“Rusiya tərəfindən Ukraynaya döyüşmək üçün göndərilən və orada əsir götürülən Şimali Koreya əsgərləri istəsələr azad edildikdən sonra Cənubi Koreya tərəfindən qəbul ediləcəklər”. Seuldakı Xarici İşlər Nazirliyi bu açıqlamanı 23 iyun tarixində verib. Bəyanatda bildirilir ki, Cənubi Koreya Şimali Koreya hərbi əsirlərinin KXDR-ə qaytarılmasına və Rusiyaya təhvil verilməsinə qarşıdır.
İyunun 22-də Cənubi Koreyanın Yonhap xəbər agentliyi Ukraynanın xarici işlər naziri Andriy Sibiqanın gələn həftə Cənubi Koreyaya səfər edərək ikitərəfli münasibətləri və "Şimali Koreyanın hərbi əsirləri məsələsini" Cənubi Koreyanın xarici işlər naziri Ço Hyonla müzakirə etməyi planlaşdırdığını bildirib: "Ço iyunun 30-da Seulda Sibiqa ilə danışıqlar aparacaq. Ukrayna ilə Rusiya arasında davam edən müharibə, eləcə də Ukraynadakı Şimali Koreya hərbi əsirləri məsələsi müzakirə oluna bilər".
2025-ci ilin əvvəllərində Moskvaya dəstək vermək üçün Rusiyanın Kursk bölgəsinə böyük bir Şimali Koreya hərbi kontingentinin tərkibində göndərilən iki Şimali Koreya əsgəri Ukrayna Silahlı Qüvvələri tərəfindən əsir götürülüb. Həmin əsgərlər Cənubi Koreyaya köçmək istədiklərini bildiriblər.
Cənubi Koreya hökuməti öz növbəsində vurğulayıb ki, konstitusiyaya görə, Şimali Koreya əsgərləri Cənubi Koreya vətəndaşları hesab olunur və Seul Cənubi Koreyaya köçmək istəyən bütün hərbi əsirləri qəbul edəcək, onlara tətbiq edilən qanun və qaydalar çərçivəsində lazım olan mühafizə və dəstək verəcək.
Seulun yüksək vəzifəli rəsmisi Yonhap agentliyinə bildirib ki, hökumətin onların azad iradələrinə əsaslanaraq Cənubi Koreyaya tezliklə köçməsini asanlaşdırmaq kimi fundamental mövqeyi dəyişməz olaraq qalır. O əlavə edib ki, Cənubi Koreya hakimiyyəti Sibiqanın Seula səfəri nəticəsində bu məsələdə irəliləyiş gözləyir.
Cənubi koreyalı fəallar və Şimali Koreyadan qaçanlar bildiriblər ki, Pxenyanın hərbi doktrinası əsgərlərinin təslim olmasını açıq şəkildə qadağan edir. 1990-cı illərdə yeniyetmə olarkən Şimali Koreyadan qaçan Kim Eu-jin xarici jurnalistlərə verdiyi açıqlamada bildirib ki, əsgərlərə ukraynalılar tərəfindən əsir götürülmək təhlükəsi ilə üzləşdikləri halda intihar etmək əmri verilib.
Cənubi Koreya Konstitusiyasının 3-cü maddəsinə əsasən, KXDR-in bütün sakinləri hələ də bu ölkənin vətəndaşı hesab olunurlar və istənilən vaxt Cənuba daxil olmaq və yaşamaq üçün tam hüquqa malikdirlər.
Ukraynadakı müharibə artıq beşinci ilindədir. Şimali Koreya Rusiyaya hərbi dəstək verir: Cənubi Koreya kəşfiyyat agentliyi NIS-in hesablamalarına görə, Rusiyanın tərəfində döyüşmək üçün 15 mindən çox Şimali Koreya əsgəri göndərilib. Onlardan təxminən 6 mini öldürülüb, daha 4 mini isə yaralanıb.
Rizvan CƏFƏROV,
"Azərbaycan"