03 Dekabr 2025 08:10
247
CƏMİYYƏT
A- A+
Şanlı dövrün sənədli tarixi

Şanlı dövrün sənədli tarixi


1918-ci il 15 sentyabr tarixi Bakının işğaldan azad edilməsi ilə yanaşı, digər mühüm bir faktla da əlamətdardır. Həmin tarixdə Azərbaycan Xalq Cümhuriyyətinin dəyərli yadigarlarından olan "Azərbaycan" qəzetinin ilk nömrəsi işıq üzü gördü. Qəzetin keçib gəldiyi uzun yol xalqın milli inkişaf tarixinin yazılı salnaməsini yaradan, keçmişlə bu gün, bu günlə gələcək arasında mənəvi körpü rolunu oynayan, nəsillərdən nəsillərə soraq gətirən bir mətbu orqanın ictimai düşüncəmizdə nə qədər böyük əhəmiyyət kəsb etdiyini göstərdi. 

Qəzet zəmanəsinin tanınmış ziyalılarının, maarifçilərinin, millət sevdalılarının bir araya gəldikləri düşüncə mərkəzi idi. "Azərbaycan"ın fəaliyyət hədəfi də onun adında cəmləşib. Qədim və doğma torpağının rəsmi səsi və sözü məsuliyyətini daşımaq bir qəzet üçün çox böyük və müqəddəs bir işdir. Müstəqilliyin ən əhəmiyyətli göstəricilərindən biri onun söz demək, başqaları arasında səsini eşitdirmək haqqıdır. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti qurulanda bu missiya üçün təsis edilən rəsmi mətbuat orqanı "Azərbaycan" qəzeti oldu.

"Azərbaycan" böyük bir ictimai tribuna oldu. Xalq Cümhuriyyətinin varlığı dövründə bu mətbuat orqanı da dövlətin taleyini yaşadı.   O zaman xeyli qəzet və jurnal fəaliyyətə başlasa da, "Azərbaycan" onlardan fərqlənirdi. Yeni olan bu nəşr məhz müstəqil cümhuriyyətin yaranması ilə meydana çıxmışdı, onun səsi və sözü idi. Digər mühüm fərq "Azərbaycan" qəzetinin yeni dövlətin parlamentinin rəsmi mətbu orqanı olması idi. 

Qəzetin 1918-ci il 7 dekabr tarixli 58-ci sayında Üzeyir bəy Hacıbəyli "Tarixi günümüz" məqaləsində yazırdı: "Bu o gündür ki, Azərbaycan türklərinin Milli Məclisi, Milli Şurası açılıb. Azərbaycan təkmil bir hökumət şəklinə girir. Yüz-yüz əlli sənə bundan əvvəl müxtəlif xanlıqlardan ibarət olan Azərbaycan torpağının rus istilasından qazandığı bir mənfəət o oldu ki, bu torpaq üzərində qurulmuş olan saxta və əməli hüquqları silinib-süpürülmüş müttəhid və vəsi bir ərazi şəklinə girdi və bu gün xilas olub da iki milyon mütəcavüz nüfus ilə Azərbaycan Xalq Cümhuriyyəti namını daşımağa kəsbi-ləyaqət etdi. Bəs bu gün haman bu Azərbaycan Xalq Cümhuriyyətinin milli parlamanı açılmaqla təşkilat və tərtibati-siyasiyyəsi artıq itmama yetir. Belə olan surətdə, deməli, qəlbimizdə bəslədiyimiz ümid - parlamanımızdır. Və ümidvarıq ki, cavan parlamanımız bu ümidimizin hüsuli yolunda var qüvvəsilə çalışacaq və Vətənimizin istiqlal və azadlığına birinci səbəb olacaqdır".

Bu gün həmin rəsmi dövlət qəzeti olan "Azərbaycan"nın 10.000-ci nömrəsi nəşr olunur. İlk baxışdan bu, bəlkə də adi bir rəqəm kimi görünə bilər. Amma bu rəqəmlərin hər birinin arxasında illərin tarixi, müstəqil Azərbaycan dövlətinin sətir-sətir yazılan milli dövlətçilik salnaməsi, qəzetin hər nömrəsində sənədləşən böyük bir irs durur. "Azərbaycan" qəzetinin 10.000-ci nömrəsinin hər biri bu tarixi öyrənmək, tədqiq etmək, qəzetin mövcud olduğu bütün dövrlərin aydın mənzərəsini yaratmaq üçün ən mötəbər istinadgahlardandır. 


Cümhuriyyətin ən dəyərli yadigarı


Bu mətbuat orqanı ömrü cəmi 23 ay sürən Azərbaycan Xalq Cümhuriyyətinin ən qiymətli yadigarlarından biridir, eləcə də onun hüquqi varisi kimi ötən əsrin sonlarına doğru yenidən istiqlalına qovuşan dövlətimizin məhək daşlarındandır.

