Azərbaycan Prezidenti İlham Əliyev müstəqil xarici siyasət kursunu ölkəmizin və xalqımızın milli maraqlarına uyğun şəkildə həyata keçirir. Dəyişən dünyanın geosiyasi reallıqlarına əsasən təşəbbüskar davranışları ilə ölkəsinə daxili siyasətdə olduğu kimi, diplomatiyada da nailiyyətlər qazandırır. Bu siyasətin başlıca məzmunu Azərbaycanın milli dövlətçilik mənafelərinin qorunması, beynəlxalq aləmdə zəngin potensiala malik ölkə kimi nüfuz qazanmasıdır. Artıq müstəqil xarici siyasət milli ideologiyamızın mühüm prioritetidir və ölkəmiz aparılan islahatlarda bu prioriteti daim davam etdirir.
Dövlətimizin son onilliklərdə qazandığı ən böyük nailiyyətlərdən biri dünyanın əksər aparıcı dövlətləri ilə münasibətlərin möhkəmləndirilməsi, qlobal səviyyədə mühüm faydalar yaradan strateji layihələrin uğurla həyata keçirilməsidir. Bu gün iqtisadi gücünə, qlobal proseslərə təsir imkanlarına görə dünyanın əsas mərkəzlərindən biri olan Çin Xalq Respublikası ilə ölkəmizin münasibətləri getdikcə inkişaf edən əlaqələrin parlaq təcəssümünə çevrilmişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Çin Xalq Respublikasında səfərdədir. Dövlətimizin başçısı Tiencin şəhərində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT plyus) Zirvə toplantısında, həmçinin Çinin xarici hərbi müdaxilə və faşizm üzərində qələbəsinin 80 illiyinə həsr olunmuş yubiley mərasimində ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva ilə birgə iştirak edir. Bu səfər Çin Xalq Respublikası ilə əlaqələrin inkişafına yeni təkan verərək strateji tərəfdaşlıq münasibətlərini bundan sonra da gücləndirəcək, ölkələr arasındakı qarşılıqlı fəaliyyət ikitərəfli gündəliyin bütün spektri üzrə daha da möhkəmləndiriləcək. Bu baxımdan "ŞƏT plyus" formatında kecirilən Zirvə toplantısı xüsusi aktuallıq kəsb edir.
Azərbaycanın beynəlxalq nüfuzunun daha bir göstəricisi
Əvvəlcə bir məqamı nəzərə çatdıraq ki, Azərbaycan Prezidenti İlham Əliyevin Pekində keçiriləcək Qələbə paradına dəvət alması və bu təntənəli tədbirdə iştirakı üçün Çin Xalq Respublikasına səfəri Azərbaycan və Çin arasında münasibətlərin ən yüksək səviyyədə olmasının və ölkə rəhbərimizin beynəlxalq nüfuzunun daha bir göstəricisidir. Parad sentyabrın 3-də təşkil olunacaq, tədbirdə ümumilikdə 20-dən çox xarici ölkə lideri iştirak edəcək.
Pekinin möhtəşəm Tyananmen meydanı bu baxımdan böyük bir tarixə şahidlik edəcək. Burada keçiriləcək Qələbə paradı Çin xalqının işğalçılara qarşı apardığı müqavimət müharibəsinin və bütövlükdə İkinci Dünya müharibəsində əldə edilən tarixi zəfərin 80 illiyinə həsr olunur. Tədbirdə nəhəng hərbi yürüş, müasir silah və texnikaların nümayişi, rəsmi mərasimlər dünyanın diqqətini Çinə yönəldəcək. Bu parad təkcə yubiley xarakteri daşımır, həm də beynəlxalq siyasi münasibətlər müstəvisində mühüm siqnal hesab olunur.
Eyni zamanda "ŞƏT pluys" formatında keçirilən Zirvə toplantısı planetimizdəki mürəkkəb geosiyasi vəziyyət, çoxsaylı yeni çağırış fonunda bu təşkilatın rolunu, əhəmiyyətini önə çıxarır.
