Yurd həsrəti ən böyük dərdinə, könül yarasına çevrilmiş ailənin övladı idi. Valideynləri 1992-ci ildə Ermənistanın işğalı nəticəsində doğma el-obasından, isti ocağından ayrı düşmüşdü.
Torpaq həsrəti
1995-ci ilin sentyabrında məcburi köçkün ailəsində dünyaya göz açan Şirxan Quliyev ata-baba yurdu Xocavəndi qohumlarının qüssə, ələm dolu söhbətlərindən tanıyıb. O yerlərin həsrəti və düşmən əsarətindən qurtulması arzusu ilə böyüyüb. Ona görə də kiçik yaşlarından hərbçi olmaq istəyib.
Çəkdikləri çətinliklərə, yurd nisgilinə baxmayaraq Şirxan Quliyevin ata-anası doğma yurdlarına qayıdacaqlarına heç vaxt inamlarını itirməmişdilər. Şirxan da bu ruhda boya-başa çatmışdı. İnanmışdı ki, Azərbaycanın əzəli əraziləri olan Qarabağ və Şərqi Zəngəzurun Ermənistan silahlı qüvvələrinin işğalından azad ediləcəyi gün gələcək. Uşaqlıq illərindən onu da başa düşüb ki, yalnız arzulamaq, inam bəsləmək azdır. Vətən torpaqlarını düşmən əsarətindən xilas etmək və qorumaq üçün hərbi sirlərə yiyələnmək, silah-sursatdan istifadə etməyi bacarmaq lazımdır.
Şirxan Quliyev bu arzu və düşəncə ilə 2013-cü ildə Azərbaycan Silahlı Qüvvələrinin əsgəri oldu. 2015-ci ildə müddətli həqiqi hərbi xidmətini başa vurdu. Ancaq Vətənə bağlılığı onu ordudan ayrılmağa qoymadı. 2016-cı ildə müddətdən artıq həqiqi hərbi xidmətə yollandı.
Həmin il aprelin 1-dən 2-nə keçən gecə cəbhənin Tərtər və Cəbrayıl-Füzuli istiqamətlərində şiddətli döyüşlərdə Vətən qarşısındakı borcunu şərəflə yerinə yetirən hərbçilər sırasında Şirxan Quliyev də var idi. Aprel döyüşləri onun hərbçi kimi keçdiyi ilk ciddi sınaqlardan biri idi. Azərbaycan Ordusunun atıcısı Şirxan verilən tapşırıqları mətanət və cəsarətlə yerinə yetirirdi.
Böyük qələbələrə doğru
Aprel döyüşləri zamanı Cəbrayılın Lələtəpə istiqamətində bir sıra mühüm mövqelər, o cümlədən Lələtəpə yüksəkliyi Azərbaycan Ordusunun nəzarətinə keçsə də, son qələbə hələ irəlidə idi.
Vətən müharibəsi başlayanda Şirxan da döyüşlərə qatılıb. Azərbaycan Ordusunun tərkibində Cəbrayıl, Füzuli, Qubadlı və Şuşa istiqamətlərində gedən döyüşlərdə rəşadət göstərib.
İllər boyu ailəsinin həsrətini çəkdiyi Qarabağ torpaqları artıq onun döyüşdüyü məkan idi. Şirxan arabir uşaqlıq illərini xatırlayır, ata-anasının qüssə, həyəcan və nisgillə təsvir etdikləri Xocavəndi də tezliklə yağılardan xilas edəcəkərini düşünürdü. Amma o, noyabrın 2-də Daşaltı uğrunda gedən vuruşda yaralandı. Buna baxmayaraq, döyüş meydanından geri çəkilmədi.
Noyabrın 7-də isə... Şuşa istiqamətində gedən döyüşlər zamanı Şirxan Quliyev qəhrəmancasına şəhid oldu. O, Beyləqandakı Xocavənd şəhərciyində dəfn edildi.
Onun Vətən qarşısındakı xidmətləri, döyüşlərdə göstərdiyi igidlik dövlət tərəfindən yüksək qiymətləndirilib. Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu Şirxan İsmixan oğlu Quliyev ölümündən sonra "Vətən uğrunda", "İgidliyə görə", "Qubadlının azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.
Şirxan Quliyev cəmi 25 il yaşayıb. Bu qısa ömrə bir ailənin yurd xiffəti, Vətənə sonsuz sevgi, hərbçi qüruru və şəhidlik ucalığı sığıb. Görməsə də, ata-baba yurdu ondan sonra düşmən tapdağından qurtulub. Bu gün həmin yerlərə həyat qayıdır. İşğalçı ermənilərin xarabalığa çevirdikləri yurd yerlərimiz yenidən abad olur.
Zöhrə FƏRƏCOVA,
"Azərbaycan"