurultayda çıxış edən Ağa Hüseyn Rəsulzadə (sonradan repressiya qurbanı olub) adlı biri isə yazdığı əsərlərlə neftdən, pambıqdan, onların planlarının həyata keçirilməsi yollarından bəhs edilməsini şair və yazıçının əsas vəzifəsi kimi göstərir. Bu qurultaydan sonra Cavidə qarşı tənqidlər sistemli xarakter almağa başlayır və onun əsərlərində məqsədli şəkildə əksinqilabi, millətçilik meyilləri axtarılır. 

 

509 nömrəli order

 

Yazıçılar İttifaqının 1937-ci ildə keçirilmiş iclaslarının birində ittifaqın sədri Hacıbaba Nəzərli həmkarlarının ittifaqı sinfi düşmənlərdən təmizləmək haqqındakı fikirlərinə şərik olduğunu bildirir. "…Biz bəzən ən böyük səhv buraxanlar haqqında susuruq", - deyə sözlərinə davam edir. - "Belə ki, Mustafa Quliyev vaxtilə H.Cavid kimi kontrrevolüsyonu indiyə kimi kiməsə deməmişdir. Bundan başqa, ittifaqa qəbul vaxtı Ələkbərli, S.Vurğun, Nəzərli ilə bərabər, S.Rüstəmin də günahı olmuşdur. Məncə, biz hamımız partiya və hökumət qarşısında cavab verməliyik". Məruzəçi düşünmürdü ki, o, bu etirafına görə nə vaxtsa cavab verməli olacaq. Maraqlısı budur ki, həmin çıxışından cəmi bir neçə ay sonra Hacıbaba Nəzərli özü də Pyatiqorskidə istirahətdə ikən xüsusi göstərişlə həbs edilib Bakıya gətirilir və repressiyanın qurbanlarından olur. 
1937-ci ilin martında Yazıçılar İttifaqında keçirilmiş plenumda dörd məsələ müzakirəyə qoyulmuşdu. 1.H.Cavidin məsələsi. 2.M.Müşfiqin məsələsi. 3.Ə.Cavadın məsələsi. 4.Y.Vəzirin məsələsi.
Plenum üç gün davam etmiş, demək olar ki, bütün yazıçı və şairlər çıxışlarını özünütənqid ruhunda qurmuşlar. Şübhəsiz, əsas tənqid hədəfləri H.Cavid, M.Müşfiq, Ə.Cavad və Y.Vəzir olur. H.Cavid haqqında tənqidi fikirlərdən biri belə idi: "Yazıçılar içərisində Azərbaycanın həyatı ilə daha az maraqlanan və Azərbaycan əməkçilərinin mübarizəsinə yad olan əsərlər yazmaqdan əl çəkməyən Hüseyn Caviddir. Biz bilirik ki, Hüseyn Cavid burjua romantizminin məktəbində yetişmişdir. Bununla bərabər, o, Azərbaycan sovet və partiya təşkilatlarının onun üçün yaratdığı imkanlara və hətta əsərinə verdiyi mükafatlara baxmayaraq, yenə Azərbaycan əməkçilərinin mübarizəsinə dair bir şey yazmamışdır".
Vaxt keçdikcə yaradıcılıq təşkilatlarında gərgin durum, çarpışma daha da artırdı. Professor Bədirxan Əhmədov "Ədəbiyyat və repressiya" məqaləsində yazır ki, ittifaq üzvləri bir-birinə qarşı qaldırılır, iclas və plenumlarda yaradıcılıq işindən daha çox siyasi mövqe ortaya qoyulurdu. Bir sözlə, Azərbaycan ədəbi mühitində repressiya hərarəti durmadan yüksəlirdi. Yuxarılarda isə Yazıçılar İttifaqında repressiyanın aparılması üçün məqam gözlənilirdi. Belə bir məqam Azərbaycan K(b)P-nin XIII qurultayında reallaşır.
1937-ci il iyunun 3-də M.F.Axundov adına Opera və Balet Teatrının binasında öz işinə başlayan qurultayda M.C.Bağırov S.M.Əfəndiyev, H.Sultanov və başqalarını "əksinqilabçı", "xalq düşməni" elan edir. O, öz nitqində Yazıçılar İttifaqını da yaddan çıxarmır: "Bir baxın, Yazıçılar İttifaqında kimlər əyləşmişdi: hazırda ifşa edilmiş Hüseyn Cavid, Əhməd Cavad, Mikayıl Müşfiq, Əli Nazim, Böyükağa Talıblı, Tağı Şahbazi, Əhməd Triniç və başqa əclaflar! Xalqın qəddar düşməni Ruhulla Axundov nüfuzundan istifadə edərək Yazıçılar İttifaqını bərbad vəziyyətə salmışdır".
Qurultayda adı çəkilən yazıçılar artıq NKVD əməkdaşları tərəfindən həbs edilərək ağır işgəncələrlə sorğu-sual edilirdi. Qəzetlər isə düşmən obrazında yazılara geniş rəvac vermişdi. "Azərbaycan Sovet Yazıçılar İttifaqını hər cür əksinqilabi millətçi, müsavatçı tör-töküntüdən təmizləyəlim!" hökmü artıq gündəmdə idi. "Təmizliyə başlanmalıdır", "Sonadək ifşa etməli", "Səhvlərimiz haqqında", "Sıralarımızda düşmənə yer yoxdur", "Amansız olmalı" məqalələrində isə NKVD-nin həyata keçirdiyi təmizləmə işləri təqdir olunaraq ictimai rəy formalaşdırılırdı. Q.Rıklinin "Pravda" qəzetində (8 iyun 1937-ci il) dərc olunan "Düşmənin hiylələri" baş məqaləsi isə bütünlüklə Azərbaycan Yazıçılar İttifaqına həsr olunmuşdu.
Hüseyn Cavid haqqında istintaq materiallarının toplandığı şəxsi qovluqdakı sənədlərdən onun müsavatçılarla əksinqilabi əlaqələrdə, onlarla milli söhbətlər aparmaqda, gənc şairləri ətrafına toplayıb, onları müsavat yönümündə hazırlamaqda ittiham edildiyini görürük. Bu ittihamlara əsasən, Cavidin toplanmış sübutlar əsasında Azərbaycan Cinayət Məcəlləsinin 72-73-cü maddələri ilə təqsirli bilinib, həbsi üçün təcili tədbir görülməsi təklif edilir. 3 iyun 1937-ci ildə H.Cavidin həbsi üçün 509 nömrəli order imzalanır və bundan bir gün sonra şairin evində axtarış aparılaraq protokol tərtib olunur. Axtarış zamanı onun evindən pasport, vəsiqə, Azərbaycan MİK-ə daxil olmaq üçün 35 nömrəli buraxılış vərəqi, bloknotlar və qeyd kitabçaları, şəxsi məktubları, müxtəlif fotoşəkilləri, portfeli, müxtəlif poçt açıqcaları, türk, ərəb, fars və başqa dillərdə kitabları, çap olunmamış əlyazmaları və sairə götürülür.