Ətrafında dövrün ən qabaqcıl, tərəqqipərvər, vətənsevər ziyalılarını, ictimai xadimlərini birləşdirən qəzetin başlıca məramı onun ilk redaktorlarından birinin - Üzeyir bəy Hacıbəylinin dili ilə desək, tək bir partiyanın orqanı, dar siyasi xəttin daşıyıcısı kimi fəaliyyət göstərmək deyil, bütövlükdə azərbaycançılığın, azərbaycançı fikir və əməllərin təntənəsi naminə, Vətənin istiqlalı yolunda çalışmaqdan ibarət olmuşdur. Bu baxımdan "Azərbaycan" qəzetinin dövlətin rəsmi mətbu orqanı kimi meydana çıxması ölkəmizin tarixinin mühüm hadisəsi hesab edilir. Xarakterikdir ki, həmin dövrdə nəşrin baş redaktorları Ceyhun bəy Hacıbəyli, Üzeyir bəy Hacıbəyli, Şəfi bəy Rüstəmbəyli və Xəlil İbrahim gənc respublikanın obyektiv və ədalətli mövqeləri, həqiqətsevərlikləri ilə fərqlənən böyük ziyalıları olmuşlar. Təkcə qəzetin nəşrinə xeyli müddət rəhbərlik etmiş Üzeyir bəy Hacıbəylinin Azərbaycan tarixinə, siyasi və iqtisadi vəziyyətə, maarif və mədəniyyətə, milli-mədəni dəyərlərə, xarici və daxili düşmən qüvvələr tərəfindən məruz qaldığı haqsızlıq və təhdidlərə və sairə aid 200-ə yaxın məqaləsi bu mətbu orqanın səhifələrində yer almışdı. "Azərbaycan"ın müəllifləri sırasında zəmanəsinin ən böyük fikir adamları, qələm sahibləri vardı: Məmməd Əmin Rəsulzadə, Fətəli Xan Xoyski, Əlimərdan bəy Topçubaşov, Əhməd bəy Ağaoğlu, Ömər Faiq Nemanzadə, Məhəmməd Ağa Şahtaxtlı, Mirzəbala Məmmədzadə, Cəfər Cabbarlı, Əhməd Cavad, Məhəmməd Hadi, Əliabbas Müznib, Məmməd Sadıq Axundzadə, Seyid Hüseyn, Əmin Abid, Əli Yusif, Əli Şövqi, Fərhad Ağazadə, Adil Ziyadxanov, Hacı İbrahim Qasımov, Şəfiqə Əfəndizadə və başqaları...

"Azərbaycan" qəzetinin hər nömrəsində erməni məsələsi gündəmdə olub. Xalqımız tarixboyu erməni millətçilərinin ağır zərbələrinə məruz qalıb, hiylə və xəyanətlərinin qurbanına çevrilib. 

Qəzetdə çıxan məqalələrdə 1918-1919-cu illərdə ermənilərin Azərbaycanın müxtəlif bölgələrində, o cümlədən Qarabağda, Zəngəzurda törətdikləri qanlı əməllərin, müxtəlif təxribatların arxasındakı səbəblər üzə çıxarılmışdır. Azərbaycan Xalq Cümhuriyyətinin gələcəyini, ümumilikdə regionda sülh və təhlükəsizliklə bağlı niyyətləri təhdid edən bu əməllərin qarşısının alınmasından ötrü təkliflər verilmişdir. Xalqa yol göstərən bu publisistik yazılar tarixin ən çətin mübarizələr dövründə meydana çıxmış və ictimai-fəlsəfi fikrin inkişafında mühüm rol oynamışdır.


Dövrün aktual problemləri "Azərbaycan"ın səhifələrində


Üzeyir bəy Hacıbəyli 1918-ci ildə "Azərbaycan" qəzetinə gələndə artıq özünü yetkin bir siyasi publisist və ictimai xadim kimi təsdiq etmişdi. 33 yaşlı yazarın hər gün baş verən hadisələrə baxışları da fərqli idi, problemləri səlist publisistik üslubda qələmə alırdı. O, xalqın həyatı, ruhi aləmi, mənəviyyatı, tarixi və mədəniyyəti ilə dərindən tanış idi, onun dərdlərini, ehtiyaclarını bilir və görürdü. Üzeyir bəyin publisistikasının xalqla, xalqın mübarizəsi, gündəlik problemləri ilə bağlı olması onun demokratik görüşlərinin saflaşmasına kömək etmişdir. Ədibin publisistik əsərləri üçün səciyyəvi olan ilk böyük keyfiyyət ideyalılıq, aydın məslək və əqidəlilik idi.

O, məqalələrindən birində - "Məslək nədir" adlı yazısında bu sualı belə cavablandırırdı: "Məslək - hər kəsin etiqad etdiyi bir yoldur. Ümumin xoşbəxtliyini, asayiş və məramını, rifah halını, tərəqqi və təkamülünü təqib edən hər bir məslək onun sahibi üçün müqəddəs ədd olmalıdır". Üzeyir bəyə görə insan bu cür məsləkə sadiq qalmalı və ona xəyanət etməməlidir. 

