13 Sentyabr 2022 00:57
457
Elm və texnika
A- A+

Sosial şəbəkə terroru

 

Son illər dünyada geniş istifadə olunmağa başlayan sosial şəbəkələr müsbət tərəfləri ilə yanaşı, cəmiyyətə mənfi təsirlərini də göstərməkdədir. Ölkəmizdə də bəziləri tərəfindən sosial şəbəkələrin üstünlüklərindən sui-istifadə edildiyini görürük. Belələri öz sosial şəbəkə hesablarından müxtəlif şəxslərə böhtan atmaqla məşğuldurlar. Təəssüf ki, bunların arasında təhqirlərə də yol verilməsi cəmiyyət tərəfindən narahatlıqla qarşılanır, haqlı olaraq insanların narazılığına səbəb olur. 
Şərəf və ləyaqəti alçaltma şəxsi nüfuzdan salan hərəkətlər kimi dəyərləndirilir. Böhtan isə yalan olduğunu bilə-bilə şəxsin şərəf və ləyaqətini ləkələyən, onu nüfuzdan salan məlumatların yayılmasıdır. Sosial şəbəkələrdə kütləvi nümayiş etdirilməklə təhqirə, yaxud böhtana məruz qalmış şəxs xüsusi ittiham qaydasında məhkəməyə müraciət etdikdə öncə kim tərəfindən təhqir edildiyini də bilməlidir.

 

Hüquqi məsuliyyət

 

Bəs bu halda nüfuzuna zərər dəymiş, hüququ tapdalanmış, böhtana məruz qalmış şəxs nə etməlidir? Hansı hüquqi addımlar atıla bilər?
Bəzi hallarda sosial şəbəkələrdə qeydiyyatdan keçmiş şəxslər öz real ad və soyadlarını, digər anket məlumatlarını gizlədirlər - saxta istifadəçi adlarından, profil hesablarından istifadə etməklə sosial şəbəkələrdən yararlanırlar. Təbii ki, öz-özlüyündə bu halın mövcudluğu şəxs üçün hər hansı bir hüquqi məsuliyyət yaratmır. Lakin saxta profil adlarından istifadə edən şəxslər bir sıra hallarda anonim olduqları üçün cəzasız qalacaqlarını güman edərək digərlərini təhqir etməkdən və onlara böhtan atmaqdan çəkinmirlər. Odur ki, bu halların qarşısının alınması, dövlət tərəfindən insanların şərəf və ləyaqətinin müdafiəsi üçün saxta profil hesablarından istifadə edərək insanların şərəf və ləyaqətini alçaldan, onlara böhtan atan şəxslərin müəyyən edilərək cinayət məsuliyyətinə cəlb edilməsinin təmini məqsədilə  Cinayət Məcəlləsinə 148-1-ci maddə əlavə edilib. Bu maddə ilə internet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək kütləvi nümayiş etdirməklə böhtanatma və ya təhqiretmə cinayət məsuliyyəti müəyyənləşdirilir.
Şər-böhtan, təhqir, saxta məlumatlarla işgüzar nüfuzu, şəxsi həyatı zədələnmiş şəxslərin cəmiyyətdə ajiotaj, süni gərginlik yaradan, şayiə ilə manipulyasiya edənlərə qarşı hüquqi müstəvidə müraciət etməsi lazımdır. Beynəlxalq hüququn hamılıqla qəbul edilmiş norma və prinsiplərində olduğu kimi, Azərbaycan Konstitusiyasında da hər kəsin şərəf və ləyaqətini müdafiə etmək hüququ var, heç bir hal şəxsiyyətin alçaldılmasına əsas verə bilməz. Azərbayan Respublikasının Konstitusiyasının 46-cı maddəsində qeyd edildiyi kimi, hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ var və şəxsiyyətin ləyaqəti dövlət tərəfindən mühafizə edilir. Cinayət Məcəlləsinin 19-cu fəslində qeyd edilmiş "Şəxsiyyətin azadlığı və ləyaqəti əleyhinə olan cinayətlər" bu konstitusion müddəanın təzahürlərindən biridir. Cinayət Məcəlləsinin 147-ci maddəsi böhtana, 148-ci maddəsi isə təhqirə görə məsuliyyəti nəzərdə tutur. Cinayət Məcəlləsinin 148-1-ci maddəsinə əsasən, internet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək kütləvi nümayiş etdirməklə böhtanatma və ya təhqiretmə - 1.000 manatdan 2.000 manatadək miqdarda cərimə və ya 360 saatdan 480 saatadək müddətə ictimai işlər və ya 2 ilədək müddətə islah işləri və ya 1 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
Saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək kütləvi nümayiş etdirməklə böhtanatma və ya təhqiretmə cinayətini "təhqir" və "böhtan" cinayətlərindən fərqləndirən önəmli bir özəlliyi də bu cinayət üzrə cinayət təqibinin ictimai-xüsusi ittiham qaydasında həyata keçirilməsidir. Bu isə Cinayət-Prosessual Məcəlləsinin 37.5-ci maddəsində qeyd edilən hallardan biri olduqda cinayət təqibinin prokurorun təşəbbüsü ilə zərər çəkmiş şəxsin şikayəti olmadan da başlaya bilməsi deməkdir.

