Yay mövsümündən sonra növbə qış turizminindir. Bu fəsildə də tətilə çıxıb istirahət etmək, qarlı havanın dadını çıxarmaq istəyənlər az olmur. Son illərə qədər imkan və vaxt baxımından fərqlənənlər qış aylarında daha çox xarici ölkələrə üz tuturdular. Amma müşahidələr göstərir ki, daxili qış turizminin inkişafı xaricə gedənlərin sayında bir qədər azalmaya səbəb olub.
Dünyada qış turizmi ilə məşhur olan məskənlər çoxdur və onlar öz ölkələrinin iqtisadiyyatında kifayət çəkiyə malikdirlər. ABŞ-nin Çikaqo şəhəri, Yellouston Milli Parkı, Estoniyanın Tallin, Belçikanın Brügge, Çexiyanın Praqa şəhərləri, Finlandiyada Laplandiya, Avstriyada Halştad, Sloveniyada Bled gölü, İsveçrədə Alp dağları, qardaş Türkiyənin Uludağ, Palandöken, Kartepe, Kartalkaya, Sarıkamış, Erciyes, Davras bölgələri qış turizminin döyünən ürəyi sayılır. Deyilən bu ərazilərdə hokkey, konkisürmə, buzda balıq ovu, qarda atsürmə, xizəksürmə, qış festivalları və digər qış turizm əyləncələrindən ləzzət almaq mümkündür.
Azərbaycanda turizmin inkişafı 2011-ci ildən başlayıb. Məhz həmin ildən başlayaraq ölkədə yay və qış turizmi üçün müasir infrastruktur yaradılıb. Xüsusilə hotelçilik və turizm biznesinə sərmayə qoyuluşu bu sektorda irəliləyişə səbəb olub. Dünyanın ən məşhur hotel brendləri də Azərbaycana maraq göstəriblər. İndi əsasən paytaxtda həmin brendlər adı altında fəaliyyət göstərən hotellərin sayı kifayət qədərdir. Bu sahədə tədbirlər indi də davam edir. Çünki bütövlükdə turizm qeyri-neft sektorunun inkişafında əsas sahələrdən biri sayılır.
Ölkəmizdə qış turizm mövsümünə əsasən dekabrın 1-dən başlanılır. Turistlər qış aylarında da Quba, Qusar, Qəbələ, Şamaxı, İsmayıllı, Şəki, Lerik, Lənkəran rayonlarında dincəlməyə üstünlük verirlər. Bu rayonlarda yerləşən 3 və 4 ulduzlu, həmçinin ulduz kateqoriyası olmayan kottec tipli hotellər fəaliyyət göstərirlər.
Hazırda ölkəmizdə 3 əsas qış turizm mərkəzi - "Şahdağ" Turizm Mərkəzi, "Tufandağ" Qış-Yay Turizm Kompleksi və Naxçıvan Muxtar Respublikasında yerləşən "Ağbulaq" İstirahət Mərkəzi var. Peşəkar xizəkçilərin çoxuna "Şahdağ" Qış-Yay Turizm Kompleksi cəlbedici görünür. Qeyd edək ki, bu kompleks istifadəyə verildikdən sonra ölkəmizdə qış turizminə böyük maraq yaranıb. Şəhər mühitindən uzaqlaşmaq istəyənlər üçün "Şahdağ" mükəmməl qış istirahət zonasıdır. Şəraitlə əlaqədar burada süni qar yağdıran qurğular işə salınır. Süni qar xizəklə sürüşməyə tam şərait yaradır. Xizək sürməyə marağı olmayan turistlər üçün isə digər əyləncələr - motorlu xizək, asma kanat, snoubord, dağ yolları ilə turlar, velosiped gəzintisi, yamac paraşütçülüyü təklif olunur.