 

Hər an dəyişən "qəhrəmanlar"

 

Həbsinin səhəri günü Hüseyn Cavid ilk dəfə dindirilir, əksinqilabi, millətçi təşkilatların üzvü olub-olmaması barədə bir neçə suala cavab verir və cavablarından onun həbsdə saxlanması üçün heç bir əsasın olmadığı görünür. Bu halda xüsusi şöbənin əməkdaşları Yazıçılar İttifaqının üzvlərindən istifadə etməyə qərar verib "Azərnəşr"də tərcüməçi işləyən Mikayıl Rzaquluzadəni dindirmək üçün DTK-nin zirzəmisinə gətirirlər. Artıq 1938-ci ilin mart ayı idi. Onu izahatında istədiklərini deməyə məcbur edirlər. Cavidi 1926-cı ildən tanıdığını, 1933-cü ildən isə yaxın münasibətlərinin başlandığını bildirən M.Rzaquluzadə onun əksinqilabi, burjua-millətçi fəaliyyətindən, ədəbi yaradıcılığının Türkiyəyə tərəf yönəlməsindən danışır. Hüseyn Cavidin yazıçı, şair və dramaturq kimi yazılarında sovet həqiqətlərini düzgün əks etdirmədiyini, əsərlərini əksinqilabi, millətçilik ruhunda qələmə aldığını bildirir. Xüsusilə şairin "Peyğəmbər", "İblis", "Siyavuş", "Topal Teymur" və digər bu kimi əsərlərindəki panislamist, pantürkist elementlərini diqqətə çatdırır. Onun osmanlı ideologiyasını, türk ordusunu təriflədiyini, Türkiyə mətbuatının Cavid yaradıcılığını xüsusi diqqətdə saxladığını bildirir. 
Hüseyn Cavid 2 il Bakıda DTK-nin zirzəmisində saxlanılır. 1939-cu il iyunun 9-da "əksinqilabi fəaliyyət" ittihamı ilə 8 il islah əmək düşərgəsinə məhkum edilir. Onu Maqadana göndərirlər. 1941-ci ilədək orada qalır. Həmin ilin sentyabrında şairi İrkutsk vilayətinin Tayşet rayonuna gətirirlər. Hüseyn Cavid 1941-ci il dekabrın 5-də 59 yaşında orada vəfat edir. 
17 il sonra Mikayıl Rzaquluzadənin istintaqa əvvəlki ifadəsinin təzyiq altında verildiyi aydın olur. O, Hüseyn Cavidi güclü bir şair kimi xarakterizə edir, "Şeyx Sənan", "Siyavuş", "Dəli Knyaz" və başqa əsərlər yaratdığını, ən çox yadda qalan əsərlərini isə sovet dövründə yazdığını bildirir. Hüseyn Cavidin fəhlə sinfinə xüsusi rəğbətinin olduğunu xatırladır. Şairin əksinqilabi, millətçi fəaliyyəti barədə isə ona heç nə məlum olmadığını, ümumiyyətlə, ifadələrin müstəntiq tərəfindən dəyişdirildiyini iddia edir.
Bu etiraflarla Cavidi geri qaytarmaq, təbii ki, mümkün deyildi. Amma bütün bunlar bir daha göstərir ki, şəxsiyyətin böyüklüyü bütün şərtlər altında öz ləyaqətini, mənəviyyatını qorumasıdır. Çoxlarından fərqli olaraq Cavid bunu bacardı və səma şairi olduğunu əbədiyyət ömrü ilə bir daha təsdiqlədi.

