Muxtar respublikanın yüksəlişi Azərbaycanın regional mövqeyini möhkəmləndirəcək
Azərbaycanın ayrılmaz tərkib hissəsi, qədim dövlətçilik və mədəniyyət tariximizin mühüm ünvanlarından biri olan Naxçıvan Muxtar Respublikası yeni inkişaf mərhələsinə qədəm qoyur. Bu mərhələni səciyyələndirən əsas xüsusiyyət isə ondan ibarətdir ki, Naxçıvan artıq yalnız blokada şəraitində inkişaf edən region kimi deyil, Azərbaycanın əsas hissəsi ilə nəqliyyat bağlantısının genişlənəcəyi, beynəlxalq tranzit marşrutlarının qovuşduğu, sənaye və investisiya imkanlarının artdığı strateji iqtisadi məkan kimi nəzərdən keçirilir.
Milli Məclisin deputatı Azər BADAMOV qəzetimizə açıqlamasında deyib ki, Prezident İlham Əliyevin Naxçıvanın sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair qəbul etdiyi qərarlar, imzaladığı sərəncamlar və həyata keçirilən genişmiqyaslı layihələr məhz bu yeni mərhələnin möhkəm təməlini formalaşdırır: "Son illərdə Naxçıvanın inkişafına dövlət tərəfindən göstərilən diqqət və qayğı daha sistemli xarakter alıb. Bu siyasətin əsas məqsədi muxtar respublikanın mövcud potensialından daha səmərəli istifadə etməklə, onun sosial inkişafının, iqtisadi dayanıqlılığının və investisiya cəlbediciliyinin daha da artırılmasıdır. Naxçıvan uzun illər Ermənistan tərəfindən tətbiq olunan blokada şəraitində yaşayıb. Buna baxmayaraq, Azərbaycan dövləti və Naxçıvan əhalisi bu çətinliklərin öhdəsindən gəlməyi bacarıb. Muxtar respublikada genişmiqyaslı quruculuq və abadlıq işləri aparılıb, yol, enerji, su, qaz, sosial və kommunal infrastruktur yenilənib, təhsil, səhiyyə, mədəniyyət və digər sahələrdə mühüm layihələr həyata keçirilib. Prezident İlham Əliyevin Naxçıvanın inkişafına dair müxtəlif illərdə imzaladığı sərəncamlar bu siyasətin ardıcıllığını göstərir. Dövlət başçısının qəbul etdiyi qərarlar nəticəsində muxtar respublikada infrastrukturun inkişafı, yeni istehsal sahələrinin yaradılması və sosial obyektlərin tikintisi istiqamətində mühüm addımlar atılıb".
Bu gün regionda tamamilə fərqli imkanlar yarandığını deyən deputat bildirib ki, Naxçıvanın Azərbaycan ərazisinin digər hissəsi ilə nəqliyyat bağlantısının təmin olunması istiqamətində əldə edilmiş siyasi və diplomatik nəticələr muxtar respublikanın gələcək inkişafı üçün yeni perspektivlər yaradır. 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatın 9-cu maddəsində nəzərdə tutulan nəqliyyat əlaqələrinin bərpası məsələsi sonrakı illərdə Azərbaycanın ardıcıl diplomatik və siyasi səyləri nəticəsində regional gündəmin mühüm istiqamətlərindən birinə çevrilib. 2025-ci il avqustun 8-də Vaşinqtonda Azərbaycan və Ermənistan liderlərinin ABŞ Prezidentinin iştirakı ilə imzaladığı Birgə Bəyannamədə də Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantının təmin olunması ilə bağlı mühüm müddəa əksini tapdı. Bu baxımdan, Naxçıvanın gələcəkdə regionun mühüm nəqliyyat-logistika mərkəzlərindən birinə çevrilməsi üçün artıq siyasi və iqtisadi zəmin formalaşıb. "Prezident İlham Əliyevin Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirləri nəzərdə tutan yeni sərəncamı bu prosesin mühüm tərkib hissəsidir. Sərəncam çərçivəsində ayrılan 258 milyon manat vəsaitin konkret sosial və iqtisadi layihələrə yönəldilməsi