15 Fevral 2024 10:00
1085
Mədəniyyət
A- A+
Söz aşiqi - Əli Tudə

Söz aşiqi - Əli Tudə

 

Əslən Ərdəbildən - Güney Azərbaycanın söz-sənət və mədəniyyət ocaqlarının birindən idi Əli Tudə... Quzey Azərbaycana - Bakıya köçmək məcburiyyətində qalan Qulu ilə Şahbəyimin qurduğu gənc ailədə 1924-cü ilin yanvarında  doğulmuşdu. Atası oğluna Güneydə vaxtsız dünyasını dəyişmiş nakam qardaşı Mirzə Hüseynin adını qoymaq istəmiş, lakin bu zaman qardaşı ilə bağlı xatirələr gözlərinin önündə canlanmış və sevincinin yerini kədər almışdır. Buna görə də Mirzə Hüseyn adında bir az dəyişiklik edərək uşağı Mirzəli çağırmışlar. Daha sonra Mirzəli adı daha qısaldılmış şəkildə - Əli çağırılmışdır. 
O, elə Əli adı ilə də gələcək sənət və iş həyatında tanınır. Qulu Bakıda neft mədənində fəhlə işləyir, lakin nümunəvi işinə görə buruq ustası vəzifəsinə irəli çəkilir və ailəsinin keçimini təmin edir. Lakin amansız tale körpə Əliyə xoşbəxt uşaqlıq çağlarını yaşamağa macal vermir, bir yaşında atasını, beş yaşında isə anasını əlindən alır və onu ipək xasiyyətli nənəsi Qərib xanım böyüdür. 150 saylı orta məktəbdə oxuyur. Həm də Bakı Pionerlər Sarayının nəzdində Osman Sarıvəllinin ədəbiyyat dərnəyinə yazılır, fəallığı, şeirlərini avazla oxuması ilə qələmdaşları arasında seçilir.
İlk şeirləri Heydər Rzazadə imzası ilə "Kommunist", "Yeni yol" qəzetlərində çap olunur, eyni zamanda radioda səslənir. Repressiya dövründə (1938) 7-ci sinifdə oxuyarkən Əli Güney azərbaycanəsilli olduğundan nənəsi Qərib xanımla birlikdə İrana sürgün edilir və təhsili yarımçıq qalır. Ərdəbildə təsərrüfat işləri ilə məşğul olur, fəhləlik edir, ağır həyat yaşayır. Lakin davamlı mütaliə, oxuduğu saysız kitablar ədəbiyyat, söz sənətinin sevdasına düşmüş Əlini gəlişdirir, böyük şövqlə yazıb-yaratmağa ruhlandırır.
1940-cı illərdə Güney Azərbaycanda başlanan azadlıq hərəkatına qoşulur, silahı və qələmi ilə mübarizəyə qalxır. Milli ruhlu üsyankar şeirləri ilə xalqı zülmə baş əyməməyə, istiqlala çağırır. 1944-cü ildə "Vətən yolunda" qəzetində "Əli Tudə" imzası ilə şeirləri çap olunur. "Yazdığım sətirlər qatar-qatar düzülsə, nəinki Xan Araza, Ana Təbrizə çatar" deyən şair imzası ilə iftixar duyduğunu etiraf edir və "Tudə" təxəllüsünü xalq özü verdi mənə, Mərd fədai olmağı məsləhət gördü mənə..." - deyir.
"Hüzbi-Tudeyi-İran" partiyasının, daha sonralar Təbrizdə yaranan Azərbaycan Demokrat Firqəsinin üzvü olan 21 yaşlı gənc şairə milli hökumət dövründə Təbrizdə Maarif Nazirliyinin tədris şöbəsinin, daha sonra isə Təbriz Dövlət Filarmoniyasının müdiri vəzifələri etibar edilir və o, filarmoniyanın ilk və son müdiri olur. O, həm söz, həm də döyüş cəbhəsinin əsgəri olur, dincəlmək bilmədən gərgin işləyir, ölkəyə, dövlətə və xalqa gecə-gündüz təmənnasız xidmət göstərir: "Ömrümün çoxunu döyüşlərdə, zindanlarda keçirmişəm, səngərlərdə yatmışam, dincəlməyə imkanım da olmayıb, ağızdolusu gülmək də qismətim olmayıb, amma daim çalışmışam, azadlığa da çıxmışam-çalışmışam, ümüd də itirmişəm-çalışmışam, şeir də bitirmişəm, yenə də çalışmışam, mən bir də görüş vaxtı güləcəyəm, səsim Araz boyunca axacaq, Arazın ləpələri ipək sap kimi ayrılmış ürəkləri bir-birinə tikəcək..." 
Milli demokratik hökuməti irticaçı qüvvələr qan içində beşikdəcə boğur. Tale bu məqamda da amansız hökmünü verir. Min bir əziyyətlə qurduqları növraq dağılır, azad, xoş günlərin ömrü çox qısa olur. Şairin üsyankar şeirlərindən oluşan kitabı Təbrizdə mətbəədəcə yandırılır. Harada tutulsa, yerindəcə öldürülməsi barədə şah fərman verir. Əli Tudə mübarizəsini davam etdirmək amacı ilə bir sıra qələmdaşları, məsləkdaşları ilə Güneydən Quzeyə-vətəndən-vətənə mühacirət etməli olur. 12 dekabr 1946-cı ildə İran-Azərbaycan sərhədindən keçərkən "Mən nə gətirdim" şeirini yazır və bu şeir Cənubi  Azərbaycan mühacirət ədəbiyyatının ilk örnəyi olur və demokrat şairlərin manifestinə çevrilir... 

