Son altı ayda Türkiyənin daxilinə sızan FETÖ üzvlərinə qarşı 2 839 əməliyyat keçirilib. Nəticədə 4 482 nəfər saxlanılıb. Onlardan 994-ü həbs edilib, 933-ü barəsində isə məhkəmə nəzarəti qərarı verilib.
AZƏRTAC xəbər verir ki, bunu Türkiyənin daxili işlər naziri Ali Yerlikaya son altıaylıq fəaliyyət hesabatını təqdim edərkən deyib.
Terror təşkilatları ilə mübarizə haqqında danışan nazir bildirib ki, bu müddət ərzində İŞİD-ə qarşı isə 728 əməliyyat keçirilib. Bu əməliyyatlar nəticəsində 98 terrorçu zərərsizləşdirilib, 1254 şübhəli saxlanılıb, 317 nəfər həbs edilib. Onlardan 37-si müxtəlif kateqoriyalarda axtarışda olan terrorçulardır.
Türkiyədə həyata keçirilən “NARVAS” xəbərvermə və analiz tətbiqi layihəsi haqqında danışan Yerlikaya deyib ki, təkcə noyabr ayı ərzində 30 böyük şəhərdə narkotik maddələrin qanunsuz dövriyyəsi və istifadəsi ilə bağlı 9675 məlumat daxil olub. Bunların 3 945-i İstanbuldadır. Narkotik cinayətlərə görə 124 nəfər məsuliyyətə cəlb edilib, onlardan 503-ü müxtəlif cinayətlərə görə axtarışda olub.
Qeyri-qanuni miqrasiyaya da toxunan nazir bunun təkcə Türkiyədə deyil, bütün dünyada ən mühüm qlobal problemlərdən biri olduğunu deyib.
Qeyd edilib ki, hazırda Türkiyədə ümumilikdə 4 milyon 613 min 984 miqrant var. Müvəqqəti qoruma altında olan suriyalıların sayı 3 milyon 237 min 585 nəfər, yaşayış icazəsi ilə qalanların sayı 1 milyon 113 min 761 nəfər, beynəlxalq qoruma altında olanların sayı isə 262 min 638 nəfərdir.
Bildirilib ki, hesabat dövründə Türkiyə daxilində immiqrant qaçaqçılığına qarşı 3 801 əməliyyat keçirilib. Bu əməliyyatlar nəticəsində 6 min 108 nəfər saxlanılıb, onlardan 2 min 110 nəfəri həbs edilib.