dövlət siyasətinin mahiyyətini aydın göstərir: Naxçıvanın inkişafı kompleks şəkildə aparılmalı, həm insanların gündəlik həyatına təsir edən sosial məsələlər həll edilməli, həm də gələcək iqtisadi artım üçün infrastruktur bazası gücləndirilməlidir. Sərəncamla 26 yaşayış məntəqəsini birləşdirən 420 kilometr avtomobil yolunun tikintisi və yenidən qurulması, Naxçıvan Dövlət Universitetində təhsil alan tələbələr üçün 1000 yerlik yeni yataqxananın inşası, 162 çoxmənzilli yaşayış binasının əsaslı təmiri, ümumi tutumu 640 yer olan 5 məktəbəqədər təhsil müəssisəsinin tikintisi, şəhərlərarası nəqliyyat parkının yenilənməsi, 122 yaşayış binasının və 45 qazanxananın əsaslı təmiri, həmçinin 15,6 MVt gücündə "Tivi" Su-Elektrik Stansiyasında tikinti-quraşdırma işlərinin davam etdirilməsi nəzərdə tutulur. Bu layihələrin hər biri ayrıca əhəmiyyət daşısa da, onların ümumi mahiyyəti daha genişdir. Söhbət Naxçıvanda müasir həyat standartlarının təmin edilməsindən, yaşayış məntəqələrinin nəqliyyat əlçatanlığının yaxşılaşdırılmasından, enerji təhlükəsizliyinin möhkəmləndirilməsindən və sosial infrastrukturun yenilənməsindən gedir. Xüsusilə yol infrastrukturunun inkişafını qeyd etmək lazımdır. Müasir yollar yalnız insanların rahat hərəkətini təmin etmir, onlar həm də iqtisadiyyatın qan damarlarıdır. Yeni yollar kənd və şəhərləri, istehsalçı və istehlakçını, sahibkar və bazarı bir-birinə daha sıx bağlayır. 420 kilometrlik yol layihəsi bu baxımdan Naxçıvanın daxili iqtisadi əlaqələrinin güclənməsinə, kənd və rayonlarının iqtisadi dövriyyəyə daha fəal qoşulmasına imkan verəcək", - deyə o əlavə edib.
A.Badamovun sözlərinə görə, iqtisadi siyasət baxımından Naxçıvan üçün ən mühüm məsələlərdən biri regionun sənaye potensialının daha geniş şəkildə reallaşdırılmasıdır. Bu istiqamətdə Naxçıvan Sənaye Parkının yaradılması xüsusi əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin 2024-cü il 5 dekabr tarixli fərmanı ilə yaradılan Naxçıvan Sənaye Parkının 310 hektar ərazini əhatə etməsi nəzərdə tutulur. Parkın yaradılmasında məqsəd müasir istehsal sahələrinin formalaşdırılması, sahibkarlıq fəaliyyətinin genişləndirilməsi, yeni texnologiyaların tətbiqi və rəqabətqabiliyyətli məhsul istehsalının artırılmasıdır. Sənaye Parkının Naxçıvanın gələcək iqtisadi inkişafında xüsusi rol oynayacağına əminlik üçün kifayət qədər əsas var. Çünki sənaye parkları yalnız müəssisələrin yerləşdiyi ərazi deyil, yeni investisiyaların cəlb edilməsi, istehsal kooperasiyasının yaradılması, logistikanın optimallaşdırılması, innovasiyaların tətbiqi və yeni iş yerlərinin açılması üçün mühüm platformadır. Naxçıvan Sənaye Parkının fəaliyyətinin genişlənməsi ilə burada müxtəlif sahələr üzrə rezidentlərin fəaliyyət göstərməsi, yeni istehsal müəssisələrinin yaradılması, yerli xammaldan daha səmərəli istifadə olunması və əlavə dəyər yaradan məhsulların istehsalının artırılması mümkündür. Bu isə iki mühüm nəticəyə gətirib çıxara bilər. Birincisi, Naxçıvanın iqtisadiyyatında qeyri-neft sektorunun çəkisi artacaq. İkincisi, regionun ixrac imkanları genişlənəcək. Naxçıvanda istehsal olunan rəqabətqabiliyyətli məhsulların Azərbaycanın digər regionlarına və xarici bazarlara çıxarılması üçün yeni imkanlar yaranacaq.
