1900-cu il iyunun 19-da Tiflisin "Şeytanbazar”
məhəlləsində ruhani ailəsində dünyaya gəlib Möhsün Cəfərov. Sənani təxəllüsü ilə
şöhrətlənənədək həyatın çox çətin sınaqlarından, ağrı-acılı yollarından keçib. Beş
yaşında ata-anasız qalıb. Ona və bacısına nənələri himayədarlıq edib. Nənəsi Möhsünün
gələcəyini öz arzularına görə qurmaq istəyib. 1906-cı ildə mədrəsəyə aparıb ki,
nəvəsi oxuyub atası kimi molla, mərsiyəxan olsun. Ancaq iki il sonra, 1908-ci ildə
Möhsünün mədrəsə təhsili yarımçıq qalıb, nənəsi vəfat edib. Möhsünlə bacısı xalaları
molla Zinyətin ümidinə qalıblar.
Xalasından gileyli olmayıb. Molla Zinyət
Möhsünlə bacısını öz övladlarından ayırmayıb. Onun təhsili ilə özü məşğul olub. Amma xalasının böyük ailəsinin
maddi vəziyyəti ürəkaçan deyildi. Balaca Möhsün düşünüb ki, onun və bacısının varlığı
doğmalıq gördükləri bu ailənin sıxıntısını artırır. 1909-cu ildən işləməyə başlayıb.
Çörəkpulu qazanmaq üçün ən çətin işlərin qulpundan yapışıb, "Şeytanbazar”da işləyib,
hamballıq edib.
Səhnə onu cazibəsinə salanda yeniyetməlik
çağlarındaydı. Yerli teatrların və Tiflisə qastrola gələn aktyorların tamaşalarına
böyük maraqla baxıb. Teatr aktyorlarının oyunlarını, meydanlarda dərvişlərin oxumalarını
təqlid edib. Tamaşaçıların qarşısına isə ilk dəfə 1911-ci ildə çıxıb. O günün qürur
və həyəcanı həmişəlik yaddaşına həkk olub.
Sənət yolu ilə irəlliləyib. 1912-ci ildə
kiçik həvəskarlar dərnəyinə qoşulub. Dərnəkdə birpərdəli səhnələrdə oynayıb.
Tiflis müsəlman artistləri dəstəsinin aktyoru
Mirzəxan Quliyev Möhsün Sənaninin ilk rejissoru olub. Tiflisdə Mirzəxan Quliyevlə
bərabər, Mirzəli Abbasov, Mustafa Mərdanov, İbrahim İsfahanlı kimi aktyorlar onun
istedadına inanıb, gələcəyinə ümid bağlayıblar. Beləcə, Möhsün səhnəyə daha həvəslə
çıxmağa başlayıb.
Ancaq onun sənət yoluna sədd çəkmək istəyənlər
də olub. Bunlar əsasən atası Molla Sadığın dostları idi. Maddi sıxıntılar da bir
tərəfdən onu üzürdü. Belə ağır günlərində gürcü dostunun atasının köməyi ilə "Vano
dayı” tramvay parkında işə düzəlib. Aldığı maaşla həm bacısını, həm özünü təmin
edib, həm də xalasıgilə əl tutub.
1915-ci ildə Möhsün Sənani, Mirzəli Abbasov,
Mirseyfəddin Kirmanşahlı, Mirzəxan Quliyev, Mustafa Mərdanov və başqaları Tiflis
truppasına cəlb olunublar. Elə həmin il Hüseyn Ərəblinskinin iştirakı ilə "Kaveyi-Ahəngər”
tamaşası hazırlanıb. Möhsün Sənaniyə də dəmirçi Kavənin oğlu rolu həvalə edilib.
Rolun öhdəsindən bacarıqla gəlib.
Yenə də dolanışıq qayğısı çəksə də, maddi
ehtiyac içərisində sıxılsa da, bütün işlərdən, peşələrdən əl çəkib. Həyatını həmişəlik
aktyorluğa bağlayıb. Mirzəli Abbasov, Mirzəxan Quliyev, Əşrəf Yüzbaşıyev, Mirseyfəddin
Kirmanşahlı, İbrahim İsfahanlı, Tərlan xanım, Əli Əskərov, Həsən Səbri, Paşa Mahmudov,
Kaftaradze, Panfiliya Tanailidi, Əli Qurbanov (Möhsün Sənaninin xalası Molla Zinyətin
oğlu, sonralar Azərbaycanın xalq artisti olub) və başqa çox məşhur sənətkarların
fəaliyyət göstərdikləri Tiflis teatrı truppasının ən gənc aktyoru olub. Gənc olsa
da, qısa müddətdə "Arşın mal alan”da Süleyman bəy, Vəli, "Məşədi İbad”da hambal,
"Nadir şah”da Rzaqulu, "Otello”da Kasio kimi rollar ona həvalə edilib. Möhsün Sənani
ilk tamaşaçı alqışlarını, uğurlarını qazandığı Tiflis teatr truppasında 1920-ci
ilədək çalışıb.