Mən öz qardaşıma mehman gələndə
Bir qələm, bir dəftər, bir can gətirdim.
Dağların döşünü toplar dələndə
Bir ləkə düşməyən vicdan gətirdim... 

Ucuz tutmasınlar bu sovqatımı
Hissimi, duyğumu, ehsasatımı,
Mən öz varlığımı, öz həyatımı
Doğma qardaşıma qurban gətirdim.


Bakıya mühacirətdən sonra "Ədəbiyyat qəzeti"nin redaksiyasında ədəbi işçi vəzifəsinə işə düzəlir. Eyni zamanda BDU-nun Filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirir. Azərbaycan Dövlət Nəşriyyatında redaktor, Ali Partiya Məktəbində müdavim, "Azərbaycan" qəzetində (Azərbaycan demokratik firqəsinin orqanı) ədəbi-şöbə müdiri vəzifəsində çalışır. 1962-ci ildən sonra isə bütün şüurlu həyatını bədii yaradıcılığa həsr edir.
O, yurdunun, tarixi keçmişinin, ana dilinin qeyrətli qoruyucusu, milli adət-ənənələrin etibarlı daşıyıcısı idi... Ana dilini dünyada Vətənə sədaqət, ataya ehtiram, anaya məhəbbət sanan şair yaradıcılığında dilin alt qatlarına enir, ən gözəl söz və kəlmələri mirvari tək sapa düzürdü... Bu zaman xalqın yaratdığı müdriklik səltənətinə-atalar sözləri və zərb-məsəllərə üz tutur və sənətdə qazandığı uğurlara görə hikmətlə şeiriyyəti özündə birləşdirən bu səltənətə minnətdar olan şair deyirdi: "Atalar sözləri əlvan nemətlərlə dolu zəngin süfrədir. Əlini uzadıb bu zəngin süfrədən istədiyin neməti götürə bilərsən. Mən də öz əsərlərimdə atalar sözlərindən geninə-boluna istifadə etmişəm. Oxuyan filosof alimlərin sözləri kitablardan sənətə gəlibsə, oxumayan filosof ataların sözləri həyatdan sənətə gəlib. Özü də ağır sınaqlardan çıxa-çıxa, oxuyan filosof alimləri heyran qoya-qoya gəlib. Ataların bir sözü bir xalqa istiqamət də, ruh da, təpər də verə bilər". 
Sevgi onun üçün mətnini zamanın belə oxuya bilmədiyi ecazkar yazı idi. Sevdiyini hər şeyə, hətta üzünə azacıq toxunan yarpağa, budağa belə qısqandığını və özü bədbəxt olsa da, sevdalısı olduğu gözəli xoşbəxt etmək amacında olduğunu yazır: 

Gecə gülümsədin bir mələk kimi,
Çaldı gözlərimi ala gözlərin,
Könlümdən şığıyıb bir şimşək kimi,
İstədi canımı ala gözlərin...

Əli Tudə hər zaman xalqının yanında, arxasında oldu, onun sevincini sevinci, kədərini kədəri sandı, insanların təbəqələşməsinə, varlıya-yoxsula bölünməsinə biganəlik göstərmədi. Bu fərqi qəbul etmədiyini ən zərif misralarında da hiss etdirdi: 

Ağanın xanımı baxıb ərinə,
Yekə qulağına almas taxardı,
Qızlar, kasıb qızlar sırğa yerinə,
İncə qulağına gilas taxardı...

