"Mən fəxr edirəm ki, vaxtilə Kür çayı üzərində Şəmkir Su-Elektrik Stansiyasının təməlini qoydum və onu qurub yaratdım. İndi o, Azərbaycana xidmət edir".
Heydər ƏLİYEV
Anadan olmasının 100 illik yubileyini böyük qürur hissi ilə qeyd etdiyimiz Ümummilli Lider Heydər Əliyevi bütün tərəqqipərvər insanlar kimi şəmkirlilər də çox sevirlər. Çünki Şəmkirin iqtisadi, mədəni və sosial inkişafında Ulu Öndərin xidmətləri əvəzolunmazdır.
Bu da bir xoşbəxtlikdir ki, ötən əsrin sonlarına yaxın dünyaşöhrətli siyasətçi Heydər Əliyevin təşəbbüsü və qayğısı sayəsində əsası qoyulmuş, tikintisi başa çatdırılmış, nəhayət, böyük təntənə ilə istismara verilmiş Şəmkir və Yenikənd su-elektrik stansiyaları respublikanın qərb bölgəsinin elektrik təminatında böyük rol oynayır. Qoşa nur selinin tikilib istismara verilməsində əməyi olan insanlar üçün salınmış şəhər tipli Kür qəsəbəsi də 1970-ci illərdə məhz Heydər Əliyevin ideyası əsasında yaradılmışdır. Cənubi Qafqazın elə bir bölgəsi yoxdur ki, orada bir rayonda iki böyük su-elektrik stansiyası fəaliyyət göstərsin. Amma Şəmkirdə var! Bu stansiyalar insanların həyatında və bölgənin iqtisadiyyatında böyük yeniliklərə, yeni sənaye obyektlərinin yaradılmasına, iqtisadi yüksəlişə səbəb oldu. Ümumiyyətlə, 1970-1980-ci illərdə, habelə bundan sonrakı dövrdə Ulu Öndərin fərman və sərəncamlarına əsasən, Şəmkir rayonunda tikinti-quruculuq işlərinə və sosial sahənin inkişafına qayğı diqqət mərkəzində olub.
Siyasətçilərin və energetik-mütəxəssislərin qənaətinə görə, Heydər Əliyev nəinki respublikamızın qərb bölgəsində və ya Şəmkirdə, ümumiyyətlə, Azərbaycanda müstəqil və milli energetika sisteminin yaradılmasının banisidir. Hələ sovet hakimiyyəti illərində Heydər Əliyevin rəhbərliyi ilə respublikamızda bu sahədə yaradılan möhkəm təməl sonradan müstəqil energetika sisteminin daha geniş şəkildə inkişafına imkan vermişdir. Zəngin dövlət idarəetmə təcrübəsinə malik olan Heydər Əliyev Azərbaycanın müstəqillik qazanacağını sanki irəlicədən bilirdi. Ona görə də Ulu Öndər milli müstəqilliyimizin bünövrəsini möhkəm iqtisadi özüllər üzərində qururdu. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin yaxın dostu, tanınmış dövlət xadimi Eduard Şevardnadzenin "Mənim seçimim" (Tbilisi, 1997) kitabındakı fikirlərini xatırlatmaq yerinə düşər: "Heydər Əliyevin fırtınalı həyat yolu, ən çətin, ən həlledici məqamlarda atdığı qətiyyətli addımlar onun mövqeyinə və vətən qarşısında üzüağ olduğuna əyani sübutdur. Elə Siyasi Büronu və Kommunist Partiyasının sıralarını Heydər Əliyevin ilkin tərk etməsi, bu yolla da partiyaya və o quruluşun get-gedə buludlaşan ictimai-siyasi ab-havasına etirazını bildirməsi o zaman qəhrəmanlığa bərabər bir addım idi. Siyasi Büronun və imperiyanın süqutu da onun sıralarını Heydər Əliyev kimi şöhrətli siyasətçilərin və böyük nüfuza malik olan dövlət xadimlərinin tərk etməsi ilə başlandı. Onun nə qədər haqlı olduğunu və uzaqgörənliyini zaman özü təsdiq etdi".
