Otuzillik işğala son qoyan, öz suverenliyini və ərazi bütövlüyünü tam bərpa edən Azərbaycan bölgədə sülh və sabitliyin, regional əməkdaşlığın əsas təşəbbüskarı kimi çıxış edir. Məlum olduğu kimi, 2025-ci ilin avqustunda keçirilən Vaşinqton Sammitində sülh sazişinin mətni paraflanıb, Birgə Bəyannamə imzalanıb və iki ölkə arasındakı münasibətlərdə prinsipial olaraq yeni mərhələnin əsası qoyulub. Rəsmi İrəvan da sülh quruculuğuna üstünlük verdiyini, bu prosesə mane olan revanşistləri neytrallaşdırmaq istiqamətində addımlar atacağını dəfələrlə bəyan edib. Ancaq bu konstruktiv mühitə rəğmən, xaricdəki erməni diasporu və lobbi təşkilatları sülh gündəliyini pozmaq, çirkin ambisiyalarını reallaşdırmaq məqsədilə təxribatlara cəhd edirlər.
Fransadakı Erməni Təşkilatları Koordinasiya Şurası (CCAF) tərəfindən avqustun 31-dən sentyabrın 4-dək Paris meriyasının qarşısında təşkil olunmuş aksiya da erməni diasporunun və anti-Azərbaycan dairələrinin növbəti uğursuz cəhdindən başqa bir şey deyil. Bakıda ağır cinayətlərə görə məhkum edilmiş separatçıları, xunta rəhbərlərini və terrorçuları "siyasi məhbus" kimi qələmə verməyə çalışan erməni lobbisi Avropa ictimaiyyətinin rəyini manipulyasiya etməyə, ölkəmizə qarşı süni informasiya təzyiqi formalaşdırmağa çalışır. Lakin real faktlardan və hüquqi əsaslardan uzaq olan bu cür mənasız addımlar obrazlı desək, "stəkanda fırtına yaratmaq" cəhdindən uzağa gedə bilməz. Çünki erməni lobbisinin "günahsız ermənilər" kimi təqdim etdiyi həmin şəxslər faktiki olaraq mülki əhaliyə qarşı və digər ağır müharibə cinayətlərində, terrorçuluqda, separatçılığı maliyyələşdirməkdə ittiham olunaraq layiqli cəzalarını alıblar. Onların arasında Avropada maliyyə fırıldaqlarında adı hallanan Ruben Vardanyan kimi fiqurlar da var.
Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayevanın Paris meri Emmanuel Qrequara ünvanladığı etiraz məktubunda vurğulandığı kimi, Fransanın belə profilli şəxslərin azad edilməsini tələb etmək ziddiyyətli, absurd və ikili standartların bariz nümunəsidir. Qeyd edək ki, məhz səfirin prinsipial və operativ diplomatik reaksiyasından sonra Paris meriyası tərəfindən sərginin rəsmi açılışının ləğv edilməsi erməni təbliğat maşınına vurulan növbəti ağır zərbə olub. Bununla belə, Fransanın rəsmi qurumlarının, xüsusilə Paris meriyasının radikal erməni icmasının həmin ərazidə keçirdiyi təxribatçı aksiyalara göz yumması, hətta buna şərait yaratması bu ölkənin qərəzini nümayiş etdirir. Azərbaycan və Ermənistan arasında dinc gələcəyin təməllərinin atıldığı bir vaxtda Fransanın rəsmi qurumlarının erməni diasporunun pozucu təşəbbüslərinə dəstəyi, revanşizmə meydan verməsi qəbuledilməzdir.
Aydındır ki, bölgədə yaranmış yeni geosiyasi reallıqlar fonunda erməni diasporunun son günlərdə bu qədər fəallaşmasının kökündə dərin narahatlıq, acizlik və çarəsizlik dayanır. İllər boyu Qərb paytaxtlarında xüsusi imtiyazlar və maliyyə resursları əldə edən erməni lobbi təşkilatları mövcudluqlarını məhz münaqişənin, düşmənçiliyin və nifrət ritorikasının davam etməsində görüblər. Paşinyan hökumətinin sülh xəttinə qarşı çıxan bu dairələr yaxşı anlayırlar ki, Bakı ilə İrəvan arasında sülhün və sabitliyin bərpa olunması onların illərdir topladıqları siyasi və maliyyə dividendlərini, mövcudluqlarını təhlükə altına salır. Bu səbəbdən erməni lobbisi yaşadıqları ölkələrin siyasi dairələrinə, meriyalarına və ictimai rəyinə təsir göstərərək Azərbaycan əleyhinə süni cəbhə formalaşdırmağa cəhd edirlər. Lakin dərk etmədikləri odur ki, bu çirkin məqsədlər kökündən iflasa məhkumdur.
Qərbdəki qərəzli mərkəzlərin və revanşistlərə arxalanan erməni lobbisinin Azərbaycan əleyhinə yönəlmiş təxribat təşəbbüsləri, qarayaxma kampaniyaları daxili auditoriyaya hesablanmış ucuz şoudan başqa bir şey deyil. Azərbaycan milli maraqlarını müdafiə etməyə qadir olan, regionun iqtisadi və hərbi baxımdan ən qüdrətli dövlətidir. Cənubi Qafqazın gələcəyini erməni diaspor qrupları deyil, bölgədə sülh, əməkdaşlıq, quruculuq və inkişaf tərəfdarı olan güclü Azərbaycan dövləti müəyyən edir. Bu baxımdan, Parisdə və ya Avropanın başqa şəhərində təşkil edilən təxribatçı sərgilər, aksiyalar Azərbaycanın haqlı və strateji xəttinə zərrə qədər də olsa, təsir göstərə bilməz. Bütün bu cəhdlər hər dəfə olduğu kimi, yenə də tam uğursuzluqla nəticələnəcək.
İsmayıl QOCAYEV,
"Azərbaycan"