Böyük yazar həm gündəlik hadisələrdən bəhs edir, həm gələcəyə diqqət yönəldir, eyni zamanda qaranlıq mətləblərə işıq salır. Onun erməni məsələsi, Qarabağ hadisələri ilə bağlı xeyli məqalələri çap olunmuşdur. "Əyri yol", "Qarabağ haqqında", "Fitnələr qarşısında", "Eyni müamilə gözləyirik", "Qara təhlükə", "Andranikin məsələsi", "Qarabağ hadisatı" və digər publisistik yazılarında Azərbaycanı parçalamağa, torpaqlarını işğal etməyə, əhalisini qırmağa cəhd edən qəddar, hiyləgər, təcavüzkar erməni millətçilərinin niyyəti uzaqgörənliklə açılıb göstərilirdi. 

Ədib öz publisistikasında xalqı ehtiyatlı olmağa, istiqlaliyyətini qorumağa səsləyirdi. Bu yazıları indi oxuduqca sovetlərin onlara nə üçün qadağa qoyduğu aydın şəkildə dərk edilir. Ü.Hacıbəyli "Qara təhlükə" (Azərbaycan", 8 iyun 1919, ¹198) məqaləsində erməni daşnaklarının böyük faciələr yarada biləcək niyyətlərini, millətin üzərində yaranan qorxulu təhlükəni hiss edirdi. O yazırdı ki, millətin azadlığı və bütövlüyü onun mübarizə ruhundadır. Bu ruhu sarsıtmaq istəyənlər, Qafqazda güclü bir türk dövlətinin mövcudluğunu gözü götürməyənlər, bu tarixi reallığın qarşısını almağa çalışanlar çoxdur... Ədib bu cür bədxahların millətin azadlıq ideallarını, mübarizə əzmini sarsıda bilməyəcəklərini vurğulayaraq yazırdı: "Bir vaxt yetişər ki, millət bir ruh və bir cisim olub son və qəti qərarını elan edər".

"Azərbaycan" qəzetinin saralmış arxiv səhifələri böyük publisistin ürək ağrıları, həyəcanlı fikirləri, sarsıntıları ilə doludur. Onun milli azadlıq ideallarını tərənnüm edən, vətənpərvərlik ruhunda yazılmış publisistik əsərləri sanki bugünkü tariximizin aynasında öz əksini tapıb. O, "Qurtuluş" adlı məqaləsində yazırdı: "Qurtuluş və xilasımız yolunda canlarını qurban verib bizə bu dünyada cənnət arzulayıb, özlərini o dünyada behiştə vasil edən möhtərəm şəhidlərin əziz məzarları üzərinə fatiəxan olmaqla özlərini yad və ruhlarını şad etmək hər bir azərbaycanlının müqəddəs borcudur".

1918-ci il dekabrın 15-də "Azərbaycan" qəzetinin 65-ci nömrəsində "Andranikin məsələsi" adlı məqalə dərc edilir. Hacıbəyli Üzeyir imzası ilə çıxan yazının məzmunu həmin dövrdə Andranik Ozanyanın Azərbaycanın Naxçıvan, Culfa və Zəngəzur bölgələrində törətdiyi qətliamlarla bağlıdır. Üzeyir bəy məqaləsində ilk növbədə Andranikin kimliyi barədə məlumat verir, onu oxucularına tanıdır. Böyük yazar hesab edir ki, "bu insanlara qarşı ən düzgün davranış özünü də, dəstəsindəki digər  quldurları da məhkəmə qarşısına çıxarıb layiq olduqları cəzaya çatdırmaqdır".

Qəzetdə digər mühüm məsələ - Azərbaycanda ordu quruculuğu işinin gücləndirilməsi, ölkənin müdafiə potensialının artırılması Üzeyir bəyin məqalələrində ana xətt kimi keçir: "Biz hər halda özümüzü qorumalıyıq və hüdudumuzu öylə möhkəm vəziyyətə salmalıyıq ki, hər dəli, qudurmuş soxulub bildiyini, istədiyini yapa bilməsin. Ümumi əhalimizin baxüsus hüdud və yaxınlığında olanların müdafiə və mühafizəsi üçün əlimizdə vasitələr lazımdır ki, hərəkətcə sürətə və fəaliyyətcə də qüvvətə malik olmaqla xalqımızı mütməinülqəlb etsin". Bu, xalqın müdafiəsinin möhkəmləndirilməsi ilə bağlı hökumət qarşısında qoyulan tələb idi.