 

Saxta profillər

 

Bir çox halda təhqir halları saxta profillər vasitəsilə həyata keçirilir. Saxta  profil və səhifələr müxtəlif məqsədlər üçün yaradılır.  Bütün sosial şəbəkə platformalarında isə saxta profil açmaq qadağandır. Əgər istifadəçi saxta ad və soyadlardan istifadə edərək profil hesabı yaradırsa, həmin şəxs dərhal müvafiq sosial şəbəkənin şərtlərini pozmuş olur. Amma bununla belə bu cür profillərə heç bir qadağa qoyulmur. 
Hazırda sosial şəbəkələrdən cinayətlərin törədilməsi üçün getdikcə daha çox istifadə olunduğu müşahidə edilir. Bəzən kimsə kimisə sosial şəbəkədə şantaj edir, hədə-qorxu gəlir. Sosial şəbəkə cinayətlərinin qurbanları arasında susanlarla yanaşı, hüquq-mühafizə orqanlarına üz tutanlar da olur. Bu cinayətlər bir çox halda xanımlara qarşı törədilir. Belə məsələlərlə bağlı Daxili İşlər Nazirliyi dəfələrlə xəbərdarlıq və çağırış edib. Kimlərsə bu cür təzyiqə, təqibə məruz qalırsa, bununla bağlı hüquq-mühafizə orqanlarına müraciət etməlidir. 

 

Bəs saxta profili necə müəyyən etmək olar?

 

Sosial şəbəkələr gücləndikcə saxta profillər də artır. Bəzi istifadəçilər elə düşünürlər ki, virtual şəbəkə tam sərbəstdir, nə istəsə edər, başqasının profilini sındıra, saxta hesablar yarada bilər. Əslində isə bütün bunlar qanun pozuntusudur. Feysbuk qaydalarına və mövcud normalara görə, saxta profil və ya səhifələrin yaradılması yolverilməzdir və qanunsuzdur. Qaydalara görə, hər bir şəxs öz real adı altında qeydiyyatdan keçməlidir və özünə yalnız bir hesab aça bilər. Feysbuk səhifəsi yaradılırsa və orada da kiminsə adından müxtəlif informasiyalar yerləşdirilirsə, onun əlaqə vasitələri qeyd edilirsə, onun səhifəsinə müxtəlif müraciətlər başlayır. Ona qarşı hədə-qorxular, təhdidlər də ola bilər. Kiminsə saxta səhifəsini açmaq kiməsə zarafat kimi gələ bilər, kimsə hətta bunu pis niyyət olmadan da edə bilər, amma bu ağır nəticələr də verər.
"Saxta profil" dedikdə şəxsin özünə məxsus e-mail adresi ilə başqa adla qeydiyyatdan keçdiyi hesab başa düşülür. Mütəxəssislər deyirlər ki, adətən saxta hesab sahibi izləyicilərini artırmağa çalışırsa və əgər hesab əvvəllər başqasına məxsus idisə, həmin profil linkində adı görünəcək (əgər dəyişdirilməyibsə). Həmçinin saxta profilləri müəyyən etməyin digər yolu onların qondarma adlarla adlandırılmasıdır. Bəzən ad arxasında əsl adı açıqlanmayan hər hansı diqqətçəkən ad görürsünüzsə, profil linkinə baxmaqla onun adını və ya soyadını tapmaq şansınız var. Yoxlamalı olduğunuz başqa bir məqam profil şəklidir. Saxta hesab sahibi bu profilə müxtəlif insanların müxtəlif tipli şəkillərini yükləyir. Bu hesabın arxasında duran şəxs həmişə izləyicilərin sayını özü üçün istifadə etməyə çalışır. Saxta profil açan insanları elektron müşahidə vasitələri və İP adreslə tapmaq mümkündür. 
Siyasətçilərin, sənət adamlarının, idmançıların, bir sözlə, məşhur insanların adına açılan "feyk" hesablara tez-tez rast gəlinir. Bu isə sözügedən insanların ictimai nüfuzuna xələl gətirməklə yanaşı, həm də cəmiyyəti çaşdırmağa yönəlir. Feysbukun miqyasını nəzərə alsaq, deyə bilərik ki, orada bu saxtalığın əhatəsi daha da genişdir. 

