Azərbaycan–Türkiyə münasibətləri artıq uzun illərdir ki, yalnız siyasi bəyanatlar və diplomatik ritorika ilə məhdudlaşmır, konkret layihələr, institusional mexanizmlər və uzunmüddətli strateji hədəflər üzərində formalaşan nümunəvi müttəfiqlik modelinə çevrilib.
Bu fikirləri AZƏRTAC-a açıqlaması zamanı türkiyəli iqtisadçı-ekspert İlhan İşbaş bildirib.
Ekspert qeyd edib ki, iki ölkə arasında əlaqələrin hazırkı səviyyəsi sadəcə ikitərəfli əməkdaşlıq çərçivəsini aşaraq regional və qlobal iqtisadi-siyasi sistemə təsir göstərən strateji inteqrasiya mərhələsinə yüksəlib. İlhan İşbaşın sözlərinə görə, Azərbaycan və Türkiyə arasında formalaşan əməkdaşlıq modeli, ilk növbədə, enerji sahəsində özünün dayanıqlı və effektiv nəticələri ilə seçilir. Bakı–Tbilisi–Ceyhan neft kəməri, Bakı–Tbilisi–Ərzurum qaz xətti və TANAP kimi layihələr regionun enerji xəritəsini dəyişməklə yanaşı, Avropanın enerji təhlükəsizliyində Azərbaycanın və Türkiyənin rolunu daha da gücləndirib.
“Bu layihələr təkcə enerji nəqliyyat infrastrukturu deyil, eyni zamanda, ölkələrimiz arasında qarşılıqlı asılılıq və strateji etimad sisteminin əsas dayaqlarıdır. Onlar uzunmüddətli iqtisadi sabitlik və regional balansın qorunmasına xidmət edir. Nəqliyyat və logistika sahəsində həyata keçirilən layihələr də iki ölkənin iqtisadi inteqrasiyasını sürətləndirən əsas amillər sırasındadır. Bakı–Tbilisi–Qars dəmir yolu, Orta Dəhliz təşəbbüsü və Zəngəzur dəhlizi perspektivi Azərbaycanın və Türkiyənin Avrasiya ticarətində tranzit mərkəzə çevrilməsi üçün yeni imkanlar yaradır. Bu layihələr Asiya və Avropa arasında yükdaşımaların daha qısa, təhlükəsiz və iqtisadi baxımdan səmərəli marşrutlar üzərindən həyata keçirilməsinə şərait yaradır və regionun geoiqtisadi əhəmiyyətini artırır. İqtisadi əməkdaşlıq yalnız infrastruktur layihələri ilə məhdudlaşmır, eyni zamanda investisiya mühitinin genişlənməsi və biznes əlaqələrinin dərinləşməsi ilə müşayiət olunur. Azərbaycan və Türkiyə şirkətlərinin qarşılıqlı sərmayə yatırımları sənaye, kənd təsərrüfatı, turizm və xidmət sektorlarında yeni əməkdaşlıq platformaları formalaşdırır. Müdafiə sənayesi və təhlükəsizlik sahəsində əməkdaşlıq strateji müttəfiqliyin əsas sütunlarından biridir. Birgə hərbi təlimlər, müdafiə texnologiyalarının istehsalı və təcrübə mübadiləsi iki ölkənin hərbi gücünü artırmaqla yanaşı, regionda sabitlik və təhlükəsizliyin təmin olunmasına mühüm töhfə verir. Azərbaycan–Türkiyə müttəfiqliyi artıq klassik diplomatik münasibət modelindən çıxaraq çoxsahəli strateji inteqrasiya sisteminə çevrilib. Bu sistem enerji, nəqliyyat, müdafiə, ticarət və texnologiya sahələrini əhatə edən kompleks bir əməkdaşlıq modelidir”, – deyə ekspert qeyd edib.
İlhan İşbaş vurğulayıb ki, gələcək mərhələdə rəqəmsal iqtisadiyyat, yaşıl enerji, innovasiya texnologiyaları və süni intellekt sahələrində birgə layihələrin həyata keçirilməsi iki ölkə arasında əməkdaşlığı daha da dərinləşdirəcək və yeni inkişaf mərhələsinə yüksəldəcək.
Ekspertin sözlərinə görə, Azərbaycan və Türkiyənin formalaşdırdığı bu model təkcə ikitərəfli münasibətlər üçün deyil, bütövlükdə region ölkələri üçün də nümunəvi əməkdaşlıq formatı kimi çıxış edir və Avrasiyanın iqtisadi və siyasi balansına mühüm təsir göstərir.