30 Avqust 2022 00:53
3596
Oxucu məktubları
A- A+

Şəhid ailələri və qazilər dövlətin himayəsi altındadır

 

Vətənin hər qarışı ata-babalarımızın bizə əmanətidir. Onun yolunda candan belə keçmək hər birimizin borcudur.
Özüm Qubanın Alpan kəndində doğulmuşam. Uşaqlıqdan kəndimizin hər daşını, kəsəyini, yaşıl çəmənlərini sevərək böyümüşəm. Qarabağ ermənilər tərəfindən işğal ediləndə 10 yaşım vardı. Kəndimizin uşaqları ilə söz verdik ki, böyüyəndə düşməndən intiqamımızı almalıyıq. Elə buna görə hərbçi olmağa qərar verdim. Əsgəri xidmətdən sonra ordu sıralarında qalaraq vətənə xidmətə başladım. Sağlam bədənli kəndli balası olduğuma görə məni xüsusi təyinatlılara qəbul etdilər. 
Baş gizir rütbəsini aldığıma görə dostlarım məni təbrik edəndə bildirdim ki, kaş düşməndən intiqamımı da alardım. Qisas günü yetişdi. 44 günlük Vətən müharibəsi başlayan andan ön sırada oldum. Kəndbəkənd, şəhərbəşəhər torpaqlarımızı düşməndən geri aldıq. "Vətən uğrunda", "Şücaətə görə", Cəbrayılın, Xocavəndin, Kəlbəcərin və Şuşanın azad edilməsinə görə medalları ilə təltif edildim. Hazırda III qrup müharibə əliliyəm. 
Dövlətimizin qazi və şəhid ailələrinə diqqət və qayğıkeşliyi göz qabağındadır. Alpan kəndinin 20 şəhidi var. 17 nəfər Birinci Qarabağ savaşında şəhidliyə yüksəlib. 44 günlük Vətən müharibəsində isə kəndimiz 3 şəhid verib. Onlar kapitan Aqil Məlikov, gizirlər Orxan Balayev və Mehdi Murtuzovdur. İşimlə bağlı başqa yerdə yaşasam da, çalışıram hər həftənin sonunda Alpana gedim, şəhidlərimizi yad edim. Kəndimizin girəcəyində şəhidlərə möhtəşəm abidə də ucaldılıb. 
Alpandan kənarda yaşayan qazilərlə vaxtaşırı görüşür, fikir mübadiləsi aparırıq. Kəndimizin problemlərini birlikdə həll etməyə çalışırıq. Bu sahədə dövlət qurumları bizə yardımçı olur. Vətən bizdən heç nə əsirgəməyib. Biz də ona övlad borcumuzu qaytarmalıyıq. 

Rəşad NOVRUZOV,
Quba rayonu Alpan kənd sakini, III qrup Vətən müharibəsi əlili

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video