Sabit enerji mənbələrinə malik olmağı dövlətin müstəqilliyini şərtləndirən əsas faktorlardan biri hesab edən Ulu Öndər Heydər Əliyev respublikaya rəhbərlik etdiyi ilk illərdə qısa müddətdə SSRİ büdcəsindən vəsait ayrılmasına nail olub, bu hesabla Mingəçevirdə hər blokunun gücü 300 min kilovatsaat olan Azərbaycan DRES-in tikintisini də gerçəkləşdirdi. Bütün işlər dövlətin və hökumətin nəzarəti altında aparıldı. Heydər Əliyev tərəfindən göstərilən bu diqqət nəticəsində tikinti-quraşdırma işləri tezliklə başa çatdırıldı. Azərbaycan DRES-in 1 saylı enerji bloku 1981-ci il noyabr ayının 24-də, 2 saylı bloku isə 1982-ci ildə istismara verildi. Lakin bütün bunlar respublikanın elektrik enerjisinə olan tələbatını tam ödəmədiyindən Ulu Öndərin tövsiyəsi ilə Azərbaycan DRES-lə yanaşı, iki aqreqatdan ibarət Şəmkir SES-in tikilməsi gündəmə gətirildi. Bu məqsədlə 1975-ci ildə Ulu Öndər özü şəxsən hökumət nümayəndələri və mütəxəssislərlə birlikdə Şəmkirdə oldu. Respublika rəhbəri yeni SES-in tikiləcəyi ərazini və burada işləyəcək insanlar üçün yaşayış məntəqəsinin salınacağı ərazini addımbaaddım gəzib, yığıncaqlar keçirdi, mütəxəssislərlə məsləhətləşmələr apardı. Ulu Öndərin rəhbərliyi və iştirakı ilə 19 yanvar 1975-ci ildə Şəmkir SES-in bünövrəsi qoyuldu.
Şəmkir SES Azərbaycan DRES-lə paralel tikilib. Şəmkir SES-də birinci aqreqat 1982-ci ildə, ikinci aqreqat 1983-cü ildə istifadəyə verilib. Bundan sonra səkkiz blokdan ibarət Azərbaycan DRES-in hər növbəti ildə bir enerji bloku istifadəyə verilib. Qürurla deyə bilərik ki, bu gün Azərbaycan DRES Zaqafqaziyada tayı-bərabəri olmayan energetika nəhəngidir.
Xatırladaq ki, bütün bunlar o qədər də asanlıqla başa gəlməyib. Heydər Əliyev Azərbaycana birinci dəfə rəhbərlik etməyə başlayanda vəziyyəti araşdıraraq müəyyənləşdirdi ki, Azərbaycanın energetika sisteminə çox böyük investisiyalar qoyulmalıdır. Bütün məsələlər təhlil olunandan sonra sovet rəhbərliyi qarşısında təkliflə çıxış etdi. Onun davamlı və məqsədyönlü fəaliyyəti nəticəsində Sovet İttifaqının rəhbərliyi Azərbaycana böyük sərmayənin qoyuluşuna icazə verdi. O vaxt mərkəzləşdirilmiş fondlardan respublikaya vəsait cəlb edilməsi çox böyük çətinliklərlə başa gəlirdi. Nəzərə alsaq ki, Heydər Əliyev respublikaya yeni başçılıq edirdi və onun dərhal belə bir təşəbbüslə çıxış etməsi sovet rəhbərliyində bir çoxlarını təəccübləndirmişdi. Ancaq bütün bunlara baxmayaraq, onun fəaliyyəti və yorulmaz səyləri nəticəsində 1971-ci ildə Azərbaycan DRES-in tikintisi haqqında qərar qəbul edildi, respublikaya mərkəzləşdirilmiş fondlardan böyük vəsait qoyulmağa və stansiyanın tikintisinə başlanıldı. Ulu Öndər hələ Azərbaycanda rəhbər olan zaman - 1981-ci ildə stansiyanın birinci bloku istismara verildi.
Heydər Əliyev Moskvada Siyasi Büroda fəaliyyətə başlayanda və Nazirlər Sovetinin birinci müavini vəzifəsində çalışanda da diqqətini daim Azərbaycana yönəldirdi. Heydər Əliyev bu stansiyanın tikintisinə xüsusi əhəmiyyət verirdi və onun sayəsində yarımçıq qalan 7 blok da inşa edildi. İndi təsəvvür etmək mümkün deyil ki, əgər bu stansiyalar o vaxt tikilməsəydi, xalqımız müstəqillik dövründə hansı problemlərlə üzləşə bilərdi?!
