Bioloji, psixoloji və sosial səbəblərdən bəzi qidalardan normadan artıq istifadənin müxtəlif asılılıqlar yaratdığı məlumdur. Onlardan biri də şəkər asılılığıdır. Əksər insanlar gündəlik rasionlarında emal olunmuş şəkərdən hazırlanmış qidalara üstünlük verirlər.
Mütəxəssislər gündəlik şəkərdən alınan kalori həcminin 10 faizdən az olmasını tövsiyə edirlər. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) böyüklərə və uşaqlara gündəlik sərbəst şəkər qəbulunu təxminən 25 qrama (6 çay qaşığı) qədər azaltmağı tövsiyə edir. Çünki normadan artıq şəkər istehlakı insulin dirənci, artıq çəki, şəkərli diabet, yüksək qan təzyiqi və bir çox xroniki xəstəliklərin yaranmasına səbəb olur. Bura təkcə qənd, şəkər tozu, mürəbbə, şərbət, şirniyyatların tərkibindəki şəkər deyil, həm də meyvə və tərəvəzlərin, balın tərkibində təbii halda olan şəkərin, eləcə də şirinləşdirilmiş içkilərin, qablaşdırılmış qidaların tərkibindəki şəkərin miqdarı da aid edilir.
Bəs şəkər asılılığı niyə artıb? Tərkibində bol miqdarda şəkər olan qida məhsullarının orqanizm üçün faydaları və zərərləri nələrdir? Ümumiyyətlə, şəkərin insan sağlamlığında rolu nədən ibarətdir?
Şirin qidalardan sonra özümüzü yaxşı hiss ediriksə...
Kliniki Tibbi Mərkəzin həkim-endokrinoloqu Həcər Kazımovanın sözlərinə görə, şəkər asılılığı və onun səbəb olduğu xəstəliklərlə müraciət edənlərin sayı ötən illərə nisbətən artıb: "Bunun birinci səbəbi şəkərli qidaların əlçatanlığıdır. 20 il öncəyə nisbətən şəkərli məmulatların, konfetlərin əldə edilməsi dəfələrlə asanlaşıb. Əgər əvvəllər tort yalnız ad günlərində, şəkərbura və paxlava ancaq Novruz bayramında yeyilirdisə, şirniyyat qonaq gələndə süfrəyə qoyulurdusa, indi vəziyyət bunun tam əksidir".
H.Kazımova deyir ki, əgər şəkər istifadə etmədikdə insan aqressivləşirsə, əsəblərini cilovlaya bilmirsə, şirniyyatı qəbul etdikdən sonra özünü rahat hiss edirsə, demək, artıq bu insanda şəkər asılılığı var: "Gündəlik rasionumuza daxil olan karbohidrat miqdarı var. Bu tələbat ödənmədikdə orqanizmdə şəkərə ehtiyac yaranır. İnsan yorğun olduqda, enerji sərf etdikdə orqanizm ilk növbədə tez həzm olunan karbohidrat tələb edir. Bunların içində də birinci yerdə şəkər məmulatları gəlir. Şəkər dildə olan dad reseptorlarına təsir edərək, beyində "xoşbəxtlik hormonu" sayılan endorfin ifrazına gətirib çıxarır ki, bu da şirniyyata tələbatı artırır. Qarşısı zamanında alınmasa, bu, şəkərli diabetə, ürək-damar xəstəliklərinə, hətta onkoloji xəstəliklərə qədər gətirib çıxara bilər".
Yuxusuzluq, daimi yorğunluq, aclıq hissi...
H.Kazımova bildirir ki, sutkalıq 7-8 saatlıq yuxu rejiminə riayət edilməsinə baxmayaraq, insan yuxululuq hissindən şikayət edirsə, bu, şəkər asılılığının əlaməti kimi qəbul edilir: "Mütəmadi şəkər istifadəsi qanda şəkərin miqdarının sürətlə yüksəlib, daha sonra düşməsinə, yəni şəkərin oynamasına səbəb olur. Bu da daimi yorğunluğa gətirib çıxarır. Proteindən fərqli olaraq, karbohidratın bir növü olan şəkər tez həzm olunur, qana sürətlə sovurulur. Bu zaman avtomatik olaraq qanda şəkərin miqdarı yüksəlir, lakin elə yüksəldiyi kimi də tez düşür. Aclıq hiss edilir, tez həzm olunacaq qidaya tələbat olur. İnsana əsmə, bayılma hissləri gəlir. Ona görə də ən tez əldə edə bildiyi şəkərdən istifadə edir. Bu hal tez-tez təkrarlandıqca orqanizmdə insulin ifrazı artır, insulin dirənci kimi problemlər meydana çıxır".
İnsulin dirəncinin şəkərli diabetdən fərqli olaraq, genetik olmadığını bildirən mütəxəssis qeyd edir ki, o, qeyri-sağlam qidalanma, passiv həyat tərzi və artıq çəki fonunda yaranmış tibbi problemdir: "İnsulin dirənci insulinin orqanizmdə normadan artıq ifraz olunması və hüceyrələrin ona qarşı həssaslığının itməsi nəticəsində yaranır. Bu zaman mədəaltı vəzi normadan artıq insulin ifraz edir. İnsanlar daha çox şəkər qəbul etsələr də, nəticədə bu, onları daha az qane etməyə başlayır. İnsulin dirənci son illərdə olduqca geniş yayılıb. Cəmiyyətin əksəriyyəti 10-15 il əvvəl onun nə olduğunu belə bilmirdi. İndi isə müraciət edən xəstələr onun əlamətlərini hiss edərək insulin dirəncini yoxlatdırmaq üçün müraciət edirlər".
Uşaqlar arasında insulin dirənci geniş yayılıb
Problemin ən üzücü tərəfi isə insulin dirəncinin uşaqlar arasında geniş yayılmasıdır. Endokrinoloqun sözlərinə görə, buna səbəb fiziki aktivliyin azalması, uşaqların əyləncəsinin kompüter, telefonlardan ibarət olması, şəkərli məmulatlardan, hazır qidalardan və "fast food"lardan çox istifadə edilməsidir.
Həkim şəkər asılılığının genetikasında şəkərli diabet xəstəliyi olan şəxslər üçün daha təhlükəli olduğunu qeyd edir: "Şəkərli diabetin bir neçə növü var. Onun ən çox yayılmış növü tip 2-dir. O, bədənin hüceyrələri insulinə davamlı olduqda baş verir və insulinin qeyri-adekvat istifadəsinə səbəb olur. Diabet xəstələri daim həkim nəzarətində olmalıdırlar".
Mütəxəssis onu da bildirir ki, maddələr mübadiləsini zəiflədən və xəstəliklərə təkan verən şəkərli qidalardan nə qədər az istifadə etsək, sağlamlığımızı bir o qədər qorumuş olarıq. Şəkər asılılığının qarşısını almaq üçün sağlam həyat tərzi və qida rasionumuzda şəkərdən minimal istifadə tövsiyə edilir. Mümkün olduğu təqdirdə isə emal edilmiş şəkərdən tamamilə imtina edilməlidir.
Ü.XASPOLADOVA,
"Azərbaycan"