Ölkəmiz əleyhinə məqsədyönlü informasiya təxribatı və səsləndirilən fikirlər iki dövlət arasındakı münasibətlərə tamamilə ziddir
Son dövrlərdə Rusiyanın müxtəlif media resurslarında, televiziya kanallarında və sosial platformalarında Azərbaycana, xalqımıza qarşı informasiya hücumları, təxribatlar, təhdidlər sistemli xarakter almaqdadır. Beynəlxalq hüquq normalarını, eləcə də dövlətlərarası münasibətlərin fundamental prinsiplərini kobud şəkildə pozan bu cür genişmiqyaslı qarayaxma kampaniyaları təsadüfi xarakter daşımır və müəyyən dairələrin məqsədyönlü fəaliyyətinin tərkib hissəsi kimi diqqəti cəlb edir.
Əfsuslar olsun ki, söz və media azadlığı pərdəsi altında təqdim edilməyə çalışılan bu cür materiallar və proqramlar açıq nifrətdən, suverenliyə qəsd çağırışlarından, dövlətçiliyimizi hədəf alan hibrid təhdidlərdən ibarətdir.
Növbəti təxribatın "YouTube" platformasında yayımlanan "Çistota ponimaniya" verilişində baş verməsi məsələnin ciddiliyini daha da artırır. Rəsmi şəxslərin və media mənsublarının yer aldığı bu tip verilişlər zamanı səsləndirilən fikirlər adi ekspert rəyi yox, birbaşa qərəzin aşkar nümunəsi sayılır. Bu cür verilişlərdə Azərbaycan Respublikasının suverenliyinə, konstitusiya quruluşuna və ərazi bütövlüyünə qarşı zorakı metodların tətbiqi, ayrı-ayrı şəxslərin ünvanlı şəkildə fiziki məhvi və terror xarakterli hərəkətlərin həyata keçirilməsi açıq-aşkar təbliğ olunub.
Bununla yanaşı, avqust ayı ərzində müxtəlif media resurslarında analoji təxribatçı ritorikanın ardıcıl şəkildə davam etdirildiyi müşahidə olunur. "Spas" telekanalında və müxtəlif "YouTube" kanallarında yayımlanan materiallarda isə ölkəmizin ünvanına təhqiramiz ifadələr və təxribatçı mülahizələr tirajlanıb. Azərbaycanın daxili siyasi proseslərinə müdaxilə imkanlarının açıq müstəvidə müzakirə edilməsi, xalqımıza və dövlətimizə qarşı fiziki zorakılıq çağırışlarının səsləndirilməsi qətiyyən qəbuledilməzdir.
Baş verən bu arzuolunmaz və təhlükəli meyillərə cavab olaraq Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Mixail Yevdokimov Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə çağırılıb. Görüş zamanı Rusiya tərəfinin diqqətinə Bakının dərin narahatlığı və qəti etirazı rəsmi şəkildə çatdırılıb. Rəsmi Bakı xatırladıb ki, Azərbaycan tərəfinin dəfələrlə sözügedən fəaliyyətlərin qarşısının alınmasına dair çağırışlarına və məsələnin müxtəlif siyasi səviyyələrdə müzakirə edilməsinə baxmayaraq, adekvat addımların atılmaması və anti-Azərbaycan ritorikasının daha kəskin formada davam etdirilməsi ciddi təəssüf və narahatlıq doğurur. Rusiya diplomatiyasının diqqətinə çatdırılıb ki, öz media məkanında bu cür təhdid və zorakılıq ritorikasına son qoyulması üçün təxirəsalınmaz və təsirli tədbirlər görülməlidir.
Təxribatlarla bağlı Azərbaycan Mətbuat Şurası da bəyanat yayıb. MŞ-nin bəyanatında vurğulanıb ki, Rusiyanın bəzi kütləvi informasiya vasitələrində Azərbaycan dövlətinə, xalqına, görkəmli şəxsiyyətlərimizə qarşı nalayiq, təhdid xarakterli və təhqiramiz materiallar və fikirlər sivil jurnalistika prinsiplərinə, etik normalara və insani dəyərlərə tamamilə ziddir. Qeyd edilib ki, Azərbaycan Mətbuat Şurası bu kimi halları Azərbaycanla Rusiya arasındakı ikitərəfli münasibətlərin ruhuna, həmçinin media əlaqələrinə tamamilə zidd hesab edir. Vurğulanıb ki, Azərbaycan mediası hər zaman qonşu ölkələr, o cümlədən Rusiya ilə bağlı məsələlərə həssas münasibəti ilə seçilib, peşə prinsiplərindən kənar fikir və iddialara yer verməyib. Buna görə də Rusiyanın informasiya müstəvisində belə xoşagəlməz halların yaşanması Azərbaycan ictimaiyyətində dərin təəssüf və əsaslı narazılıq doğurmaqdadır.
Azərbaycan əleyhinə yönəlmiş bu cür məqsədyönlü informasiya terroru və hibrid təhdidlər iki ölkə arasında mövcud olan strateji müttəfiqlik və tərəfdaşlıq ruhuna, eləcə də mehriban qonşuluq prinsiplərinə tamamilə ziddir. Bu cür əməllər dövlətlərarası etimadı zədələyir və regiondakı həssas sabitliyə xələl gətirir. O səbəbdən, "media azadlığı" adı altında terroru, zorakılığı və dövlət əleyhinə qəsdləri təbliğ edən şəxslər tutduqları mövqeyindən, vəzifəsindən və yaşadığı ölkədən asılı olmayaraq beynəlxalq hüquq və qanunlar qarşısında cavab verməlidirlər. Rəsmi Bakının sərt və prinsipial mövqeyi bir daha nümayiş etdirir ki, ölkəmizin suverenliyinə, ərazi bütövlüyünə, vətəndaşlarının təhlükəsizliyinə və mənəvi dəyərlərinə yönəlmiş heç bir təxribat cavabsız qalmayacaq.
İsmayıl QOCAYEV,
"Azərbaycan"