20 Noyabr 2022 01:40
810
SİYASƏT
A- A+

Sınaqlarla dolu Zəfər yolu

 

Yeni Azərbaycan Partiyasının 30 illik yubileyini böyük sevinc, qürur və fərəh hissi ilə qeyd edirik.
Cənubi Qafqazın ən böyük partiyasının yaranması və fəaliyyəti elə də uzun dövrü əhatə etmir.
Lakin onun gördüyü işlər, çatdığı hədəflər, nail olduğu nəticələr əsrlərə sığmayan nailiyyətlərdir.
Əvvəlcə iki yığcam suala konkret cavab verməyə çalışaq:
Yeni Azərbaycan Partiyası Azərbaycan xalqına və dövlətinə nə verib?
Cavab çox qısa və lakonikdir!
Əslində, hər şey!
Ən əvvəl Azərbaycan xalqının bütün arzu və istəklərini gerçəkləşdirib!
Yeni Azərbaycan Partiyasının uğurlarının səbəbi nədir?
Bu sualın da cavabı çox qısadır:
Daim xalqa arxalanmasında, demokratik prinsipləri dönmədən rəhbər tutmasında, birmənalı şəkildə milli maraqlara xidmət etməsində, milli birliyə nail olmasındadır!
İndi isə otuz il ərzində keçilən yola, görülən işlərə qısa şəkildə nəzər salaq, hadisələri faktların köməyi ilə xatırlayaq.
***
Yeni Azərbaycan Partiyası Azərbaycanın ən çətin, ən ağır günlərində yarandı.
Qırmızı imperiyanın dağılması, SSRİ adlı super dövlətin tərkibinə qatılmış müttəfiq respublikaların müstəqil dövlətə çevrilməsi siyasi kataklizmlərlə müşayiət olunurdu.
İmperiyasevər qüvvələr parçalanma prosesi zamanı Azərbaycanın malik olduğu sərvətlərdən asanlıqla əl çəkmək istəmirdilər.
Odur ki, köhnə ssenarilər işə salınaraq "Dağlıq Qarabağ problemi" yenidən meydana atıldı, Azərbaycandan ərazi qoparmaq üçün məkrli planlar işə salındı.
 Mərkəzdəkilər Ermənistanın özünə ordu yaratmasına göz yumdular, azərbaycanlılardan isə ov tüfənglərini belə yığdılar.
 Ermənistandan Qarabağa gələn emissarlar Xankəndidə mitinqlər keçirəndə, separatçılıq əməlləri törədəndə susdular.
 Ermənistanda qədim dədə-baba torpaqlarında yaşayan iki yüz mindən çox azərbaycanlı doğma yurd-yuvalarından qovulanda da özlərini görməzliyə qoydular.
Əksinə, Moskva Qarabağda "xüsusi idarəetmə komitəsi" təşkil edərək bölgənin Azərbaycanın nəzarətindən çıxarılmasına şərait yaratdı.
 Belə bir məsuliyyətli məqamda ölkəyə Vəzirov kimi maymaq, Mütəllibov kimi qətiyyətsiz və qorxaq, AXC-Müsavat cütlüyü kimi səriştəsiz və şəxsi maraqlara xidmət göstərənlərin başçılıq etməsi vəziyyəti daha da mürəkkəbləşdirdi.
Heydər Əliyevin Azərbaycan Ali Sovetinin sessiyasında çıxış edərək baş verənlərin adi məsələ olmadığını, Qarabağı qoruyaraq Azərbaycanın tərkibində saxlamaq üçün xüsusi tədbirlər görülməsini söyləməsi, təhlükə barədə irəlicədən ciddi xəbərdarlıq etməsi isə kimsəni ayıltmadı.
Ölkə idarəolunmaz vəziyyətə çatdı, xaos və anarxiya baş alıb getdi, Azərbaycanın müstəqilliyini itirməsi bir yana, dövlət kimi mövcudluğu da təhlükə altına düşdü.
Əvvəlcə bir qrup ölkə ziyalısı - 91 nəfər Heydər Əliyevə müraciət edərək hadisələrə müdaxilə etməsini, siyasi partiya yaradaraq vətənpərvər insanları ətrafında birləşdirməsini xahiş etdi.
