2024-cü il fevral ayının 7-də keçiriləcək növbədənkənar prezident seçkiləri əvvəlki illərdən fərqli olaraq ilk dəfə bütün ölkə ərazisini əhatə edəcək. Səsvermənin tam şəffaf və demokratik şəraitdə keçməsi üçün bütün seçki dairə və məntəqələrində yüksək səviyyədə təşkilati işlər aparılır. Görülən mühüm və zəruri işlər nəticəsində məntəqələr seçkilərə tam hazırlıq vəziyyətinə gətirilib.
Qısa müddət ərzində məntəqələrdə lazımi avadanlıqlar quraşdırılıb və metodiki vəsaitlərlə, yanğın təhlükəsizliyi, fasiləsiz rabitə, həmçinin elektrik enerjisi ilə təchiz olunub. Məntəqələrə seçki qutuları və lazımi inventar avadanlıqlar paylanılıb, seçici siyahıları və məlumat lövhələri asılıb. Seçki məntəqələrinə mürəkkəb və ultrabənövşəyi lampalar və digər zəruri vəsaitlər gətirilib. Katib və üzvlər, habelə seçkini izləyəcək müşahidəçilər üçün yerlər müəyyənləşdirilib. Seçki məntəqələrinin ərazisində seçkiqabağı təşviqatın aparılması və təşviqat materiallarının lövhələrdə yerləşdirilməsi üçün müvafiq yerlər ayrılıb.
Mərkəzi Seçki Komissiyası tərəfindən hazırlanmış slaydların və əyani vəsaitlərin köməyi ilə iştirakçılara səsvermə günü məntəqə seçki komissiyaları üzvlərinin rolu və vəzifələri, səsvermə otağının təşkil edilməsi qaydası, seçki günü müşahidəçilərin hüquqları, səsvermə günü məntəqənin açılması, səsvermə ilə bağlı məlumatların çatdırılması vaxtı, səsvermədə iştirak edən vətəndaşların barmaqlarının mürəkkəblə işarələnməsi, səslərin hesablanması və sairə ilə bağlı informasiyalar verilib.
7 fevral növbədənkənar prezident seçkiləri müstəqillik dövründən bəri ilk dəfə olaraq işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda da keçiriləcək. Doğma ocaqlarına qayıtmış insanlar prezident seçkilərində iştirak etməyin sevincini yaşayacaqlar. İşğaldan azad olunmuş ərazilərdə seçki məntəqələri yaradılıb. Bu məntəqələr seçki prosesinin tam şəffaf və demokratik şəraitdə keçməsi üçün əlverişli avadanlıq və texniki vasitələrlə təmin olunub. Vətəndaşların seçki günü rahat səs vermələri üçün hər cür şərait yaradılıb.
Mərkəzi Seçki Komissiyası Katibliyinin müdiri İlqar Əlizadənin sözlərinə görə, işğaldan azad olunmuş ərazilərdə seçki məntəqələri üçün yüksək səviyyədə binalar ayrılıb: "Hər bir seçki məntəqəsi lazımi kommunikasiya ilə təmin olunub. Seçki məntəqələrinin yerləşdiyi otaqların təchizatı başa çatdırılıb. Məntəqələrə elektrik enerjisinin fasiləsiz verilməsi nəzarət altındadır. Mərkəzi Seçki Komissiyası olaraq, biz də seçki məntəqələrini lazımi təchizatla təmin etmişik. Seçki məntəqələri seçki günü istifadə olunacaq ultrabənövşəyi lampalar, səsvermə kabinələri, şəffaf seçki qutuları, seçici siyahıları və digər zəruri ləvazimatlarla təchiz olunub".
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının və Mərkəzi Seçki Komissiyasının nümayəndələri seçkilərə hazırlığın vəziyyətini öyrənmək üçün işğaldan azad olunmuş Ağdərə, Kəlbəcər, Laçın, Şuşa, Ağdam, Füzuli, Qubadlı, Zəngilan, Cəbrayıl, Xocavənd, Xocalı və Xankəndi ərazisində yaradılmış seçki məntəqələrinə baxış keçiriblər. Seçkiyə hazırlığın vəziyyəti məntəqə seçki komissiyalarının sədrləri və üzvləri ilə birgə müzakirə edilib.
Verilən məlumatlara görə, işğaldan azad olunmuş ərazilərdə 26 seçki məntəqəsi təşkil edilib. Təşkil olunmuş seçki məntəqələrində 22 minə yaxın seçici qeydə alınıb. Bu seçicilərin 3700 nəfəri həmin ərazilərə daimi yaşamaq üçün doğma ocaqlarına qayıdanlardır. 18 min nəfərdən çoxu isə tikinti-quruculuq işlərində çalışan vətəndaşlardır.
7 fevral 2024-cü ildə keçiriləcək növbədənkənar prezident seçkilərində ölkə hüdudlarından kənarda yaşayan və ya uzunmüddətli xarici ezamiyyətlərdə olan Azərbaycan vətəndaşlarının seçki hüququnun təmin edilməsi məqsədilə də müvafiq tədbirlər görülmüşdür. Azərbaycanın diplomatik nümayəndəlikləri və konsulluqları tərəfindən ölkə hüdudlarından kənarda yaşayan və ya uzunmüddətli xarici ezamiyyətlərdə olan 18 yaşına çatmış vətəndaşlarımızdan ibarət seçici siyahıları Mərkəzi Seçki Komissiyasına təqdim olunub. Təqdim edilmiş bu məlumatlar əsasında seçkilərin ölkə hüdudlarından kənarda təşkili məqsədilə ümumilikdə 37 ölkədə 49 seçki məntəqəsi yaradılıb.
Seçki Məcəlləsinə əsasən, konsul qeydiyyatında olan seçicilərin sayı 50-dən artıq olan diplomatik nümayəndəlik və konsulluqlarda səsvermə həyata keçiriləcək. Ölkələrin yerli vaxtına uyğun olaraq saat 08:00-19:00-da Azərbaycanın seçki məntəqələri yaradılmış diplomatik missiyalarında keçiriləcək növbədənkənar prezident seçkiləri ölkəmizin Çin Xalq Respublikasındakı səfirliyində başlayacaq, ABŞ-nin Los Anceles şəhərindəki Baş konsulluğunda tamamlanacaq.
Faktlardan, məlumatlardan göründüyü kimi, artıq seçki məntəqələri seçiciləri qəbul etməyə tam hazır vəziyyətdədir. Azərbaycan vətəndaşlarının rahat səs vermələri üçün dairə və məntəqələrdə hərtərəfli şərait yaradılıb. Seçkilərin azad, demokratik və şəffaf şəkildə keçirilməsi təmin olunub. Bir qalır vətəndaşların seçkilərdə fəal iştirakı. Əminliklə demək olar ki, seçicilər fevral ayının 7-də hərtərəfli şərait yaradılmış məntəqələrə gələrək vətəndaş mövqeyini ifadə edəcək və ən yaxşı namizədə səs verəcəklər.
Vahid MƏHƏRRƏMOV,
"Azərbaycan"