Şamaxı şəhəri 2023-cü ildə türk dünyasının turizm paytaxtı olacaq. Qərar Türk Dövlətləri Təşkilatı (TDT) turizm nazirlərinin mayın 24-də Şamaxıda keçirilən 7-ci iclasında verilib.
Tədbirdə çıxış edən təşkilatın Baş katibi Bağdad Amreyev bu təşəbbüsün davam etdirilməsinin üzv ölkələr arasında qarşılıqlı məlumatlılığın artırılmasına töhfə verəcəyini nəzərə çatdırıb. O, üzv ölkələr arasında əlaqələrin bütün müstəvilərdə inkişafının turizm sahəsinə də müsbət təsir göstərdiyini vurğulayıb.
Tədbirdə ölkələr arasında turizm üzrə müxtəlif sahələrdə, həmçinin qış turizmi üzrə əməkdaşlıq, müştərək məhsulların yaradılması istiqamətində əməkdaşlıq kimi məsələlər üzrə müzakirələr aparılıb. "Türk Dünyası Turizm Paytaxtı təşəbbüsü" ilə bağlı qaydalar təsdiq edilib və "Türk Dövlətləri Təşkilatının Turizm üzrə Yol Xəritəsi" sənədi qəbul edilib.
Yadelli işğalçıların, təbii fəlakətlərin tarixdən silə bilmədiyi gözəl şəhər
Gələn il türk dünyasının turizm paytaxtı kimi daha çox diqqət önündə olacaq Şamaxı qədimliyini qoruyub saxlayan, zəngin tarixi keçmişini yaşadan, eyni zamanda müasirliyə qucaq açan şəhərdir.
Adını burada yaşayan qədim yerli tayfaların adından götürdüyünü bildirən mütəxəssislər olub. Ancaq bu, yeganə mülahizə deyil. Şamaxı sözünün etimologiyası ilə bağlı fərqli ehtimallar irəli sürülüb.
Azərbaycanın ən qədim şəhərlərindən biri olan Şamaxının adı tarixi mənbələrdə də yer alıb. Bu şəhər barədə antik dövr ərəb, fars, türk, rus və Orta əsr Avropa müəllifləri geniş məlumatlar veriblər. Qədim yunan coğrafiyaşünası Ptolomey "Coğrafi təlim-namasi"ndə "Samaxeya", "Kemaxeya"dan bəhs edib, ərəb mənbələrində isə bu ad "Əş-Şə-maxiyyə" kimi qeyd edilib.
Şamaxı antik dövrlərdən mühüm mərkəz sayılıb. Bunu ərazisində aşkarlanan qədim Roma və Makedoniya imperiyalarına məxsus antik sikkələr də təsdiq edir. Qafqaz ərəb işğalına məruz qaldıqdan sonra Şamaxı mahal mərkəzi olub. Ərəb xilafəti zəiflədiyi vaxtlarda Şirvanşahlar dövləti qurulub. Şamaxı həmin dövlətin paytaxtı olub. Şirvanşahlar dövlətinin əsasını qoymuş Yəzid ibn-Məzyədin şərəfinə şəhər Yəzidiyyə adlandırılıb. Şirvanşahlar dövründə Şamaxı həm iqtisadi, həm də mədəni cəhətdən sürətlə inkişaf edib, xarici ölkələrlə ticarət əlaqələrini genişləndirib. Şirvanşahlar dövlətinin süqutundan sonra bura bəylərbəyi üsul-idarəsi ilə idarə olunub. 1578-ci ildən Şirvanda türk hərbi-inzibati idarə sistemi yaradılıb. Sonra Şamaxı Şirvan bəylərbəyliyinin mərkəzi olub. 1734-cü ildə Nadir şah Şamaxını dağıdıb, əhalini indiki Ağsu şəhərinin yaxınlığına - Yeni Şamaxıya köçürüb. Şamaxı xanlığı sonralar Osmanlı işğalına məruz qalıb.
Zəngin keçmişini yaşadan və müasirliyə qucaq açan şəhər
Tarixinin qədimliyi Şamaxının hər bir yanında görünməkdədir. Çıraqlı kəndində eramızdan əvvəl I minilliyin sonuna aid qədim qəbiristanlıq var. Göylər kəndində XII-XIV əsrlərə aid Pir-Mərdəkan Xanəgahı bu gün də qalır. Dədəgünəş kəndi yaxınlığında köhnə qəbiristanlıq, "Piri-Sultan Dədəgünəş" məqbərəsinin xarabalıqları mövcuddur. Kitabəsində yazılıb: "Bu məzar mərhum, bağışlanmış, xoşbəxt şəhid olmuş, əhalinin iftixarı, yüksəklərin və böyüklərin görkəmlisi, möminlərin qulu-yoldaşı, həqiqəti meydana çıxaran, kəramət sahiblərinin rəisi, Dədəgünəş övladlarından Şeyx Dədəqulunun oğlu şeyx Məhəmmədə aiddir (1602-1603)". Araşdırıcılar Dədəgünəşin şair Əfzələddin Xaqaninin əmisi, dövrünün tanınmış həkimi və filosofu Kəfiəddin Ömər ibn Osmanın ləqəbi olduğunu qeyd ediblər. Rayonun Kələxana kəndində XVII əsrə aid memarlıq kompleksinin 9 türbəsindən 8-i bu günümüzədək gəlib çatıb. Türbələrdən birinin üstündəki kitabədə yazıldığına görə, abidə 1663-cü ildə sərkar Əbdüləzim Əmirəli oğlu tərəfindən İbrahim Əmirəhməd adlı şəxsin qəbri üzərində tikilib. Şamaxıda XIX əsrə aid türbələr kompleksi də qalmaqdadır.
Bu günə gəlib çatan tarixi abidələrdən biri də Şamaxı şəhəri yaxınlığındakı IX əsrə aid Gülüstan qalasıdır. Tarixi mənbələrdə buranın XV-XVII əsrlərdə Şirvan şahlarının müdafiə qalası və iqamətgahı olduğu bildirilib. Odlu silahların meydana çıxması ilə yeraltı gizli yollar olan Gülüstan qalası əvvəlki əhəmiyyətini itirib.
Şamaxı olduqca nadir geoloji təbiət abidələri ilə də zəngin məkandır. Ərazisində bir sıra karst mağaraları var. Dəmirçi kəndi yaxınlığındakı "Dəmirçi palçıq vulkanı" əsrarəngiz geoloji təbiət abidəsidır. Çarhan, Məlikçobanlı və Quşçu vulkanları da özünəməxsus xüsusiyyətləri, unikallığı ilə fərqlidir.
Pirqulu kəndində Azərbaycanın Şamaxı Astrofizika Rəsədxanası yerləşir. Azərbaycanın tanınmış riyaziyyatçısı, astronomu, fiziki Nəsrəddin Tusinin adını daşıyan rəsədxana 1953-1959-cu illərdə yaradılıb və Azərbaycan elminə böyük töhfələr verib.
Özünəməxsus təbiəti, meşələri və qədim tarixi ilə Azərbaycanın turizm mərkəzlərindən birinə çevrilən Şamaxı bundan sonra bütün türk ölkələrinin diqqətində olacaq. 2023-cü ildə türk dünyasının turizm paytaxtına çevrilməsi Şamaxı şəhərinin daha da inkişaf etməsinə, dirçəldilməsinə böyük təsir göstərəcək.
Zöhrə FƏRƏCOVA,
"Azərbaycan"