Ərazi və əhali sayına görə Şanxay Əməkdaşlıq Təşkilatı dünyanın ən böyük regional təsisatıdır. 2001-ci ildə Çin, Rusiya, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Tacikistanın təşəbbüsü ilə Şanxay şəhərində yaradılmış Şanxay Əməkdaşlıq Təşkilatı sonrakı illərdə üzvlük tərkibini genişləndirərək Pakistan, Hindistan, İran və Belarusun qoşulması ilə daha inklüziv regional quruma çevrilmişdir. Hazırda təşkilat daxilində 2 müşahidəçi dövlət, o cümlədən Azərbaycan və Türkiyənin daxil olduğu 14 dialoq tərəfdaşı mövcuddur. Bununla yanaşı, bir sıra digər dövlətlərin də dialoq tərəfdaşı statusu əldə etmək üçün müraciət etdiyi məlumdur.
Mövcud göstəricilər nəzərə alındıqda, Şanxay Əməkdaşlıq Təşkilatının qlobal miqyasda mühüm aktor kimi formalaşdığı aydın görünür. Belə ki, təşkilata üzv dövlətlər Avrasiya qitəsinin təqribən 60 faizini əhatələyir, dünya əhalisinin 40 faizinə və qlobal ümumi daxili məhsulun 25 faizinə nəzarət edirlər. Bu rəqəmlər, beynəlxalq münasibətlər sistemində artan siyasi gərginlik, dövlətlərarası qarşıdurmalar və ikili standartların gücləndiyi şəraitdə Şanxay Əməkdaşlıq Təşkilatının strateji əhəmiyyətini təsvir edir.
Sülhə, əməkdaşlığa, inkişafa xidmət edən strateji məqsədlər
Təşkilatın əsas fəaliyyət istiqamətləri üzv dövlətlər arasında qarşılıqlı etimad və mehriban qonşuluq münasibətlərinin möhkəmləndirilməsi, siyasi, iqtisadi, elmi-texnoloji, mədəni və humanitar əməkdaşlığın inkişaf etdirilməsi, həmçinin enerji, nəqliyyat, turizm və ətraf mühitin qorunması kimi sahələrdə birgə layihələrin reallaşdırılmasıdır. Bundan əlavə, regional sülhün, təhlükəsizliyin və sabitliyin təmin edilməsi, eləcə də daha ədalətli siyasi-iqtisadi beynəlxalq sistemin qurulmasına yönəlmiş təşəbbüslərin irəli sürülməsi ŞƏT-in strateji məqsədləri sırasında mühüm yer alır.
Əhalisinin sayına və iqtisadiyyatının həcminə görə dünyada ikinci olan Çinin Şanxay Əməkdaşlıq Təşkilatında xüsusi yeri və rolu var. Çinin iqtisadi potensialı bu təşkilat daxilində bir araya gəlmiş ölkələr arasında iqtisadi və ticari, humanitar əməkdaşlığın genişlənməsinə təkan verir.
Azərbaycan beynəlxalq və regional təşkilatlarda fəal iştirak edən dövlətlərdən biri olaraq son illər Şanxay Əməkdaşlıq Təşkilatı ilə də münasibətlərin inkişafını ardıcıl şəkildə genişləndirməkdədir. Təşkilatın 2015-ci ilin iyul ayında Ufada keçirilmiş Zirvə görüşündə ölkəmizə dialoq tərəfdaşı statusunun verilməsi barədə qərar qəbul olunmuşdur. Bu statusun əldə edilməsindən sonra 2016-cı ildə tərəflər arasında əməkdaşlıq memorandumunun imzalanması ilə Azərbaycan-ŞƏT münasibətləri institusional çərçivəyə salınmışdır.
Sonrakı mərhələdə Azərbaycan mütəmadi şəkildə təşkilatın müxtəlif tədbirlərinə fəal şəkildə qatılmış, Azərbaycan Prezidenti 2022-ci ildə Səmərqənddə, 2024-cü ildə Astanada keçirilən Zirvə toplantılarında iştirak edərək ölkəmizin təşkilatla əməkdaşlığa verdiyi əhəmiyyəti nümayiş etdirmişdir. Bu il Azərbaycan Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasının Sədri Si Cinpinin dəfəvi ilə Tiencin şəhərində təşkil olunan Zirvə görüşündə iştirakı da bunun davamıdır.