Üzeyir bəy Hacıbəylinin "Azərbaycan" qəzetində dərc edilmiş məqalələri beynəlxalq aləmin Azərbaycanın istiqlalına münasibəti, ölkəmizin Xəzərdə iştirakı, cümhuriyyət hökumətinə müxalif qüvvələrin qeyri-konstruktiv davranışları və s. bu kimi mövzuları da əhatə edir. Yada salaq ki, cümhuriyyət dövründə xarici qüvvələrə bağlı ayrı-ayrı təxribatçı ünsürlər 1828-ci ildə imzalanmış Türkmənçay müqaviləsinə istinad edərək, Azərbaycanın Xəzərdə ticarət və hərbi gəmilər saxlamasına əngəl olmağa çalışırdılar. Üzeyir bəy isə "Azərbaycan" qəzetindəki "Əsassız tələb" ("Azərbaycan", 30 oktyabr 1919, ¹ 309) adlı məqaləsi ilə bu iddianın tam yersiz olduğunu tutarlı dəlillərlə isbata yetirir və xüsusi vurğulayırdı ki, Azərbaycan üçün dəniz məsələsi can məsələsidir.

Ədib Azərbaycan Xalq Cümhuriyyətinə münasibətdə bəzi ölkələrin ikili siyasətinə də toxunur. Qəzetin 16 oktyabr 1919-cu il tarixli 298-ci nömrəsində işıq üzü görmüş "İki siyasət" adlı məqaləsində istiqlalımızı tanımış İngiltərə hökumətinin düzgün siyasətini təqdir etməklə yanaşı, Fransanın Azərbaycan və Gürcüstanın müstəqilliyini tanımamasını Birinci Dünya müharibəsində böyük sarsıntılar yaşamış bu ölkənin əsəbi siyasət yürütməsi ilə əlaqələndirir. Qeyd edir ki, ingilislər öz məqsədyönlü siyasətləri sayəsində Qafqazda, İranda, Türkiyədə böyük nüfuz qazanmaqda ikən Fransanın tutduğu yanlış mövqe həmin bölgədə təəccüb doğurur. Belə bir "yanaşmadan əsas itirən tərəf isə yenə də Fransanın özüdür".

Üzeyir bəy "Azərbaycan" qəzetində işıq üzü görmüş "Yersiz çıxış" adlı məqaləsində cümhuriyyətin qısa müddətdə gördüyü işləri ümumiləşdirir. Sosialistyönümlü siyasilərin milli hökumətə qarşı qərəzli çıxışlarını nəzərdən keçirir və yazır ki, Azərbaycanın bütün insaf sahiblərini rahatlıq və asudəliyə çağıran, xalqın rifahı üçün səmimi-qəlbdən, istirahət nə olduğunu bilmədən çalışan hökuməti və onun rəhbərini bacarıqsızlıqda ittiham etmək ya ağıl və insafdan xali olmaqdır, ya da başqa bir məqsəd güdməkdir.


Parlaq imzalar


"Azərbaycan" qəzetinin indiyə qədər adı başqaları ilə müqayisədə az tanınmış müəlliflərindən biri Əli Şövqidir. "Azərbaycan" qəzetində tez-tez çıxış edən bu qələm sahibi əfsuslar olsun ki, çox yaşamadı. 1922-ci ildə o dövrün çox ağır mərəzlərindən sayılan vərəmə mübtəla olmasından xəbər tutması şairi bədbin ovqata salır və 1925-ci ildə Gəncədə vəfat edir. 

"Azərbaycan"ın müəllifləri sırasında geniş jurnalistlik fəaliyyəti göstərən ziyalılardan biri də Əliabbas Müznibdir. Yazar XX əsr Azərbaycan ədəbi-ictimai fikir tarixində əbədiləşən şair, publisist, ədəbiyyatşünas, tərcüməçi idi. Cəmi 55 il ömür sürüb amansız repressiya "maşın"ına tuş gələn ədib günahsız ikən günahlı sayılıb güllələnir.

"Azərbaycan"çılar üçün Müznib yaradıcılığı ikiqat əzizdir. Çünki cümhuriyyət dövründə "Azərbaycan" qəzetinin səhifələrində onun bir çox dəyərli məqaləsi dərc olunub. O, qəzetdə türkçülüyün tarixi və cari məsələləri barədə silsilə məqalələrini dərc etdirib.

XX əsrin  birinci yarısında yazıb-yaratmış yazıçı, tənqidçi, pedaqoq və jurnalist Seyid Hüseyn Sadiqin (Hüseyn Mir Kazım oğlu Sadıqzadə) mükəmməl qələm təcrübələri cümhuriyyət dövrünün "Azərbaycan" qəzetində də işıq üzü görüb. 

Görkəmli yazar cümhuriyyət dövründə qələmə sarılaraq məhsuldar fəaliyyət göstərməyə başlamışdır. 1919-cu ildə erməni daşnaklarının vəhşicəsinə yandırdıqları abidələrdən biri də milyonçu Musa Nağıyevin oğlu İsmayılın xatirəsinə ucaltdığı "İsmailiyyə" binası idi. Millətə qənim kəsilən daşnaklar binanın sökülməsinə çalışırdılar. Bu qəsdin üstünü açmaq üçün o zaman Seyid Hüseyn "Həzin bir xatirə" və "İsmailiyyə" hekayələrini qələmə almışdı. Həmin hekayələr "Azərbaycan" qəzetində dərc olunmuşdu. 