Möhsün Sənani və onun kimi bu teatrda sənətdə
ilk addımlarını atan aktyorların çoxu sonralar Bakıya gəlib, səhnə fəaliyyətlərini
bu şəhərdə davam etdiriblər. Möhsün Sənani Azərbaycan Dövlət Dram Teatrında işə
başlayıb. Bu teatrın səhnəsinə ilk gündən tanınmış aktyorlarla çıxması onu həm həvəsləndirib,
həm də məsuliyyətini artırıb. "Vaqif” tamaşasında Eldarı, "Göz həkimi”ndə sürücü
Həsənağanı elə ifa edib ki, tamaşaçıları fərqli, bənzərsiz aktyor olduğuna inandırıb.
Tezliklə məşhurlaşıb. Repertuarı zənginləşib. O, komik və tragik rolları eyni peşəkarlıqla
ifa edib. Geniş yaradıcılıq imkanlarına, yüksək aktyorluq qabiliyyətinə, oxumaq,
oynamaq bacarığına malik olub.
Ona tamaşaçı sevgisi qazandıran, şöhrətləndirən
yalnız teatr sənəti olmayıb. Möhsün Sənani istedadı ilə kinorejissorların da diqqətini
cəlb edib. 1923-cü ildə iyirmi üç yaşında ilk dəfə ekrana çıxıb. "Qız qalası” filmində
epizodik döyüşçü rolu ona böyük uğur gətirib. Çox keçməyib ki, "Bayquş” və "Bismillah”
filmlərinə dəvət alıb. Beləcə, Möhsün Sənani səhnədəki uğurlarını kino sahəsində
də davam etdirib.
1939-cu ildə "Kəndlilər” filmindəki Eldar
onun səsli kinoda ilk rolu olub. Ümumiyyətlə, Möhsün Sənaninin Azərbaycan kinosunun
böyük inkişaf mərhələlərində izləri var. O, kinonun səssiz, səsli dövrünü yaşayan,
ilk rəngli, eləcə də ilk genişformatlı filmə çəkilən aktyorlarımızdan biri olub.
Möhsün Sənani 30-a yaxın filmdə rol alıb. "Arşın mal alan”, "Bir məhəllədən iki
nəfər”, "Bismillah”, "Bizim küçə”, "Dağlarda döyüş”, "Fətəli xan”, "İsmət”, "Kəndlilər”,
"Kölgələr sürünür”, "Koroğlu”, "Qara daşlar”, "O olmasın, bu olsun”, "Səbuhi”,
"Səhər”, "Sehrli xalat”, "Yeni horizont”, "Qızmar günəş altında” və başqa filmlərdə
o, müxtəlif xarakterli, yaddaqalan rollar ifa edib. Bu rollar, əsasən, ikinci dərəcəli
və epizodik olsa da hər biri tamaşaçılar tərəfindən maraqla qarşılanıb.
Teatrda da, kinoda da yaddaqalan, təkrarolunmaz
rollar oynayan Möhsün Sənani 1949-cu ildə Xalq artisti fəxri adına layiq görülüb.
O, ömrünün əlli ilini sənətə həsr edib. Həmin
illər ərzində bir gün də səhnədən ayrılmayıb. Gözləri nurdan düşəndə də qəlbinin
işığıyla, sevgisiylə sənət yoluna davam edib.
Möhsün Sənani həyatın da, sənətin də bütün
çətinliklərinə mərdanəliklə sinə gərib. Ancaq teatrdan ayrıldıqdan canında dolaşan
ağrılara qatlaşmaq çətin olub. Sevilən sənətkar 1981-ci il fevralın 11-də vəfat
edib. Möhsün Sənanini bu gün də yaşadan və yaşadacaq xatirələr, bir də lent yazılarının
yaddaşında qalan tamaşalarda, filmlərdə ifa etdiyi rollardır.
Zöhrə FƏRƏCOVA,
"Azərbaycan”