İki gün öncə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasının Sədri Si Cinpin ilə görüşü oldu. Prezident İlham Əliyevi "mənim əziz dostum" deyərək salamlayan Çin Xalq Respublikasının Sədri Si Cinpin dövlətimizin başçısına onun dəvətini qəbul edərək "ŞƏT plyus" formatında Zirvə toplantısında, həmçinin Çinin xarici hərbi müdaxilə və faşizm üzərində qələbəsinin 80 illiyi münasibətilə keçiriləcək təntənəli tədbirlərdə və hərbi paradda iştirakına görə təşəkkürünü bildirdi. Daha sonra Azərbaycan ilə Çin arasında 30 ildən artıq dövr ərzində uğurlu əməkdaşlıq münasibətlərinin qurulduğunu və hazırda əlaqələrimizin hərtərəfli strateji tərəfdaşlıq müstəvisində inkişaf etdiyini söylədi.
Çin Xalq Respublikasının Sədri ölkələrimiz arasında ticarət dövriyyəsinin artdığını, energetika, o cümlədən bərpaolunan enerji, rəqəmsallaşma sahələrində əməkdaşlığın genişləndiyini vurğuladı. Si Cinpin "Bir kəmər, bir yol" layihəsi çərçivəsində də Azərbaycan-Çin əməkdaşlığının möhkəmləndiyini deyərək, Azərbaycan ərazisindən Çin mallarının daşınmasının əhəmiyyətini qeyd etdi, bu xüsusda Trans-Xəzər marşrutunun önəminə toxundu.
Azərbaycan Prezidenti ölkəmizin xarici siyasətində Çin Xalq Respublikası ilə əlaqələrin inkişaf etdirilməsinin prioritet istiqamətlərdən biri olduğunu bildirdi. Görüşdə ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində də daim bir-birini dəstəklədiyi məmnunluqla qeyd edildi. Vizasız gediş-gəlişə dair sənədin qüvvəyə minməsindən sonra son dövrlərdə turizm sahəsində əlaqələrin inkişaf etdiyi vurğulandı.
Söhbət zamanı Azərbaycanla Çin arasında əməkdaşlığın perspektivlərinə dair geniş fikir mübadiləsi aparıldı.
Mühüm tərəfdaş
Ölkəmizin Şanxay Əməkdaşlıq Təşkilatında fəal iştiraka marağı, təbii ki, səbəbsiz deyildir. Bu təşkilatda təmsilçilik Azərbaycanın həm regional, həm də qlobal səviyyədə mövqelərinin güclənməsi, ölkəmizin əlavə üstünlüklər qazanması baxımından mühüm əhəmiyyət kəsb edir. Bu təmsilçiliyin ilk növbədə geosiyasi əhəmiyyətinə toxunmaq istərdik. Azərbaycan Avrasiya məkanında strateji tranzit ölkə kimi Şanxay Əməkdaşlıq Təşkilatı platformasında öz rolunu daha da möhkəmləndirir. Təşkilatın əsas üzvləri ilə eyni çərçivədə çıxış etmək Bakının regional diplomatiya imkanlarını genişləndirir.
Bunun Azərbaycan üçün iqtisadi faydaları da son dərəcə böyükdür. Şanxay Əməkdaşlıq Təşkilatı ölkəmizə yeni iqtisadi əməkdaşlıq fürsətləri yaradır, təşkilat çərçivəsində enerji, nəqliyyat, ticarət və investisiya layihələrində əməkdaşlıq imkanları artır. Azərbaycan xüsusilə Orta Asiya ilə bağlılıq, "Şərq-Qərb" nəqliyyat dəhlizləri və enerji marşrutları baxımından təşkilatın üzv dövlətləri üçün mühüm tərəfdaşdır.
Qeyd edək ki, Şanxay Əməkdaşlıq Təşkilatının əsas prioritetlərindən biri terrorizmə, separatizm və ekstremizmə qarşı mübarizədir. Azərbaycan bu təcrübədən yararlanaraq regionda təhlükəsizlik sahəsində əməkdaşlıq imkanlarını genişləndirir. Bu baxımdan ŞƏT-də iştirak təhlükəsizlik və sabitlik baxımından da mühüm önəm kəsb edir.
Azərbaycan belə bir təmsilçiliklə diplomatik nüfuzunu daha da yüksəldir. Azərbaycanın təşkilatda dialoq tərəfdaşı statusu beynəlxalq aləmdə ölkəmizin siyasi çəkisini artırır, çoxtərəfli diplomatiyada iştirak imkanlarını genişləndirir. Bu, həm də Azərbaycanın balanslaşdırılmış xarici siyasət xəttinə uyğun olaraq, müxtəlif güc mərkəzləri ilə əlaqələrinin möhkəmlənməsinə şərait yaradır.