Azərbaycanın tanınmış şairi, Seyid Hüseynin ömür-gün yoldaşı Ümgülsüm Sadıqzadənin yaradıcılığında da ən məhsuldar dövr 1918-1920-ci illərə təsadüf edir. O, Xalq Cümhuriyyətinin qurulmasını sevinclə qarşılayır, şeirlərində xalqımızın milli istiqlala qovuşmasını tərənnüm edirdi. Əksəriyyəti "Azərbaycan" qəzetində dərc olunan "Türk ordusuna", "Çəkil, dəf ol!", "Əsgər anasına", "Dərdli nəğmə", "Yurdumuzun qəhrəmanlığına", "Yollarını bəklədim" və başqa şeirlərində milli istiqlalın qorunmasına çağırış ruhu yüksək səviyyədə qələmə alınmışdır. Şairin 1920-ci il aprelin 28-də cümhuriyyətin devrilməsi ilə bağlı yazdığı "Hicran" və "Bayrağım enərkən" şeirləri Azərbaycan ədəbiyyatının ən dəyərli əsərlərindən hesab olunur.

Ömər Faiq Nemanzadənin "Azərbaycan" qəzetinin müəllifi kimi fəaliyyəti xüsusi vurğulanmalıdır. Onun publisistik yaradıcılığında dil məsələlərinə həsr etdiyi məqalələr xüsusi yer tutur. "Dil yoxdur, millət yoxdur", "mən inanmıram ki, dilini sevməyən xalqını sevsin", "məhəbbətimizin ən üstün qatına dil məhəbbətini çıxarmalıyıq" və sair fikirləri böyük ziyalının ana dilinə olan sevgisinin ifadəsi idi.

Axır nəfəsinədək əqidəsindən dönməyən, məsləkinə sadiq qalan Şəfi bəy Rüstəmbəyli "Azərbaycan" qəzetinin tarixində parlamentə üzv seçilən ilk redaktor kimi də qalıb. Mühacir həyatı yaşayan digər görkəmli yazarımız, ictimai-siyasi xadim Ceyhun bəy Hacıbəyli Azərbaycana qayıda bilmir. Lakin son nəfəsinədək vətəninə xidmət edir, onun istiqlalı uğrunda ideoloji mücadilə aparır, yurdunun xoşməramlı və fədakar təmsilçisi olur.

Ədəbiyyat, mədəniyyət, ictimai xadim, görkəmli jurnalist, tənqidçi, teatrşünas, tərcüməçi Xəlil İbrahim 1937-ci ilin noyabrında həbs edilir, 1938-ci ilin martında "xalq düşməni" elan olunur və güllələnir. Göründüyü kimi, cümhuriyyətin süqutundan sonra onun müəllifləri də susdurulur. 

Bu müəlliflərin "Azərbaycan" qəzetində dərc etdirdiyi yazılar Azərbaycanın  bütövlüyünün qorunması, elm, təhsil məsələlərinin ön plana çəkilməsi, xalqın milli birliyi, insanların qəflət yuxusundan oyadılması, milli kimliyimizin, varlığımızın dərki, əhalinin sosial problemlərinin həlli kimi böyük arzuları ifadə edirdi. Bunlar "Azərbaycan" qəzetinin bütün müəlliflərini və onların timsalında Azərbaycanın bütün millətsevər insanlarını birləşdirən amal idi.

1918-ci ilin 15 sentyabrından 1920-ci ilin 27 aprelinə kimi "Azərbaycan" qəzetinin Azərbaycan dilindəki nəşrinin ümumən 443, rus dilində isə 438 nömrəsi işıq üzü gördü. Qəzetin növbəti - 444-cü nömrəsinin çıxması bir də 72 ildən sonra, 23 sentyabr 1992-ci ildə mümkün oldu. Bununla tarixi ədalət bərpa edildi və "Azərbaycan" qəzeti 444-cü nömrəsi ilə 72 il əvvəl qaldığı yerdən davam etməyə, öz tarixi missiyasını yerinə yetirməyə başladı. 


Ən düzgün qiymət


"Azərbaycan" qəzetinin ölkə tarixində tutduğu yerə və mövqeyə, özünün şərəfli tarixi ərzində arxalandığı, əsaslandığı fəaliyyət prinsiplərinə ən düzgün qiyməti məhz Ulu Öndər Heydər Əliyev vermişdir. Ümummilli Liderin "Azərbaycanın dövlət müstəqilliyi əbədidir, salsılmazdır və dönməzdir" şüarı bir tərəfdən keçmişdəki uğurların davam etdirilməsini, digər tərəfdən səhvlərdən nəticə çıxarılmasını, ən vacibi isə güclü və mübariz ruh tələb edirdi. "Azərbaycan" qəzetinin ikinci müstəqillik illərində çıxan səhifələrində də məhz bu istiqamətlər qorunur. 

