2020-ci il sentyabrın 27-də səhər saat 6.00 radələrində erməni işğalçıları cəbhənin müxtəlif istiqamətlərindən mövqelərimiz üzərinə hücuma keçdilər. Ordumuzun hissələri bu hücumun qarşısını qətiyyətlə alaraq düşmənə əks-həmlə ilə cavab verdi. Yağıların bu qəfil təxribatı nəticəsində atəşkəslə söndürülmüş Qarabağ müharibəsi yenidən alovlandı. İllərdən bəri susan silahlar bir anın içində dilə gəldi. Mövqelərə od ələndi, səngərlərə güllə və mərmilər dolu kimi yağdırıldı.
Döyüşlərin elə ilk dəqiqələrindən ordumuzun hissələri düşmənə ciddi müqavimət göstərərək əks-həmlə əməliyyatlarında üstünlük qazandı, qarşı tərəfə sarsıdıcı zərbələr endirdi. İşğalçılar bu dəqiq zərbələrin, güclü əks-həmlələrin qarşısında tab gətirməyərək iyirmi səkkiz ildən bəri əllərində saxladıqları və xeyli möhkəmləndikləri mövqelərdən geri çəkildilər. Azərbaycan əsgərinin yüksək döyüş hazırlığı elə ilk günlərdən özünü göstərdi. Şanlı ordumuzun zabit və əsgərləri Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında uğurlu döyüşləri ilə qəsbkarları qaçmağa məcbur etdi, torpaqlarımız addım-addım işğaldan azad olunmağa başladı.
Cəbhə bölgələrindən gələn şad xəbərlərdən, qazanılan uğurlardan kədərli çöhrəmizə qələbə sevinci ələndi. Xalqımız müstəqilliyinin təminatçısı olan və böyük məhəbbət bəslədiyi ordusundan hər gün qələbə xəbərləri eşitdi. Hər gün böyük strateji əhəmiyyətə malik olan yüksəkliklər, kənd və qəsəbələr, rayon mərkəzləri düşməndən azad olundu. Əvvəlki çağlar işğalda qalmış torpaqlarımıza qayıtmağı, o yerlərə ayaq basmağı biz yalnız xəyal edərdik. Amma artıq xəyalların gerçəkləşdiyi zaman idi. Azərbaycan Ordusu hünər və qəhrəmanlığı ilə döyüş meydanlarında böyük zəfərlər qazanaraq 44 gün ərzində bunu bacardı. Silahlı Qüvvələrimizin şəxsi heyəti qanı və canı bahasına uzun illər erməni qəsbkarlarının tapdağında qalmış torpaqlarımızı işğalçılardan azad etdi.
Qəsbkarların arzuları ayaqlar altında tapdalandı
1988-ci ildən müharibə şəraitində yaşadığımızdan günlərin birində Qarabağ uğrunda döyüşlərin yenidən alovlanacağı gözlənilən idi. Atəşkəs əbədi sülh demək deyildi. Bir tərəfdən də ermənilər ipə-sapa yatmır, beynəlxalq təşkilatları eşitmir, sülh danışıqlarına gəlmək istəmirdilər. Özlərini anlamazlığa vurub naz edir, sülhə, əmin-amanlığa, beynəlxalq qanunlara arxa çevirirdilər. Ermənistanın baş naziri Nikol Paşinyan havadarlarına, eləcə də dünyanın bir çox xarici dövlətində fəaliyyət göstərən erməni lobbisinin pul-parasına və terror təşkilatlarına arxalanaraq ölkəmizə, xalqımıza meydan oxuyurdu. Qondarma rejim inaqurasiya mərasimini qədim şəhərimiz olan gözəl Şuşamızda keçirirdi. Hələ bu da azmış kimi, terrorçu rejim idarəetmə strukturunu da buraya köçürməyə hazırlaşırdı.
Bir sözlə, illərdən bəri cəzasız qalan düşmən getdikcə qudurub cızığından çıxır, həddini aşır, heç nəyə məhəl qoymadan qırmızı xətti artıqlaması ilə keçirdi. Təbiidir ki, bütün bunlar sonda genişmiqyaslı müharibəyə gətirib çıxarmalı idi.
Elə ilk həmlədən uğur qazanacaqlarına, yeni ərazilərimizi işğal edəcəklərinə ümidlər bəsləyən ermənilərin arzuları Azərbaycan əsgərinin dəqiq atəşi ilə güllələndi. Ordumuzun hissələri qısa müddət ərzində işğalçıların qəfil hücumlarının qarşısını qətiyyətlə aldı. Qəsbkarların bütün ümid və niyyətləri puça çıxdı.
Bir neçə həftə ərzində işğalçılar Cəbrayılın, Füzulinin, Tərtərin, Zəngilanın, Qubadlının, Xocavəndin, Xocalının kəndlərindən sıxışdırılıb çıxarıldı. Müharibənin yeddinci günü - oktyabrın 4-də Cəbrayıl rayonunun mərkəzi və bir neçə kəndi erməni qəsbkarlarından azad edildi. Bir müddət sonra üçrəngli bayrağımız Füzulidə, Zəngilanda, Qubadlıda dalğalandı. Bundan ruhlanan hərbçilərimiz yağıların üzərinə daha da əzmkarlıqla atıldılar. Noyabrın 8-də isə aylı-ulduzlu bayrağımız Şuşaya sancıldı. Hərbçilərimizin döyüş əzmi, savaş ovqatı onları düşmən üzərində növbəti qələbələrə köklədi. Ordumuzun hissələri iştirakçısı olduğu bütün döyüşlərdə düşməni məhv etdi, zəfər çaldı, qələbə qazandı.
Vahid MƏHƏRRƏMOV,
"Azərbaycan"