Göründüyü kimi, poeziyasında həssas şair münasibətinin orijinal ifadəsi, şüurla hissin, ağılla ürəyin polemikası oxucunun diqqətini çəkir, onu dərindən düşünməyə səfərbər edir. Beləcə, fikirlərini möhkəmləndirmək üçün yenə də xalqın hikmət xəzinəsinə, atalar sözü və zərb-məsəllərə söykənir, özünün də müdrik fikirlər boğcasını yaradır. 
50 illik yaradıcılığı boyu qələmə aldığı şeir və poemaları ilə yanaşı, "Mənə elə baxma", "Öz gözlərimlə", "Tellərdə çırpınan həsrətlər" adlı nəsr əsərləri çağdaş nəsrin gözəl nümunələri kimi dəyərləndirilir. "Təbriz gözəlinə məktub" və digər poemalarına isə epistolyar janrın nəzmlə yazılmış ən mükəmməl örnəyidir, deyə bilərik...
Baş verən hadisələrin çoxu avtobioqrafik xarakter daşıyan, qəhrəmanları azadlıq hərəkatı mərhələlərində, qaynar həyatda yetişmiş cəsur insanlar, hadisələr isə şairin yaşadığı, yazıb-yaratdığı illərdə baş vermiş əhvalatlar olan "Yaralanmış nəğmələr", "Yanıqlı tütək", "Həyat sınağı", "Gecikmiş vüsal",  "Tarixin bir səhifəsi", "Səngərli qala", "Doğma səs", "Hicran yolu", "Qartal uçuşu", "Sən indi hardasan", "Çanaxbulaq dastanı" və digər poemalarında mərd xalqının həyatından və onun azadlıq uğrunda mübarizəsindən iftixarla bəhs edir... 
"Hər nazik cığır da bir təranədir, hər kiçik daşın da öz dastanı var!" - deyən şair Vətənin hər cığırının nəğməsini eşidir, özü də şeir və poemalarında, xatirə və nəsr əsərlərində yurdunun hər qarışına əbədi sevgi nəğməsi oxuyur və Vətən daşının - özünün dastanını yaradırdı. Amma bu dastanı yarımçıq sayırdı Əli Tudə... Çünki Azərbaycan bütöv deyildi, Arazın o sahili ilə bu sahili hələ birləşməmişdi... Və o, bölünmüş Vətənin şairi olaraq qalırdı. Ləyaqətli oğlu, fiziksəl və ruhsal varisi Natiq Cavadzadə atasının yaratdığı misilsiz söz xəzinəsindən seçdiyi nümunələrdən oluşdurduğu 20 cildliyin birini elə "Yarımçıq dastan" adlandırıb... 
"Deyirlər keçmişdə atalar quruyan, ya da qurumaqda olan ağaca baltanın arxası ilə vurar, ağacı balta zərbəsi ilə diksindirər, oyadar, özünə gətirərmişlər... Ağac da oyanar, nəyə qadir olduğunu yadına salıb yenidən göyərərmiş. Millət də belədir. Millətin silkələnməsi, oyanması, özünə gəlməsi üçün də ya bir xəbər, ya bir soraq, ya da bir həyəcan dalğasının təkanı kifayətdir. Millət başının üstünü alan təhlükəni görüb ayağa qalxır. Sonra əcdadını yada salır. Daha sonra öz kökünə qayıda-qayıda bütün maneələri dəf edir. Xariqələr yarada-yarada nəyə qadir olduğunu bütün dünyaya sübut edir..." Vətəndaş şairin bu fikirləri 27 sentyabr 2020-ci ildə başlayan və 8 noyabrda möhtəşəm Şuşa zəfəri ilə başa çatan, 2023-cü ilin 19 sentyabrında isə lokal antiterror tədbirləri ilə Xankəndi, Xocalı və Ağdərəni düşməndən azad edib bütünlükdə Qarabağın əsl sahibinə qaytarılmasının proqnozu saymamaq mümkünsüzdür... 

Esmira FUAD,
filologiya elmləri doktoru

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Dünya birjalarında neft bahalaşıb  

10:22
17 Dekabr

Qazaxıstanda neft hasilatı və ixracı artıb  

09:43
17 Dekabr

Əfv və amnistiya institutları humanizm prinsiplərinin hüquqi ifadəsidir

09:42
17 Dekabr

Keçmiş məcburi köçkün: Xatirələrimizə qayıdırıq  

09:40
17 Dekabr

Xocavənd sakini: Uzun illərdən sonra doğma yurda qayıtmaq böyük xoşbəxtlikdir  

09:37
17 Dekabr

Keçmiş məcburi köçkün: Şükür edirəm ki, yenidən doğma yurduma qayıdıram  

09:36
17 Dekabr

Laçın şəhərinə, Xocavənd rayonun Hadrut və Qırmızı Bazar qəsəbələrinə və Ağdamın Xıdırlı kəndinə köç karvanları yola salınıb  

09:35
17 Dekabr

Arktikada temperatur rekord həddə çatıb  

09:34
17 Dekabr

Azərbaycan və Slovakiya arasında aviasiya sahəsində əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

09:23
17 Dekabr

Sənətkar ömrü

09:10
17 Dekabr

Qəlblərdə yaşayan şair

09:05
17 Dekabr

Aprel zəfərinin Mühüd zirvəsi

09:00
17 Dekabr

Ağcabədi bələdiyyəsi nümunə göstərir

08:55
17 Dekabr

Özü cavan, yaşı qoca Lənkəran

08:50
17 Dekabr

Azərbaycan üzərindən daşınan tranzit yüklərin həcmi artır

08:45
17 Dekabr

BP və ADA Universitetinin birgə sosial layihəsi uğurla yekunlaşdı

08:43
17 Dekabr

Ölkəmizin enerji sektorunda daha bir yenilik

08:40
17 Dekabr

Böyük futbol Azərbaycana gəlir

08:35
17 Dekabr

Ermənistanda revanşistlərin siyasi dayaqları yoxdur

08:30
17 Dekabr

Avropa İttifaqı yenidən sülhə qarşı

08:25
17 Dekabr

Misri qılıncdan döyüş PUA-larınacan

08:20
17 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!