Yataqda daha bir platforma tikiləcək
Xəzər dənizinin Azərbaycan sektorundakı "Şahdəniz" qaz-kondensat yatağında yeni platformanın inşa edilməsi planlaşdırılır. Bu, tamamilə yeni kompressor platforması olacaq və yatağın bəzi laylarından aşağı təzyiqli qazın Səngəçal terminalına çatdırılması üçün nəzərdə tutulub.
Xatırladaq ki, "Şahdəniz" son onilliklər kəşf olunmuş ən böyük və perspektivli karbohidrogen yataqlarından biridir. Yataq Xəzərin dərinsulu şelfində, Bakıdan 70 kilometr cənub-şərqdə, suyun dərinliyinin 50 metrdən 600 metrədək dəyişdiyi ərazidə yerləşir. Bu nəhəng yatağın sahəsi 140 kvadratkilometrdən çoxdur.
"Şahdəniz" yatağı üzrə Hasilatın Pay Bölgüsü Sazişi (HPBS) 1996-cı il iyunun 4-də Bakıda SOCAR və xarici şirkətlərin konsorsiumu arasında imzalanıb. HPBS Milli Məclis tərəfindən ratifikasiya edilərək həmin il oktyabrın 17-də qüvvəyə minib.
1999-cu ildə kəşf olunan yataq 1,2 trilyon kubmetr qaz və 240 milyon ton kondensat ehtiyatlarına malikdir. Onun nəhəngliyini iki fazada işlənməsi faktı da göstərir.
2013-cü il dekabrın 17-də "Şahdəniz" konsorsiumu layihənin ikinci mərhələsinin işlənməsi üçün yekun investisiya qərarını elan edib. "Şahdəniz-2"dən əldə olunan mavi yanacaq 2018-ci ilin ortalarından "Cənub qaz dəhlizi"nə vurulur. "Şahdəniz-1" qazı isə 2006-cı ildən CQBK (Cənubi Qafqaz Boru Kəməri) vasitəsilə Gürcüstana, 2007-ci ildən BTƏ (Bakı-Tbilisi-Ərzurum) kəməri ilə Türkiyəyə nəql edilir. (Gürcüstan-Türkiyə sərhədində CQBK-yə qoşulan əlavə hissə Ərzurumadək uzanır və Səngəçaldan başlanan bu xətt bütövlükdə BTƏ kəməri adlanır).
"Cənub qaz dəhlizi"nin açılış mərasimi 2018-ci il mayın 29-da Bakı yaxınlığındakı Səngəçal terminalında keçirilib. Bu tədbir layihənin ilk iki seqmentinin - "Şahdəniz-2"dən hasilatın alınması və CQBK-nin genişləndirilməsinin başa çatması ilə mümkün olub. "Şahdəniz-2"nin yekun investisiya qərarının verilməsindən ilk hasilatının əldə olunmasınadək 4 ildən bir az çox, "Cənub qaz dəhlizi"nin təməlqoyma mərasimindən açılışınadək 4 ilə yaxın vaxt keçib. Bu da belə nəhəng layihələrin işlənməsi üçün çox qısa vaxt hesab olunur. Bu uğur Azərbaycanın "Şahdəniz"dən əvvəl həyata keçirdiyi qlobal neft-qaz və ixrac layihələrinin təcrübəsinə əsaslanır.
Dəhlizin növbəti hissəsi TANAP (Trans-Anadolu Qaz Boru Kəməri) 2018-ci il iyunun 12-də istismara daxil olub. Sonuncu, dördüncü seqment TAP (Trans-Adriatik Qaz Boru Kəməri) 2020-ci ilin sonuncu günü işə düşüb.
2018-ci il mayın 29-da Səngəçal terminalında "Cənub qaz dəhlizi"nin rəsmi açılış mərasimində Prezident İlham Əliyev demişdir: "1994-cü ildən sonra ikinci böyük kontrakt "Şahdəniz" qaz yatağı üzrə imzalanmışdır. Onu da qeyd etməliyəm ki, bu kontrakt 1996-cı il iyunun əvvəlində məhz Xəzər Neft-Qaz Sərgisinin keçirildiyi gündə imzalanmışdır. Beləliklə, Azərbaycan dünyaya özünü nəinki neft ölkəsi, həm də qaz ölkəsi kimi təqdim etdi. Onu da yaxşı xatırlayıram ki, o vaxt dünyada enerji təhlükəsizliyi məsələlərində qaz amili o qədər də ciddi rol oynamırdı. Hətta qaz yataqlarının işlənilməsi o qədər də böyük maraq doğurmurdu. Çünki mənfəət neft yataqları ilə müqayisədə daha aşağı idi. Ona görə bu layihəyə investorları cəlb etmək o qədər də asan məsələ deyildi. Ancaq bu gün, bu tarixi gündə "Cənub qaz dəhlizi"nin açılışını qeyd edərkən biz görürük ki, bu, nə qədər vaxtında atılmış və müdrik addımdır. "Şahdəniz" qaz yatağı "Cənub qaz dəhlizi"nin əsas resurs bazasıdır".
"Şahdəniz " Azərbaycanı dünyada qaz ixracatçısı kimi tanıdan yataqdır və bu gün artıq 12 ölkə - Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, İtaliya, Rumıniya, Macarıstan, Serbiya, Sloveniya, Xorvatiya, Şimali Makedoniya və Slovakiya bizdən mavi yanacaq alır.
Hazırda bu yanacaq "Şahdəniz-1"də "Şahdəniz Alfa" , "Şahdəniz-2"də isə "Şahdəniz Bravo" platformaları vasitəsilə çıxarılır. Təsadüfi deyil ki, bu qurğuları "Şahdəniz"in qoşa qanadı adlandırırlar.
Yaxın günlərdə isə ictimaiyyətə yeni platformanın tikintisi layihəsi təqdim ediləcək. "Şahdəniz" layihəsinin operatoru olan BP-nin şirkətxarici kommunikasiyalar üzrə rəhbəri Tamam Bayatlının sözlərinə görə, fevralın üçüncü həftəsində platformanın tikintisinin ətraf mühitə təsirinin qiymətləndirilməsi hesabatı ilə bağlı ictimai dinləmələr keçiriləcək. Yekun maliyyə qərarı (FID) da bu il qəbul ediləcək. Böyük investisiya tələb edən bu yeni qurğu insan iştirakı olmadan fəaliyyət göstərəcək. "Alfa" və "Bravo" platformalarından aşağı təzyiqli qaz burada toplanacaq və təzyiq artdıqdan sonra Səngəçal terminalına yönləndiriləcək.
Flora SADIQLI,
"Azərbaycan"