Sonra isə Azərbaycan xalqı onun yenidən ölkə rəhbərliyinə qayıtmasını arzu və tələb etdi.
***
Məşhur bir deyim var: qəhrəmanlıq zirvəni fəth etməkdə deyil, orada qərar tutmaqdadır.
Bəli, əgər əldə etdiyini qoruyub saxlaya bilmirsənsə, itirirsənsə, deməli, əslində ona yiyələnməmiş olursan, çünki əlin boşda qalır.
 Yaxud qazandığına sahib çıxıb, onu artırıb inkişaf etdirmirsənsə, itirəcəksən, ovcun boş qalacaqdır.
 Zirvədə dayanmaq isə hər kəsə nəsib olmur!
 Bunun üçün təkcə bilik, bacarıq, təşkilatçılıq məharəti, zəngin təcrübə də azdır!
 Gördüyün işlərlə xalqın məhəbbətini, etibar və etimadını da qazanmalısan!
 Ulu Öndər Heydər Əliyev kimi!
 Azərbaycan xalqı hələ Heydər Əliyevin Azərbaycana birinci rəhbərliyi dövründə gördüyü işləri - xalqın həyat şəraitinin yüksəldilməsi, ölkədə abadlıq və quruculuq aparılması, təhsilin, elmin, mədəniyyətin inkişaf etdirilməsi, yeni kadrlar nəslinin yetişdirilməsi ilə bağlı addımlarını bəyənərək sevmişdir.
 Həm də Ulu Öndərin xalqımızın ən böyük vətənpərvəri olduğunu görüb ona inanmışdı.
 Odur ki, dövlətin ən çətin, ən ağır dövründə yenidən ona üz tutdu, ölkəni çıxılmaz durumdan çıxarmaq üçün yenidən ölkə rəhbərliyinə dəvət etdi!
 Heydər Əliyev xalqın arzu və tələbi ilə yenidən ölkə rəhbərliyinə qayıtdıqdan sonra çox işlər gördü, çox məsələ və problemləri həll etdi.
 Bu barədə bir qədər sonra ətraflı bəhs edəcəyik.
 İkinci mühüm hadisə isə Azərbaycan tarixinə düşən və Azərbaycanı tarixdə yaşadan, qüdrətli dövlətə çevirən məsələ oldu.
 Ulu Öndər Heydər Əliyev ikinci rəhbərliyi dövründə müstəqil Azərbaycanın davamlı, sürətli və daimi inkişafını təmin edən xalqın ehtiramla "Heydər Əliyev siyasi kursu" adlandırdığı inkişaf istiqamətlərini müəyyən etdi.
 İkinci xidməti isə özünün yarıda qalan işlərini uğurla davam etdirə biləcək siyasi varisini hazırlaması oldu!
***
 Yeni Azərbaycan Partiyasını iqtidar partiyasına Ulu Öndər Heydər Əliyev çevirdi!
 Seçkilər keçirməyə vaxt yox idi!
 İtirilən hər gün, hər saat qiymətli sayılırdı!
Yeni Azərbaycan Partiyası müxalifdə olduğu tarixən qısa müddətdə demokratiya nümunəsi göstərdi.
 Bu partiya heç zaman demokratik prinsipləri pozmadı, dağıdıcılıq törətmədi.
 Hətta həmin dövrdə iqtidarda olan AXC-Müsavat cütlüyünün təzyiqlərinə, zora əsaslanan addımlarına belə zorakılıqla reaksiya vermədi.
 Yeni Azərbaycan Partiyası öz fəaliyyətində daim milli maraqları rəhbər tutdu, hadisələrə partiya mənafeyindən yox, milli maraqlar baxımından yanaşdı.
 Bütövlükdə ortaya bir siyasi mədəniyyət nümunəsi qoydu.
***
Yeni Azərbaycan Partiyasının proqram və vəzifələri daim müstəqil Azərbaycan dövlətinin qarşısında duran vəzifələrlə üst-üstə düşüb.