Həmçinin Şanxay Əməkdaşlıq Təşkilatına üzv və quruma tərəfdaş ölkələrlə təhsil, elm, texnologiya, turizm və mədəniyyət sahələrində qarşılıqlı layihələr Azərbaycanın yumşaq güc potensialını artırır. Beləliklə, bu qlobal platformada fəal iştirak dövlətimiz üçün sadəcə simvolika deyil, həm də strateji, iqtisadi və təhlükəsizlik baxımından real üstünlüklər gətirən yeni bir fürsətdir.
Ölkəmiz statusunu yüksəldir
2025-ci il sammitinin gündəliyində "Şanxay ruhu"nun prinsiplərinin təşviqi, çoxtərəfli əməkdaşlığın dərinləşdirilməsi, dayanıqlı inkişaf məqsədlərinə dəstəyin gücləndirilməsi və beynəlxalq, həmçinin regional xarakterli aktual məsələlərin müzakirəsi yer aldı. Zirvə toplantısının yekununda təşkilatın gələcək inkişaf trayektoriyası da müəyyənləşdirildi, yeni fəaliyyət planı nəzərə alındı. Bu nüfuzlu təşkilatla əməkdaşlığını uğurla inkişaf etdirən Azərbaycan ŞƏT-dəki statusunu yüksəltmək niyyətindədir.
Prezident İlham Əliyev "SƏT pluys" förmatında keçirilən tədbirdəki çıxışında dedi: "Son iki ildə əlaqələrimiz keyfiyyətcə yeni səviyyəyə yüksəlib. Ötən il Astanada keçirilmiş ŞƏT Sammiti çərçivəsində biz strateji tərəfdaşlıq qurduq. Bu il mənim Çinə dövlət səfərim zamanı hərtərəfli strateji tərəfdaşlıq münasibətlərinin təsis edilməsi barədə Birgə Bəyanat imzalandı. Bu tarixi hadisə Azərbaycan-Çin münasibətlərində yeni bir səhifə açdı. Azərbaycan beynəlxalq sülhün, təhlükəsizliyin və inkişafın təşviqi məqsədilə Çin tərəfindən irəli sürülmüş Qlobal İnkişaf Təşəbbüsünü, Qlobal Təhlükəsizlik Təşəbbüsünü və Qlobal Sivilizasiya Təşəbbüsünü fəal şəkildə dəstəkləmişdir. Biz həmçinin Çin Xalq Respublikasının Sədri tərəfindən irəli sürülmüş Qlobal İdarəetmə Təşəbbüsünü dövlətlərin suveren bərabərliyi, BMT Nizamnaməsi və beynəlxalq hüquqa hörmət əsasında beynəlxalq münasibətlərin yaxşılaşdırılmasına yönəlmiş mühüm və vaxtında atılmış bir addım kimi alqışlayırıq".
Rəsmi sənədlər və dövlət rəsmiləri səviyyəsində verilən açıqlamalar göstərir ki, Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatında təmsilçiliyini gücləndirməyə yönəlik məqsədyönlü strategiyaya malikdir. Ümumiyyətlə, bu strateji yol müşahidəçi statusunun əldə edilməsi, onun nəticələrinə görə tezliklə tam üzvlüyün də əldə edilməsi ehtimalını daşıyır.
Azərbaycan hazırda Şanxay Əməkdaşlıq Təşkilatında, qeyd etdiyimiz kimi, dialoq tərəfdaşı statusuna malikdir və tam üzvlüyə doğru strateji addımlar atmaqdadır. Belə ki, Azərbaycan 2024-cü ildə Şanxay Əməkdaşlıq Təşkilatındakı statusunu "dialoq tərəfdaşı"ndan "müşahidəçi dövlət"ə yüksəltmək üçün rəsmi müraciət etmişdir. Bu proses təşkilat daxilində daha dərin inteqrasiya yolunda ilk addım kimi qəbul olunur, çünki müşahidəçi statusu tam üzvlüyə gedən mərhələ hesab edilir.
23 aprel 2025-ci ildə Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında imzalanmış hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanatda Azərbaycan Çinin Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) sədrliyini dəstəkləmiş, Çin tərəfinin ŞƏT-in keyfiyyətcə inkişafı üçün göstərdiyi əməli səylərini yüksək qiymətləndirmiş, "ŞƏT-in Dayanıqlı İnkişaf İli" tədbirlərində fəal iştirak etməyə və təşkilatın üzv ölkələri ilə hərtərəfli əməkdaşlığı dərinləşdirməyə hazır olduğunu bildirmişdir. Çin isə öz növbəsində Azərbaycanın ŞƏT-də hüquqi statusunun artırılmasını dəstəkləmişdir.