Zamanın təkərinin Azərbaycan və azərbaycançılığın məhvinə doğru fırlandığı bir dövrdə - 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin respublika rəhbərliyinə qayıdışından sonra ölkədə tədricən ictimai-siyasi sabitliyə nail olundu. Azərbaycan parçalanmaq, dağıntılar, məhv olmaq məngənəsindən qoparılaraq, müsbət meyillərə, inkişaf yoluna istiqamətləndirildi. Ulu Öndərin böyük siyasətə qayıdışı iqtisadiyyatın bütün sahələrində, o cümlədən energetika sahəsində də yığılıb qalmış problemlərin həll ediləcəyinə, tikintisi yarımçıq qalmış Yenikənd SES-in də üzünə gün doğacağına ümid verdi və xalqın bu ümidi özünü doğrultdu. 1994-cü ildə Ulu Öndər müharibə gedən bir ölkənin problemlərindən vaxt tapıb Yenikənd SES-in taleyi ilə maraqlandı... Ölkə başçısının qayğısı sayəsində Azərbaycan iqtisadiyyatında ilk böyük investisiya Yenikənd SES-in tikintisinin başa çatdırılmasına yönəldildi. Beləliklə, 1988-ci ildən tikintisi yarımçıq qalmış Yenikənd SES-də dövlət başçısının nəzarəti altında işlər yenidən canlanmağa başladı, qüvvələr səfərbərliyə alındı, ikinövbəli və üçnövbəli iş rejimi yaradıldı. Nəhayət, 2000-ci ilin əvvəllərində SES-in tikintisi uğurla başa çatdırıldı. Həmin ilin may ayında Ulu Öndər yeni energetika müəssisəsinin açılışında şəxsən iştirak etdi, burada dərin məzmunlu nitq söylədi...
Böyük rəhbərin yadigarı olan Şəmkir SES-lə yanaşı, Yenikənd SES bu gün öz fəaliyyətini yüksək səviyyədə davam etdirir, şəhər tipli Kür qəsəbəsi gündən-günə böyüyür və gözəlləşir. Görünən odur ki, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin respublikaya rəhbərliyi dövründə Şəmkirdə nə tikilibsə, nə yaradılıbsa, xalq üçün, millət üçün edilib. Zəngin dövlət idarəetmə təcrübəsinə malik dünyaşöhrətli siyasətçi Heydər Əliyevin Azərbaycan tarixində çoxşaxəli fəaliyyəti bənzərsizliyi ilə seçilən epopeyadır. Bu epopeyanın əsas fəsillərindən biri də Şəmkirin iqtisadi inkişafı, burada aparılan möhtəşəm tikinti-quruculuq işləri, əhalinin həyat səviyyəsinin yüksəlməsi istiqamətində görülmüş tədbirlərdir.
Ulu Öndərin enerji siyasəti bu gün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan DRES-in, Şəmkir SES və Yenikənd SES-in işləkliyinə, məhsuldarlığına xüsusi nəzarət edilir, qayğı göstərilir, ömrünü başa vurmuş avadanlıqlar vaxtında əvəzlənir. Bütün bunlarla yanaşı, respublikamızda yeni kiçik və irihəcmli su-elektrik stansiyaları, habelə digər alternativ enerji mənbələri yaradılır. Azərbaycan Prezidenti İlham Əliyevin birbaşa təşəbbüsü ilə 30 illik erməni işğalından azad edilmiş Zəngilan rayonunda Araz çayının sol qolu olan Oxçuçayın üzərində tikilməkdə olan "Sarıqışlaq" Su-Elektrik Stansiyası buna bariz nümunədir. "Yaşıl enerji" zonası konsepsiyasına uyğun olaraq, "Sarıqışlaq" SES-də il ərzində 33,2 milyon kilovatsaat ekoloji cəhətdən təmiz enerji istehsal ediləcək. Bundan əlavə, Zəngilan və Laçın rayonunda 7 yerdə ümumi gücü 70,5 meqavat olan su-elektrik stansiyalarının tikintisi davam etdirilir. Kəlbəcərdəki "Zar" Su-Elektrik Stansiyası yenidən qurulacaq. Rayon ərazisində "Nadirxanlı", "Yuxarı Vəng", "Aşağı Vəng" və işğaldan azad edilən Murov dağın aşağı istiqamətində "Toğanalı" Kiçik Su-Elektrik stansiyaları yeni layihələr əsasında tikiləcəkdir. Beləliklə, böyük zəfərdən sonra işğaldan azad edilən ərazilərdə tikilən su-elektrik stansiyalarının ümumi sayı 25-ə çatdırılacaq.
Ümumiyyətlə, Prezident İlham Əliyev bütün sahələrdə olduğu kimi, energetikanın inkişafı baxımından da Ulu Öndərin siyasətini uğurla davam etdirir. "Azərbaycan" İES-in birinci enerji blokunun Heydər Əliyevin təşəbbüsü və bilavasitə rəhbərliyi ilə istifadəyə verildiyi tarix - 20 Oktyabr Azərbaycanda Energetiklər Günü kimi qeyd olunur. Prezident İlham Əliyevin 2004-cü il 13 oktyabr tarixli sərəncamı ilə həmin tarixin ölkəmizdə Energetiklər Günü kimi təsis edilməsi milli elektroenergetika salnaməmizin daha bir parlaq səhifəsi, ölkə rəhbərliyinin bu sahədə çalışan insanların fədakar əməyinə verdiyi böyük dəyərin ifadəsidir.
Rəhman SALMANLI,
"Azərbaycan"