Bu il böyük filosof, riyaziyyatçı, şair, astronom Qiyasəddin Əbu əl-Fəth Ömər ibn İbrahim Xəyyamın 975 illiyi tamam olur. Məşhur alim 1048-ci il may ayının 18-də Səlcuq dövlətinin Xorasan vilayətinin Nişapur şəhərində anadan olmuşdur.
Tədqiqatçıların yazdıqlarına görə, Xəyyamın gənclik illəri Bəlx şəhərində keçmişdir. İlk təhsilini Nişapurda almış, şəriəti və tibb elmini öyənmişdir. Ömər Xəyyam elmin müxtəlif sahələrində, xüsusilə fəlsəfə və riyaziyyat sahəsində uğurlar qazanmışdır. 8 yaşında ikən “Qurani-Kərim”i mükəmməl oxumuş və dərk etmişdir.
Ömər Xəyyam ömrünün çoxunu Səmərqənd və İsfahanda keçirmiş, dövrünün görkəmli alimlərindən dərs almışdır. AMEA-nın müxbir üzvü Zakir Məmmədov ilk dəfə olaraq göstərmişdir ki, böyük filosof, riyaziyyatçı, gözəl rübailər ustası kimi məşhur olan Ömər Xəyyam Bəhmənyarın şagirdi olmuşdur. O, tezliklə alim kimi Səmərqəndin hüdudlarından kənarda da məşhurlamış, Buxara hakimi Qaraxan şahzadəsi Xaqan Şəms əl-Mülk tərəfindən hökmdar sarayına dəvət almış və Buxaraya gəlmişdir. Tezliklə Səlcuqilərin sarayına təqdim edilmiş və 1074-cü ildə Məlikşahın məşhur vəziri Nizamülmülkün dəvətilə Səlcuqilər imperiyasının paytaxtı olan İsfahan şəhərinə gəlmişdir. Xəyyam və onun alimliyi haqqında çox eşidən Məlikşah rəsədxanaya rəhbərliyi ona etibar etmiş, təqvimdə islahatlar aparmaq ona tapşırılmışdır. Yenidən hazırlanan bu təqvim Qriqoryan təqvimindən belə, dəqiq olmuşdur. Təəssüf ki, Məlikşahın vəfatından sonra bütün işlər dayandırılmış və Xəyyam vəzifəsindən uzaqlaşdırılmışdır.
Ömər Xəyyam yaradıcılığının çoxcəhətliliyi ilə seçilən sənətkardır. O, yaradıcılığa fəlsəfi yazılarla başlamışdır. Xəyyamın fəlsəfi dünyagörüşü dahi ensiklopedik alim İbn Sinanın fəlsəfəsinin təsiri ilə formalaşmışdır. Onu özünə müəllim hesab etmiş, 1079-cu ildə “Xütbə” adlı fəlsəfi əsərini fars dilinə tərcümə etmişdir. Ömər Xəyyam ilk fəlsəfi əsərini — "Varlıq və zərurilik haqqında traktat"ı 1080-ci ildə yazmışdı. Xəyyamın elmi-fəlsəfi irsi böyük deyildir. Tədqiqatçıların yazdıqlarına görə, onun traktatları fəlsəfənin ayrı-ayrı vacib məsələlərini əhatə edir. Xəyyam yazılarında yığcamlığı üstün tutub, az sözlə tutarlı fikirlər söyləməyi lazım bilib. Ona görə də əsərlərinin hamısı lakonik, bəzən bir neçə səhifədən ibarət olub. Ömər Xəyyam həm də bütün dövrlərin ən böyük riyaziyatçılarından biri olmuşdur. "Riyazi problermlərin nümayişinə dair" traktatı ilə riyaziyyat elminin inkişafına misilsiz töhfələr vermişdir. Bu əsərində Xəyyam üçdərəcəli tənliklərin həllini ilk dəfə həndəsi yolla – hiperbola ilə dairənin kəsişməsindən almışdır. Onun Günəş sisteminin heliosentrik nəzəriyyəsini Kopernikdən çox-çox əvvəl irəli sürməsi də bildirilir.
Alimin bu gün də elmi əhəmiyyətini saxlayan çoxsaylı əsərlərinin olmasına baxmayaraq, ona bütün dünyada şöhrət gətirən rübailəri olmuşdur. Şairin rübailərinin dəqiq sayı indiyə kimi məlum deyil. Bu rübailərin mövzusu da rəngarəng idi. Şair dünyanın faniliyi, epikürçü və fəlsəfi-didaktik mövzulara daha çox müraciət etmişdir.
Qərb ölkələrində Xəyyamı “Şərqin Arximedi”, “İslam ölkələrinin Leonardo da Vinçisi” kimi qiymətləndirirlər.
Xəyyam böyük elmi irs qoyub getmişdir. O, riyaziyyat, fizika, astronomiya, fəlsəfə və tarixə aid risalələrin müəllifidir ki, onlardan bəziləri hələ də tapılmamışdır. Novruzun yaranma tarixinə, onun keçirilmə qaydalarına həsr olunmuş “Novruznamə” əsəri Şərq mədəniyyəti tarixi baxımından xüsusi əhəmiyyət kəsb edir.
Ömər Xəyyam Nişapur şəhərində vəfat etmişdir.
Hazırladı:
İradə ƏLİYEVA,
“Azərbaycan”