Deputat qeyd edib ki, sənaye siyasətinin digər mühüm nəticəsi məşğulluq məsələsinin həllidir: "Yeni müəssisələr yeni iş yerləri deməkdir, lakin burada əsas məsələ yalnız iş yerlərinin sayını artırmaq deyil, həm də yüksək ixtisas və müasir bacarıqlar tələb edən iş yerlərinin yaradılmasıdır. Bu baxımdan, sənaye ilə təhsil arasında əlaqələrin gücləndirilməsi də mühüm əhəmiyyət daşıyır. Naxçıvanın gələcək inkişafında özəl sektorun rolu xüsusi olacaq. Dövlət tərəfindən yaradılan infrastruktur və tətbiq edilən güzəştlər sahibkarlar üçün əlverişli biznes mühiti formalaşdırır. Naxçıvan Muxtar Respublikasında rezidentlər üçün tətbiq olunan vergi və gömrük güzəştləri investisiya qərarlarının qəbulunda mühüm stimullaşdırıcı amilə çevrilə bilər. Belə güzəştlər sahibkarın ilkin xərclərini azaltmaqla yanaşı, investisiyanın geri dönüş imkanlarını da yaxşılaşdırır. Bu isə xüsusilə istehsal, logistika, aqrar emal, turizm, xidmət və innovativ texnologiyalar sahələrində yeni layihələrin meydana çıxmasına şərait yaradacaq. Naxçıvanın gələcək inkişafının digər mühüm istiqaməti "yaşıl enerji" potensialından istifadədir. Muxtar respublikanın təbii-coğrafi xüsusiyyətləri günəş və digər bərpaolunan enerji mənbələrindən istifadə üçün əlverişli imkanlar yaradır. Bu istiqamətdə atılan addımlar yalnız enerji istehsalının artırılması demək deyil. "Yaşıl enerji" Naxçıvanın gələcək sənaye siyasətinin mühüm elementinə çevrilə bilər. Müasir investor üçün enerjinin etibarlılığı ilə yanaşı, onun mənbəyi və ekoloji dayanıqlılığı da əhəmiyyət daşıyır. Bərpaolunan enerji imkanlarının genişləndirilməsi Naxçıvanın "yaşıl zona" konsepsiyası çərçivəsində inkişafına, enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə və yeni investisiya layihələrinin reallaşdırılmasına əlavə stimul verəcək. Bu baxımdan, "Tivi" Su-Elektrik Stansiyası ilə bağlı işlərin davam etdirilməsi mühüm addımlardandır. Enerji infrastrukturunun yenilənməsi və genişləndirilməsi Naxçıvanın həm sosial, həm də iqtisadi inkişafının əsas şərtlərindən biridir. Bundan əvvəl də Naxçıvanın paylayıcı elektrik şəbəkəsinin yenidən qurulması ilə bağlı ayrıca sərəncam qəbul edilmişdi və həmin sənəddə enerji təchizatının daha etibarlı, təhlükəsiz və səmərəli təşkil olunması əsas məqsədlərdən biri kimi müəyyənləşdirilib".
A.Badamov bildirib ki, Naxçıvanın qarşıdakı illərdə ən böyük üstünlüklərindən biri onun coğrafi mövqeyi olacaq. Azərbaycan, Türkiyə və İran arasında yerləşən Naxçıvanın nəqliyyat əlaqələrinin genişlənməsi onun tranzit imkanlarını əhəmiyyətli dərəcədə artıracaq. Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında bağlantının təmin edilməsi muxtar respublikanın iqtisadi coğrafiyasını da dəyişəcək. Bu bağlantı yalnız Azərbaycanın digər əraziləri ilə əlaqəsinin yaxşılaşması anlamına gəlmir, eyni zamanda beynəlxalq nəqliyyat və ticarət marşrutlarında daha fəal iştirak etməsinə imkan yaradır. Orta dəhliz, Şərq-Qərb və Şimal-Cənub istiqamətləri ilə əlaqələrin genişləndirilməsi Naxçıvana yeni logistika imkanları qazandıracaq. Beləliklə, Naxçıvanın gələcək iqtisadi modelində sənaye, logistika, kənd təsərrüfatı, turizm, enerji və xidmət sektorları bir-birini tamamlayan vahid sistem təşkil edə bilər. "Naxçıvanın inkişafında Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı quruculuq prosesinin də mühüm təcrübə olduğunu düşünürəm. Bu regionlarda "ağıllı şəhər", "ağıllı kənd", "yaşıl enerji", rəqəmsal idarəetmə və müasir nəqliyyat infrastrukturu bir konsepsiya daxilində həyata keçirilir. Naxçıvan üçün də qarşıdakı mərhələdə əsas hədəf yalnız mövcud infrastrukturu yeniləmək deyil, gələcəyin Naxçıvanını qurmaqdır. Müasir Naxçıvan yüksək texnologiyalara əsaslanan istehsalın, innovasiyaların, rəqəmsal xidmətlərin, "yaşıl enerji"nin, turizmin və beynəlxalq logistikanın inkişaf etdiyi regiona çevriləcək. Bunun üçün insan kapitalının inkişafı da xüsusi əhəmiyyət daşıyır. Naxçıvan Dövlət Universitetində təhsilin keyfiyyətinin artırılması, yeni tələbə yataqxanasının tikintisi, məktəbəqədər təhsil müəssisələrinin yaradılması bu baxımdan yalnız sosial layihə deyil, həm də gələcək iqtisadi inkişaf üçün investisiyadır. Naxçıvanın inkişafına qoyulan hər bir investisiya, əslində, Azərbaycanın ümumi iqtisadi gücünə qoyulan investisiyadır. Çünki muxtar respublikanın sənaye istehsalının artması ölkənin qeyri-neft sektorunun inkişafına, yeni müəssisələrin yaradılması məşğulluğun genişlənməsinə, tranzit imkanlarının artması isə ölkəmizin beynəlxalq logistika xəritəsində mövqeyinin möhkəmlənməsinə xidmət edir. Bu baxımdan, Prezident İlham Əliyevin Naxçıvanla bağlı siyasətinin əsas xüsusiyyəti onun kompleks xarakter daşımasıdır. Burada sosial siyasət iqtisadi siyasətlə, infrastruktur layihələri sənaye siyasəti ilə, nəqliyyat layihələri isə investisiya və ixrac siyasəti ilə tamamlanır", - deyə o əlavə edib.