 

Effektiv və peşəkar mübarizə yoxdur

 

Milli Məclisin deputatı Fazil Mustafa deyir ki, bu istiqamətdə fəaliyyət göstərən ayrıca struktur yaradılmalıdır: "Buna qarşı effektiv və peşəkar mübarizə aparılmır. Peşəkar mübarizə olarsa, böhtan və təhqir bu dərəcədə sosial şəbəkədə baş alıb getməz. Bir sıra məqamlarda bunun daha çox şahidi oluruq. Ciddi mübarizə aparılmadığına görə heç kim şikayət də etmir. Hərə öz bildiyi metodlarla bunun qarşısını almağa çalışır. Kimsə təhqir edirsə, sən də məcbur olub onu təhqir edirsən. Amma bunu hüquqi yolla həll etmək lazımdır. Bu baxımdan bu məsələdə boşluqlar qalmaqdadır. Qanunvericilikdə bununla bağlı maddələr də salınıbdır. Konkret addımlar atılmalıdır. Nədənsə, bu məsələ üzərində geniş düşünülmür. Fikirləşirəm ki, buna xüsusi diqqət yetirilməlidir". 
Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli isə bildirir ki, təhqir və böhtan harda yayılmasından asılı olmayaraq, qanun pozuntusu sayılır: "İstənilən halda təhqir və böhtan yolverilməzdir. Sosial şəbəkə istifadəçiləri bilməlidirlər ki, burada paylaşılan fikirlər, açıqlamalar əgər başqalarının təhqir edilməsi və ya kiməsə böhtan atılması ilə müşayiət olunursa, hüquqi məsuliyyət yaradır. Bu, dünyanın hər yerində belədir. Təhqir və böhtan harada yayılmasından asılı olmayaraq, əgər kütləvi halda baş veribsə, hüquqi məsuliyyət doğurur. Azərbaycanda bu məsələnin hüquqi tənzimlənməsi üçün addımlar atılır, qanunlara əlavə və dəyişikliklər edilir. Artıq Cinayət Məcəlləsinin 147-148-ci maddələrinə dəyişikliklər edilib, bu maddələrə məxsusi olaraq sosial şəbəkələri ehtiva edən bir saylı əlavə təqdim olunub. Bu o deməkdir ki, sosial şəbəkə istifadəçiləri başqalarını təhqir edir, kiməsə böhtan atırlarsa, bu, hüquqi məsuliyyət yaradır". 

 

Antiazərbaycançı şəbəkələrin "fəaliyyəti" 

 

Bir sıra hallarda təhqir və böhtanların yayıldığı sosial şəbəkə hesabları xarici ölkələrdə açılır ki, buna qarşı mübarizə aparmaq çətinləşir. Sosial şəbəkələrdə ölkədən kənarda olan şəxslərin təhqir və böhtanla daha çox məşğul olması müşahidə edilməkdədir. Bu gün sosial şəbəkələrdə təhqiri və böhtanı mübarizə metodu seçənlər, insanları dağıdıcılığa çağıranlar, şayiə və dezinformasiya yayanlar eyni zamanda həmin antiazərbaycançı mərkəzlərin buyruqlarını yerinə yetirənlərdir.
Əlbəttə ki, bu cür hallar ölkə ictimaiyyəti tərəfindən haqlı narazılığa səbəb olur.  Çünki həmin şəxslər bu cür hərəkətləri ilə həm təşviş yaradır, həm də düşmən dəyirmanına su tökürlər. Bunu məqsədli şəkildə də həyata keçirirlər. Antiazərbaycançı şəbəkələrin bu işdə "fəaliyyəti" olur. Saxta profillər vasitəsilə bu gün Avropada oturub erməni lobbisinin ayırmış olduğu vəsaitlə xoş güzəran keçirənlər bunu edirlər. Hüquq-mühafizə orqanlarının belə şəxslərə qarşı ardıcıl tədbirlər görməsinə baxmayaraq, bəziləri çirkin əməllərindən əl çəkmirlər.
Baş Prokurorluq qanunun tələblərinə uyğun olaraq ilk növbədə media subyektlərinə və sosial şəbəkə istifadəçilərinə mütəmadi olaraq bununla bağlı xəbərdarlıqlar edib. Prokurorluğun son yaydığı məlumatların birində bildirilirdi ki, ölkədə ictimai-siyasi sabitliyin, insan və vətəndaş hüquq və azadlıqlarının pozulmasına yönələn halların qarşısının alınması üçün aidiyyəti şəxslər Baş Prokurorluğa dəvət olunmaqla barələrində prokuror təsir tədbirləri görülüb. Onlara "Prokurorluq haqqında" qanunun 22-ci maddəsinə əsasən, gələcəkdə bu kimi neqativ hallara yol verməmələri ilə bağlı xəbərdarlıq edilib.
Baş Prokurorluq media subyektlərinə və sosial şəbəkə istifadəçilərinə bəyan edib ki, dövlət qurumları ilə hər hansı dəqiqləşdirmə aparmadan yoxlanılmamış məlumatların yayılması yolverilməz olmaqla qanunvericiliklə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur.  
Təbii ki, bir sıra sosial şəbəkə istifadəçilərinin Baş Prokurorluğa dəvət olunaraq onlara xəbərdarlıq edilməsi ölkə ictimaiyyəti tərəfindən haqlı olaraq düzgün addım kimi dəyərləndirilir və hesab edilir ki, bu cür addımlar, tədbirlər davamlı xarakter almalıdır.  

Elşən YƏHYAYEV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video