Türkiyədə prezident seçkilərində qazanılacaq zəfər Azərbaycan dövlətinin və xalqının maraqlarına uyğundur
Türkiyə növbəti parlament və prezident seçkilərinə hazırlaşır. Belə ki, Prezident Rəcəb Tayyib Ərdoğan Bursa şəhərində gənclərlə görüşündə seçkilərin mayın 14-də keçiriləcəyini bildirib.
Rəcəb Tayyib Ərdoğan prezident seçkilərinə Ədalət və İnkişaf Partiyası (AKP) ilə Milliyyətçi Hərəkat Partiyasının (MHP) birləşdiyi "Cümhur ittifaqı"nın namizədi kimi qatılacaq. Onun rəqibi, müxalif partiyaların birləşdiyi "Millət ittifaqı"ndan hələ ki namizəd müəyyənləşməyib. Keçirilən rəy sorğularına əsasən, respondentlər parlamentdə AKP-nin, prezident seçkilərində isə Ərdoğanın üstünlük qazanacağını bildiriblər. Həmçinin müxtəlif siyasi ekspertlər də bu qənaətdədirlər. Onlar R.T.Ərdoğanın rəqiblərini böyük səs fərqi ilə geridə qoyacağını vurğulayırlar.
Qardaş ölkədə keçiriləcək prezident və parlament seçkiləri ilə bağlı Milli Məclisin deputatlarının fikirlərini öyrəndik. Onlar da Türkiyədə növbəti seçkilərdə Rəcəb Tayyib Ərdoğanın daha güclü rəqib olacağını və onun təmsil etdiyi partiyanın qalib gələcəyini düşünürlər.
Xalqa xidməti ilə geniş kütlənin dəstəyini qazanmış Rəcəb Tayyib Ərdoğan daha şanslıdır
Milli Məclisin deputatı Sevil Mikayılova qəzetimizə açıqlamasında deyib ki, AK Partiyanın sədri, Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi altında inkişaf edən Türkiyə dünyada söz sahibi olan qüdrətli dövlətə çevrilib. Onun sözlərinə görə, qardaş Türkiyə hazırda həmişə olduğundan daha güclü və nüfuzludur.
S.Mikayılova bildirib ki, Türkiyə dövlətinin apardığı ardıcıl və strateji siyasətin nəticəsində ölkədaxili siyasi sabitlik və təhlükəsizlik təmin olunub, ölkənin hərtərəfli inkişafı istiqamətində uğurlu nailiyyətlər qazanılıb, NATO üzvü olan Türkiyənin hərbi qüdrəti məhz Prezident Rəcəb Tayyib Ərdoğanın məqsədyönlü siyasi və praktiki addımları sayəsində daha da artıb və qlobal gücə çevrilib.
"Rəcəb Tayyib Ərdoğanın hakimiyyəti müxtəlif siyasi təlatümlərdən keçib, həm daxili, həm xarici təzyiqləri dəf edərək illər keçdikcə daha da möhkəmlənib. İstər terror əməlləri, istər hərbi çevriliş cəhdi, müxtəlif güclər tərəfindən saysız müdaxilələrə baxmayaraq, xalqın dəstəyi, inamı ilə Türkiyə Prezidenti tarixin sınaqlarına sinə gərib. Ədalətli mövqeyi ilə milyonların səmimi rəğbətini qazanmış R.T.Ərdoğan öz prinsiplərinə sadiqdir, haqq işinin irəliyə aparılmasından bir addım belə geri çəkilmir", -deyə deputat qeyd edib.
O vurğulayıb ki, Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə Türkiyə müstəqil siyasət aparır, regionun ən aparıcı dövləti kimi müxtəlif siyasi münaqişələrin həllində getdikcə daha mərkəzçi rol alır.
Türkiyədə keçiriləcək növbəti prezident seçkilərinə də toxunan S.Mikayılova qeyd edib ki, təbii ki, seçimi Türkiyə xalqı edəcək: "Əminik ki, builki seçkilərdə dövlətə və xalqa xidməti ilə geniş kütlənin dəstəyini qazanmış lider olaraq Rəcəb Tayyib Ərdoğan daha şanslı namizəddir".
Ərdoğanın seçkilərdə qalib gəlmək imkanı çoxdur
Milli Məclisin deputatı Tahir Kərimli qeyd edib ki, Türkiyə bizim müttəfiqimizdir və iki ölkənin qardaşlığı əbədidir, çünki eyni kökə bağlı xalqlarıq.
O qeyd edib ki, Türkiyədə keçiriləcək seçkilər Azərbaycan üçün də çox maraqlıdır: "Rəcəb Tayyib Ərdoğan Bursa şəhərində çıxışında mayın 14-də həm parlament, həm də prezident seçkilərinin keçiriləcəyini qeyd etdi. Hakim partiya seçkilərə eyni şüarla qatılır. Təbii ki, onların əleyhdarları da var. Müxalifət partiyalarının öz aralarında vahid namizəd müəyyən edə bilməmələrinə baxmayaraq, əslində, kəskin mübarizə başlayıb. Müxalifətin qalib olmağa hələ inamı yoxdur. Lakin onu da qeyd edək ki, bir çox partiyalara Avropa tərəfindən çox ciddi dəstək verilir".
Tahir Kərimli ölkəmizin dövlət mənafeyi, maraqları olduğunu, Ərdoğan və onun komandasının 44 günlük müharibədə, ondan əvvəl, həmçinin bu gün də birmənalı və qəti şəkildə Azərbaycanın yanında olduğunu xatırladıb. Türkiyə Prezidentinin dəfələrlə Qarabağa səfər etdiyinin, tədbirlərdə iştirakının şahidi olduq. O, Azərbaycan-Türkiyə münasibətlərinin inkişafına çox böyük əhəmiyyət verir .
Deputat vurğulayıb ki, Ərdoğan bu illərdə başda müdafiə sənayesi olmaqla, Türkiyə iqtisadiyyatını xeyli inkişaf etdirib, dövlət borclarını azaldıb. Eyni zamanda türk, islam dövlətləri ilə münasibətləri genişləndirib. Onun sayəsində Şimali Afrikada, Ön və Orta Asiyada türklərin mövqeyi nəinki möhkəmlənir, həm də Azərbaycana fayda verən bir sıra inteqrasiya prosesləri gedir.
"Biz də Ərdoğan və onun partiyasının qalib gəlməsindən məmnun olarıq. Hər halda Türkiyədə demokratik seçkilər keçirilir, xalq kimi seçəcəksə, o da olacaq. İndiki vəziyyətdə Ərdoğan güclü görünür, hesab edirəm ki, seçkilərdə onun qalib gəlmək imkanı çoxdur", - deyə T.Kərimli əlavə edib.
Əsmər QARDAŞXANOVA,
"Azərbaycan"