A.Badamov vurğulayıb ki, Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Naxçıvana səfəri çərçivəsində müxtəlif obyektlərin açılış və təməlqoyma mərasimlərində iştirakı da bu inkişaf prosesinin praktiki miqyasını göstərir. Dövlət başçısının layihələrin icrası ilə bağlı verdiyi tapşırıq və tövsiyələr Naxçıvanın qarşıdakı inkişaf mərhələsində yeni yanaşmaların tətbiqinin vacibliyini bir daha nümayiş etdirir. Naxçıvanın qarşısında tarixi fürsətlər açılıb. Uzun illər blokada şəraitinin yaratdığı məhdudiyyətlərdən sonra muxtar respublika yeni nəqliyyat bağlantıları, genişlənən investisiya imkanları, sənaye parkı, "yaşıl enerji" layihələri, müasir infrastruktur və sahibkarlıq üçün yaradılan əlverişli şərait hesabına yeni iqtisadi mərhələyə keçir. Prezident İlham Əliyevin Naxçıvanın sosial-iqtisadi inkişafının sürətləndirilməsi ilə bağlı yeni sərəncamı da bu mərhələnin mühüm maliyyə və institusional dayaqlarından biridir. 258 milyon manatlıq vəsaitin konkret infrastruktur və sosial layihələrə yönəldilməsi Naxçıvanın həm bu gününün, həm də gələcəyinin inkişafına hesablanmış mühüm qərardır.
Deputat deyib ki, Naxçıvanın Zəngəzur istiqamətində nəqliyyat bağlantısının reallaşması, beynəlxalq tranzit imkanlarının genişlənməsi və "yaşıl enerji" potensialından səmərəli istifadə edilməsi regionun geoiqtisadi əhəmiyyətini daha da artıracaq: "Bununla yanaşı, Naxçıvanın zəngin tarixi və mədəni irsi onun yalnız iqtisadi deyil, həm də turizm və humanitar potensialını gücləndirəcək. Bu gün qarşıda duran əsas vəzifə yaradılan imkanlardan maksimum səmərəli istifadə etmək, dövlət dəstəyini özəl təşəbbüslərlə birləşdirmək və Naxçıvanın rəqabətqabiliyyətli iqtisadiyyatını formalaşdırmaqdır. Naxçıvan yeni dövrə qədəm qoyur və bu dövrün əsas xüsusiyyəti yalnız coğrafi baxımdan Azərbaycanın ayrılmaz hissəsi kimi deyil, ölkəmizin iqtisadi inkişafında, regional bağlantılarında, sənaye və logistika siyasətində mühüm rol oynayan strateji mərkəz kimi daha geniş imkanlar qazanmasıdır. İnam var ki, dövlətimizin ardıcıl siyasəti, Naxçıvan əhalisinin zəhməti və sahibkarlarımızın təşəbbüskarlığı nəticəsində qədim diyarımız yaxın illərdə Azərbaycanın ən dinamik inkişaf edən regionlarından birinə çevriləcək. Bu inkişaf təkcə Naxçıvanın deyil, bütövlükdə Azərbaycanın iqtisadi qüdrətinin, regional mövqeyinin və beynəlxalq nüfuzunun daha da möhkəmlənməsinə xidmət edəcək".
Əsmər QARDAŞXANOVA,
"Azərbaycan"