Azərbaycan-Çin əməkdaşlığının gündəliyi genişlənir
Ölkəmizin Şanxay Əməkdaşlıq Təşkilatında təmsilçiliyi Azərbaycan və Çin arasında münasibətlərin inkişafı baxımından da son dərəcə önəmlidir. Çünki təşkilatda müxtəlif statuslarla təmsil olunan ölkələrin hər biri Çinin "Bir kəmər, bir yol" strategiyasının əhatə dairəsindədir. Azərbaycan isə regionun əsas nəqliyyat-logistika qovşaqlarından biri kimi bu strategiyanın son dərəcə əhəmiyyətli hissəsidir. Ona görə də Çinin Azərbaycanla əməkdaşlığa marağı ildən-ilə artır və iki ölkə arasında strateji tərəfdaşlıq potensialının reallaşdırılması üçün ardıcıl addımlar atılır.
Azərbaycan Prezidenti görüşdəki çıxışında xüsusi vurğuladı: "Azərbaycan Avrasiyanın nəqliyyat-logistika mərkəzlərindən biridir. Biz beynəlxalq nəqliyyat dəhlizlərini fəal şəkildə inkişaf etdirir, müasir infrastruktur yaradırıq. "Şərq-Qərb" və "Şimal-Cənub" dəhlizləri yeni iqtisadi və nəqliyyat perspektivləri yaradıb. Azərbaycan Ələt Beynəlxalq Dəniz Limanının buraxılış qabiliyyətini ildə 15 milyon tondan 25 milyon tona çatdırmaq niyyətindədir.
Orta dəhliz Azərbaycan vasitəsilə Çin və Mərkəzi Asiyanı Avropa ilə birləşdirən etibarlı və təhlükəsiz marşrutdur. 2022-ci ildən bəri Orta dəhliz üzrə Azərbaycan vasitəsilə yükdaşımaların həcmi təxminən 90 faiz artıb. Yüklərin bu dəhliz üzrə keçid müddəti əhəmiyyətli dərəcədə azalıb".
Azərbaycan bir çox istiqamətlər üzrə malik olduğu qlobal əhəmiyyətli imkanlarla Şanxay Əməkdaşlıq Təşkilatı üçün də çox vacib tərəfdaşdır. Azərbaycan Prezidenti İlham Əliyevin son illər ŞƏT-in sammitlərində müntəzəm iştirakı, təşkilatın inkişafına, öz məqsədlərinə çatmasına verdiyi ardıcıl töhfələr Azərbaycanın da bu təşkilata bütün dünyada sabitliyin bərqərar olmasına kömək göstərəcək güclü bir vasitə kimi baxdığını göstərir. Ölkəmiz Şanxay Əməkdaşlıq Təşkilatına üzv dövlətlərlə uğurlu ikitərəfli münasibətlərin inkişaf etdirilməsini də xarici siyasət prioritetlərindən birinə çevirmişdir.
Hazırda Çinin Çindao şəhərindəki "Çin-Şanxay Əməkdaşlıq Təşkilatı iqtisadi və ticarət əməkdaşlığı nümayişi zonası"nda "Made in Azerbaijan" brendli qida məhsullarının təqdim olunduğu "Azərbaycan Ticarət Evi" fəaliyyətdədir. Bundan başqa, ŞƏT çərçivəsində Azərbaycanın iştirakı ilə bir sıra mədəniyyət layihələri həyata keçirilir, xüsusilə ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu bu prosesə böyük töhfələr verir.
Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatında fəal iştirakı, zamanla bu qurum daxilində statusunu yüksəltməsi ölkəmizə iqtisadi diversifikasiya, geosiyasi mövqeyin güclənməsi və regional sabitlikdə daha fəal rol qazandıracaq, ölkəmizin lider olduğu Cənibi Qafqaz regionu üçün isə çoxqütblü əməkdaşlıq modelini möhkəmləndirəcək və Qafqazı daha önəmli enerji-tranzit mərkəzinə çevirəcək.
İradə ƏLİYEVA,
"Azərbaycan"