Türkiyə və Gürcüstan parlamentlərində Azərbaycanın mövqelərini tam dəstəklədiklərini bəyan ediblər, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının Bakıda keçirilən 29-cu sessiyasının (COP29) təşkili və nəticələrinə ən yüksək qiymət veriblər.
Bu barədə AZƏRTAC -a Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Türkiyə, Azərbaycan və Gürcüstan parlamentlərinin xarici əlaqələr komissiyalarının Ankarada keçirilmiş IX üçtərəfli iclasının yekunlarını şərh edərkən bildirib.
Parlament komitəsinin rəhbəri deyib ki, Azərbaycan tərəfi Ankarada dost Mərkəzi Asiya ölkələrini parlamentlərarası dialoq formatlarına cəlb etmək təşəbbüsü ilə çıxış edib.
O, rəsmi Bakının türk ölkələri ilə bütün sahələrdə daha da yaxınlaşmağa hazır olduğunu vurğulayıb və “Türk dünyasını Azərbaycan ailəsi” adlandıran Prezident İlham Əliyevin mövqeyini xatırladıb.
“Azərbaycan regionumuzla Mərkəzi Asiya dövlətləri arasında əlaqələrin möhkəmlənməsində maraqlıdır”, - deyə Milli Məclisin komitə sədri əmin edib. Onun fikrincə, Azərbaycan liderinin türk dövlətləri ilə yaxınlaşma siyasəti bütün dünyada böyük maraq doğurur.
Türkiyə və Gürcüstanla qarşılıqlı fəaliyyətdən danışan S.Seyidov qeyd edib ki, Bakı Ankara və Tbilisi ilə əlaqələrin gücləndirilməsində böyük potensial görür.
Onun sözlərinə görə, Türkiyə, Azərbaycan və Gürcüstanın milli təhlükəsizliyinə əsas təhdid mənbələri regiondan kənarda yerləşir. “Bu gün ölkələrimizin inkişafına qarşı çıxmağa çalışan, bizimlə başqa dildə danışan qüvvələr dərk edirlər ki, regionda baş verən proseslər onların planlarını alt-üst edir. Ermənistan onu da dərk etməlidir ki, heç bir xarici oyunçu region daxilində təmasları əvəz edə bilməz. Hər bir dövlət üçün prioritet bütövlükdə regionun maraqları olmalıdır”, - deyə deputat vurğulayıb.
S.Seyidov Azərbaycanın sülhə, sabitliyə və bütün qonşu dövlətlərin inkişafına töhfə verməyə yönəlmiş siyasətini misal çəkib.