Heydər Əliyev "Azərbaycan" qəzetinin 1000-ci nömrəsinin çıxması ilə bağlı təbrik məktubunda müstəqilliyimizə düşmən kəsilmiş xarici və daxili qüvvələrin öz çirkin məqsədlərinə nail olmaq üçün azğın niyyətlərindən əl çəkmədikləri məqamlarda "Azərbaycan" qəzetinin öz sayıqlığını bir an belə itirmədiyini xüsusi vurğulamışdı. Ulu Öndərin "Azərbaycan" qəzetinin 80 illik yubileyi münasibətilə 1998-ci il 15 sentyabrda göndərdiyi təbrikdə oxuyuruq: "Ölkəmizin mütərəqqi mətbuat ənənələrini ləyaqətlə davam etdirən "Azərbaycan" qəzeti bu gün demokratiyanın, siyasi plüralizmin, aşkarlığın təmin edilməsində müstəsna rol oynayır. Onun səhifələrində Azərbaycan həqiqətləri, ölkəmizdə hüquqi dövlət və vətəndaş cəmiyyətinin qurulması, iqtisadi islahatların həyata keçirilməsi, sağlam mənəvi-psixoloji mühitin, vətəndaş həmrəyliyi və milli birliyin yaradılması sahəsində aparılan məqsədyönlü işlər və ictimai-siyasi proseslər qərəzsiz işıqlandırılır".

Həmin məktubda qəzetin fəaliyyəti yüksək qiymətləndirilməklə yanaşı, kollektivin üzərinə düşən məsul vəzifələr də aydın və yığcam şəkildə göstərilmişdir: "İnanıram ki, fəaliyyət göstərdiyi bütün dövrlərdə öz yüksək amallarına dönməz sədaqət göstərmiş "Azərbaycan" qəzetinin kollektivi bundan sonra da respublikamızda baş verən həqiqətlərin geniş ictimaiyyətə çatdırılmasında, dünyaya yayılmasında yüksək professionallıq, obyektivlik, prinsipiallıq, əsl dövlətçilik və vətəndaşlıq mövqeyi nümayiş etdirərək xalqımızın mütərəqqi mətbuat ənənələrini layiqincə davam etdirə biləcək".

Azərbaycan Prezidenti İlham Əliyevin "Azərbaycan" qəzetinə verdiyi dəyər də xarakterik olmaqla kifayət qədər yüksəkdir. Dövlət başçısının qəzetin 100 illik yubileyi münasibətilə 14 sentyabr 2018-ci ildə göndərdiyi təbrik məktubunda deyilir: "Qəzet peşəkarlıq, obyektivlik və vətənpərvərlik prinsiplərinə dönmədən əməl etmiş, ölkəmizin sosial-iqtisadi tərəqqisi, vətəndaş cəmiyyətinin formalaşması, milli həmrəyliyin möhkəmlənməsi və digər sahələrdə həyata keçirilən dövlət siyasəti barədə həqiqətlərin Azərbaycan ictimaiyyətinə çatdırılması istiqamətində məqsədyönlü fəaliyyət göstərmişdir".

"Azərbaycan" qəzeti hər zaman müasirlik, əxlaqi-mənəvi kamillik və vətənsevərlik, islami dəyərlərə və türkçülüyə sədaqət ruhunda fəaliyyət göstərməklə maarifçilik ideallarına xidmət etmişdir. Ölkədə iqtisadiyyatın və siyasi sistemin, demokratiyanın tərəqqisi ilə yanaşı, elmin və elm xadimlərinin, dünya səviyyəli tədqiqat fəaliyyətlərinin və yüksək təhsilin inkişafına, səhiyyə, mədəniyyət ocaqlarının cəmiyyətin inkişaf mərkəzlərinə, intellektual resurslarına çevrilməsi strategiyasının reallaşdırılmasına töhfələr vermişdir. 

Müstəqillik dövründə parlament tərəfindən minlərlə qanun və qərar qəbul olunmuş, müxtəlif komitələrin qanun yaradıcılığı ilə bağlı saysız-hesabsız iclasları, habelə plenar iclasları keçirilmişdir. Bütün bunlar "Azərbaycan" qəzetinin səhifələrində öz əksini tapmış, tarixə çevrilmişdir. 

44 günlük Vətən müharibəsinin gedişində Müzəffər Ali Baş Komandanın rəhbərliyi və qəhrəman əsgərlərimizin şücaəti sayəsində müqəddəs Qarabağ torpaqlarının erməni işğalçılarından azad edilməsinin xronikası, daha sonra regionda aparılan möhtəşəm quruculuq işləri, Böyük qayıdışın getdikcə güclənən addım səsləri anbaan qəzetin səhifələrində yer alaraq tarixilik qazanmışdır. 

Son 17 il ərzində "Azərbaycan" qəzeti redaksiyası tərəfindən Ulu Öndər Heydər Əliyev və Prezident İlham Əliyevin fəaliyyətləri haqqında müxtəlif mövzularda kitablar nəşr olunmuşdur. 2003-cü ildə buraxılan "Heydər Əliyev dünyanın gözü ilə" kitabında Ümummilli Liderin siyasi fəaliyyəti, zəngin dövlətçilik irsi öz əksini tapmışdır. Nəşrdə dünyanın ən məşhur siyasi və ictimai xadimlərinin, dövlət başçılarının Ulu Öndər haqqında fikirləri, eləcə də fəaliyyətinə dair məqalələr toplanmışdır. 