İradə ƏLİYEVA,
"Azərbaycan" 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

FIFA ilin ən yaxşılarını açıqlayıb

22:28
16 Dekabr

Azərbaycan Pakistanın neft-qaz infrastrukturunun inkişafına mühüm töhfə verə bilər  

21:22
16 Dekabr

Elektron siqaretlərin dövriyyəsinin qadağan edilməsini nəzərdə tutan qanun layihəsi plenar iclasa tövsiyə olunub

20:03
16 Dekabr

Ruben Vardanyanın məhkəmə istintaqı yekunlaşıb

19:50
16 Dekabr

Milli Məclisin növbəti plenar iclası keçirilib, 10 məsələ müzakirə olunub YENİLƏNİB 

19:48
16 Dekabr

Bahar Muradova: Azərbaycanın əhali və ailə siyasəti uzunmüddətli strateji yanaşmaya əsaslanır  

19:38
16 Dekabr

“Qarabağ” Antalyada təlim-məşq toplanışı keçəcək  

19:29
16 Dekabr

Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında amnistiya barədə qərar layihəsi müzakirə olunub  

19:27
16 Dekabr

Azərbaycan Dünya Türk Dili Ailəsi Günü münasibətilə Ankarada keçirilən tədbirdə təmsil olunub

19:22
16 Dekabr

Zəngilanın Ağalı kəndində növbəti əmək yarmarkası keçirilib  

19:08
16 Dekabr

AZƏRTAC ilə AMADA arasında Əməkdaşlıq Haqqında Memorandum imzalanıb

18:46
16 Dekabr

Baş katib: Əminik ki, Bakı 2026-cı ilin “Dünya İdman Paytaxtı” kimi yaxşı nümunə olacaq

18:43
16 Dekabr

Naxçıvanda külli miqdarda narkotik vasitə məhv edilib 

18:41
16 Dekabr

Qarlı havada magistral yolların bağlanmaması üçün hansı alternativ tədbirlər görülməlidir?  

18:36
16 Dekabr

Milli Məclisin növbəti iclasında hansı məsələlər müzakirə ediləcək?  

18:24
16 Dekabr

Fərid Qayıbov: Bakının “Dünya İdman Paytaxtı” seçilməsi möhtəşəm hadisədir  

18:23
16 Dekabr

Bakı 2026-cı il “Dünya İdman Paytaxtı” elan olunub YENİLƏNİB 

18:18
16 Dekabr

Qarabağ və Şərqi Zəngəzur ərazilərində ekoloji və coğrafi tədqiqatlar aparılıb  

18:15
16 Dekabr

Ukrayna mediası Azərbaycan Prezidentinin amnistiya təşəbbüsü ilə bağlı silsilə xəbərlər yayımlayıb  

18:11
16 Dekabr

Bakı 2026-cı il “Dünya İdman Paytaxtı” elan olunub YENİLƏNİB 

18:03
16 Dekabr

Fövqəladə Hallar Nazirliyinin yaranmasının 20 illiyi qeyd olunub

18:01
16 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!