 Partiyamız öz vəzifələrinin icrasına çalışarkən, əslində, dövlətin öz məqsədlərinə çatmasına cəhdlər göstərmiş olub.
 Xoşbəxtlikdən Yeni Azərbaycan Partiyasının hər iki sədri eyni zamanda xalqın böyük səs çoxluğu ilə dövlət başçısı seçilib və bu yüksək etimadı ləyaqətlə doğruldaraq uzun müddət Azərbaycana rəhbərlik ediblər.
 Əslində, onların Prezident kimi gördükləri işlər həm də partiya rəhbəri kimi fəaliyyətlərinin bir hissəsini təşkil edib.
 Beləliklə, Ulu Öndər Heydər Əliyevin və möhtərəm Prezident İlham Əliyevin Azərbaycana rəhbərlikləri dövründə gördükləri nəhəng işləri qısa şəkildə xatırladırıq.
***
 Ulu Öndər Heydər Əliyev yenidən ölkə rəhbərliyinə qayıtdıqdan sonra Azərbaycanı bir dövlət kimi məhvolmadan xilas etdi, müstəqilliyimizi əbədiliyə çevirdi. 
 Müharibə bölgəsində atəşkəsə nail oldu, qanunsuz silahlı dəstələri tərksilah etdirdi, xaos və anarxiyaya son qoydu, ölkədə möhkəm və dönməz sabitlik yaratdı.
 Cənab İlham Əliyev prezidentliyinin ilk günlərindən Heydər Əliyev siyasi kursuna dönmədən əməl etdi, demokratik prinsiplərin bərqərar olmasına, vətəndaş cəmiyyətinin inkişafına, sabitliyin qorunub saxlanılmasına dəyərli töhfələr verdi.
 Ulu Öndər Heydər Əliyev Azərbaycanın bütün dövrlərdə inkişafını təmin edən yeni neft strategiyası hazırladı. Beləliklə, əvvəlki iqtidarların heç birinin bacarmadığı bir işi reallaşdırdı.
 20 sentyabr 1994-cü ildə dünyanın aparıcı dövlətlərinin iri neft şirkətləri ilə "Əsrin müqaviləsi" neft kontraktının imzalanması isə müstəqil Azərbaycanın iqtisadi yüksəlişinin təməlinə çevrildi. Ümummilli Liderimiz tərəfindən böyük müdriklik və uzaqgörənliklə hazırlanan bu strategiya neft amilindən məharətli istifadənin klassik nümunəsinə çevrildi. Bu strategiya iqtisadiyyatı dirçəltməklə yanaşı, Azərbaycanın dünyaya inteqrasiyasında, beynəlxalq əlaqələrinin yaranmasında, inkişafında və möhkəmlənməsində də mühüm rol oynadı.
 Prezident İlham Əliyev isə inkişafın Azərbaycan modelini formalaşdırdı.
 Dünyanın bir sıra dövlətlərinin yüksəlişini təmin etmiş inkişaf modelləri çoxdur. Azərbaycan onların heç birini götürərək mexaniki şəkildə tətbiq etmədi. Qabaqcıl ölkələrin təcrübəsini öyrənməklə öz tarixi ənənələrinə, yerli imkanlarına və xüsusiyyətlərinə uyğun gələn yeni, daha müasir model hazırladı. Bu modeI cənab İlham Əliyevin "Düşünülmüş, sürətli və davamlı" inkişaf konsepsiyasına əsaslanır. Qısa dövr ərzində inkişafın Azərbaycan modeli özünü doğrultdu. Ölkəmiz neçə illərdir ki, ümumi daxili məhsul istehsalının artım tempinə görə dünya birincisidir. Başqa bir maraqlı məqam. Son illər dünyanı bürüyən maliyyə və iqtisadi böhran inkişafın Azərbaycan modeli üçün əsl sınaq oldu. Həm də uğurlu sınaq. Böhran ölkə iqtisadiyyatına ciddi ziyan vurmayaraq yan ötüşdü. Ən ürəkaçan məqamlardan biri isə budur ki, düşünülmüş, sürətli və davamlı inkişaf yoluna düşən Azərbaycan MDB məkanında birinci olaraq iqtisadi sahədə keçid dövrünü başa çatdırmışdır.