"Azərbaycan" qəzeti redaksiyasının "Azərbaycan qədər əbədi" silsiləsində nəşr etdirdiyi "Heydər Əliyev mənim həyatımda" növbəti kitabı Ulu Öndərin ölkəmizə rəhbərlik etdiyi illərdə konkret şəxslərə göstərdiyi diqqət və qayğıları, xeyirxahlıqları, çoxsaylı insanların həyatında oynadığı müstəsna rolu əks olunur. 

2008-ci ildə "Azərbaycan-90" kitabı nəşr edilmişdir. Burada cümhuriyyət dövründə meydana gələn dövlətin müstəqillik və istiqlal rəmzinə çevrilən qəzetin fəaliyyətinin ayrı-ayrı səhifələri öz əksini tapmışdır. 

31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ərəfəsində işıq üzü görən "Azərbaycanlıların soyqırımı: tarixin qanlı salnaməsi" adlı ikicildlik kitab erməni faşizminin mahiyyəti, xalqımızın əsrlər boyu məruz qaldığı qanlı qırğınların baiskarları və təşkilatçıları, soyqırımı haqqında əsl həqiqətlər təkzibolunmaz faktlar əsasında ictimaiyyətə çatdırılır. Kitab 2012-ci ildə işıq üzü görmüşdür. 

"Azərbaycanda Olimpiya hərəkatı: daim yüksəlişdə" ikicildlik kitab müasir Azərbaycan dövlətinin banisi Ulu Öndər Heydər Əliyevin əbədiyaşar xatirəsinə və Milli Olimpiya Komitəsinin yaranmasının 20-ci, Azərbaycanın Olimpiya hərəkatının inkişaf mərhələsinə qədəm qoymasının 15-ci ildönümünə ithaf edilmişdir. 2013-cü ildə çap olunan bu nəşri idman və bədən tərbiyəsinin, xüsusən də Olimpiya sahəsinin mükəmməl salnaməsi hesab etmək olar.

Ulu Öndərin 90 illik yubileyinə həsr olunmuş "Heydər Əliyev mənim həyatımda" ikicildlik nəşrdə Ümummilli Liderin sovet dövründə və müstəqillik illərində müasiri olmuş, bir yerdə işləmiş sadə insanların, sənət adamlarının, dövlət xadimlərinin maraqlı xatirələri, məqalələri toplanmışdır. Nəşr 2013-cü ildə çapdan çıxmışdır. 

"İlham Əliyev bizi Cocuq Mərcanlıya qaytardı" adlı kitab Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində ilk dəfə olaraq baş verən keyfiyyət dəyişikliyindən bəhs edir. 2017-ci ildə çıxan nəşrdə tarixi baxımdan zəruri olan sənədlərə, Aprel zəfərinin səbəb və nəticələrinə, Prezident İlham Əliyevin Aprel döyüşləri barədə fikirlərinə geniş yer ayrılıb. 

2018-ci ildə işıq üzü görən "Xocalı şahidləri danışır" kitabı soyrıqımının 26-cı ildönümünə həsr olunub. Kitabda Xocalı faicəsinin canlı şahidlərinin xatirələri toplanıb.

"Azərbaycan" qəzetinin 100 illik yubileyi münasibətilə nəfis tərtibatda çapdan çıxmış "100 yaşlı "Azərbaycan" kitabında Prezident İlham Əliyevin "Azərbaycan" qəzetinin kollektivinə təbrik məktubu verilmiş, habelə Heydər Əliyevin mətbuatla bağlı siyasi irsinə aid yazılar toplanmışdır. Nəşrdə eyni zamanda rəsmi dövlət qəzetinin tarixi, parlament fəaliyyəti, redaktorları, müəllifləri haqqında məqalələr öz əksini tapmışdır.

"Azərbaycan" qəzetinin baş redaktoru, respublikanın Əməkdar jurnalisti, "Şöhrət" ordenli Bəxtiyar Sadıqovun Prezident İlham Əliyevin yürütdüyü möhtəşəm fəaliyyətinin təhlilinə həsr olunmuş 3 kitabı nəşr olunmuşdur. 2021-ci ildə çapdan çıxan "Xilaskar İlham Əliyev" kitabında Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhəbrliyi ilə Azərbaycan Ordusunun əldə etdiyi şanlı qələbədən bəhs olunur, onun tarixi, siyasi əhəmiyyəti şərh edilir. 

Nəfis tərtibatda çıxan "İlham Əliyev öndədir" kitabında isə Azərbaycan Prezidentinin son illərdə yürütdüyü möhtəşəm fəaliyyət öz əksini tapıb. 11 fəsildən ibarət olan kitabda dövlət başçısının rəhbərliyi altında həyata keçirilən genişmiqyaslı islahatlar, bütün sahələr üzrə əldə olunan nailiyyətlər və inkişafın Azərbaycan modeli araşdırılır, həmçinin ölkəmizin və dövlət başçısının qlobal miqyasda qazandığı yüksək nüfuzdan bəhs edilir. 