Bənzərsiz gözəlliyi ilə seçilən yerlərdən biri də "Tufandağ" Dağ-Xizək Kompleksidir. Xüsusi hazırlanmış 15 kilometrlik yamaclar snoubordinq və xizəklə sürüşmək üçün əla məkandır. İlk dəfə xizək sürənlər üçün istirahət kompleksinin xizəksürmə məktəbi də fəaliyyət göstərir. Xizək həyəcanından söz düşəndə Naxçıvandakı "Ağbulaq" İstirahət Mərkəzi haqqında söz deməsək fikrimiz yarımçıq qalmış olar. Şahbuz dağlarının qoynunda yerləşən bu mərkəz qış aylarında dağ-xizək, yay aylarında isə dağ turizmini seçənlərə xidmət göstərir. Kəndin gözəl təbiəti, səfalı yerləri insanları qış aylarında da bura cəlb edir. Mərkəzdə uzunluğu 1580, eni 18-30 metr olan dağ-xizək sahəsi turistlərin xidmətində durur.
Son günlər yağan qar insanların ağ təbiətin seyrinə çıxmaq marağını bir qədər də artırdı, xüsusən şimal istiqaməti üzrə turist axınına səbəb oldu. Onların arasında xarici qonaqlar da var idi. Dövlət Turizm Agentliyinin (DTA) məlumatına görə, təkcə 2023-cü ilin dekabr ayında Azərbaycana 192 min 869 əcnəbi vətəndaş səfər edib ki, bu da 2022-ci ilin göstəricisindən (143 min 814) 34,11 faiz çoxdur. Onlar Rusiya (47 min 347 nəfər), Türkiyə (36 min 372 nəfər), Hindistan (17 min 524 nəfər), İran (17 min 526 nəfər), Birləşmiş Ərəb Əmirlikləri (11 min 374 nəfər), Gürcüstan (10 min 781 nəfər), Pakistan (6009 nəfər), Qazaxıstan (4823 nəfər), Özbəkistan (4441 nəfər) və Səudiyyə Ərəbistanı vətəndaşları (4174 nəfər) olublar.
Qış mövsümünün möcüzələri təkcə şimal regionunda və Naxşıvanda deyil, işğaldan azad edilmiş ərazilərdə də var. Bu gün Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa-quruculuq işlərinin sürəti ondan xəbər verir ki, yaxın illər bu regionda həm də turizm sahəsi inkişaf edəcək. Laçında, Kəlbəcərdə qış turizmi üçün kəşf edilməmiş, insan ayağı dəyməyən cəlbedici məkanlar var. Məlumdur ki, DTA-nın əsas hədəfi ölkəyə daha çox əcnəbi turist cəlb edilməsinə nail olmaqdır. Bu baxımdan yay turizmi üçün Qarabağın, qış turizmi üçün Şərqi Zəngəzurun turizm potensialı böyükdür. Ümumiyyətlə, bu yerlərin relyefi, təbiəti, tarixi abidələri onu deməyə əsas verir ki, gələcəkdə region hətta dünyanın turizm bölgələrindən birinə çevriləcək. İki hava limanı və tikilməkdə olan üçüncü aeroport həm də məhz buna xidmət edir.
Dünya Turizm Təşkilatının hesablamalarına görə, dünyada turist gəzintisinə çıxmaq istəyənlərin 35 faizə qədəri qış turizminə üstünlük verirlər, baxmayaraq ki, bu, dünyada ən bahalı turizm növüdür. Buna baxmayaraq, yaxın qonşularımız Gürcüstan və Türkiyə qış turizminin inkişafı sahəsində böyük irəliləyişlər əldə ediblər. Etiraf edək ki, Azərbaycanın da bu sahədə potensialı az deyil. Sadəcə, qalır həmin potensialdan səmərəli istifadə edərək ölkəmizin bu sahədə indiki 71-ci pillədən layiq olduğu yerə qalxması üçün tədbirlər görmək.
Züleyxa ƏLİYEVA,
"Azərbaycan"