 Heydər Əliyevin gəlişindən və "Əsrin müqaviləsi"nin imzalanmasından sonra Azərbaycanın dövlət müstəqilliyinin möhkəmlənəcəyini görən düşmən qüvvələr yenidən "köhnə ssenarilər"ə əl atdılar. Bir neçə terror aktı törədildi. Əvvəlcə  4 oktyabr 1994-cü ildə, sonra isə 13-18 mart 1995-ci ildə dövlət çevrilişinə cəhdlər oldu. Xalqın sonsuz inam və məhəbbətinə, güclü dəstəyinə arxalanan Ulu Öndər Heydər Əliyev dəyanət və qorxmazlıq nümunəsi göstərməklə hər iki cəhdin qarşısını qətiyyətlə aldı. Beləliklə, Azərbaycanı az qala banan respublikasına çevirəcək mənfur bir ənənəyə son qoydu.
Prezident İlham Əliyev müstəqil Azərbaycanda yeni eranın başlandığını və zorakılıqla hakimiyyətə gəlmək dövrünün artıq arxada qaldığını 2003-cü ilin 15 və 16 oktyabr günlərində bir daha sübut etdi.
 Aqressiv və dağıdıcı müxalifət antiazərbaycançı şəbəkənin muzdu və diktəsi əsasında 2003-cü ilin prezident seçkilərini tanımamaq və zorla hakimiyyəti ələ almaq üçün seçkilərin nəticələri elan edildikdən dərhal sonra hərəkətə keçdi. Bir neçə xarici ölkənin səfirliyi aqressiv müxalifətin özbaşınalığını və zorakılığını idarə edən və onların nümayəndələri üçün sığınacaq rolunu oynayan məntəqəyə çevrilmişdi. Heydər Əliyev siyasi kursuna səs verdiyini bəyan edən Azərbaycan xalqı dağıdıcılıq əməllərinin genişlənməsinə imkan vermədi. Prezident İlham Əliyev isə qətiyyət və əzmkarlıq göstərərək Azərbaycanda hakimiyyətə yalnız seçkilər yolu ilə, xalqın dəstəyini qazanmaqla gəlməyin mümkünlüyünü bəyan etdi. 
 Ümummilli Lider Heydər Əliyev qısa müddətdə döyüşkən ordu yarada bildi. Vaxtilə Ulu Öndərin təşkil etdiyi C.Naxçıvanski adına Hərbi Təmayüllü Liseyi bitirənlər və SSRİ-nin hərbi məktəblərində təhsil alaraq zabit rütbəsində ayrı-ayrı hərbi hissələrdə xidmət edən zabitlər kara gəldilər. Ulu Öndər Heydər Əliyevin çağırışı ilə orduya gələn yeni qüvvələr Horadizdə və Kəlbəcər istiqamətində düşmənə güclü zərbələr endirdilər. Güclü ordu yaradıldığını görən ermənilər atəşkəs müqaviləsini imzalamağa məcbur oldular. Beləliklə, yeni ərazilərin işğalının qarşısı alındı. Eyni zamanda ordu quruculuğu prosesi uğurla və səriştəli şəkildə davam etdirildi. Vahid komandanlığa tabe olan və bir mərkəzdən idarə edilən ordu strukturu yaradıldı, müasir bilik və vərdişlərə yiyələnmiş zabitlərin hazırlığı üçün yeni təhsil müəssisələri təşkil edildi, hərbi sahədə əməkdaşlığa dair yeni əlaqələr quruldu. Beləliklə, torpaqlarımızı müdafiəyə qadir yeni və müasir ordu formalaşdırıldı.
 Prezident İlham Əliyev müasir dünya təcrübəsinə arxalanaraq milli ordumuzun yeniləşdirilməsini, ən yeni silahlarla təchizini və modernləşdirilməsini, beləliklə, Cənubi Qafqazın ən güclü ordusuna çevrilməsini təmin etdi.