Bəxtiyar Sadıqovun 2023-cü ildə çap olunan "Dünyanın tanıdığı İlham Əliyev" nəşrində isə konkret faktlar və  misallar əsasında Prezident İlham Əliyevin dövlət rəhbərliyinin 20 ili ərzində ölkəmiz və dünya üçün gördüyü möhtəşəm işlər öz əksini tapıb.   Bu kitab həm də dövlətimizin başçısının böyük qələbəyə aparan siyasətinin yığcam salnaməsidir. 

***

107 yaşlı "Azərbaycan" qəzeti bu illər ərzində işıq üzü görmüş 10.000-ci sayının hər birində öz missiyasına sadiq olub. Əsrdən də böyük bu tarixdə Azərbaycanda çox qəzet və jurnallar nəşr olunub. Nə və necə yazmasından, hansı mövqedə durmasından asılı olmayaraq, onların hər birinin bu il 150 illiyini qeyd etdiyimiz milli mətbuat tariximizdə özünəməxsus yeri var. Amma istisnasız olaraq qeyd edə bilərik ki, Azərbaycanın müstəqillik tarixini, Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu strateji inkişaf kursunu, bu xətti əzmlə davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyata keçirdiyi siyasətin möhtəşəm nəticələrini heç bir mətbuat orqanı "Azərbaycan" qəzeti qədər geniş, əhatəli, dolğun şəkildə işıqlandırmayıb. Mövcud olduğu bütün dövrlərdə qəzet milli dövlətimizin yol yoldaşı olub. Bu mənada "Azərbaycan" ölkəmizin müstəqillik dövrünün ensiklopediyası, tariximizin ən obyektiv, doğruçu və fədakar salnaməçisidir. Zaman qəzetin 10.000-ci sayının davamına yeni rəqəmlər əlavə edəcək, onminlər yüzminlərə, yüzminlər isə milyonlara qovuşacaq. 

Bu qəzetin hər yeni sayı sadəcə rəqəmlərdə simvollaşan tarix deyil, Azərbaycanın istiqlalının əbədiliyi, dönməzliyi, daimiliyidir. 


İradə ƏLİYEVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Xəzər dənizində zəlzələ olub

21:28
13 Dekabr

Ölkə ərazisinin bəzi yerlərində küləkli hava şəraiti müşahidə edilir  

20:48
13 Dekabr

Azərbaycanın ilk milli tankerinin istismara verilməsindən 6 il ötür  

19:23
13 Dekabr

Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib

18:47
13 Dekabr

Premyer Liqa: “Şamaxı” “Zirə”yə, “Sabah” “Turan Tovuz”a qalib gəlib  

18:32
13 Dekabr

Qərbi Azərbaycan İcmasının Ağsaqqallar Şurasının ilin yekunlarına dair hesabat yığıncağı keçirilib  

17:59
13 Dekabr

Milli Aviasiya Akademiyasında Böyük Britaniya ilə əməkdaşlığın genişləndirilməsinə dair görüş keçirilib  

17:06
13 Dekabr

Qahirədə 8-ci beynəlxalq İdman Sənayesi və İnvestisiya Forumu işə başlayıb  

16:55
13 Dekabr

Hərbi attaşelərlə cari ilin yekununa dair toplantı keçirilib

16:25
13 Dekabr

Prezident Ərdoğan: Rusiya ilə Ukrayna arasında sülh uzaqda deyil və biz bunu görürük  

16:09
13 Dekabr

Ukrayna saytında Ümummilli Lider Heydər Əliyevin anım günü ilə bağlı məqalə dərc edilib  

15:45
13 Dekabr

Rumıniyada məhkəmə sistemində kəskin islahatlar gözlənilir  

15:31
13 Dekabr

Ali Məclisin Hüquq siyasəti komitəsinin iclası keçirilib

15:09
13 Dekabr

Analitik: Avropa Ukraynadan başlayaraq strateji muxtariyyətini bərpa etməlidir

15:01
13 Dekabr

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb  

14:36
13 Dekabr

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir - XƏBƏRDARLIQ

14:31
13 Dekabr

DGK: Mobil telefonda gizlədilmiş qızıl külçələr aşkarlanıb

14:19
13 Dekabr

Ümummilli Lider Heydər Əliyevin anım günü ilə bağlı Belarus Milli Kitabxanasının binası videoproeksiya edilib

13:57
13 Dekabr

Bakıda “16-cı NATO günləri” keçirilib  

13:45
13 Dekabr

QMİ sədri BMT Sivilizasiyalar Alyansının XI Qlobal Forumunda iştirak edəcək

13:42
13 Dekabr

Azərbaycanla ABŞ arasında enerji əməkdaşlığının yeni mərhələyə yüksəldilməsi müzakirə edilib

13:13
13 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!