Qusara üz tutan turistlərin sayının artmasının əsas səbəbi budur
Ölkəmizin şimal-şərqində - Şahdağın ətəklərində qərar tutan, Rusiya Federasiyasının Dağıstan Respublikası ilə həmsərhəd olan Qusar təkcə Azərbaycanın deyil, bütün Qafqazın ən gözəl guşələrindəndir.
Bura ilin bütün fəsillərində füsunkardır. Yazda gül-çiçəkli çöl və yamacları, yayda yamyaşıl sərin meşələri, payızda barı aşıb-daşan meyvə bağları, qışda ağappaq qara bürünmüş dağ və dərələri insanı valeh edir. Odur ki, ilin bütün fəsillərində Qusara səyahət edən yüzlərlə təbiət həvəskarına rast gəlmək olur.
Hazırda Qusar rayonunda 100 min nəfərə yaxın əhali yaşayır. Rayonun inzibati mərkəzi olan Qusar şəhərinin isə əhalisi 20,8 min nəfərdir. Rayonun relyefi bura gələn turistləri elə ilk baxışdan məftun edir. Təmiz və səliqəli küçələr, ətrafa xüsusi gözəllik verən mənzərələr, yaşıllıqlar göz oxşayır. Vaxtilə böyük rus şairi Mixail Lermontov Qusarda olmuş, bu yerlərə heyran qalmışdı. İndi şəhərdə onun adını daşıyan muzey var. Turizm həvəskarları və səyyahların bir çoxu rayonla tanışlığa elə bu muzeydən başlayır.
Səyyahlardan, qonaqlardan söz düşmüşkən, qeyd edək ki, rayon ərazisinin landşaftı turizmin inkişafı üçün çox əlverişlidir. 15 hektar sahəsi olan Qusar Dövlət Təbiət Yasaqlığında və təbii meşələrdə enliyarpaqlı vələs, palıd, qayın, qovaq, qarağac, fıstıq ağacları çətir kimi torpağı sanki qızmar günəş şüalarından qoruyur. Qusarın bir sərvəti də çay yataqlarındakı meşələrdə yetişən əzgil, zoğal, alça, sumax, yemişan kimi yabanı meyvələr, itburnu, yabanı üzüm, böyürtkən və digər təbii dərman bitkiləridir.
Rayon özünün zəngin faunası ilə də fərqlənir. Canavar, ayı, tülkü, qaban, dağ keçisi, dovşan və digər heyvanlar, turac, kəklik, bildirçin, çöl göyərçini, yaşılbaş ördək və başqa növ quşlar bu əsrarəngiz məkanın köhnə "sakin"ləridir. Bəs dərələrdən axan şəlalələr?! Şahnabat, Ləzə, Qurqur çaylarının üzərindəki şəlalələrə baxmaqdan, suyun səsini dinləməkdən doymaq olmur. Qış mövsümündə isə şəlalələr donur və buzlu dağlara dırmanmağı xoşlayan alpinistlərin yarış yerinə çevrilir.
Rayonda piyada gəzməyi xoşlayan turistlər üçün də əlverişli şərait var. Onlar ekoloji xarakterli üç marşrut üzrə hərəkət edə bilərlər. Onlardan biri Qusardan Ləzə şəlaləsi istiqamətinədir. Bu marşrutla hərəkət edən turistlər yolüstü Əniğ kəndində düşərgə salıb dincəlmək imkanı qazanırlar. Üstəlik kəndin yaxınlığındakı XIII əsrə aid Əniğ qalasının indiyədək salamat qalmış divarlarının qalıqlarına tamaşa etmək də mümkündür. IX əsrə aid olduğu ehtimal edilən bu qədim qala Şabranla Dərbənd arasında strateji mövqedə yerləşir. Yaxınlıqda isə nisbətən yaxşı qalmış məscid binası da var.
Kəndin yaxınlığında fəaliyyət göstərən "Suvar" dağ-turizm istirahət zonası qonaqların üzünə hər zaman açıqdır. Burada ləzzətli nahar etmək və dincəlmək olar. Ləzə kəndinə çatdıqdan sonra isə Qubanın məşhur Xınalıq kəndinə, necə deyərlər, əl uzatsan çatar. Qeyd edək ki, piyada gəzməyi xoşlayan turistlər son vaxtlar bu marşrutdan daha çox istifadə edirlər.
Qusar-Qazanbulaq istiqamətində olan marşrutda isə turistlər üçün maraq doğuran obyektlərdən biri Urva kəndi yaxınlığındakı 7 hektarlıq ərazidə yerləşən "Əlistan baba" fıstıq meşəsidir.
Qusardan Sudur istiqamətinə aparan yolun uzunluğu 75 kilometrdir. Bu marşrutla səyahətə çıxarkən Şahdağın yamacında yerləşən Həzrə kəndinə dönüb Səfəvilər dövlətinin banisi Şah İsmayıl Xətainin babası Şeyx Cüneydin XVI əsrə aid məqbərəsini də ziyarət etmək olar.
Rayon ərazisində xalqımızın qədim mədəniyyətinin və həyat tərzinin izlərini də görmək olur. Həzrə, Balaqusar, Əniğ, Yasab, Köhnə Xudat, Gündüzqala kəndlərində qədim məqbərələrin, məscidlərin, qədim insan məskənlərinin, qalaların qalıqları hələ də qorunub saxlanılmaqdadır.
Bu yerlərdə qədim xalq sənəti olan xalçaçılıq da geniş yayılıb. Həm ev şəraitində, həm də şəhərin mərkəzində yaradılmış sexdə toxunan xovsuz Sumaq xalçaları daha çox məşhurdur. Azərbaycanda ən böyük xalça toxuyan dəzgah bu sexdə quraşdırılıb. Dəzgahda eyni vaxtda 10 nəfər işləyə bilir. Təsadüfi deyil ki, xalı-xalça həvəskarları Qusar xalçalarına böyük üstünlük verirlər.
2011-ci ildə Qafqazda bənzəri olmayan, rayon mərkəzindən 29 kilometr məsafədə - Şahdağın ətəklərində yerləşən "Şahdağ" Qış-Yay Turizm Kompleksinin istifadəyə verilməsi ilə qış turizmi də inkişaf etməyə başladı. Paralel olaraq Azərbaycanda, o sıradan Qusarda kənd turizmi populyarlaşdı. O üzdən son illər Qusarda ev kirayələyənlərin sayı xeyli çoxalıb. Rayon sakini Dilarə Şıxaverdiyeva deyir ki, qonaqlar əvvəllər daha çox kəndlərdə qalmaq üçün ev arayırdılar. İndi isə əsasən rayon mərkəzində ev kirayələyirlər. Qonaqlar gündüzlər kəndləri gəzir, görməli yerlərdə dincəlir, axşam isə yenidən şəhərə qayıdırlar. Onların arasında Rusiya, Belarus və ərəb ölkələrindən gələnlər də olur. Amma təbii ki, paytaxtdan, digər şəhər və rayonlardan gələnlər daha çoxdur.
Akif ƏLİYEV,
"Azərbaycan"