 Maddi-texniki təchizatı durmadan yüksəldilən, NATO sisteminə keçirilən, döyüş qabiliyyətini daim artıran ordu dünyanın qaynar nöqtələrində sülhyaratma missiyasında müntəzəm və yaxından iştirak edir, üzərinə qoyulan tapşırıqların öhdəsindən məharətlə gəlir. Dövlət başçısı hər il silahlı qüvvələrin birgə təlimində Ali Baş Komandan kimi şəxsən iştirak edir, ilboyu hərbi hissələri gəzir, vəziyyətlə yerində tanış olur, sərhəd bölgələrindəki səngərlərə baş çəkir, əsgərlərlə nahar edir, onları mükafatlandırır. Cənab İlham Əliyev verdiyi vədə əməl edərək hər il ordunun ehtiyaclarına Ermənistanın bütün büdcəsindən daha çox vəsait ayırır. Müdafiə sənayesinin yaradılması, bir sıra silah və sursatın Azərbaycanda hazırlanması ordunun döyüş qabiliyyətinin artırılmasına dəyərli töhfədir.
 Ulu Öndər Heydər Əliyev Azərbaycanın bazar iqtisadiyyatı prinsiplərinə keçidinə nail oldu. Bundan ötrü mərhələlər üzrə ardıcıllıqla xeyli iş görüldü.
 İlk növbədə, xüsusi mülkiyyətin mövcudluğuna yol açan, insanların sərbəst və maneəsiz istehsal fəaliyyəti ilə məşğul olmasına geniş imkan yaradan qanunçuluq bazası formalaşdırıldı. Sonra özəlləşdirmə proqramları uğurla həyata keçirilərək bir sıra müəssisələr dövlətsizləşdirildi. Aqrar islahatlar keçirilərək torpaq əsl sahibinə qaytarıldı. Ölkədə azad sahibkarlığın inkişafına sərait yaradan və təşviq edən mühit yaradıldı. Bazar iqtisadiyyatı prinsiplərinin işləməsinə əlverişli şərait yaradan yeni qurum və təsisatlar təşkil olundu. Beləliklə, istehsal vasitələri üzərində ümumi mülkiyyətə əsaslanan sosializmdən imtina edilərək bazar iqtisadiyyatına keçid tam reallaşdırıldı.
 Prezident İlham Əliyev iqtisadi sahədə keçid dövrünün başa çatdığını bəyan etdi.
Azərbaycan hələlik MDB məkanında yeganə ölkədir ki, bu çətin vəzifənin öhdəsindən qısa zamanda gəlməyə nail olub.
 Cənab İlham Əliyevin müəllifi olduğu "Düşünülmüş, sürətli və davamlı inkişaf" konsepsiyası qazanılan uğurun təminatçısıdır. Ölkə rəhbərliyinə başladığı ilk günlərdən yaradılmış təməl üzərində istehsalın artım sürətini yüksəldən dövlət başçısı Azərbaycanı ÜDM-nin artım tempinə görə dünya liderləri sırasına çıxarmışdır. Artıq ölkəmizdə güclü iqtisadi potensial formalaşdırılmış, Azərbaycan özünü tam təmin edən ölkəyə çevrilmişdir. İqtisadiyyatın strukturu müsbətə doğru dəyişmiş, çoxşaxəli iqtisadiyyata çevrilmiş, qeyri-neft sektorunun dinamik inkişafı təmin edilmişdir.
 Ulu Öndər Heydər Əliyev azərbaycanlı gənclərin SSRİ-nin ali məktəblərində təhsil almalarına xüsusi fikir verirdi.
