Özbəkistan Prezidenti Şavkat Mirziyoyev V Daşkənd Beynəlxalq İnvestisiya Forumunun plenar iclasında çıxış edib.
AZƏRTAC rəsmi UZA agentliyinə istinadla xəbər verir ki, tədbirdə iştirak edən hökumət başçılarını, o cümlədən Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovu salamlayan dövlət başçısı deyib: “Sizin iştirakınız beynəlxalq səviyyədə yeni Özbəkistanın inkişafına olan inamın durmadan artdığının daha bir əyani sübutudur. Bu forumdakı birgə səylərimiz böyük nailiyyətlərə çatmaq üçün möhkəm təməl qoyur. Xüsusilə, ölkəmiz son illərdə 150 milyard dollardan çox xarici investisiya cəlb etsə də, bu sərmayənin 123 milyard dolları son beş ildə qoyulub”.
Şavkat Mirziyoyev diqqətə çatdırıb ki, Özbəkistanla əməkdaşlıq etməkdə maraqlı olan investorlara açıqdır, bərabərhüquqlu və qarşılıqlı faydalı tərəfdaşlığa hazırdır. “Bu forumda 100 ölkədən təxminən 4000 xarici qonağın iştirakı da onun artan nüfuzunu əyani şəkildə nümayiş etdirir”, -deyə dövlət başçısı bildirib.
O əlavə edib ki, forumun mövzusu – “İnvestisiya davamlılığı: Yeni üfüqlər və yeni tərəfdaşlıqlar” təsadüfi deyil, çünki iddialı məqsədlərə yalnız birgə səylər sayəsində nail olmaq mümkündür. Bu baxımdan, mart ayında Daşkənd Beynəlxalq Maliyyə Mərkəzinin yaradılması üzərində işə başlanılıb, onun fəaliyyətinin hüquqi əsası Konstitusiya Qanununda təsbit ediləcək. Bu mərkəzin iştirakçıları cəlbedici vergi sistemindən - mənfəət, əlavə dəyər, əmlak vergilərindən faydalanacaq və gömrük rüsumları sıfır faiz təşkil edəcək. Sərbəst kapital hərəkəti və istənilən valyutada əməliyyatlar aparmaq imkanı tam təmin edilir. Maliyyə texnologiyalarından, rəqəmsal aktivlərdən və yaşıl maliyyədən istifadə üçün müasir sistem yaradılacaq. İlk olaraq, bu güzəştlər 50 il müddətində qüvvədə olacaq. Mərkəzdə İngiltərə hüququna əsaslanan xüsusi prosedur və prinsiplər tətbiq olunacaq, müstəqil Daşkənd Beynəlxalq Kommersiya Məhkəməsi yaradılacaq. Onun işinə nüfuzlu xarici hakimlər və beynəlxalq ekspertlər cəlb olunacaq.
Özbəkistan lideri vurğulayıb: “Biz, həmçinin Xəzər dənizindən keçən Orta Dəhliz nəqliyyat marşrutunu inkişaf etdiririk. Bu layihənin tam şəkildə həyata keçirilməsi vasitəsilə Asiya ilə Avropanı birləşdirən nəqliyyat marşrutları şəbəkəsinə qoşula biləcəyik”.
Prezident Mirziyoyev qeyd edib ki, Asiya İnkişaf Bankı və Avropa Yenidənqurma və İnkişaf Bankı tərəfindən təşəbbüs göstərilən Mərkəzi Asiya və Qafqaz İnvestisiya Şuralarının Regional Alyansının yaradılması da mühüm addımdır. “Bazar nə qədər böyükdürsə və qaydalar nə qədər ahəngdardırsa, regiona investisiyaların artımı bir o qədər çox olacaq. Bu baxımdan, əminik ki, həmin vacib təşəbbüs gələcəkdə ortaq investisiya məkanının yaradılması istiqamətində ilk addım olacaq”, -deyə o vurğulayıb.