 Ölkənin gələcəyi, cəmiyyətin sabahı bugünkü gənclərdən asılıdır. Dərin biliklərə yiyələnmiş, müasir dünyagörüşlü, vətənpərvər və bacarıqlı gənclərin tərbiyəsi Ümummilli Liderimizi daim düşündürmüşdür. Heydər Əliyev Azərbaycana birinci rəhbərliyinin hələ ilk dövrlərindən etibarən vətən övladlarının dövlət hesabına keçmiş SSRİ-nin ayrı-ayrı şəhərlərində nadir və gərəkli ixtisaslar üzrə təhsil almalarına şərait yaratmışdı. Şəxsi nüfuzundan istifadə edən Ulu Öndər ilbəil daha çox gəncin başqa şəhərlərə təhsil almağa göndərilməsinə nail olurdu. Həm də onlarla şəxsən görüşər, tövsiyə və fikirlərini çatdırardı. Moskvaya hər rəsmi səfərində, sonralar isə orada işləyərkən tələbə-gənclərlə görüşər, problemlərini həll edərdi. Azərbaycan dövlət müstəqilliyi qazandıqdan sonra Heydər Əliyevin oxutdurduğu və müxtəlif ixtisaslara yiyələnmiş gənclər xeyli kara gəldilər. Bu gün də onlar inkişaf və quruculuq proseslərində fəallıq göstərirlər. 
 Prezident İlham Əliyev bu gün ölkə gənclərini dünyanın inkişaf etmiş ölkələrində oxudur.
 Azərbaycanın dünyaya getdikcə daha sıx inteqrasiya etdiyi bir vaxtda müasir düşüncə və təfəkkür tərzinə malik mütəxəssislərin yetişdirilməsi vacib məsələdir.
Bu, ölkəmizin bu günü üçün deyil, gələcək inkişafın davamlılığı sarıdan da vacibdir. Cənab İlham Əliyevin imzaladığı dövlət proqramına əsasən, təkcə 2007-2015-ci illər ərzində 5 min azərbaycanlı gənc dünyanın inkişaf etmiş ölkələrinin qabaqcıl təhsil ocaqlarında prioritet ixtisaslar üzrə dövlət hesabına oxumuşdur.
 Ulu Öndər Heydər Əliyev mətbuat və söz azadlığını daim diqqət mərkəzində saxlayırdı. O, daim jurnalistlərlə görüşər, onların bütün suallarını cavablandırar, təklif və müraciətlərinə həssaslıqla yanaşardı.
 Heydər Əliyev dəfələrlə jurnalistləri əfv edərək vaxtından qabaq həbsxanadan qurtardı, dövlət məmurlarının qəzetlərlə bağlı məhkəməyə müraciətlərini geri götürdü, bir sıra mətbu orqanın mətbəələrə olan borcunu dondurdu, qəzetləri ƏDV-dən azad etdi. Ən önəmlisi isə, 6 avqust 1998-ci ildə mətbuata senzura nəzarətini ləğv edərək KİV-in mənəvi intibahını yaratdı.
 Prezident İlham Əliyev milli mətbuatın inkişafına xüsusi qayğı göstərir. O, qəzetlərin mətbəəyə borclarını bağışlamış, dəfələrlə redaksiyalara böyük məbləğdə maddi yardım göstərmiş, jurnalistləri fəxri adlar, dövlət mükafatları ilə təltif etmişdir. 2009-cu ildə müvafiq sərəncam imzalayaraq KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu yaratdı və beləliklə, mətbuatın maddi intibahının əsasını qoydu. Bütün bunlara görə "Jurnalistlərin dostu" adına layiq görüldü.
***
 Yeni Azərbaycan Partiyası 
30 illik yubileyinə alnıaçıq, üzüağ gəlir.
 Partiyamızın Sədri, Müzəffər Ali Baş Komandan İlham Əliyev 44 günlük Vətən müharibəsində möhtəşəm zəfər qazanaraq xalqımızın ən müqəddəs arzusunu həyata keçirdi. "Dəmir yumruğ"u ilə düşmənin başını əzərək qarşısında diz çökdürdü, kapitulyasiya aktına qol çəkdirdi.
 Beləliklə, ikiəsrlik Qarabağ münaqişəsinə Azərbaycanın möhtəşəm qələbəsi ilə son qoydu.
 Bu gün isə Qarabağın və Şərqi Zəngəzurun cənnətə çevrilməsi prosesi uğurla davam edir.
 Böyük qayıdışa sürətli hazırlıq görülür.
 Bəli, Azərbaycan bütün uğur və nailiyyətlərə məhz Yeni Azərbaycan Partiyasının iqtidarı dövründə nail olmuşdur. 

Bəxtiyar SADIQOV
 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video